USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman Səbinə Əliyeva: "Ermənistanın əsir hərbi qulluqçuları ilə görüşmüşəm"


https://img.baki-baku.az/news/2020/11/photo_1931.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva APA-ya müsahibə verib. "Baki-Baku.az" müsahibənin Ombudsmanın 44 günlük Vətən müharibəsi xüsusundakı hissələrini təqdim edir:

- Azərbaycandakı erməni hərbi əsirlərlə bağlı Ombudsman hansı addımlar atıb? Erməni əsirlərin hüquqlarının təmin edilməsi hansı formada həyata keçirilir, bununla bağlı hansısa beynəlxalq təşkilatlarla koordinasiyalı iş həyata keçirilirmi? Ombudsman olaraq erməni hərbi əsirlərlə görüşünüz olubmu?

Bəli, Ermənistanın əsir hərbi qulluqçuları ilə görüşmüşəm. Ümumiyyətlə, vurğulamaq istərdim ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı beynəlxalq humanitar hüquq normalarına riayət edib. Bu baxımdan Cenevrə Konvensiyaları ilə tənzimlənən hərbi əsirlərin statusu, onlarla davranış qaydaları diqqətimizdə olub.

Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunub, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Ailələri ilə telefon danışıqlarının təmin edildiyini bildirən hərbi əsirlər göstərilən rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, əvvəlcədən belə humanist münasibəti gözləmədiklərini bildirdilər. Başçəkmə zamanı döyüşdə yaralanmış hərbi əsirlər Milli Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunub. Hər hansı fərq qoyulmadan hərbi əsirlərə münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına tam riayət edildiyi müşahidə olunub.

- 44 günlük müharibədə ermənilər tərəfindən əsir götürülən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün hansı addımları atmısınız?

- BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb. Davamlı olaraq yazışmalar aparılır və görüşlər keçirilir.

Fərdi şəkildə həmin qurumlara ünvanlanmış müraciətlərdə bildirmişəm ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib.

Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törədilmiş barbarlıq aktları faktlar əlavə olunmaqla diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub.

- Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovun ermənilər tərəfindən əsir götürüldüyünü təsdiqləyən videolar və digər faktlar var. Onların aqibəti barədə hansısa məlumat əldə edə bilmisinizmi? Aminlə Bayramın azad edilməsi üçün hansı addımlar atılır?

Bu günlərdə tərəfimdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə video-konfrans vasitəsilə görüş keçirilib. Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar xanım Bauerin diqqətinə çatdırılıb.

Qeyd edim ki, görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerə çatdırıblar. Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib. 

Ümumiyyətlə, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş bütün Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb.

- Ombudsman və onun Aparatı Azərbaycandakı erməni hərbi əsirlərin, eləcə də Ermənistandakı azərbaycanlı əsirlərin geri qaytarılması prosesində iştirak edirmi? Prosesin gedişi barədə nə deyə bilərsiniz?

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya bu prosesi həyat keçirən qurumdur. Vasitəçi qismində isə Beynəlxalq Qırmızı Xaç Komitəsi çıxış edir. Ombudsman təsisatı olaraq fəaliyyətimiz əsir düşmüş hərbi qulluqçularımızın ölkəyə geri qaytarılmasında Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla həyata keçirdiyi fəaliyyətinin dayandırılmasını beynəlxalq təşkilatlardan tələb etmək, bu prosesin sürətlənməsinə dəstək verməkdən ibarətdir.

- Şahbaz Quliyev və Dilqəm Əsgərovun da qaytarılması məsələsi gündəmdə varmı? Bunun mümkün olması üçün Ombudsman olaraq hansı addımları atırsınız?

- 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlanıb.

Tərəfimizdən aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlanıb. Bu məsələ tərəfimdən demək olar ki, aidiyyəti bütün görüşlərimdə qaldırılıb.

Bu gün Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad olunmayıb, onların Ermənistan tərəfindən kobud şəkildə pozulmuş hüquq və azadlıqları bərpa olunmayıb. Bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini də təəssüflə qeyd etməliyəm.

İnanıram ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Kəlbəcər rayonu azad olunduğu kimi, “Kəlbəcər girovları” da tezliklə ailələrinə qovuşacaq.

- Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Xankəndi, Xocavənd, Ağdərə, Xocalıda erməni vətəndaşlarımız yaşamağa davam edəcək. Ombudsman Aparatının onlarla, onların hüquqlarının qorunması ilə bağlı hansı planları var?

- Azərbaycan Respublikasının Konstitusiyası ölkənin bütün vətəndaşları üçün bərabərlik prinsipini təsbit etmişdir. Əsas Qanunumuzun 25-ci maddəsi birbaşa şəkildə bəyan edir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Azərbaycan Respublikası qoşulduğu beynəlxalq müqavilələr, konvensiyalar üzrə bütün etnik qruplara bərabər şəkildə münasibət göstərmək öhdəliyini tam şəkildə yerinə yetirir.

Ombudsmanın Qarabağ Regional Mərkəzini təsis edəcəyik və Qarabağ ərazisində yaşayan bütün vətəndaşlar Ombudsmana birbaşa, həm də Regional Mərkəz vasitəsilə müraciət etmək hüququna malik olacaqlar.

- Ermənistanın işğaldan azad olunmuş ərazilərdə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması prosesi ilə bağlı nə etməyi düşünürsünüz?

Artıq bizim bu sahədə fəaliyyətimiz var. Əvvəldə də bu barədə geniş danışdım.

Faktaraşdırıcı missiyalar zamanı yerində topladığımız faktoloji materiallar əsasında 6 hesabat, eləcə də aralıq hesabatlar hazırladıq və tərəfimdən beynəlxalq ictimaiyyətə təqdim olundu.

İstər beynəlxalq normaların, istərsə də milli qanunvericiliyin tələbləri baxımından aparılan istintaq proseslərində toplanmış bu faktlar əhəmiyyətli rol oynayacaq.

Eyni zamanda dünya birliyi də bilir ki, hərbi əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq hüquq tərəfindən tanınmış dövlət sərhədləri daxilində aparılıb. Bu baxımdan Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - təcavüzkar müharibəni planlaşdırma, hazırlama, aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, müdafiə olunan nişanlardan sui-istifadə kimi cinayət tərkibləri yaradır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən son dövrdə bu maddələrin bir çoxu üzrə artıq cinayət işləri başlanmışdır. İnanırıq ki, cinayət törətmiş şəxslər tam şəkildə hüquqi məsuliyyətə cəlb ediləcək.

Yekunda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Rəşadətli ordumuzun qələbəsiylə başa çatmış böyük qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm.

Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildirir, yaralı hərbi qulluqçularımızın tezliklə öz sağlamlıqlarına qovuşmasını diləyir, bütün əsgərlərimizə möhkəm can sağlığı arzulayıram.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Müsahibə