USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransanın İsraillə bağlı ritorikası sərtləşir


https://img.baki-baku.az/news/2023/12/photo_9984.jpg

Fransa prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən sonra Qətərə səfər edib. O, Dohada İsrail-HƏMAS münaqişəsində tərəflərə girovların bir hissəsini dəyişdirməyə imkan verən və atəşkəs razılaşmasını bərpa etmək istədiyini vurğulayıb. Mütəxəssislər deyirlər ki, Yelisey sarayının sahibi belə bir təşəbbüs ürəli sürməklə Yaxın Şərqdə nüfuzunu bərpa etmək istəyir.

Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al Tani ilə söhbətində israilli girovların azad edilməsində vasitəçilik etdiyinə görə minnətdarlığını bildirib. Müzakirə ilk növbədə yəhudi dövləti ilə HƏMAS arasında atəşkəs razılaşmasının yenilənməsi perspektivləri ilə bağlı olub. Öz növbəsində Təmim bin Həməd Qəzza zolağında döyüşlərin dayandırılması üçün birgə beynəlxalq səylərin zəruriliyini incəliklə bəyan edib. Ancaq göz qabağındadır ki, hər şey silahlı münaqişənin əsas iştirakçılarının istəyindən asılıdır. İsrail rəhbərliyi humanitar mübadilə başa çatdıqdan sonra belə quru əməliyyatını davam etdirməkdən başqa çarəsinin olmadığını dəfələrlə vurğulayıb.

Qətərə səfərdən əvvəl E.Makronun BƏƏ-yə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-28) Tərəflərin 28-ci Konfransına səfəri olub. Fransa prezidenti bu hadisədən İsrailə qarşı tonunu yüksəltmək üçün istifadə edib. “Düşünürəm ki, vaxt gələcək İsrail hakimiyyəti öz məqsədləri və nəyə nail olmaq istədikləri barədə daha konkret olacaq. “HƏMAS-ın tamamilə məhv edilməsi” nədir və kimsə bunun mümkün olduğunu düşünürmü? Məqsəd bu olsa, müharibə on il davam edəcək”, – Makron konfransdakı çıxışında deyib. O, yəhudi dövlətinin özünümüdafiə hüququna hörmətlə yanaşdığını, lakin beynəlxalq hüquq çərçivəsində “bu özünümüdafiə mülki əhaliyə hücumla ifadə edilə bilməz” deyə vurğulayıb.

Belə qiymətləndirmələr E.Makronun 24 və 25 oktyabrda Yaxın Şərq turu zamanı verdiyi açıqlamalarla təəccüblü təzad nümayiş etdirir. O zaman o, beynəlxalq ictimaiyyətin üzvləri, o cümlədən “İŞİD” terror təşkilatına qarşı ABŞ koalisiyasının bir hissəsi olanlar tərəfindən yaradıla bilən anti-Həmas ittifaqı ideyasını açıq şəkildə irəli sürmüşdü. Baş nazir Benyamin Netanyahu ilə danışıqlar zamanı Makron demişdi ki, terrorçularla mübarizə üçün ərazi və regional qrup yaradıla bilər: “Düşünürəm ki, bu, İsrailin, eləcə də onun bir çox qonşularının maraqlarına uyğun olardı”.

Fransanın “Liberation” qəzeti yazır ki, E.Makronun oktyabrda İsrail, İordaniya, Misir və İordan çayının qərb sahilinə səfəri ilə BƏƏ və Qətərə cari turu arasında Fransa prezidentinin ritorikası əhəmiyyətli dərəcədə dəyişib: “Eynilə İsrail və Qəzza zolağındakı vəziyyət kimi. Makronun Yaxın Şərqə iki diplomatik turu arasında beş həftə var. Qəzza zolağında isə daha 10 minə yaxın ölüm var”, - nəşr vurğulayır. “Le Figaro”nun mənbələri isə iddia edirlər ki, ərəb liderləri E.Makrona İsrailin hücumlarının Fələstin cəmiyyətində HƏMAS-ın təsirini artırmasından narahat olduqlarını bildiriblər. Nəşr Yelisey sarayının İsrailin hərəkətləri ilə bağlı ritorikasını kəskin şəkildə dəyişməli olması faktını bununla əlaqələndirir. Unutmaq olmaz ki, son zamanlar Fransada müxtəlif təsir qrupları E.Makrona etirazlarını bildiriblər. Belə ki, “Le Figaro”ya görə, bu günlərdə Fransa silahlı qüvvələrinin Baş Qərargahı Yelisey sarayına “İŞİD-ə qarşı koalisiyaya bənzər” beynəlxalq anti-HƏMAS koalisiyasının yaradılması ideyasına dair böyük şübhələrə işarə edən bir nota göndərib. Diqqət çəkən bir hadisə Fransa diplomatik korpusunun nümayəndələrinin etiraz kampaniyası olub. “Le Monde”nin mənbələri iddia edir ki, anti-HƏMAS koalisiyası konsepsiyasının prezidentin hərbi-siyasi məsələlər üzrə köməkçisi Ksavye Şatel tərəfindən hazırlanması Fransa Xarici İşlər Nazirliyini hiddətləndirib.

Mütəxəssislərin fikrincə, bu cür yanaşmalar Parisin regiondakı mövqeyinə artıq mənfi təsir göstərib. Oktyabr ayında İordaniyaya səfəri zamanı E.Makronu Amman hava limanında yalnız paytaxt meri qarşılayıb. Baxmayaraq ki, protokol daha yüksək səviyyəli şəxsin iştirakını tələb edir. “Le Figaro”nun diplomatik mənbələrindən biri belə münasibəti “Çox şey deyən bir jest" kimi qiymətləndirib. Bundan əlavə, qəzet yazır ki, BƏƏ-də keçirilən “COP-28”də E.Makronun bəzi ərəb liderləri ilə danışıqlar aparmaq planları Parisin Qəzza zolağındakı silahlı münaqişə ilə bağlı siyasətindən narazı olduqları üçün iflasa uğrayıb. İndi Fransa prezidenti vəziyyəti dəyişməyə can atır. Bunun üçün Paris ritorika dəyişikliyinə əl atır. Ancaq bunun vəziyyəti düzəldə biləcəyi böyük sual doğurur.

 

Hazırladı: S.ELAY




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səbuhi MƏMMƏDOV