USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan – ABŞ: yeni səfir və narahat Cənubi Qafqaz


https://img.baki-baku.az/news/2023/12/photo_9979.jpg

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabrın 2-də axşam saatlarında Bakıya gəlib. O, Azərbaycan dilində mətbuata qısa açıqlama verməklə kifayətlənib və ölkəmizə gəlişindən çox şad olduğunu bildirib: “Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı və regionda davamlı sülhün əldə edilməsi üçün işə başlamaq fürsətini səbirsizliklə gözləyirəm. Mən də sizin gözəl ölkənizi daha yaxından tanımaq istəyirəm. Xoş qarşıladığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Birləşmiş Ştatların yeni səfirinin gəlişi Azərbaycanla ABŞ arasındakı münasibətlərdə soyuqluğun müşahidə olunduğu dövrə təsadüf edir. Bunun başlıca səbəbi noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələrdir. Daha doğrusu, həmin dinləmələrdə anti-Azərbaycan, ermənipərəst ritorikanın əsas götürülməsidir.

Məlum olduğu kimi, sözügedən toplantıda ABŞ Dövlət katibinin köməkçisi Ceym O`Brayn iştirak etmişdi. Köməkçinin sözlərindən belə anlaşılmışdı ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər, Bakı ilə əlaqələri dayandıracaq. O`Brayn, həmçinin Bakının Naxçıvana gedən quru yolunun Ermənistan yox, İran ərazisindən keçəcəyinə dair mövqeyi üzərində dayanaraq, məsələnin Birləşmiş Ştatlar üçün yolverilməzliyini vurğulamışdı. O, kifayət qədər, amiranə tərzdə Azərbaycanın qarşıdakı iki həftə müddətində mövqeyini dəqiqləşdirməli, seçim etməli olduğunu demişdi.

Ümumən, Nümayəndələr Palatasındakı dinləmələr Ermənistanı müdafiə məntiqi üzərində qurulmuş və mövcud xüsusda Azadlığa Dəstək Aktına 1992-ci ildə edilmiş 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı ABŞ Prezidentinə 2001-ci ildə verilmiş səlahiyyətin ləğvi məsələsi gündəmə gətirilmişdi. Bu isə Birləşmiş Ştatların Azərbaycana hər cür dövlət dəstəyinin aradan qaldırılması anlamı daşıyan məsələdir. Ən başlıca məqam isə budur ki, 907-ci düzəliş işğalla üzləşmiş ölkəmizin, işğalçı kimi təqdimatının təzahürünə çevrilmiş böyük ədalətsizlik idi. Deməli, Azərbaycanın Qarabağda bu ilin sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirləri sonrası dövlət suverenliyinə qovuşmasının fonunda, “907”-nin yenidən meydana çıxarılması, həm də rəy formalaşdırır ki, sanki Bakının davranışı Qarabağın işğalıdır. Əlbəttə,  ölkəmiz belə yanaşmanı hiddətlə qarşılamalı idi və qarşıladı da.

***

Bəli, O`Braynın kovboysayağı qəbuledilməz tonu ölkəmizdə sərt narazılıq doğurmuşdu. Narazılıq Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı geniş bəyanatda da əksini tapmışdı. Rəsmi Bakı Vaşinqtonu ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAİD və digər donor təşkilatlar vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham etmişdi. Aşkar görünmüşdü ki, Bakı O`Braynın dili ilə ifadə olunmuş təzyiq qarşısında geri çəkilmək niyyətindən uzaqdır və Ağ evin Azərbaycan – Ermənistan münasibətlərindəki tənzimləyici missiyasından imtinada inadlı davranacaq. Bunun ardınca istər əvvəlcə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlaması, istərsə də sonra dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi gərginliyin yumşaldılması baxımından diqqət çəksə də,  demək olmaz ki, Bakı ilə Vaşinqton arasında O`Braynın yaratdığı buzlar ərimək üzrədir. Yəni, M.Libbinin səfir fəaliyyətinə başlaması, məhz belə bir çətin dövrə təsadüf etməkdədir.

***

Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfiri postu uzun müddət idi ki, boş qalmışdı.  M.Libbi 2022-ci ilin mayında səfir vəzifəsinə namizəd kimi göstərilsə də, təsdiqlənməyən təxminən 175 namizəd arasında olmuşdu. Ancaq Ağ ev tərəfindən yenidən təqdim edilən 85 namizəddən biri də Libbi idi.

Onu da diqqətə çatdıraq ki, M.Libbi Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyib. ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini postunu tutub. Bundan başqa o, Birləşmiş Ştatların Varşavadakı (Polşa), Nikosiyadakı (Kipr)və Bağdaddakı (İraq) diplomatik nümayəndəliklərində siyasi məsləhətçi kimi çalışıb, Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin Böhranların İdarə Edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa Ofisinin direktor müavini, Cənubi Avropa Ofisinin direktoru qismində fəaliyyət göstərib. Yəni, demək olmaz ki, təcrübəsiz diplomatdır. Belədə, Libbinin hansı şərtlər altında işləyəcəyi, iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün necə səy göstərəcəyi maraq doğurmaqdadır.

***

Bir məqamı da diqqətə çatdıraq ki, M.Libbinin Azərbaycana səfir kimi gəlişi əsnasında vurğulanmalı başlıca məqam yalnız Bakı – Vaşinqton münasibətlərində gərginliyin müşahidə olunması deyil. Eyni zamanda, ABŞ başda olmaqla kollektiv Qərbin Cənubi Qafqaz aktivliyinin artması da ön plandadır. Axı, C.O`Braynın haqqında söz açdığımız məlum çıxışı fonunda yaranmış soyuqluğun vacib qütbünü həmin aktivlik təşkil etməkdədir.

Aydın görünür ki, kollektiv Qərb, xüsusən də Fransa bölgəni, belə demək mümkünsə, Rusiyasızlaşdırmaq üçün erməni amilinə güc verməkdədir. O`Brayn, faktiki olaraq, Birləşmiş Ştatları Fransadan daha qətiyyətli ermənipərəst kimi təqdim etdi, ölkəni bu baxımdan, bir növ, məvhərindən çıxarmış oldu.

Əlbəttə, bu, yekun nəticədə erməni avantürizminə dəstəkdən başqa bir şey deyildi. Deməli, reallıqlara düzgün nəzər salmağa ehtiyac var. Yeri gəlmişkən, Qərb dünyasında mövcud ehtiyacı düşünənlərin olmadığını söyləmək mümkünsüzdür. Məsələn, İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmundo Cirielli, kifayət qədər, sərt formada bildirib ki, Fransa son hay (erməni) qalanadək Qafqazda yeni müharibə aparmaq istəyir. Cənab Cirielli Avropada erməni millətçiliyini, revanşizmini qızışdıranların olduğunu dilə gətirib. İtaliyalı diplomatın belə fikir bildirməsi, daha dəqiq desək, reallığı çılpaq şəkildə ifadə etməsi, kollektiv Qərbin bütün təmsilçilərini, o cümlədən ABŞ-ı düşündürməlidir. Onlar düşünməlidirlər ki, ermənipərəstlik Cənubi Qafqaz müstəvisində heç bir perspektivi olmayan gedişdir. Bu yolla nə Rusiyanı bölgədən sıxışdırmaq mümkündür, nə də bir dövlət kimi Ermənistanın varlığını qorumaq.

Qeyd edək ki, C.O`Brayn məlum çıxışında ABŞ-ın Azərbaycanın Qarabağdakı fəaliyyəti ilə bağlı “hərtərəfli və şəffaf” hesabatın hazırlanması prosesinə başladığını da vurğulamışdı. O, bu işə müstəqil mütəxəssislərin və Dövlət Departamentinin nümayəndələrinin cəlb olunduğunu, beynəlxalq təşkilatların məlumatlarından istifadə ediləcəyini demişdi. M.Libbinin mövcud müstəvidə də prinsipial və qətiyyətli mövqe tutması önəmlidir. Yəni, Azərbaycan beynəlxalq miqyaslı şər, böhtan və iftira ilə üzləşməməlidir.

M.Libbinin mövqeyinin bir məsələdə də həllediciliyi nəzərə alınmalıdır. Məlumdur ki, Ermənistanın rəhbərliyi, o cümlədən, dünyanın ermənipərəst dairələri iddia edirlər ki, guya, Azərbaycan Rusiya ilə birləşərək, anti-erməni mövqe tutur və bu, Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə ziddir. Aşkar görünür ki, İrəvan və əlaltıları Vaşinqtonun Bakıya münasibətini tündləşdirmək yolu tuturlar. Elə fon yaradırlar ki, sanki Azərbaycan Qərbin Cənubi Qafqaza gəlmək istəklərinə qarşı çıxmaq yolu tutur. Bu isə Ermənistanın Azərbaycanla sülhdən uzaqlaşmaq, reallıqları təhrif etmək niyyəti güdən siyasi manipulyasiyasıdır.

Libbi bu sayaq manipulyasiyaları düzgün qiymətləndirməli, obyektiv davranmalıdır. Nəzərə almalıdır ki, Bakı yalnız və yalnız özünün maraqlarını əsas tutur, İrəvandan fərqli olaraq, müstəqil xarici siyasət yürüdür. Libbi Cənubi Qafqazda Qərb kapitalının Ermənistanda yox, Azərbaycanda cəmləşdiyini, ən başlıcası isə bu cəmləşmənin 1993-cü ildən vüsət aldığını yaxşı-yaxşı götür-qoy etməlidir. Ümidvarıqvarıq ki, yeni səfirin diplomatik təcrübəsi obyektiv mövqe tutmasına imkan yaradacaq.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV