USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aİ-nin Macarıstan qorxusu

Brüssel Budapeştin Ukrayna ilə bağlı planını pozacağından əndişələnir


https://img.baki-baku.az/news/2023/12/photo_9966.jpg

Avropa İttifaqının (Aİ) dekabr sammiti yaxınlaşdıqca, Ukraynanın ittifaqa daxil olması ilə bağlı danışıqlara başlamaq üçün gözlənilən qərar ətrafında intriqa bir o qədər şiddətlənir.İntriqa da Macarıstanın məsələ ilə bağlı sərgilədiyi sərt mövqe ilə əlaqəlidir. Baş naziri Viktor Orban açıq şəkildə buna qarşı çıxır və danışıqların gündəmdə olmaması ilə bağlı təkliflə çıxış edir. Ekspertlər hesab edirlər ki, Budapeşt Ukraynanın Avropaya inteqrasiya zəfərinə kölgə sala bilər, lakin prosesi dayandırmaq mümkün olmayacaq.

Baş nazir Viktor Orban dekabrın 1-də “Kossuth” radiosunda Ukrayna ilə bağlı yeni açıqlamalar verib. Qərb mətbuatı yazır ki, Macarıstanın baş naziri çıxışında Ukrayna hakimiyyəti üçün yaxşı heç nə deməyib. Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeilə məktub göndərərək, Ukraynaya dəstəyi tənqid edən cənab Orban yenə də bu məsələyə şübhə ilə yanaşdığını açıqlayıb: “Ukraynanın Aİ-yə qəbulunun nə ilə nəticələnəcəyini bilmiriksə, o zaman bu barədə danışmağa belə başlamayaq”. Bunun əvəzində o, Kiyevlə beş-on il müddətinə strateji tərəfdaşlıq müqaviləsi bağlamaq barədə düşünməyi və bundan sonra nə ediləcəyinə qərar verməyi təklif edib. Cənab Orban, həmçinin bildirib ki, Aİ liderləri Kiyevə tam dəstək strategiyasını nəzərdən keçirməyə razılıq versələr, Ukraynanın bloka üzvlüyünə veto qoyacaq.

Xatırladaq ki, Aİ-də qərarlar konsensusla qəbul edilir. Bir ölkə hər hansı bir təklifə qarşı çıxırsa, qərar qəbul olunmur. Belə bir perspektiv də Kiyev və Brüsseldə narahatlıq doğurur. Buna görə də, noyabrın 27- də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Macarıstan liderini Ukraynaya maliyyə ayrılması, eyni zamanda, Kiyevin “Köhnə dünya”ya inteqrasiyası ilə bağlı ümumavropa planlarını pozmamağa inandırmaq üçün Macarıstana xüsusi səfər etmişdi. Səfərin yekunu barədə mətbuata hər hansı bir açıqlamanın verilməməsi görüşün nəticəsiz yekunlaşması barədə ehtimalları gücləndirmişdi. Belə bir vəziyyət də Aİ-nin bu ayın ortalarında keçiriləcək sammitinə diqqəti daha da artırır. “Politico” bununla bağlı yazıb ki, Avropa İttifaqı daxilində Budapeştin səsvermə hüququndan məhrum edilməsinə qədər müxtəlif “sakitləşdirmə” variantlarını nəzərdən keçirirlər. Düzdür, belə radikal ssenari Avropa İttifaqı daxilində daha da parçalanmanın mümkünlüyü ilə bağlı narahatlıq doğurur.

Belə bir parçalanmanın müxtəlif müstəvilərdə olduğunu yalnız Macarıstanın mövqeyi göstərmir. Məsələn, dekabrın 1-də Slovakiyada yerli daşıyıcılar Ukrayna ilə sərhəddə nəqliyyatın hərəkətini bloklayıblar. Bununla onlar Ukrayna daşıyıcıları üçün icazə sisteminin bərpasına nail olmaq istəyən ölkənin Nəqliyyat Nazirliyinə dəstək ifadə ediblər. Bu məsələyə dekabrın 4-də Aİ-nin Nəqliyyat, Telekommunikasiya və Energetika Şurasının iclasında baxılacağı bildirilir. Mütəxəssislər bildirirlər ki, problemin daha bir tərəfi də var. Məsələ ondadır ki, Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasına ümid etdiyi üçün Kiyevlə bağlı qərarın verilməməsi Kişinyova da zərbə vura bilər. İndiyədək iki qonşu dövlətlə bağlı qərarlar Brüssel tərəfindən eyni vaxtda qəbul olunurdu. Xatırladaq ki, Ukraynaya və Moldovaya Avropa İttifaqına üzv olmağa namizədlik statusu ötən ilin yayında verilmişdi. Bu ilin payızında Avropa Komissiyası Avropa Şurasına hər iki ölkə ilə danışıqlara başlamağı tövsiyə etmişdi.

Bəs Macarıstanın vetosu Avropanın Ukrayna ilə bağlı planlarını poza bilərmi? Kiyevdə fəaliyyət göstərən “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fesenko hesab edir ki, Macarıstan Ukrayna ilə bağlı gözlənilən qərarı poza bilər: “Risklər böyükdür. Düşünürəm ki, Orbanın taktikası mümkün qədər payı artırmaq və dekabrda Ukrayna ilə danışıqlara dair qərarın qəbul edilməsinin qarşısını almaqdır”. Eyni zamanda, cənab Fesenko Budapeştin Ukraynanın Aİ-yə daxil olmasını tamamilə əngəlləmək niyyətində olmadığını da düşünür.

Mülki təhlükəsizlik sektorunun islahatları üzrə Aİ-nin Ukrayna üzrə Məsləhətçi Missiyasının keçmiş rəhbəri, hazırda Moldova hakimiyyətinə məsləhət verən Kalman Mizsei Viktor Orbanın hazırda Macarıstana maliyyə yardımı ilə bağlı Aİ ilə çətin danışıqlar apardığını bildirib. Brüssel daha əvvəl etiraf etmişdi ki, Budapeştə ayrılan 13 milyard avronu dondura bilər: “Aİ hesab edir ki, Macarıstan ölkədə qanunun aliliyi ilə bağlı öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən Macarıstan Avropa İttifaqından gözlədiyi pulu almır”. Onun sözlərinə görə, Macarıstanın baş naziri maliyyə ayrılması ilə bağlı danışıqlarda Aİ-yə üzv ölkələrin konsensusunun tələb olunduğu bütün məsələlərdən yararlanır. Daha dəqiq desək, cənab Orban Budapeştin prinsipial mövqeyini nümayiş etdirir.

Bununla belə, mütəxəssislər düşünürlər ki, Budapeştə Kiyevlə Aİ arasında danışıqlara razılıq vermək üçün qərarların qəbulunun yaza qədər təxirə salınması daha faydalıdır. Bu halda Macarıstan Kiyev üzərində təsir rıçaqları əldə edəcək və ondan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesində uzun müddət istifadə edə biləcək. Ancaq bu variant Aİ-ni qane etmir. Brüssel Macarıstanın etirazlarını aradan qaldırmaq üçün keçən həftə dondurulmuş vəsaitin bir milyard dollarını Budapeştə təqdim etsə də, bunun kifayət edib-etməyəcəyi bəlli deyil. Buna görə də, siyasi təhlilçilər ehtimal edirlər ki, Aİ yardımının bloklanması və ya Ukraynanın üzvlük müraciətinə veto qoyulması Budapeşt və Brüssel arasında kəskinləşən mübahisə riskini daha da artıracaq.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV