USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ordun varsa, yurdun da var! - ekspert baxışları


https://img.baki-baku.az/news/2020/12/photo_2154.jpg

Qədim və şanlı keçmişimizdən indiki nəsillərə yadigar qalmış milli mövcudluq anlayışı  şairanə formada qəlibləşib: “Ordun varsa—yurdun da var” Xalq yazıçısı Anar “Dədə Qorqud” kinossenarisində bu həqiqəti ulu ozan babamızın dili ilə belə müasirləşdirilib: “Torpağı qorumadınsa–əkib-becərməyə- əkib-becərmədinsə qorumağa dəyməz”.

Min illər boyu xalqı­mız bu sərt və güzəştsiz gerçəyi dərindən anladığına və bu inanca sadiq qaldığına görə cənnətmisal Azərbaycan torpaqları çağdaş soydaşlarımız üçün əzəli Vətən kimi qorunub saxlanmışdır. Azərbaycanın quzeyində rus işğalı nəticəsində itirilmiş milli dövlətçiliyin ötən əsrdə iki dəfə bərpa edilməsi xoşbəxtliyi də bu ümummilli yaddaşın həmişəyaşarlığı ilə mümkün olmuşdur.

Zaman-zaman bir çox xalq­ların torpağını, dövlətini, milli əlamətlərini itirib tarixdən silindiyini yada salsaq, Azərbaycan xalqının bugünə öz ərazisi, milli dövləti, doğ­ma dili, çoxminillik tarixi və zəngin mədəniyyəti ilə gəlib çıxmasının əsasında yurd sevgisinin, milli yad­daşı və torpaqlarını qorumasının, döyüşkənliyinin və zəhmətsevərliyinin dayandığına bir daha əmin olarıq.

102 il əvvəl istiqlal məfkurəsinə çevrilmiş bu dəyərlərin üzərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da milli hökumətin ilk önəmli tədbirlərindən biri ərazilərimizi və milli varlığımızı qorumaq üçün müstəqil dövlətin xalq ordusunun yaradılması olmuşdu. Mil­li dövlətçiliyimizin dirçəldilməsinin ən önəmli tarixlərindən olan 1918- ci ilin 26 iyun günü 1991-ci ildə suverenliyimizin bərpasından sonrakı dövrdə hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir.

Bizim günlərdə Azərbaycan Ordusu barədə ən yüksək duyğu-düşüncələrin öyünclü qaynağı ondan ibarətdir ki, 1918-ci ildə çar Rusiyası imperiya­sının süqutundan sonra Şərqdə ilk de­mokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin ən zəruri atributları, o cümlədən milli ordu formalaşdırıl­mışdı.

Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə çox işlər görmüşdü. Lakin bolşevik işğalından sonra Milli Ordunun döyüşçülərinin taleyi son dərəcə kədərli olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqilliyin necə şirin olduğunu anlayan, ölkəni gözləyən təhlükələri aydınca görən hərbçilərimizin əksəriyyəti son­rakı illərdə də tutduqları yoldan çəkilməmiş və axıradək məhv edilmişdi.

Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri də tədricən ləğv edilmişdi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə milli zabit korpusunun formalaş­masına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılmışdı ki, bu da məqsədli xarakter daşımışdı. Lakin bütün bu maneələr Azərbaycan xalqının hərbi ənənələrini, döyüş ruhunu sarsıtmamışdı. 1939--1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri bu həqiqəti bir daha təsdiqləmişdi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qa­laraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərmişdi. Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirilmişdi.

Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına keçmiş SSRİ rəhbərliyi yenə də qısqanc münasibət bəsləmişdi. Yalnız ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı dövdən ordu quruculuğu, milli zabit kadrla­rının hazırlığı məsələləri daim önə çəkilmişdi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazır­layan məktəbin– görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu.

Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Koman­danlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da imkan yaratmışdı. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdi. Bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculu­ğunun əsas dayağına çevrilmişdi.

1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə ölkədə yaranmış xaos və anarxiyadan, ordudakı intizamsızlıq və vahid komandanlığın olmaması səbəbindən yaranmış başıpozuqluq şəraitində erməni silahlı qüvvələri  Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal etmişdi. Təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə sıx təmasda olması ordumuzu xeyli ruhlandır­dı. Ümummilli liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi.

2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlandı, xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaş­dı. Bu gün Azərbaycan ordusu regionun qüdrətli silahlı qüvvəsidir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi zamanı xalqımız və dünya bir daha bunun şahidi oldu. Həmin gün bütün dünyanın, xüsusilə də mənfur qonşularımız olan Ermənistanın nəzər-diqqəti Azərbaycanda keçirilən hərbi parada yönəlmişdi.

1916-cı ilin Aprel döyüşləri isə bütün dünyaya göstərdi ki, Azərbaycan necə yenilməz, peşəkar, qüdrətli bir ordu­ya malikdir. Milli Orduda peşəkarlıq getdikcə artmış, maddi-texniki baza daim güclənmişdir. Çünki Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ulu öndər Heydər Əliyev bunu nəzərdə tutarq deyirdi: “İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir”. Məhz belə inkişafın nəticəsi olaraq Azərbaycanda ayrıca Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dövlət büdcəsindən ordu quruculu­ğuna ayrılan vəsaitin Ermənistanın bir illik dövlət büdcəsindən artıq ol­ması da təsdiqləyir ki, Azərbaycanda ordu quruculuğu daim dövlətin diqqət mərkəzindədir.

Hərbi mütəxəssislər bildirirlər ki, bu gün Azərbaycan Ordusu NATO standartlarına tam cavab verir. Bunu NATO rəsmiləri də ölkəmizdə səfərdə olarkən təsdiqləyiblər. NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə Azərbaycan Milli Ordusu üzvlərinin fəaliyyəti yüksək qiymətləndirilir.    

Dövlət başçısı İlham Əliyevin ordumuzun in­kişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşib. Milli Ordumuz güvənc yerimizə, qürur mənbəyimizə çevrilib. Biz belə bir qüdrətli ordunnun yadelli nişğalçılarla çoxsaylı mübarizələrdən qalib çıxmış qədim, zəngin və mədəni Azərbaycan məmləkətini yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazır olduğuna tam əmin idik.

Son illərdə ordumuzun qarşısında çox mühüm vəzifələr dururdu. Əsas vəzifə isə torpaqlarımızın düşmən əsarətindən azad edilməsi idi. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün Silahlı Qüvvələrimizin gücü və imkanları kifayət qədər yetərli idi. Lakin möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir və daim qətiyyətlə bildirirdi ki, əgər bu səylər bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin dalana dirənməsi, işğalçı Ermənistanın indiki məsuliyyətsiz və səriştəsiz rəhbərliyinin Azərbaycanla güç dili danışması, ölkəmizi müharibə başlayarsa yeni ərazilərin itiriləcəyi ilə hədələməsi bu ilin əvvəlindən  bölgədə hərbi-siyasi durumu daha da mürəkkələşdirirdi.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix üzrə elmlər doktoru Mehman Süleymanov bu çıxılmaz vəziyyətdən Qarabağ cəbhəsində qələbəyədək davam edən duruma  belə aydınlıq gətirdi:

-30 il idi ki, Qa­rabağın dağlıq hissəsi tamamilə işğal altına alınmışdı, bu ərazidə yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmışdı. Xocalı soyqırımı həyata keçirilmişdi, Şuşa şəhəri, Kəl­bəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları işğal edilmişdi. İşğalçı ölkə milyonlar xərclənməklə bu rayonların ərazisində mürəkkəb istehkam qurğuları yaratmışdı. Başlıcası isə erməni-faşist düşüncəsini və təfəkkürünü bölüşən dünyanın çox böyük dövlətləri Azərbaycan ərazilərinin işğal altında qalması üçün Ermənistana hər cürə kömək göstərirdi.

Vəziyyət o yerə çatmışdı ki, Ermənistanın yeni rəhbərliyi, habelə sərsəm erməni siyasi-hərbi elitasının  nümayəndələri münaqişənin danışıqlar yolu ilə həlli üçün Minsk qurupu həmsədrlərinin vasitəçiliyi ilə hazırlanmış baza prinsipləri üzrə danışıqların pozulması üçün ən müxtəlif bəhanələrə əl atır və Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edirdilər.

Son 30 ilin cəza­sılığı, müəyyən beynəlxalq qüvvələrin isə obyektivlik meyarlarını alverə çevirməsi Ermənistanın zehniyyatı təhriflərə düçar olmuş rəhbərliyini hər iddiada dorğu olacaqları qənaətini xeyli gücləndirirdi. Ona görə də  Ermənistanın indiki və keçmiş rəsmilərinin Qarabğın Dağlıq hissəsinə davamlı səfərləri, Ermənistan rəhbərliyinin hər vasitə ilə sülh danışıqlarını pozmaq cəhdləri, Azərbaycana qarşı məntiqdən uzaq olan iddiaların irəli sürülməsi Ermənistanın təcvüzkarlığının yenidən part­layacağına ehtimal yaradırdı.

Bu ilin iyulunda Tovuzla sərhəddə baş verənlər, həmin ilin avqustunda erməni diversiya qrupunun Azərbaycan ərazisinə göndərilməsi, bunun ardınca da Ermənistanda könüllülərdən ibarət qoşun dəstəsinin yaradılmasına başlanması Ermə­nistan dövlətinin Azərbaycana qarşı işğalçılıq siyasətinin yenidən gündəmdə olduğuna şübhə yeri qoy­murdu.

Dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin yeni bir susqunluğu ilə qarşılaşacaqlarına ümid edən Ermənistan rəhbərliyi son illərdə törətdikləri hərbi təxribatlara görə Azərbaycan Ordusu tərəfindən layiqli cəzalar alması ilə hesab­laşmayaraq 2020-ci il sentyabr ayının 27-də yeni bir hərbi təxribata əl atdı, Azərbaycanın yaşayış məntəqələri güclü atəşlərə məruz qaldı. Ermənistan rəhbərliyi, onun millətçi dairələri və faşist xislətli hamiləri növbəti dəfə də Azərbaycanın sarsılmaz iradəsi ilə qarşılaşdı, dünya erməniliyini diz çökdürən haqlı zərbə ilə üzbəüz qaldı.

Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist ma­hiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə ta­mamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı: Azərbaycan xalqı və onun iradəsini ifadə edən Azərbaycan dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və Azərbaycan torpaqlarının iş­ğalına son qoyulmasında heç şübhəsiz ki, ilk növbədə Azərbaycan Ordusu misilsiz fədakarlıq nü­mayiş etdirdi. Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz sədaqət, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və generalın şəxsində düş­mənə doğru istiqamətlənmiş ağır bir yumruğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bu gün bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə Azər­baycan xalqının qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir məharət göstərdi ki, dünyanın ən böyük dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin öyrənilməsinin gələcək müharibələrin aparılması üçün zəruri sayırlar. Bununla Azərbaycan Ordusu, əslində, müasir dünya döyüş taktikasının modasını müəyyənləşdirən bir   ordu olduğunu ortaya qoydu. Başlıcası isə Azərbaycan Ordusu bu Vətən müharibəsində qabarıq şəkildə göstərdi ki, dövlət rəhbərliyinin və təmsilçisi olduğu xalqın ona bağlanılan ümid və inamı heç də əbəs deyildir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev erməni işğalına qarşı aparılan müha­ribədə əldə edilmiş tarixi qələbəni bütün xalqın qələbəsi kimi dəyərləndirdi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır... Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. ...İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə Azərbaycan Ordusunun Qarabağ zəfərinini belə dəyərləndirdi:

- Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Elə buna görə də sentyabrın 27-də ölkəmizin işğalçıya qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

Burada silahlı qüvvələrimizin güc-qüdrəti haqqında aydın təsəvvür yaransın deyə, diqqəti bir məqama yönəltməyi zəruri sayıram. Belə ki, işğaldan azad edilən rayonlarımı­zın ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Ancaq Azərbaycan Prezi­dentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində müdafiə istehkamlarının tamamilə dağıdılması, ərazilərimizin işğaldan azad olunması Ermənistanı kapitulyasiyaya və əraziləri bo­şaltmağa məcbur etdi.

Beləliklə, 44 günlük savaşda ordumuz ən ağır əməliyyatları uğurla başa çatdırdı, ən çətin, mürəkkəb sədləri asanlıqla dəf etdi. Buna görə də dünyanın bir sıra inkişaf etmiş ölkələrində Azərbaycanın hərbi təcrübəsinin öyrənilməsi qərarlaşdırıldı. Cənab Prezi­dent çıxışlarının birində bununla bağlı dedi: “Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq”.

Hərbi mütəxəssislərin dediklərinə əlavə edək ki, İkinci qarabağ savaşında Azərbaycan Ordusu işğal altında olan 300-dən çox yaaşyış məntəqəmizi azad etdi. Düşmənin çox böyük sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. 2020-ci il oktyabr ayının sonuna aid olan statistikaya görə, Ermənistan hərbi qüvvələrinin 252 tankı məhv edilmiş, 53-ü qənimət götürülmüşdü; piyadaların 50 döyüş maşını məhv edilmiş, 29-u qənimət götürülmüşdü. Müxtəlif çaplı toplardan 251-i məhv edilmiş və 24-ü qənimət götürülmüşdü; minaatanlardan 61-i məhv edilmiş və 45-i qənimət götürülmüşdü. Məhv edilmiş digər silahların sayı belə idi: tank əleyhinə vasi­tə­lər 53 ədəd, “Qrad” qurğusu 82 ədəd, “Uraqan” yaylım atəşli raket sistemi 2 ədəd, ”OSA” 40 ədədə yaxın, S-125 sistemi 2 ədəd, S-300 sistemi 6 ədəd. Bunlardan başqa, 231 yük avtomobili məhv edilmiş, 20-si sursatla dolu qənimət götürülmüşdü.

Azərbaycanın haqq işi uğrunda, beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpası yolunda başladığı Vətən müharibəsi Azərbaycan Orudusnun tarixi Qələbəsi ilə başa çatdı. Qəhrəman əsgər və zabitlərimizin ölüm-dirim savaşında Ermənistan ordusunun qısa müddətdə məhv edilməsi ilə misilsiz bir zəfər əldə edildi. Azərbaycan xalqının haqq və ədalətə əsaslanan qalibiyyətli Vətən müharibəsi nəticəsində 30 ildən sonra ölkəmizin ərazi bütövlüyü təmin edildi.  Hamı Vətən dedi və sərhədləri pozulmuş torpaqlarımız öz çevrəsində bütöv Vətən oldu. Doğrudan da, Ordun varsa-- Yurdun da var!

Hazırladı: Tahir AYDINOĞLU




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Müsahibə