USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Riçard Kirakosyanın xam xəyalları

Reallıqdan qorxanların xəyal dünyasında yaşamaları təbiidir


https://img.baki-baku.az/news/2023/12/photo_9999.jpg?v=MjAyMy0xMi0wNiAwOTo0MToxMA==

Ermənistan–Azərbaycan münasibətləri, regionda cərəyan edən proseslər və digər məsələlərlə bağlı erməni politoqlarının, siyasi ekspertlərinin fikirləri ilə tanış olduqda heyrətlənməmək mümkün deyil. Aydın olur ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından üç ildən çox, lokal xarakterli antiterror tədbirlərindən isə üç aya yaxın vaxt ötsə də bu insanlar hələ də Qarabağ “sevdasındadırlar”. Hələ də Azərbaycanın regionda yaratdığı reallıqları tam dərk etməyiblər. Başlarında revanşizm kabusu dolaşır. Hələ də xam xəyallarda yaşayırlar. Nə vaxtsa, hansısa “x” günündə başlayacaq müharibədə Azərbaycanı yenə biləcəklərini düşünürlər. Hayastanda belələri çoxdur. Onlardan biri də politoloq, Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyandır.

Ölkənin “CivilNet” media qurumunun “YouTube” videohostinqindəki kanalı politoloq, Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyanın müsahibəsini dərc edib. O, aparıcının Ermənistanın geosiyasi durumu ilə bağlı suallarını cavablandırıb. Müsahibəni izləyəndən sonra ağla gələn ilk fikir bundan ibarətdir ki, ingilis dilində səlist nitqinə, düzgün cümlələr qurmağına baxmayaraq, hətta zahirən hörmətli, pasifist (müharibə əleyhdarı) kimi görünən analitik mərkəzin rəhbəri belə öz mülahizələrində xam xəyaldan qurtula bilmir. Kirakosyan reallığı əhəmiyyətli dərəcədə təhrif edən və buna görə də müəyyən çaşqınlıq yaradan bir sıra müşahidələr aparıb.

Onun müsahibəsinin leytmotivi kimi səslənən əsas tezis bundan ibarətdir ki, Ermənistanın revanş kursu götürməsi üçün əvvəlcə Azərbaycan zəifləməlidir. Buna uyğun olaraq, Ermənistan güclənməlidir. Kirakosyan ölkəsinin güclənməsini açıq şəkildə Rusiyadan uzaqlaşmaqda və Qərbə inteqrasiyada gördüyünü bildirib. Azərbaycanın zəifləməsini isə bir neçə amildə təsəvvür edib. Kirakosyan Azərbaycanda “daxili partlayışı” ölkəmizin zəifləməsinə səbəb olan əsas amillərdən biri adlandırıb: “Qarabağ və Ermənistanın gələcəyi İrəvandan yox, Azərbaycanda baş verəcək partlayışdan (?) asılıdır. Azərbaycanda qeyri-sabitlik perspektivi Qarabağın qaytarılması üçün yeganə müsbət ssenaridir”.

Kirakosyan, eyni zamanda, auditoriyaya “heyrətamiz” fakt da açıqlayır: guya, Azərbaycanın Türkiyə ilə münasibətləri 44 günlük müharibədən sonra pisləşir. Digər tezis isə bundan ibarətdir ki, guya, Qarabağda rus sülhməramlılarını aşağıladığına görə (?) Rusiyada Azərbaycana qarşı kin var və V.Putin onun bütün vaxtını alan Ukrayna məsələsindən qurtulan kimi ölkəmiz Rusiyanın hərbi təcavüzünün qurbanına çevriləcək.

Daha sonra Kirakosyan ümid edir ki, ABŞ regional kommunikasiyaların Ermənistan ərazisindən keçməsini təmin edə biləcək. Bu, Ermənistanın iqtisadi müstəqilliyinə töhfə verəcək və “çəkindirmə” şansını artıracaq.

Göründüyü kimi, R.Kirakosyan reallıqları xeyli təhrif edib. Bənzər tezisdən Ermənistanın baş naziri Nikol Paşinyan da hələ hakimiyyətə gəldiyi ilk dövrlərdə istifadə etmişdi. O, Azərbaycan cəmiyyətində parçalanma yaradacağına ümid etdiyini bildirmişdi. Bu istiqamətdə açıqlamalar verən Paşinyan sonradan Azərbaycanda xalqla hakimiyyət arasında möhkəm bağlılığın olduğunu gördükdən sonra siyasətindən əl çəkməli oldu. Görünür, R.Kirakosyan həmin tarixdə yaşananları diqqətlə izləməyib. İzləsəydi, bu gün belə fikirlər səsləndirməzdi.

Siyasi analitik Rusiya–Azərbaycan və Türkiyə–Azərbaycan münasibətləri barədə də reallığı deyil, arzularını dilə gətirib. Məsələ ondadır ki, son illərdə Rusiya–Azərbaycan münasibətləri xeyli inkişaf edib. İki ölkə arasında tarixən formalaşmış sıx münasibətlər bu gün bütün sahələri əhatə edir. 2022-ci il fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. 43 bənddən ibarət həmin bəyannamə münasibətləri ən üst səviyyəyə qaldırıb.

Türkiyə–Azərbaycan münasibətləri isə hazırda özünün ən parlaq dövrünü yaşayır. Münasibətlərin zirvəyə qalxmasının ən mühüm göstəricisi Şuşa Bəyannaməsidir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci il iyunun 15-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada keçirilən təkbətək görüşündən sonra imzalanıb. Türkiyə–Azərbaycan münasibətlərinin Vətən müharibəsindən sonra pisləşdiyini iddia etmək, sadəcə, siyasi savadsızlıq, primitivlik və nadanlıqdır.

Mövzu ilə bağlı Caliber.az saytının şərhində qeyd olunub ki, Kirakosyanın hiyləgərliyi diqqəti cəlb edir: “Bəli, Kirakosyanın tezisləri reallığı əks etdirmir, amma, o, istəyini dilə gətirib. Deməli, Qərbyönümlü erməni ekspert icması və bu icmanın hakimiyyətə yaxınlığını nəzərə alaraq rəsmi İrəvan aşağıdakı hadisələri gözləyir: 1. Moskva ilə Ankara arasında çəkişmələr. 2. Bakı ilə Ankara arasında ixtilaf. 3. Rusiyanın Azərbaycana qarşı “qisası”. 4. Azərbaycanın daxilində “partlayış”. 5. Azərbaycanla rabitənin İrəvanın suveren nəzarəti altında bərpası. Onlar bunu, sadəcə, gözləmirlər, həm də bu hadisələrin mümkün qədər tez baş verməsini təmin etmək üçün çalışırlar”.

Qeyd olunub ki, Ermənistanın özünün bu arzusunu reallaşdırmaq üçün açıq-aydın kifayət qədər resursları olmasa da, onun himayədarlarının bunun üçün kifayət qədər pulu və ən əsası, təcrübəsi var: “Riçard Kirakosyanın ABŞ vətəndaşı və görünür, bu ölkənin agenti olduğunu, Ermənistanın Qərb institutlarına inteqrasiyası üçün fəal lobbiçilik etdiyini və Paşinyana yaxınlığını nəzərə alsaq, regionun sabitliyini pozmaq üçün xaricdən hansı resurslardan istifadə ediləcəyi qənaətinə gəlmək olar. Bu, xüsusilə Azərbaycanın daxilindəki situasiyaya aiddir. Amma, gündəlikdəki digər məsələlərlə bağlı da müəyyən işlər görülür. Məsələn, Vaşinqton İrəvanın şərtləri ilə inşa etməyə çalışır. Bəs, Vaşinqton Ankara ilə Bakı arasında mübahisə yarada bilərmi? İnanılmaz səslənir, lakin hipotetik olaraq mümkündür. Düşünürük ki, həm Bakı, həm də Ankara bu təhlükələrdən xəbərdardır. Bu günün reallığı ondan ibarətdir ki, iki qardaş ölkə arasında münasibətlər tarixi zirvədədir. Şuşa Bəyannaməsi faktiki olaraq iki dövlətdən birinə təcavüz olarsa, qarşılıqlı hərbi yardıma zəmanət verir. Bu inteqrasiya prosesinin tərsinə dönməsi üçün bizim bədxahlarımız tektonik dəyişikliklərə başlamalı olacaqlar”.

Yeri gəlmişkən, bugünlərdə İrəvanda tarixin arxivinə gömülmüş qondarma rejimin “parlamentinin iclası” baş tutub. Tədbir gizli şəkildə keçirilib. Bu barədə “rəsmi” məlumat yoxdur. Bütün “deputatlar” iştirak edib, “parlamentə” 2 yeni “deputat” qəbul olunub. Bu barədə isə rusiyalı publisist Sergey Karnauxov öz “Teleqram” kanalında məlumat yayıb. Qeyd olunub ki, “iclas zamanı “artsax”dan olan qaçqınların” beynəlxalq platformalar vasitəsilə evlərinə qayıtmasına nail olmaq üçün “işçi qrupu” yaradılıb.

Həm R.Kirakosyanın müsahibəsindəki fikirlər, həm də qondarma rejimin “deputatları”nın yığıncağı müəyyən qüvvələrin fəallaşmasının göstəricisidir. Onların fəallığı qarşısında duran əsas maneələr dövlətçiliyimizin möhkəmlənməsi, Silahlı Qüvvələrimizin güclənməsi, Azərbaycan rəhbərliyinin dərin strateji baxışı, qardaş Türkiyə ilə müttəfiqliyin daha da möhkəmlənməsi, Rusiya, İran və Gürcüstanla tərəfdaşlıq əlaqələrinin inkişafıdır. Bu yolda, necə deyərlər, nəfəs dərmək olmaz. Üçüncü qüvvələrin Cənubi Qafqaz regionunda sabitliyi pozmasının qarşısını almaq, üstəlik, bunu fəal şəkildə aparmaq lazımdır. Ölkəmiz indiyədək buna nail olub. Bundan sonra da belə olacağı şübhəsizdir.

Səxavət HƏMİD

Ekspert rəyi

Rizvan HÜSEYNOV, hərbi-siyasi şərhçi

– Riçard Kirakosyanın keçmişdə verdiyi bir açıqlamanın təhlili onun güclü analitik qabiliyyətə malik şəxs olmadığını sübut edir. O, 2015-ci ildə Ermənistan silahlı qüvvələrinin müdafiə qabiliyyətinin Azərbaycanın hücum imkanlarından qat-qat üstün olduğunu bəyan etmişdi. 2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibədə məğlubiyyətə uğrayandan dərhal sonra isə Kirakosyan bildirmişdi ki, Ermənistan ilk növbədə müdafiə sistemində islahatlar həyata keçirməlidir. Burada söhbət keyfiyyət, kəmiyyət və müdafiə mövqelərindən gedir. Onun yerinə digər ekspert olsaydı, belə bir fiaskodan sonra utanaraq peşəsini dəyişmək barədə fikirləşərdi. Ancaq Kirakosyan heç nə olmamış kimi davranır və erməni auditoriyasını yalan vədlərlə qidalandırmaqda davam edir.

Budəfəki müsahibəsində də o, ziddiyyətli fikirlər səsləndirir. Hətta, Azərbaycan Ordusunun zəif olduğunu, lakin 2016-cı ildən sonra hər şeyin dəyişdiyini iddia edir. Ancaq hamıya aydın idi ki, 2016-cı ilin Aprel döyüşlərində əldə olunan uğurlar artıq Azərbaycan Ordusundakı dəyişikliklərin, silahların müasirləşdirilməsinin nəticəsi idi. Bu, yalnız özünü analitik kimi göstərib, reallıqda isə hərbi işlərdən xəbərsiz olan Kirakosyana məlum deyilmiş...




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səxavət HƏMİD