USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan–Gürcüstan dostluğu “Qafqaz evi”nin möhkəm özülüdür

Müsahibimiz Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, xalqımızın dostu Levan Mamaladzedir


https://img.baki-baku.az/news/2024/05/photo_12356.jpg

Gürcüstanda “Xarici təsirlərin şəffaflığı haqqında” qanun la­yihəsi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əks-səda doğurub. Rəsmi Tbilisi belə bir qanun layihəsinin qəbul edilməsini milli suverenliyinin qorunması ilə əlaqələndirir. Qanun layihəsinə eti­raz edən müxalifət nümayəndələri isə bunun əksini iddia edirlər. Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze XalqTV-yə mü­sahibəsində bildirdi ki, sözügedən qanun layihəsi, sadəcə, bəhanədir və Gürcüstanda iqtidar-müxalifət qarşıdurmasının arxasında böyük güclərin Cənubi Qafqaz regio­nu ətrafında kəskin mübarizəsi dayanır.

Müsahibəni müəyyən ixtisarlarla XQ oxu­cularına təqdim edirik.

– Cənab Mamaladze, “Xarici təsirlə­rin şəffaflığı haqqında” qanun layihəsinə müxalifət etiraz etməkdən yorulmur. Kim­dir bu etiraz aksiyalarını təşkil edənlər? Niyə onlar bu qanunun “antidemokratik” olduğunu düşünürlər?

̶ Bu regionda çox böyük maraqlar kəsi­şir. Prezident İlham Əliyev unikal nümunə göstərdi, Azərbaycanın ərazi bütövlüyünü bər­pa etdi. Azərbaycan nəinki problemi həll etdi, Qarabağ məsələsi, ümumiyyətlə, gündəmdən çıxarıldı. Əvvəllər müxtəlif epoxalarda, necə deyərlər, məsələ ətrafında oyunlar qurulurdu. Bu oyunlar da əsasən kənar qüvvələr tərəfin­dən aparılırdı. Bilirsiniz, imperiyalar dəyişir, adları dəyişir, amma maraqları dəyişmir. Buna görə də, Qarabağ məsələsi bu regionda həmişə təsir vasitəsi olub. Prezident İlham Əliyev bu problemi həll etməklə, region üçün təhlükəni birdəfəlik aradan qaldırdı.

Deməli, təsir aləti yox oldu və birdən-birə Azərbaycan “anti-demokratik” ölkəyə “çev­rildi”. Mən o dövlətlərdən danışıram ki, artıq onlar region ölkələrinə təsir göstərmək vasitə­sindən məhrum olublar. 

Qəribədir, üç il öncə Azərbaycan demokra­tik ölkə idi, indisə nədənsə “anti-demokratik” oldu. Nəyə görə? Tamaşaçılar, oxucular bunu anlamalıdırlar. Həmin ölkələr incik düşüblər ki, həmin rıcaqı itiriblər. Azərbaycan rəhbər­liyi onilliklər ərzində elə bir ağılla siyasət yürütdü ki, Qarabağ problemi ortadan qalxdı. İndi həmin güclər heç bir əsas olmadan sank­siyalardan danışırlar, Azərbaycana təhdidlər səsləndirirlər. İndi Fransaya tapşırıq verirlər ki, Ermənistana kömək etsin. Amma ermənilər artıq anlayırlar ki, onlar böyük dövrə vurdular, otuz il keçdi, nə qədər insan öldü. Orada heç nə inkişaf etmirdi. İndi ermənilər görürlər ki, bütün bu cəhdlər əbəs yerə imiş. 

Azərbaycan siyasətilə göstərdi ki, onunla hesablaşmaq lazımdır. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, əgər gürcülər, azərbaycanlılar, ermənilər və digər millətlər Gürcüstanda heç bir problem olmadan yanaşı yaşaya bilirlərsə, nəyə görə Azərbaycanda ya­şaya bilməsinlər? İndi həmin kənar qüvvələr, imperiyalar çalışırlar ki, buna mane olsunlar, ancaq istəklərinə nail ola bilmirlər. Sanksiya­lar, müəyyən absurd damğalar məhz bununla bağlıdır. 

Bilmirəm, bunu necə izah etdim, ancaq istəyirəm, hamı bilsin ki, indi bütün bunlar Gürcüstana keçir. Nəyə görə? Siz sual verdi­niz ki, Gürcüstanda nəyə görə etiraz edirlər? Bilirsiniz, şəffaflığın heç bir alternaiti yoxdur, amma heç kim bundan danışmır. Gürcüstan hökuməti deyir ki, xarici təsirlərin şəffaflığını təmin etmək üçün belə bir qanun layihəsini qəbul edir. Xarici təsir nədən ibarətdir? Baxın, xarici ölkələrdə, Avropada, ABŞ-da necə işlə­yirlər? Onların pulu var, özləri qeyri-hökumət təşkilatları yaradırlar və həmin təşkilatla­rı maliyyələşdirirlər. QHT-lərə bağlı media strukturları, siyasi təşkilat təsis edirlər. Belə təşkilatlar maliyyə vəsaitləri aldıqları ölkələ­rin təlimatları əsasında fəaliyyət göstərirlər. Həmin təşkilatlar tapşırılan sözləri, mövqelə­ri səsləndirirlər. Sonra QHT-lərin dediklərini gürcü xalqının mövqeyi kimi qələmə verir və buna reaksiya göstərməyə başlayırlar. Digər ölkələrdə də eyni ssenari üzrə hərəkət edirlər. 

Rəsmi Tbilisinin istədiyi şəffaflıq nədən ibarətdir? Xaricdən maliyyələşən təşkilatdan tələb olunur ki, alınan vəsaitin məbləğini və hansi istiqamətlər üzrə xərcləndiyini rəsmi qaydada elan etsin. Axı burada ABŞ-dakı kimi, ciddi və sərt məhdudlaşdırıcı tələblər yoxdur. Bu yaxınlarda analoji qanun Fransa­da qəbul olunub. Polşa, Macarıstan, Avstriya və digər ölkələrdə də belə qanun qüvvədədir. Gürcüstan daha demokratik variant təklif edir, amma tənqid olunur. Bilirsiniz, söhbət milyon­larla dollar vəsaitdən gedir. Rəsmi Tbilisi kiçik ölkə olduğu üçün bu qədər vəsaitin haradan gəldiyini və haraya xərcləndiyini bilmək istə­yir. Təsəvvür edin, nə qədər yeniyetmə, gənc bu QHT sisteminə qoşulub. Heç kim qanun layihəsinin şəffaflığından danışmaq istəmir, çünki, bu, bir oyundur. Mən deyərdim ki, bu, təhlükəsizlik xidmətlərinin oyunudur. 

Qərb deyir ki, əgər qanun layihəsini qəbul etsəniz, o zaman Avropaya yolunuz bağlana­caq. Nəyə görə? Axı Avropa ideologiyası de­mokratikliyi və şəffaflığı tələb edir. Amma indi onlar bizə deyirlər ki, qanun layihəsini qəbul etməyin, halbuki özləri həmin qanundan istifa­də edirlər. Deməli, onlar bizim dövlətə, suve­renliyimizə hörmət etmirlər və eyni zamanda, qorxurlar, çünki nəyisə gizlədirlər. Bəs onlar niyə qorxurlar, nəyi gizlədirlər? Şəffaflıqdan niyə ehtiyat edirlər? Burada cavabı olmayan suallar meydana çıxır. Onlar hər hansı bir izah vermədən deyirlər ki, qanun layihəsi qəbul edilməməlidir, vəssalam! Qəbul edərsinizsə, Qərbə yolunuz bağlanacaq. Bax bu, onların ideologiyasıdır. Onlar elə bir ideologiya yara­dıblar ki, Avropa cəzbetmə mərkəzinə çevrilib. Biz də Avropanı istəyirik, üzv olmağa namizəd statusu almışıq. Amma indi onlar deyirlər ki, yol bağlanacaq. Belə ideologiya ortaya atıblar ki, avrointeqrasiyaya qarşı olan hər şey Rusi­yanındır. Bu da bir siyasi texnologiya addımı­dır.

– Avropa Parlamenti Avropa Komis­siyasını Gürcüstanı Aİ-yə üzv olmaq üçün namizədlik statusundan məhrum etməyə çağırıb. Gürcüstanı Aİ ilə vizasız rejimdən məhrum etmək çağırışları da eşidilir. Bütün bunlar nəyi sübut edir?

– Dediklərimizə əlavə etmək istəyirəm ki, hazırda Gürcüstana təzyiqlər səbəbsiz deyil. Azərbaycan ilə Gürcüstan bir-birinə sıx bağ­lıdırlar. Əgər onlar Gürcüstanı öz tərəflərinə çəkə bilsələr, hesab edin ki, region bağlanacaq. Buna görə də, Gürcüstanda inqilab edib onla­ra sərf edən insanları hakimiyyətə gətirmək istəyirlər. Hazırda bu proses gedir. Gürcüstan iki dəfə dövlət çevrilişinə məruz qalıb. Onlar bunu inqilab adlandırırlar, hansı inqilabdan danışmaq olar? Bütün bunlar xaricdən sifariş olunub. 2003-cü ildə Mixail Saakaşvilini haki­miyyətə gətirdilər və həmin dövr nə qədər an­ti-demokratik olsa da, Qərb onu tənqid etmədi. Çünki Qərbin məhsulu idi. Üç il öncə çevrilişə yenə də cəhd oldu, indi də bu istəklərindən əl çəkmirlər. Əgər onlar Gürcüstana təsir rıçaqını itirsələr, istədikləri oyunu oynaya bilməyəcək­lər və gürcü dövlətilə hesablaşamağa məcbur olacaqlar. 

İndi Avropa Parlamenti Gürcüstanla bağ­lı Avropa İttifaqına müraciət edib. Bilirsiniz ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir və bununla belə, həmin qərarlar siyasi proseslərə təsir göstərir. Burada da pulla ələ alınmış deputatlar var. Bunu elə-belə de­mirəm, Gürcüstana qarşı çıxış edən avropalı deputatlar pulla ələ alınmışlardır.

İndi Gürcüstanla Aİ arasında vizasız ge­diş-gəlişin dayandırılması ilə bağlı müzakirələ­rin aparılması təsadüfi deyil. Bilirsiniz, fərdi sanksiyalar ölkə əhalisinə təsir göstərmir. La­kin vizasız rejimin ləğvi hamıya təsir edir. Bu, əhalidə narazılığın baş qaldırması üçün edilir. Yəni, bununla narazı olanların sayını artırmaq istəyirlər. Bütün bunlar siyasi texnologiyadır. Gürcüstana artıq ABŞ-dan, Avropadan və Uk­raynadan kütləvi etiraz nümayişlərinin təşkili üzrə tanınmış mütəxəssislər gəliblər. Biz ar­tıq Tbilisidə zorakılıq elementlərini özündə daşıyan hərəkətləri müşahidə etdik. Gəncləri vizasız rejimin dayandırılacağı ilə qorxudaraq qarşıdurmanın yaranmasına, etirazların daha da kütləvi hal almasına çalışırlar. 

Bütün bunlar haraya aparır? Çevriliş edib hakimiyyətə öz adamlarını gətirmək istəyirlər. Bəs belə hakimiyyət onların nəyinə lazımdır? Ona görə ki, Gürcüstan regionda ayırıcı xət­tin çəkilməsi üçün mühüm rıcaqdır, yəni bi­zim ölkədə hakimiyyəti nəzarətə götürməklə Şərq-Qərb logistik yollarını qapamaq, eyni zamanda, Gürcüstanı Rusiya ilə qarşıdurmaya çəkmək istəyirlər. Ukraynada müharibə aparan Rusiya ilə qarşıdurmada kiçik Gürcüstandan nə qalacaq? Bilirsiniz, onlar bizi böyük riskə təhrik edirlər. 

Rusiyanın da öz maraqları var və biz Rusi­yadan çox zərər çəkmişik. Ərazimizin 20 faizi işğal olunub, biz də buna reaksiya verməyə çalışırıq. Əgər Rusiya görsə ki, Gürcüstanda onun maraqlarına təhlükə yaradan vəziyyət yaranıb, o zaman Moskva buna reaksiya verə­cək. Rusiya bəhanə tapıb hərbi müdaxilə edə­cək. Yəni biz də belə bir müdaxilənin astana­sındayıq və bu, ABŞ-ı ehtiyatlı olmağa vadar edən faktordur. Qərb çox gözəl bilir ki, Rusiya Gürcüstana hərbi müdaxilə edərsə, heç kimə kömək edə bilməyəcək. Çünki Gürcüstan NA­TO-nun üzvü deyil, bizim dəniz sahillərində NATO gəmiləri dayanmayıb. Bizi, sadəcə, sözlə müdafiə edirlər. Gürcüstana qarşı Rusi­ya tərəfindən hər hansı bir hərbi müdaxilə baş verərsə, Qərb bizim ölkədə indi malik olduğu təsiri, ümumiyyətlə, itirəcək. Buna görə də, hazırda Gürcüstanda bu mübarizə gedir...

– Tbilisi şəhərindəki vəziyyəti necə qiy­mətləndirirsiniz? Bu, 10 il əvvəl Kiyev May­danında gördüyümüzə bənzəyirmi? 

̶ On üç il ailəmlə birlikdə Ukraynada yaşadım. Bütün bunları yaxşı bilirəm, çün­ki proseslər gözümün önündə baş vermişdi. O zamankı Gürcüstan və Ukrayna hadisələri arasında çox oxşarlıq var. Məsələn, ABŞ 5 milyard dollar xərcləyib yeddi il ərzində Qər­bi Ukraynada onun kimi düşünən yeni nəsil yetişdirdi. Həmin nəsil də Maydanda onlara verilən tapşırığı yerinə yetirdilər. Bu gün Gür­cüstanın real olaraq maydanlaşdırılması prose­si gedir. Bilirsiniz, onlar Gürcüstan üçün necə bir layihə hazırlayıblar? Həmin layihə Gürcüs­tana uyğunlaşdırılıb. Mən baxıram, etirazlarda gənclər əllərində şam tuturlar, kilsəyə gedirlər, lazım gələndə aqressiya nümayiş etdirirlər. 

̶ Baş nazir İrakli Kobaxidze Vaşinqto­nun sözügedən qanun layihəsinə baxılma­sını dayandırmaq tələbinə etiraz olaraq ABŞ-a səfərdən imtina edib. Sizcə, bu, Gür­cüstan və ABŞ münasibətlərinə necə təsir edəcək? Vaşinqtondan artıq belə bəyanatlar səsləndirilir ki, sözügedən qanun layihəsi qəbul edilərsə, bu, Gürcüstanla ABŞ ara­sında münasibətlərə mənfi təsir göstərəcək.

– Maraqlı sualdır. Mən hesab edirəm ki, Baş nazir getməli idi. Amerikalıların nə demək istədiklərini, nə düşündüklərini bilmək bizim üçün bu, çox faydalı olardı. Əgər Birləşmiş Ştatlar nəyisə gizlətmirlərsə və bizi ondan asılı ölkə kimi görmürlərsə, Baş nazir Kobaxidze ABŞ-dan cavab ala bilərdi. 

O ki qaldı, ABŞ-dan səsləndirilən bəyanat­lara, Vaşinqtonun da məsələyə dair arqument­ləri yoxdur. Onlar da deyirlər ki, biz sizə icazə vermirik, yoxsa sizi cəzalandıracağıq. Baxın, indi onlar istəyirlər ki, bizi cəzalandırsınlar. Bilirsiniz, ABŞ çox təhlükəli oyun oynayır. Onlar hələ çoxdan bizi NATO-ya qəbul edə bilərdilər. Ancaq bunu etmədilər, ona görə ki, NATO-da Fransa və Almaniya həmişə Rusiya­ya xoş gəlmək istəyirdilər. Bütün bunlar 2008-ci ildə baş vermişdi. Biz bunu çox yaxşı görü­rük. Onların bizə nə iradı ola bilər? Biz heç nə ilə müdafiə olunmamışıq. İndi Baltik ölkələri NATO-da olduqlarından cəsarətli bəyanatlar səsləndirirlər. Ancaq Gürcüstan NATO üzvü deyil və indi biz hansısa vədlərə inanaraq milli suverenliyimizi necə təhlükə altına ata bilə­rik? Ukraynaya baxın, orada gedən müharibə Qərb ölkələrinin günahıdır. Mən münaqişənin səbəblərindən danışmıram, bu, ayrı mövzudur. Amma biz Qərbin Ukraynaya verdiyi silahları gördük. Rusiyanın Kiyevi ələ keçirmək planı alınmadıqdan sonra Qərb Ukraynaya rusla­rı əvvəlki sərhədlərə qədər geri çəkməsinə kömək edə bilərdi. Ancaq Qərb paslanmış sovet texnikasını hesabdan silməklə məşğul oldu. İndi ruslar hücuma keçirlər və bunda gü­nah kimdədir? 

İndi cənab Müller deyir ki, biz risk edi­rik, mən sual vermək istəyirən: Gürcüstan nə ilə risk edir? ABŞ bizə heç bir kömək etmədi. Gərək həqiqəti deyəsən. Hazırda biz hər tərəf­dən böyük risklə üz-üzəyik, onlar bizə təzyiq göstərirlər. Nəyə görə? Ona görə ki, Gürcüstan öz milli suverenliyini qorumaq qərarına gəlib. Gürcüstan qərar verib ki, bizə dövlət, tərəfdaş kimi hörmət edilməlidir. 

̶ Gürcüstan Dövlət Təhlükəsizliyi Xid­məti mayın 8-də belə bir məlumat yaydı ki, Ukraynada olan gürcü döyüşçilərin mümkün iştirakı ilə Tbilisidə parlament qarşısında etirazçıların xüsusi təyinatlı dəstələrin nümayəndələrinə qarşı təxribat törətməyi və polislərin nümayişçilərin tərə­finə keçmələrini səhnələşdirməyi planlaşdı­rırlar. Necə düşünürsünüz, küçə etirazları Gürcüstanda sabitliyi poza bilərmi? Onla­rın bunu etməyə potensialı varmı?

̶ ABŞ-ın çevriliş və ya inqilab texnologi­yalarını təkmilləşdirdiyini nəzərə alsaq, heç nəyi istisna etmək olmaz. Mən bir mütəxəs­sis kimi görürəm ki, hazırda proseslər qaynar mərhələdədir. Mayın 11-də Avropa günləri başlayacaq və proses daha qaynar mərhələyə keçəcək. Biz görürük ki, gənclərə dəyənək paylayırlar və bunu ona görə edirlər ki, döv­lətin əsaslarını zəiflətsinlər. Yəni göstərmək istəyirlər ki, guya, dövlət mühafizə orqanla­rında, digər qurumlarda parçalanma var. Hət­ta, belə bir variant da ola bilər ki, qurban da olsun. Çünki istənilən zorakılığa qurban la­zımdır ki, proseslər daha aqressiv mərhələyə keçsin. Bütün bunlar siyasi texnologiyalardır və bundan insanlar ziyan görürlər. 

Yadınızdadırsa, 2003-cü ildə CNN Bakı­da ölmüş körpənin fonunda yayım aparırdı. Dünyaya xəbər yayırdılar ki, baxın, Bakıda etirazlar var, hətta körpə həyatını itirib. Sonra məlum oldu ki, həmin körpə ölməyib. O za­man siyasi texnologiyalar təkmil deyildi, indi vəziyyət başqadır, manipulyasiya alətləri daha da təkmilləşdirilib. O zaman Azərbaycanda həyata keçirmək istədikləri alınmadı, çünki dövlət sistemi güclü idi və Qərbin oyununun baş tutmasına imkan verilmədi. Gürcüstanda isə bu, iki dəfə baş verdi. İndi üçüncü dəfə çev­riliş etmək istəyirlər. Ona görə düşünürəm ki, Gürcüstanda aqressiya olacaq. Ancaq dövlət də ötən hadisələrdən nəticə çıxarır və bu pro­seslər bizim üçün yenilik deyil. Hesab edirəm ki, hökumət zəruri addımları atmalıdır. Gür­cüstan hökuməti nümayişçilərə qarşı yox, ölkə gənclərini idarə edən destruktiv qüvvələrə qar­şı ölçü götürməlidir. 

Bundan başqa, hamıya nəyi riskə atdı­ğımızı başa salmaq lazımdır. Biz suverenli­yimizi itirmək riski ilə üzləşə bilərik. Mən bu sözü deməkdən qorxmuram. Rusiyaya problem yaradan vəziyyət yaranarsa, Moskva buna reaksiya verəcək. Ruslar Tbilisidən 60 kilometr uzaqda dayanıblar. Qərb anlamalıdır ki, Gürcüstanın istədiyi “qızıl ortanı” tapmaq lazımdır. Biz öz dövlətimizi inkişaf etdirmək istəyirik və əgər Qərb Gürcüstanı Avropa İtti­faqına inteqrasiya etmək istəyirsə, o zaman bu prosesi sürətləndirməlidir. Bunu da elə etmək lazımdır ki, Rusiyanın təhlükəsizliyinə prob­lem yaratmasın. Əgər onlar bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Əks–təqdirdə onlar hər şeyi itirə bilərlər və biz, əlbəttə ki, bundan ziyan görərik. 

Müsahibəni apardı:
Səbuhi MƏMMƏDOV




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Səbuhi MƏMMƏDOV