USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avrasiyada yeni dostluq üçbucağı – PAT

Pakistan–Azərbaycan–Türkiyə alyansı gələcəyə ünvanlanan strateji tərəfdaşlıq layihəsidir


https://img.baki-baku.az/news/2023/12/photo_9964.jpg

ABŞ-nin “International Policy Digest” saytı Pakistan-Azərbaycan-Türkiyə (PAT) üçtərəfli alyansına həsr olunmuş məqalə dərc edib. Məqalədə bildirilib ki, geosiyasi şahmat taxtasında maraqlı üçlük yaranır. Söhbət Pakistan, Azərbaycan və Türkiyənin daxil olduğu PAT alyansından gedir. Bu ittifaq Cənubi Asiya, Qafqaz və Yaxın Şərqi birləşdirən yeni dostluq düyünü yaradır. O, ümumi prinsiplərin, qarşılıqlı strateji maraqların və dərin hörmətin vəhdəti ilə möhkəmləndirilir.

Qeyd olunub ki, bu ölkələr arasında zəngin ikitərəfli keçmişə əsaslanan üçtərəfli əlaqələr son illərdə dinamik inkişaf edir. 2021-ci ildə üçtərəfli Bakı Bəyannaməsinin imzalanması hərbi, iqtisadi, diplomatik və mədəni sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın genişlənməsini simvolizə edib. Alyansın hərbi əlaqələri vahid güc və strateji niyyət nümayiş etdirən birgə təlimlərdə aydın görünüb. Xarici işlər nazirlərinin 2021-ci ildə İslamabadda keçirilən üçtərəfli görüşü onların regional sabitlik və firavanlıq üçün kollektiv istəklərini möhkəmləndirən dönüş nöqtəsi olub.

Alyans çərçivəsində iqtisadi və mədəni əlaqələr fəal inkişaf edir. Ticarət, investisiya, energetika və bir sıra digər sahələri əhatə edən müqavilələr bağlanıb. Üç ölkənin səyahət məhdudiyyətlərini yüngülləşdirməsi mədəni mübadilənin artması, o cümlədən festivalların və idman tədbirlərinin keçirilməsi yolu ilə insanlar arasında əlaqələri gücləndirir. Bundan əlavə, Əfqanıstanda sülh təşəbbüsündən tutmuş Kəşmirdəki mübahisəli vəziyyətə qədər qlobal problemlərin həllində vahid mövqe Türkiyə, Azərbaycan və Pakistanın strateji birliyinə dəlalət edir.

Məqalədə bildirilib ki, Azərbaycanın Pakistanla qarşılıqlı əlaqələri xüsusi diqqətə layiqdir: Heydər Əliyev Fondu təhsil və tibb layihələrini dəstəkləyir və bununla da alyansın humanitar aspektlərini gücləndirir.

Bununla belə, hərbi aspekti də qiymətləndirməmək olmaz. Belə ki, Türkiyənin Pakistanın əsas silah tədarükçüləri sırasına daxil olması İslamabadın ənənəvi müttəfiqlərdən asılılığını azaldan və onun müdafiə arsenalını şaxələndirən strateji dəyişiklikdən xəbər verir.

Qeyd olunur ki, Ankara, Bakı və İslamabad ittifaqı Avrasiya məkanında yeni geosiyasi reallıq formalaşdırır, hər üç ölkənin strateji maraqlarını gücləndirməyə çalışır. Eyni zamanda, digər regional güclər, xüsusən də İran, Rusiya və Hindistan bu tərəfdaşlığın dərinləşməsini diqqətlə izləyirlər: “Tehran alyansın hərbi xarakteri və İslamabadın “Taliban”ın fəaliyyətində iştirakı ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Hindistanın reaksiyası isə Kəşmir məsələsində Pakistanla tarixi rəqabəti ilə xarakterizə olunur və Nyu-Dehlinin Ermənistana açıq dəstəyi cavab addımı sayıla bilər. Rusiya Bakı, Ankara və İslamabadla əlaqələrini nəzərə alaraq, PAT alyansına ehtiyatlı yanaşma nümayiş etdirir. Yaranmaqda olan PAT üçbucağı, sadəcə olaraq, bir koalisiya deyil, dərin doğmalığı və gələcəyə baxışı əks etdirən düşünülmüş strateji tərəfdaşlıqdır. Alyans mövcud qlobal və ya regional çərçivələri pozmağa yönəlməyib; o, digər ölkələri kollektiv rifah naminə bir araya gəlməyə təşviq edə bilən əməkdaşlıq nümunəsidir”.

Bəli, məqalədə qeyd edildiyi kimi, Azərbaycan–Türkiyə–Pakistan ittifaqı, həqiqətən də, dünyaya bir əməkdaşlıq nümunəsidir. Dünyanın iqlim fəlakətləri, millətçi ideologiyaların dirçəlməsi, zorakılığın artması və çoxtərəfliliyin (multiliteralizm) aşınması kimi görünməmiş problemlərlə üzləşdiyi bir vaxtda alyansın mövqeyi böyük əhəmiyyət kəsb edir. Bütün bu məsələlərin həlli Azərbaycan, Türkiyə və Pakistandan bilavasitə asılı olmasa da, onların ittifaqı hərbi, iqtisadi və energetika əməkdaşlığını əhatə edən mədəni və tarixi həmrəyliyin simvoludur. Alyans islamofobiya kimi qlobal problemlərin həllində hazırda tez-tez istifadə olunan sözlə desək, sərt və yumşaq gücün necə istifadə oluna biləcəyinə dair də bir nümunədir. Azərbaycan–Türkiyə–Pakistan ittifaqı müxtəlifliyi qəbul, dialoqu təşviq etməyin və diplomatiyaya can atmağın bizim zəmanəmizdə mübahisələrin həllində və fikir ayrılıqlarının aradan qaldırılmasında təməl daşı olaraq qaldığını vurğulayır.

Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq, bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər. 2023-cü il iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, ayın 15-də isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Eyni zamanda, hər üç ölkə Orta dəhlizin inkişafında maraqlıdır.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətləri getdikcə inkişaf edir. Onun sözlərinə görə, üç ölkə regional problemlərin həllində fəal rol oynayırlar: “Pakistan nüvə silahına malik güclü İslam dövlətidir. Onun ordusunun şəxsi heyətinin sayı 1 milyon nəfərədəkdir. Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Azərbaycan isə xarici siyasətdə strateji istiqamətlərini düzgün müəyyənləşdirərək, iki ölkə ilə dostluq əlaqələrini getdikcə daha da inkişaf etdirir. Ümumiyyətlə, bu üç dövlətin heç bir ölkəyə qarşı nə ərazi, nə də digər iddiası var. Onlar müstəqil siyasət yürüdür və geosiyasi məsələlərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycan 44 günlük Vətən müharibəsinədək İslamabadla çox sıx hərbi-texniki əməkdaşlıq aparırdı. Məsələn, müharibəyədək bizim 9 təlim təyyarəmiz məhz Pakistan istehsalı idi. Pakistan istehsalı olan yeni hərbi texnikanın alınması ilə bağlı danışıqlar gedirdi. Belə bir atalar sözü var: dost dar gündə tanınar. Prezident İlham Əliyevin dediyi kimi, biz Vətən müharibəsi zamanı kimin dostumuz olub-olmadığını əyani gördük. Pakistan bizim dostumuzdur. Müharibə zamanı Pakistan və Türkiyə geosiyasi arenada ağır siyasi çəkiyə malik dövlətlər kimi Azərbaycanın yanında oldular, ölkəmizin haqq işini dəstəklədilər. Müharibədən sonra Bakıda Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistanın dövlət bayrağının dalğalanması da təsadüfi deyildi. Bu, xalqın içindən gələn bir minnətdarlıq hissi idi”.

Şair Ramaldanov qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan–Türkiyə–Pakistan əlaqələri daha da inkişaf edib, birgə hərbi təlimlər keçirilib. Azərbaycanın Müdafiə naziri Pakistanda keçirilən hərbi paradda iştirak edib. Paradda Azərbaycan taqımının keçidi olub. Ekspertin fikrincə, üç ölkənin geosiyasi arenada mövqelərini müdafiə etmək üçün bir-birini tamamlayan addımları artıq dünyada alyans kimi qəbul olunur: “Prinsip etibarilə mən deyərdim ki, alyans kimi qəbul edilmək də üç ölkənin, xüsusilə Azərbaycanın siyasi çəkisini daha da artırır. Bir tərəfimizdə Türkiyə kimi güclü ordusu, geosiyasi arenada sözü eşidilən dövlət başçısı olan qardaş ölkə, digər tərəfdə isə Pakistan kimi böyük ölkə dayanıb. İki ölkənin Azərbaycana olan dəstəyi dövlətimizin geosiyasi arenada çəkisini, nüfuzunu artıran amillərdəndir. Əlbəttə, bu amillərin artması dövlət başçımızın siyasi müdrikliyinin, geosiyasi arenanın “şahmat meydanı”nda savadlı və bacarıqlı “qrossmeyster” kimi düzgün qərarlar qəbul etməsinin nəticəsidir. Əlbəttə, bu gün Türkiyə və Pakistan kimi nəhəng ölkələrin yanında Azərbaycanın adının çəkilməsi, belə bir alyansın formalaşması ilə bağlı tanınmış media qurumlarının yazılar dərc etməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir”.

Hərbi ekspert qeyd edib ki, geosiyasi arenada gedən proseslərdə həmişə olduğu kimi, yenə də, dini mənsubiyyət ön plandadır. Müsahibimiz hesab edir ki, bu amilin dövlətlərin münasibətlərinin həm istiləşməsində, həm də soyumasında rolu açıq-aşkar görünür: “Müasir dövrdə yaşasaq da, müəyyən qüvvələr bu gün də dini məsələləri ortaya ataraq, ondan çox məharətlə istifadə edirlər. Onlar bu amildən istifadə edərək insanları bölməyə və aralarında müəyyən problemlər yaratmağa nail olurlar. Belə olan halda üç dost-qardaş ölkə eyni dinin mənsubları olaraq haqqın müdafiəsində dayanıblar. Azərbaycan Qoşulmama Hərəkatının lokomotivi-lideri, Türkiyə türkdilli dövlətlərin aparıcı ölkəsi, Pakistan isə müsəlman dünyasında böyük nüfuza, nüvə silahına malik İslam respublikası kimi geosiyasi məkanda həmin qüvvələrə qarşı çıxırlar. Onlar İslam dəyərlərini, milli, dini adət-ənənələrini və dövlətləri dini mənsubiyyət əsasında əmələ gəlmiş yad təsirlərdən qoruya bilirlər. Azərbaycan, Türkiyə və Pakistan bu istiqamətdə çox böyük işlər görürlər. Ona görə də, üç ölkənin birliyini alyans və digər adlarla adlandırıb-adlandırmamaqdan asılı olmayaraq, onların dostluğu, qardaşlığı, müttəfiqliyi və əməkdaşlığı danılmazdır. Bu münasibətlər inkişaf yolundadır. Buna görə də demək olar ki, PAT-ın gələcəyi var. PAT güclənəcək, geosiyasi arenada böyük nüfuz sahibinə çevriləcək”.

Səxavət HƏMİD




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD