USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putinin “Rossiya 1” telekanalına müsahibəsi - TAM MƏTN

“Baki-Baku.az” Rusiya prezidenti Vladimir Putinin “Rossiya 1” telekanalına müsahibəsinin tam mətnini təqdim edir.


https://img.baki-baku.az/news/2020/11/photo_1769.jpg

Qarabağın statusu müəyyənləşməyib, ancaq...

- Hazırda Qarabağın statusu problemi mövcuddurmu?

- Bəli, elə bir problem var. Qarabağın yekun statusu nizamlanmayıb. Biz danışmışdıq ki, bu gün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonra nə olacaq, bu, gələcəkdə, yaxud gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları tərəfindən həll ediləcək. Ancaq mənim fikrimcə, əgər Ermənistanla Azərbaycan arasında, insanlar arasında məişət səviyyəsində, xüsusən də münaqişə zonasında normal həyat, münasibətlərin bərpası üçün şərtlər yaransa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərtlər yaradacaq. Qarabağın müstəqil dövlət kimi tanınıb-tanınmamasına gəlincə, bunu müxtəlif cür qiymətləndirmək olar. Ancaq bu, heç şübhəsiz, davam edən, ümüd edirəm, başa çatmış olan qanlı münaqişənin əhəmiyyətli faktoru idi. Çünki Qarabağın tanınmaması faktı, o cümlədən Ermənistan tərəfindən tanınmaması, bu onun qəbul edilməsi ilə bağlı hadisələrə də əhəmiyyətli təsir göstərdi. Burda açıq demək lazımdır. Biz zamanında Gürcüstanın keçmiş rəhbərliyinin şübhəsiz cinayətkar hərəkətindən – bizim Cənubi Osetiyadakı sülhməramlılara zərbə endirməsindən sonra Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdıq. Biz Krımda yaşayan xalqın istəyini və bəyanatını və bu insanların Rusiya ilə birləşmək arzusunu nəzərə aldıq. Bu insanların çağırışına getdik. Bunu açıq şəkildə etdik. Kiminsə bu, xoşuna gəlməyə bilər, kiminsə gələr. Bunu orada yaşayan insanların və Rusiyanın maraqlarına görə etdik. Bu barədə açıq danışmaqdan çəkinmirik. Qarabağa münasibətdə bu edilmədi və orada baş verənlərə əhəmiyyətli şəkildə təsir göstərdi.

Vaxt lazımdır ki, hər şey qaydasına düşsün

Görürsünüz ki, sənəddə (Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan sohbət gedir) Ermənistanın baş nazirinin, Azərbaycanın prezidentinin və mənim imzam var. Hamımız yaxşı başa düşürük, özümüzə hesabat veririk. Münaqişənin ağırlığının aradan qalmasına, yaraların sağalmamasına - çoxsaylı itkilər var, fəlakət çox evlərə, çox ailələrə gəldi, həm Azərbaycanda, həm də Ermənistanda - vaxt lazımdır ki, hər şey qaydasına düşsün, sakitləşsin. İnsanlar həqiqətən hiss etsinlər ki, sülh onların evlərinə, ürəklərinə qayıdıb. Əsas olan budur. Bundan öncə isə insanların real şəkildə təhlükəsizliyi barədə düşünmək, qaçqınların, yeri gəlmişkən, hər iki tərəfdən olan qaçqınların, təhlükəsiz şəraitdə evlərinə qayıtmaları lazımdır. Bu missiyanı isə Rusiya sülhməramlıları həyata keçirir.

Şuşanın qaytarılması məsələsi heç vaxt qoyulmamışdı ... Şuşa məsələsi böhranın gedişində qalxdı

- Sazişdən (üçtərəfli bəyanatdan söhbət gedir) sonra biz gördük ki, Yerevanda vəziyyət gərginləşdi. Müxalifət baş nazir Paşinyanı az qala Vətəni satmaqda, xayinlikdə günahlandırdı. Öz növbəsində Paşinyan da bildirdi ki, Ermənistan tərəfi əgər 7 rayonu və Şuşa şəhərini Azərbaycana qaytarsaydı, müharibədən uzaq dura bilərdi, ancaq biz bununla razılaşmaq istəmədik və axıradək mübarizə apardıq. Danışıqlar prosesində belə bir müddəa qoyulmuşdumu?

- Bu barədə açıq danışmaq lazımdır. Ermənistanın faktiki nəzarətində olan, beş və əlavə olaraq iki rayonun Azərbaycana qaytarılması məsələsi uzun müddət ərzində qoyulmuşdu. 2013-cü ildə ATƏT-in Minsk Qrupunun çərşivəsində Rusiya sülh prosesinin başlanğıcı olacaq formul yaratmışdı. Bununla Minsk Qrupunun bütün tərəfləri, o cümlədən həmsədrlər – Rusiya, Fransa və ABŞ razılaşmışdılar və dəstəkləyirdilər. Təkliflərin mahiyyətində nə dayanırdı? Birinci mərhələdə Ermənistanın nəzarətində olan 5, sonra 2 əlavə rayonun da qaytarılması, Azərbaycanın Laçın rayonunda Qarabağla Ermənistanı birləşdirəcək dəhlizin yaradılması - o, şərti olaraq Laçın dəhlizi adı almışdı - Qarabağın yekun statusunun müəyyənləşməməsi şərtilə onun status-kvonun qəbul edilməsi. Hər zaman erməni dostlarımıza da demişdim, elə azərbaycanlı dostlarımıza da, fikrimcə, bu, məsələnin həlli olardı. Biz dəfələrlə bu baza əsasında yekun həllə yaxınlaşmışdıq. Yeri gəlmişkən, əsas şərt qaçqınların özlərinin doğma yurdlarına geri qaytarılması idi. Həm azərbaycanlı, həm də Ermənistandakı qaçqınların. Bu, şübhəsiz, beynəlxalq humanitar hüququn da tələbidir. Fikrimcə, bunu edə bilsəydik, razılığa gəlsəydik, müharibə olmayacaqdı. Bu həqiqətdir. İndi də buna tam əminəm. Təəssüf ki, biz problemin həllinə mövcud baza əsasında tam yaxın olduğumuzu düşünəndə, gah bir, gah da digər tərəfdən maneələr yaranırdı. Maneələri aradan qaldıra bilmədik. Axırda da belə, açıq deyək, qanlı silahlı münaqişə baş verdi ki, onun da şahidləri hamımız olduq.

Şuşa şəhərinə gəlincə, onun qaytarılması məsələsi heç vaxt qoyulmamışdı. Təkrar edirəm, Qarabağın statusu məsələsi gələcəyin öhdəsinə buraxılırdı. Hər kəs razılığa gəlirdi ki, tanınmamış dövlətin status-kvosu saxlanılsın. Şuşa məsələsi böhranın gedişində qalxdı. Həqiqətən belə oldu və hansı kontektdə? Oktyabrın 19-20-də mənim prezident Əliyevlə və baş nazir Paşinyanla telefon danışıqlarım oldu. Onda Azərbaycanın silahlı qüvvələri Qarabağın cənubdakı bir sıra ərazilərində nəzarəti öz əllərinə almışdı. Mən prezident Əliyevi hərbi əməliyyatları dayandırmağa ümumən razı sala bildim. Ancaq o, tələb qoydu ki, qaçqınlar qayıtsın, o cümlədən də Şuşa şəhərinə. Ancaq gözləmədiyim şəkildə erməni tərəfinin mövqeyi belə oldu ki, bu onlar üçün məqbul deyil. Baş nazir Paşinyan mənə birbaşa dedi ki, Ermənistanın və Qarabağım naraqlarına təhlükə görür.

Paşinyan satqın deyil

Mənə indi də anlaşılan deyil ki, təhlükə nədə idi. Onsuz da dinc sakinlərin qayıtmaları və Qarabağın bu hissəsi üzərində Ermənistanın nəzarətinin saxlanılmasından söhbət gedirdi. O cümlədən Şuşada da. O zaman danışdığımız kimi, orada bizim sülhməramlılar olacaqdı. Baş nazir mənə dedi ki, biz buna gedə bilmərik, biz mübarizə aparacağıq, döyüşəcəyik. Buna görə onun ünvanına satqın kimi ifadələrin işlədilməsinin heç bir əsası yoxdur. Bu, başqa söhbətdir ki, onun qərarı düz idi ya səhv. Ancaq burada heç bir xayinlikdən söhbət gedə bilməz.

“...Onlar Azərbaycanı birtərəfli şəkildə dəstəkləyirdilər. Mən nə deyə bilərəm ki? Bu, SSRİ-nin süqutunun geopolitik nəticəsidir”

- Türkiyə ilə birgə yaradılacaq atəşkəsə nəzarət mərkəzilə bağlı çoxsaylı suallar var. Prezident Ərdoğan və Türkiyənin xarici işlər naziri bildirmişdilər ki, türklər sülhyaratma missiyasında ruslarla birgə müştərək əsaslarla iştirak edəcəklər. Bu, həqiqətən belədirmi? Bu mərkəz nə ilə məşğul olacaq? Ən əsası bu mərkəz harada fəaliyyət göstərəcək?

- Türkiyənin rolu yaxşı məlumdur. Bu barədə açıq şəkildə Azərbaycanda danışırdılar və Türkiyə tərəf də bunu gizlətmirdi. Onlar Azərbaycanı birtərəfli şəkildə dəstəkləyirdilər. Mən nə deyə bilərəm ki? Bu, SSRİ-nin süqutunun geopolitik nəticəsidir. Biz niyəsə bu haqda hər zaman ümumi şəkildə danışırıq. Burada ümumi heç nə yoxdur, konkretdir. Bizim şahidi olduğumuz hadisələr var. Nəyi nəzərdə tuturam - Azərbaycan müstəqil, suveren ölkədir. Azərbaycan lazım bildiyi kimi özünə müttəfiq seçmək hüququna malikdir. Buna kim etiraz edə bilər? Birinci bu.

İkincisi, mən artıq dedim ki, heç kəs, hətta Ermənistan Qarabağın müstəqilliyini tanımayıb. Bu, nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan özünə məxsus olan əraziləri qaytardı və dünya ictimaiyyəti də əraziləri Azərbaycan əraziləri kimi qəbul edirdi. Azərbaycan mövcud istiqamətdə ona kömək edən müttəfiqi, özünə kömək göstərəni seçməkdə azad idi.

Türkiyəni beynəlxalq hüququn pozulmasında günahlandırmaq çətindir

Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü idi. Yəni o, beynəlxalq nizamlama mexanizminin içərisində idi. O, həmsədr deyildi, bizdə üç həmsədr var – Fransa, Rusiya və ABŞ, Türkiyə bura daxil deyildi, ancaq o, qrupa daxil idi. Orada isə cəmi 11 dövlət var. Türkiyənin hərəkətlərinə hər cür qiymət vermək olar. Amma Türkiyəni beynəlxalq hüququn pozulmasında günahlandırmaq çətindir. Müxtəlif dəyərləndirmələr ola bilər, amma məsələ dediyim kimidir.

Sülhməramlı missiyaya gəldikdə, bəli, həqiqətən Azərbaycanda da, Türkiyədə də Türkiyənin sülhməramlı əməliyyatlarda iştirakının mümkünlüyü barədə danışırdılar. Mənə elə gəlir ki, türkiyəli və azərbaycanlı həmkarlarımızı inandıra bildik ki, danışığımızn pozulmasına gətirə biləcək şərtlər yaratmaq və ismarıclar vermək lazım deyil. Elə şərtlər lazım deyil ki, tərəflərdən birini təxribata çəkəcək tədbirlərə təhrik etsin. Nəyi nəzərdə tuturam? Keçən illərin ağır mirasını. Birinci Dünya Müharibəsi zamanındakı faciəli və qanlı hadisələrlə bağlı məsələ - soyqırımı. Bu faktoru etiraf etmək də olar, etiraf etməmək də. Kimsə qəbul edir, kimsə etmir. Rusiya ilə bağlı problem yoxdur. Biz çoxdan bunu qəbul etmişik. Nəyə görə erməni tərəfini təmas xəttində türk əsgərlərinin mövcudluğu ilə təxribata çəkək? Mənə elə gəlir ki, prezident Ərdoğan bunu yaxşı başa düşdü. Hər hansı problemimiz olmadı. Razılaşdıq ki, Türkiyə Azərbaycanın xahişi ilə atəşkəsə nəzarət edəcəkdir. Bunu birgə edəcəyik. Bizim Yaxın Şərqdə, o cümlədən də Suriyada yaxşı təcrübəmiz var. İdlibdə və Suriya ilə Türkiyənin sərhəddində birlikdə patrul xidməti həyata keçiririk. Burada (Qarabağda) elə bir birgə fəaliyyətə ehtiyac yoxdur. Ancaq biz qərara aldıq ki, müştərək mərkəz yaradaq. Burada pilotsuz uçuş aparatlarından birlikdə istifadə edəcəyik. Pilotsuz uçuş aparatlarının köməyilə təmas xəttində vəziyyətə nəzarət edəcəyik. Birlikdə informasiya qəbul edəcəyik, informasiyanı təhlil edəcəyik. Müvafiq olaraq nəticə çıxardacağıq ki, həqiqətən nə baş verir.

Mərkəz harada yerləşəcək, başqa sualdır. Bu, aydındır ki, Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycan onun harada yerləşəcəyini münasib bilmək və qərar vermək hüququna malikdir.

“Əmin edirəm ki, Ermənistan özünü atılmış hiss etmirdi” Rusiya qüvvələr balansından çıxış edirdi. Ancaq döyüş meydanında belə vəziyyət yarandı

- Ermənistan Rusiyanın köməyini hiss etdimi? Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür...

- Mən sizi əvvəldən bildirdiyim məsələyə qaytarmaq istəyirəm. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq baxımından idi. Dağlıq Qarabağ və ona bitişik olan rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi idi və ayrılmaz tərkib hissəsidir. KTMT şərtləri üzv ölkənin ərazisinə təcavüz olunduğu halda qarşılıqlı yardımı nəzərdə tutur. Ermənistan ərazisinə heç kəs hücum etməmişdi. Bu isə bizə birbaşa hərbi əməliyyatlarda iştirak hüququ vermirdi. Ermənistanın özünü təklikdə hiss etməsi məsələsinə gəlincə, sizi əmin edirəm ki, Rusiya Federasiyası çoxtərəfli və ikitərəfli müqavilələr çərçivəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq sferasında üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirmişdi. Ermənistan rəhbərliyi, o cümlədən baş nazir Paşinyanın buna görə dəfələrlə təşəkkürünü bildirib və qeyd edib ki, Rusiya özünün bu sahədəki bütün öhdəliklərini yerinə yetirib. Yeri gəlmişkən, müxtəlif söhbətlər gəzirdi – Türkiyənin iştirakı və digər qeyri-formal hərbi birləşmələrlə bağlı, biz yenə də qüvvələr balansından çıxış edirdik. Əmin edirəm ki, Ermənistan özünü atılmış hiss etmirdi. Rusiya hər şeyi etdi ki, bu olmasın. Ancaq döyüş meydanında belə vəziyyət yarandı. Bu vəziyyət barədə də baş nazir Nikol Paşinyan xalqa müraciətində bildirdi.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Müsahibə