USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan–Türkiyə sərhədi: birinci ümidlə, ikinci səbirlə gözləyir

Ankara Azərbaycanla sülhə nail olmadan sərhədin açılmayacağını İrəvanın nəzərinə bir daha çatdırıb


https://img.baki-baku.az/news/2023/12/photo_9983.jpg

Qapı mənzildə, binada içəri daxil olmaq vasitəsi sayılsa da, diplomatiyada sərhəd qapıları dövlətin təhlükəsizliyinin təminatçısı kimi əlahiddə əhəmiyyət kəsb edir. O ki ola Ermənistanla Türkiyə arasındakı, Azərbaycan üçün müstəsna prinsipə malik sərhəd keçid məntəqəsi.

Türkiyə Prezidentinin və Ermənistan baş nazirinin təyin etdikləri xüsusi nümayəndələrin məşğul olduqları bu arxivacib məsələ üç ilə yaxındır ki, danışıqların mövzusudur. İrəvanın bu günlərdə yaydığı açıqlamaya görə, Ermənistan iki ölkənin sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsində rekonsruksiya işlərini başa çatdırıb və Ankara əldə olunmuş razılığa əsasən, sərhədin tezliklə açılacağına ümid edir. Söhbət konkret olaraq diplomatik pasportları olan və üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılmasından gedir. Ermənistan xarici işlər nazirliyinin mətbuat xidməti, hətta, “Alican” nəzarət-buraxılış məntəqəsinin istismara tam hazır olduğunu açıqlayıb və bununla bağlı Türkiyə tərəfindən “müsbət siqnalları” gözlədiyini yazıb.          

Oxuculara xatırladaq ki, Ermənistan–Türkiyə sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportun sahibləri üçün açılması barədə razılaşma İrəvan və Ankaranın xüsusi nümayəndələrinin 2021-ci ildə start götürmüş danışıqların gedişində əldə olunub. Həmin rəsmi səviyyədə, həmçinin ikitərəfli münasibətlərin normallaşdırılmasına dair danışıqların bir neçə raundu da reallaşdırılıb. İntəhası, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməsi, eləcə də İrəvanın Zəngəzur dəhlizinin açılması üzrə öhdəliyini yerinə yetirməməsi Ankara və İrəvan arasında münasibətlərin normallaşması prosesinin, faktiki olaraq, dayanmasına səbəb oldu.        

* * *  

Türkiyə “Alican” nəzarət-buraxılış məntəqəsini son otuz ildə ilk dəfə cari ilin fevralında açıb. Bu  da Qahramanmaraş və Hatay vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlər üçün Ermənistanın humanitar yardım yükünü daşıyan maşınların buraxılması üçün edilib. O da məlumdur ki, təxminən həmin günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təbii fəlakətin qurbanlarına rəsmi başsağlığı verməkdən ötrü Türkiyəyə səfər etmişdi.   

Fəqət üstündən bir müddət keçməmiş sonra aydın olacaqdı ki, İrəvanın “zəlzələ diplomatiyası” Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra başlayan Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesi start nöqtəsindən irəli getməyib. Çünki Türkiyə hökuməti öz qonşusunun nəzərinə aydın şəkildə çatdırdı ki, onunla münasibətlərinin normallaşması, istisnasız olaraq, Azərbaycanla sülhə nail olmasından və Zəngəzur dəhlizinin açılmasından asılıdır. 

ARAYIŞ: Ermənistan və Türkiyə arasındakı sərhəd xəttinin uzunluğu 311 kilometdir. 1993-cü ilə qədər sərhəddə iki keçid məntəqəsi fəaliyyət göstərib: Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdən qərbdə Axurik (Ermənistan) –Doğu Kapı (Türkiyə) postu və İrəvanın cənub-qərbində Marqara (Ermənistan) –Alican (Türkiyə) buraxılış məntəqəsi. 1921-ci ildə Qars müqaviləsi imzalanandan 1930-cu ilin sonuna qədər Türkiyənin Leninakanda (indiki Gümrü), Sovet İttifaqının isə Qarsda konsulluğu olub. Moskva ilə Ankara arasında münasibətlərin korlanması səbəbindən konsulluqlar bağlanıb, sərhəd keçidləri minimum səviyyədə saxlanılıb. 1993-cü ilədək sərhəd rəsmən bağlı olsa da, qatarlar sərhəddən keçib, Ermənistan və Türkiyə vətəndaşları qarşılıqlı səfərlər ediblər. 1993-cü ilin aprelində Ermənistan ordusu Kəlbəcəri işğal edəndən sonra sərhəd qapıları tamam qapadılıb.

Hərçənd Ermənistan Azərbaycanla tezliklə sülhün əldə olunmasında maraqlı olduğunu tez-tez təkrarlayır, amma buna baxmayaraq danışıqlar prosesini uzatmaqdan ötrü ən müxtəlif bəhanələrdən yararlanmaqda davam edir. Bu zaman İrəvan danışıqlar masası arxasında Qərbin Bakıya qarşı daha güclü mövqe tutacağına, ondan müəyyən güzəştlər qoparacağına ümidini də itirmir. Amma itirdikləri artıq onun üzünə dirənməkdədir. Misal üçün, Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatnda fiksə edilmiş öhdəliklərini yerinə yetirmədiyini görən Azərbaycan Naxçıvana nəqliyyat dəhlizini İran ərazisindən keçməklə inşa edilməsinə üstünlük verdi. Araz çayının cənub sahilindən salınacaq həmin marşrutla bağlı Bakı Ermənistan ərazisindən keçəcək Zənəgəzur dəhlizinə marağının azaldığını bəyan etdi.

Politoloq Fərhad Məmmədov qeyd edir ki, iki ölkə arasında sərhəd probleminin başlıca səbəbi Ermənistanın Zəngəzur dəhlizinin açılmasına dair 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində göstərilən öhdəliyini yerinə yetirməməsidir: “Buna görə Azərbaycan həmin dəhlizin İran ərazisindən salınmasına üstünlük verdi. Ortaya məntiqi sual çıxır: yaranmış vəziyyətdə Ermənistan sərhədin üçüncü ölkələrin vətəndaları və diplomatik pasportları olanlar üçün açılması ilə bağlı Türkiyədən “pozitiv siqnal” ala bilərmi? Hadisələrin məhz bu yöndə inkişafı az ehtimal olunur. Çünki Ankara, ilk növbədə, əmin olmalıdır ki, İrəvan regionda sülhün və sabitliyin yaranmasında sözdə deyil, əməldə maraqlıdır. Yeri gəlmişkən, Türkiyə Milli Təhlükəsizlik Şurasının noyabrın 29-da keçirilən iclasında Cənubi Qafqazdakı mövcud vəziyyət və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması perspektivi kontekstində Zəngəzur nəqliyyat dəhlizi ətrafında yaranmış yeni sityuasiya da müzakirə edilib. Çox güman ki, həmin müzakirələrin gedişində, həmçinin Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması perspektivləri mövzusuna da toxunulub”.

Türkiyənin bu müstəvidə fəaliyyətini Azərbaycanla koordinə etdiyinə diqqəti çəkən politoloq F.Məmmədova görə, indiki məqamda Ankaranın Ermənistanla sərhədi açmağa hazır olduğuna dair heç bir rəsmi bəyanat verməyə hazırlaşmadığına, İrəvanla münasibətlərin normallaşdırılması prosesi istiqamətində atacağı bütün addımlar barədə Bakını məlumatlandırdığına əmin olduğunu söylədi.

* * *

Baş verənlərin fonunda İrəvan hələ də yalandan özünə təsəlli, tərəfdaşlarına isə dezinformasiya verməklə məşğuldur. ATƏT XİN Şurasının Skopyedə keçirilən illik toplantısındakı çıxışında Ermənistanın baş diplomatı Ararat Mirzoyan bəyan edib ki,  “çox güman yaxın həftələr ərzində” Ankara Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində konkret addımlar atacaq. Türkiyənin Xarici işlər naziri Hakan Fidanla görüşündə sərhəd nəzarət-buraxılış məntəqəsinin açılmasının “dəqiq müddətinin müəyyən edildiyini” avropalı həmkarlarının diqqətinə çatdıran Mirzoyan bir az da irəli gedərək, bunun regional inkişaf üçün xüsisi əhəmiyyətini vurğulamağı da yaddan çıxarmayıb.

Ermənistandan Türkiyəyə gedəcək “üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportun sahibləri üçün quru sərhədin açılması” barədə ikitərəfli razılaşmanı xatırladan Mirzoyan deyib: “Bu barədə razılaşmanı oktyabrın 23-də ikitərəfli görüşümüzdə nazir Hakan Fidan da təsdiqləyib. Onda hətta dəqiq müddət kimi yaxın həftələr göstərilmişdi. Biz ümid edirik ki, yaxın vaxtlarda ilk addımı, həm də hisolunacaq addımı atacağıq”.

Deməli, indi aydın olur ki, Ararat Mirzoyan Skopyedə mövcud olmayan razılaşmadan danışıb və maraqlı personalara “ümidlər paylayıb”. Məlumat üçün bildirək ki, oktyabrın 23-də Tehranda keçirilən “3+2” formatlı (Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiya) xarici işlər nazirlərinin sammitində, həqiqətən də, Mirzoyan Türkiyə XİN-in başçısı Hakan Fidanla görüşüb. Həmin görüşdə cari regional məsələlər və ikitərəfli gündəlik müzakirə mövzusu olub. Bundan başqa, tərəflər əvvəllər əldə edilmiş razılaşmaların realizəsinə hazırlıq barədə fikir mübadiləsi aparıblar. Vəssalam!  

Mövzuya yekun olaraq onu da nəzərə çatdıraq ki, Türkiyənin Müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıya səfəri zamanı qeyd edib ki, Ermənistan regionda sülhün və sabitliyin bərpa olunmasının perspektivlərini lazımi səviyyədə qiymətləndirməyi bacarmır. Türkiyəli nazir əlavə olaraq bildirib ki, “3+2” formatı bölgənin problemlərinin dinc yolla həlli üçün uğurlu platformadır.

Hər şeydən göründüyü kimi, Türkiyənin siyasi isteblişmenti  Ermənistanın regional sülhün və sabitliyin təmin edilməsində oynadığı roldan məmnun deyil. Belə olan təqdirdə Türkiyənin Ermənistanla sərhədi açmasından söhbət gedə bilməz. Həm də Ankaranın bu məsələni Bakının rəyini nəzərə almadan reallaşdırması qeyri-mümkün olduğu qədər inandırıcı deyil. Bu isə o deməkdir ki, Ermənistan XİN başçısının “yaxın bir neçə həftə ərzində”  Türkiyə–Ermənistan sərhədindəki “Alican” nəzarət-buraxılış məntəqəsinin açılması barədə dedikləri reallıqla qətiyyən üst-üstə düşmür.

İrəvan yəqin sonuncu siyasi vurnuxmasının nəticəsində bir daha əmin oldu ki, onun Türkiyəyə bütün yolları Azərbaycandan keçir. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI