USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ və Fransanın canfəşanlığı – Ermənistana bütün sahələrdə dəstək

Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planı və erməni avantürizminin körüklənməsi


https://img.baki-baku.az/news/2023/12/photo_9998.jpg

Qərb dünyası Ermənistanda müxtəlif infrastruktur layihələrinin inkişafı üçün hərtərəfli plan hazırlayır. Bu işdə Fransa və ABŞ-ın aktivliyi daha çox nəzərə çarpmaqdadır. Söhbətimizə bu məsələdə Fransanın rolunu qabartmaqla başlamaq istərdik. 

Qeyd edək ki, haqqında söz açdığımız planın həyata keçirilməsində Fransa İnkişaf Agentliyi həlledici rol oynayır. Məsələ barədə ölkənin İrəvandakı səfiri Olivye Dekottini Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə bildirib. Səfir Dekottini deyib ki, həm əməkdaşlığın əhatə dairəsi, həm də ayrılan büdcə yaxın vaxtlarda genişləndirilməlidir. Görüşdə Vedi su anbarının tikintisinin davam etdirilməsinə, bununla əlaqədar görülən işlərə də toxunulub.

Deməli, Fransa Ermənistana daha geniş əməli dəstək göstərməyə keçib. Ancaq bildirdiyimiz kimi, bu işdə ABŞ da ondan geri qalmır. Belə ki, Birləşmiş Ştatlar Konqresinin sessiyasında ölkənin Beynəlxalq İnkişaf Agentliyinin – USAID-in təmsilçisi Aleksander Sokolovski qurumun Ermənistanın infrastrukturuna potensial investisiya qoyuşuluna maraq göstərdiyini vurğulayıb. Yəni, Vaşinqton da İrəvanın dayanıqlılığını gücləndirməkdə maraqlıdır. Nə üçün? Ona görə ki, onun Rusiyadan asılılığı aradan qalxsın.

Bəli, ABŞ Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq, hələlik isə heç olmasa, azaltmaq üçün enerjidən kənd təsərrüfatına qədər müxtəlif sektorlarda fəal iştirak əzmindədir. Ölkə var gücü ilə Ermənistandakı Rusiya monopoliyalarına alternativlər yaratmağa çalışır. Bura ticarət, enerji və infrastruktur, eləcə də həyati vacib informasiya sistemləri və hətta kənd təsərrüfatı daxildir. A.Sokolovskinin sözlərinə görə, USAID ABŞ Dövlət Departamenti ilə Ermənistana dəstək üzrə əməkdaşlıq gerçəkləşdirməkdədir. Əməkdaşlığın konkret hədəfi isə ölkənin Rusiya buğdası və unundan asılılığının azaldılmasıdır. Mövcud istiqamətdə potensial addımlar barədə müzakirələr başlayıb. Bundan əlavə, ABŞ-ın, Avropa İttifaqının və Ermənistanın iştirakı ilə sonuncunun Qərbə inteqrasiyasını asanlaşdırmaq yolunda müvafiq sxemin yaradılmasını nəzərdə tutan diskussiyaların təşkilindən də məlumatımız var.

Bəli, Fransa və ABŞ Ermənistanda fəaliyyət göstərən və Rusiya tərəfindən dəstəklənən şirkətlərə güclü alternativlər yaratmağa girişiblər. Ancaq proses çox çətindir və Qərbin Ermənistan aktivliyinin sahəvi istiqamətləri fonunda, həmin çətinliyin nədən ibarət olduğunun fərqinə vardınız.  Əlavə edək ki, Rusiya kapitalı Ermənistanın dəmir yolu şəbəkəsinə, atom elektrik stansiyasına və mühüm telekommunikasiya şirkətlərinə də nəzarəti həyata keçirməkdədir. Yəni, Ermənistanın strateji infrastrukturu böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Bu sıraya rus hərbçilərinin Ermənistan–Türkiyə və Ermənistan–İran sərhədlərini qorumasını da daxil etmək mümkündür.

Üstəlik, Ermənistanın qaz tədarükü də Rusiyadan asılıdır, həmçinin ölkənin elektrik şəbəkələri ilə bağlı şirkəti erməni biznesmen Samvel Karapetyana məxsus olsa da, bu şəxsin Moskvanın maraqları ilə oturub-duran biri olduğu hər kəsə yaxşı məlumdur. Hazırda ölkənin hökumətyönümlü dairələri S.Karapetyanın Rusiyanın elektrik enerjisi sektorunda manipulyasiyasına qoşularaq, Ermənistana problemlər yarada biləcəyindən narahatdırlar.

Amerikalılıarın çalışdığı isə budur ki,  Ermənistanın enerji bazarı liberallaşsın. Birləşmiş Ştatlar hazırda ölkədə yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr aparır və bu layihəyə dair tezliklə yekun qərarın veriləcəyi bildirilir. Əvvəllər Fransa hazırda Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin nəzarətində olan Ermənistan dəmir yolunun alınmasında maraqlı olduğunu bildirsə də, məsələnin gerçəkləşəcəyindən danışmaq tez kimi görünür. Ancaq fransız şirkəti ölkənin içməli su paylayıcı şəbəkəsini idarə etməkdədir.

İndi Ermənistanın hakim siyasi dairələri bu qənaətdədirlər ki, Qərb Rusiyanın hökmranlıq etdiyi bütün strateji sahələrdə ciddi rəqib kimi meydana çıxmalı və rus kapitalını aktiv şəkildə sıxışdırmalıdır. Ümidlər var ki, Fransa və ABŞ rəsmiləri tərəfindən mövcud istiqamətdə verilən vədlər konkret nəticələrə çevriləcək. Erməni siyasilər, eyni zamanda, bildirirlər ki, Ermənistandan Rusiya kapitalının sıxışdırılması ilə yanaşı, strateji infrastruktur əhəmiyyətli sahələrə Qərb investisiyalarının yatırılmasına ehtiyac var. Bu yolla Moskvanın İrəvana təzyiqini aradan qaldırmağın və birincini çətinlik yaratma alətlərindən məhrum etməyin hər şeydən vacib olduğuna dair fikirləri bölüşənlərin də sayı yetərincədir.

Onu da deyək ki, bəzi siyasi analitiklər və ekspertlər Rusiyanın Ermənistanda hərbi təhlükəsizlik sahəsindəki monopoliyasını itirdiyini vurğulayırlar. Nəzərə alaq ki, 2011-2020-ci illər arasında Rusiya Ermənistanın hərbi arsenalının 95 faizini təmin edib. İndi ölkəyə artıq silah vermir. İrəvan hazırda Hindistan, Fransa və digər ölkələrlə əlaqələr vasitəsilə silah idxalını şaxələndirib, üstəlik özünün silahlı qüvvələrində islahatların aparılmasına dəstək üçün ABŞ və Fransa ilə razılaşmalar əldə edib.

Bəli, Paris İrəvanın müdafiə silahları ilə təchizatını həyata keçirməkdədir. Ermənistan hakimiyyətinin bütün müraciətlərinin, xüsusən də artilleriya ehtiyaclarının dərhal cavablandırılmasının vacibliyini bildirən fransız senatorlar bu günlərdə hökumətə İrəvanın SEZAR artilleriya sistemləri ilə təminatının qiymətləndirilməsini tövsiyə ediblər. O da məlumdur ki, Fransa Ermənistana ölkənin hava hücumundan müdafiə sistemindəki zəiflikləri öyrənməkdə və müəyyənləşdirməkdə kömək göstərəcək. Senatın müvafiq komitəsində 2024-cü il büdcəsinin müzakirəsi zamanı Fransanın müdafiə naziri Sebastyan Lekornyu ölkəsinin İrəvanı müdafiə silahları ilə təmin edəcəyini açıqlayıb.

Yekunda ümumiləşdirmə apararaq deyə bilərik ki, Ermənistan hakimiyyəti hazırda Qərbin Rusiyanı Cənubi Qafqazdan effektiv şəkildə sıxışdırıb çıxarması üzərinə oyun oynamaqdadır. Əlbəttə, bu oyun çox təhlükəlidir. Mövcud xüsusda ölkəyə müdafiə, enerji, iqtisadi, siyasi, ərzaqla təminat, texnologiya və strateji infrastruktur imkanları ilə bağlı dəstək göstərilməsinin mütləqliyi üzərində dayanılır. Bir sözlə, Ermənistan Qərbə “mənə hər şey ver” deyir. Hələ bir şərt də qoyulur ki, yalnız bundan sonra Ermənistan həqiqətən də strateji dəyişikliyə nail ola bilər. Təxminən belə: “əvvəl əsiri zəncirdən azad et, sonra özü ayaq üstə dayanar”.

Kənardan görünən mənzərədə Ermənistan hakimiyyəti, obrazlı desək, məzənnəsini qaldırmaq istəyən əxlaqsızı xatırladır. Gözü görən, bir balaca ağlı kəsən hər şeyi istəyir. Əlbəttə, atalarımızın “quyuya su tökməklə sulu olmur” misalının aktuallığını vurğulamaqdan uzağıq. Əsas olan Qərbin dəyərləndirməsidir. Görünür, özünün qlobal maraqlarını reallaşdırmaq istəyən Qərb dünyası Ermənistan üzərinə siyasi sərmayə yatırmaqla böyük səhvə yol verdiyinin fərqində deyil. Bu avantürizm Cənubi Qafqaza heç bir halda dinclik gətirməyəcək. Dinclik və əminamanlığın olmaması isə Qərbin Ermənistana səxavətlə yatırdığı və daha çox yatırmağa çalışdığı kapital üçün böyük təhlükədir.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV