USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmiz mina terroruna qarşı da təkbaşına mübarizə aparır

İrəvana isə “gözün üstdə qaşın var” deyən yoxdur


https://img.baki-baku.az/news/2023/12/photo_9982.jpg?v=MjAyMy0xMi0wNSAxMDoxNjoxNw==

Ermənistanın torpaqlarımızı işğalı nəticəsində uzun illər yurd həsrəti ilə yaşamağa məcbur olan əhalinin hazırda doğma el-obasına qayıdışını çətinləşdirən əsas amil işğal dövründə bölgəyə saysız-hesabsız minaların basdırılmasıdır. Mina təhlükəsi təkcə azad olunmuş ərazilərdə qayıdışı çətinləşdirmir, infrastruktur layihələrinin icrasına da maneçilik törədir və iş prosesinin ləngiməsinə səbəb olur. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ağır zəhmət, uzun və yorucu əmək tələb edən işdir. Eyni zamanda, böyük vəsait tələb edir. Mütəxəssislər işğaldan azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün azı 10-15 il vaxt tələb olunduğu fikrindədirlər.

Son vaxtlar Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sazişinin imzalanmasına sanki tələsdiyi hiss olunur. Bunu ölkənin baş nazirinin, parlament sədrinin çıxışlarından da görmək mümkündür. Onlar ilin sonunadək sülh sazişinin bağlanmasının tərəfdarı olduqlarını qeyd edirlər. Ancaq rəsmi İrəvan mina xəritələrinin verilməsi ilə bağlı onun ünvanına edilən çağırışlar qarşısında özünü eşitməzliyə qoyur. Mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Halbuki, mina xəritələrinin verilməsi iki ölkə arasında etimad yarada bilən amil olardı. Ermənistanın verdiyi mina xəritələrinin etibarlılığı isə çox aşağıdır.

Digər tərəfdən, minaları basdıranlar, bir qayda olaraq, bu addımı qarşı tərəfin hərbçilərinin zərər çəkməsi düşüncəsi ilə atırlar. Necə deyərlər, minalar “müharibə silahı” kimi istehsal edilir. Ancaq, əslində, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalardan məhsul toplayan günahsız insanlar, o cümlədən, qadınlar və uşaqlardır.

Azərbaycan üzləşdiyi mina təhlükəsi problemini müxtəlif beynəlxalq platformalarda mütəmadi olaraq qaldırır. Bununla bağlı Bakıda beynəlxalq tədbirlər keçirilir. Elə dünən paytaxtımızda mina təhlükəsi ilə bağlı iki tədbirin keçirilməsi buna numunə hesab oluna bilər. “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda “dəyirmi masa” Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.

Ombudsman Səbinə Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxsaylı mina və partlamamış hərbi sursat mövcuddur. Qarşı tərəf hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç isə qeyd edib ki, Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir: “Təəssüf ki, Azərbaycan mina problemi ilə üzləşib. Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır”.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsi müdirinin müavini Fərhad İsayev vurğulayıb ki, azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib: “Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillik siyasəti şöbəsi müdirinin müavini Ülvi Hüseynov isə deyib ki, ölkədə əlilliyi olan şəxslərə dövlət tərəfindən 57 adda reabilitasiya vasitələri verilir: “Onu da qeyd edim ki, mina səbəbi ilə əlilliyi olan şəxslərə yüksək texnologiyalı protezlər təqdim olunur. Onların qiyməti 80-100 min avrodur”.

“Dəyirmi masa”da aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlər, nailiyyətlər və digər əlaqəli mövzular üzrə müzakirələr aparılıb.

Daha bir tədbir isə “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində baş tutub. “Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə Milli Məclisin deputatları, ANAMA-nın, Ombudsman Aparatının nümayəndəsi, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Polşa, Almaniyanın ölkəmizdəki səfirləri iştirak ediblər.

ANAMA-nın Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdiri Ramil Əzizov bildirib ki, agentlik humanitar minatəmizləmə işləri çərçivəsində 110 hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: “ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük müharibədən sonra 18 mindən çox tank əleyhinə, 30 mindən çox piyada əleyinə mina, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib”.

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın bu gün Cənubi Qafqazda mina problemindən ən çox əziyyət çəkən ölkə olduğunu vurğulayıb: “Biz Azərbaycana əlimizdən gələn qədər kömək etməyə çalışırıq ki, ölkə bu problemi həll edə bilsin. Mina problemi siyasi məsələ deyil, humanitar məsələdir. Avropa İttifaqı Azərbaycanda mina probleminin aradan qaldırılmasında maraqlıdır. Lakin bu, çox uzun bir prosesdir”.

“LİNKS Avropa” təşkilatının direktoru Dennis Sammut bildirib ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin miqyasına adekvat deyil. O qeyd edib ki, gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə müraciət ünvanlayacaqlar.

Daha sonra mina qurbanları yaşadıqları problemlərlə əlaqədar tədbir iştirakçılarını məlumatlandırıb, mina problemi ilə mübarizədə beynəlxalq təşkilatlara çağırışlar ediblər. Tədbir problemlərin müzakirəsinə həsr olunmuş panel iclasları ilə davam edib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək ölkəmizdə 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb. Ümumilikdə, qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 1991-ci ildən indiyə kimi isə Azərbaycanın 3415 vətəndaşı mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38-i qadındır. Bu statistika problemin nə qədər ciddi olmasından xəbər verir. Eyni zamanda, mina təhlükəsi problemi ilə bağlı Bakıda bir gündə iki tədbirin keçirilməsi də ölkənin müvafiq qurumlarının və ictimaiyyətinin onun həllində qərarlı olmasının göstəricisidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq torpaqlarını işğaldan azad edən, bu il isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyi təmin olunan ölkəmiz zamanla bu problemin də öhdəsindən gələcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Hafiz SƏFİXANOV, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri

– Azərbaycan 30 ildən artıqdır mina problemi ilə üz-üzədir. İşğaldan azad olunan ərazilərdə aparılan işlər nəticəsində bir milyondan çox minanın basdırıldığı məlum olub. Lakin işğal zamanı təkcə burada deyil, Ermənistan və İranla sərhəddə də minalar basdırılıb. Bu da əlavə çətinliklər yaradır.

Hazırda Azərbaycan öz arsenalında olan bütün qüvvələri mina təhlükəsi ilə mübarizəyə sərf edib. Bilirsiniz ki, ANAMA yenidən qurulub, onun maddi-texniki bazası gücləndirilib. Müxtəlif maşın mexanizmləri alınıb, minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar, digər xüsusi texnikalar da cəlb olunub. Bunlar “Revival-B” və “Revival-T” markalı minatəmizləməyən maşınlardır. Eyni zamanda, işçi qüvvəsinin sayı artırılıb, minaaxtaran itlər gətirilib, həmçinin minaaxtaran siçovullardan da istifadə olunur. Siçovulların iybilmə reseptorları daha yüksəkdir, bu da minanı daha tez aşkarlamağa kömək edir. Hazırda təhlükəli ərazilərdə 925 xəbərdaredici bilbord yerləşdirilib.

Azərbaycan dünya trendinə qoşularaq qadınlardan ibarət minatəmizləmə komandaları yaradıb. Həmin komandaların təlimləri keçirilib, onlar sertifikat alaraq minaların təmizlənməsi işinə cəlb olunublar. Bütün bunların hamısı Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Minaların təmizlənməsi üçün sərf olunan vəsaitin 90 faizdən çox hissəsi Azərbaycanın öz vəsaitidir. Təəssüf ki, Azərbaycana bu sahədə beynəlxalq birliyin ciddi dəstəyi hiss olunmur. Böyük Britaniya, ABŞ, Fransa, Macarıstan, Avropa İttifaqı müəyyən kömək göstəriblər. Lakin bu kömək “dəryada damla” qədərdir. Görünür, BMT qətnamələrini təkbaşına icra edən Azərbaycan mina probleminin öhdəsindən də təkbaşına gəlməli olacaq.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD