USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maraqlar gerçəkliklə üst-üstə düşməyəndə

ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda Azərbaycandan keçən qarşıdurması


https://img.baki-baku.az/news/2023/12/photo_9963.jpg

Tarixdən bildiyimiz qədər, yüz ildən çox Rusiya, Türkiyə və İran arasında nüfuz davasının getdiyi Cənubi Qafqaz regionunun XXI əsrdə qlobal geosiyasi güclərin mübarizə meydanına, daha doğrusu, qarşıdurma məkanına çevrildiyi həqiqətdir. Sadəcə yüz il əvvəllə müqayisədə bu üç aktordan başqa bölgəyə Qərbin, ABŞ-ın da əli uzanmaqdadır.  

Kənar və siyasətdən bir qədər uzaq müşahidəçilər üçün, ola bilsin ki, Ukrayna cəbhəsindəki qarşıdurmanın Avropa İttifaqı–Rusiya, NATO–Rusiya, yaxud Fransa–Rusiya formatları kimi qəbul olunması daha məntiqidir. İki ilə yaxındır davam edən Ukrayna –Rusiya hərbi münaqişəsi məhz bu formatların mövcudluğuna heç bir şübhə yeri qoymur. Fəqət diqqətlə baxanda, Rusiya ilə müharibədə Kiyevi birmənalı şəkildə dəstəkləyən Şimali Atlantika Hərbi Alyansına daxil olan ölkələrin yüz milyardlarla dollar həcmindəki hərbi yardımlarının arxasından, yəni okeanın o tayından “Sem dayının şlyapası”nın silueti sezilməkdədir. NATO-nun qurucusu, bu gün “dumanlı silueti” aşkar görünən Birləşmiş Ştatların məlum hərbi münaqişənin əsas oyunçularından biri olduğunu qəbul etmək lazımdır. Bu həqiqəti siyasətlə uzaqdan deyil, yaxından maraqlananlar yaxşı bilirlər.

Hələlik Ukrayna cəbhəsini bir kənara qoyub, Vaşinqton və Moskvanın Cənubi Qafqaz uğrunda “siyasi hərarəti” yüksəlməkdə olan münasibətlərinə Bakıdan nəzər yetirməyə çalışaq.

Tərəflərin “bağaj”ında nələr var?

SSRİ-nin süqutundan keçən son otuz iki il ərzində dünyanın siyasi səhnəsində özünə, bir növ, “layiqli rəqib” görməyən ABŞ özünün təməl dəyərlərinin əksinə getməyə başladı. Buna qədər Vyetnam, Koreya, Əfqanıstan kimi “acı təcrübələri” qazanmış Amerika cəmiyyəti, yeni nəsil köhnə “siyasi–mənəvi zədələri” tez unutdu. Bu, Ağ evin Avropada, o cümlədən Yaxın Şərqdə yeritdiyi və fiaskoya uğrayan siyasi kursunda da özünü gəstərdi. Həmin kursdan ABŞ-nin müttəfiqləri daxil olmaqla, Qərbdə və həmin Yaxın Şərqdə bir çox dövlətlər heç də məmnun deyillər. ABŞ–Azərbaycan münasibətlərində son aylar yaranmış soyuqluğun əsas səbəbi də məhz Vaşinqtonun öz prioritetlərindən fərqli mövqe nümayiş etdirməsi oldu. Bakı Vaşinqtondan bunu gözləmirdi. Axı, Azərbaycan ABŞ-nin antiterror çağırışlarına bölgədə ilk cavab verən ölkədir. Bizim hərbçilərimiz Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət ediblər. NATO-nun Əfqanıstana yükdaşımalarında ötürücü məkan kimi Azərbaycan mühüm rol oynayıb. İndi Cənubi Qafqazın Birləşmiş Ştatlar üçün iki böyük dövlətə qarşı rəqabət zonasına çevrildiyini görmək çətin deyil. Bəli, Vaşinqtonun regionda əsas geosiyasi hədəfləri Rusiya və İrana qarşı mübarizə və Mərkəzi Asiyanın enerji daşıyıcılarına çıxış əldə etməkdir. Ağ evin regionla bağlı strategiyası bu platformadan qlobal mübarizədə yararlanmağı nəzərdə tutur. İntəhası, bu halda ondan ötrü region ölkələrinin milli maraqları arxa plana keçir. Başqa sözlə, Azərbaycanın müstəqil xarici siyasət yeritməsi ABŞ-nin regional prioritetləri ilə üst-üstə düşmür. Amma rəsmi Bakı və ABŞ Dövlət departamenti arasında münasibətlərə qismən aydınlıq gətirən son təmasları Vaşinqtonun Cənubi Qafqazın lider dövləti Azərbaycanın beynəlxalq arenada müstəqil xarici siyasət həyata keçirən ölkə kimi qəbul etməsinin etirafı idi. Çünki Azərbaycan Avrasiya coğrafiyasında enerji təhlükəsizliyinə özünün töhfələrini verən nüfuzlu və ciddi oyunçu olduğunu artıq sübuta yetirib.                  

Bakı Ermənistanla sülh müqaviləsinin bağlanması üçün ona təklif edilən hər iki platformadan imtina edəndən sonra böyük güclər arasında qarşıdurmada siyasi konfiqurasiya da təzələnmiş oldu. Həm də məlum oldu ki, nə Qərb, nə də Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Səbəblər müxtəlif olsa da, Qərb platformalarında aparılan danışıqları arxa plana atmaq üçün Moskva çeşidli variantlar irəli sürür. Rusiya birmənalı olaraq, Qərbin Qafqaz regionunda mövcudluğuna qarşıdır.

“ABŞ Cənubi Qafqaz və Orta Şərqdəki mövqelərini itirir. Türkiyə isə bu boşluğu doldurur. Türkiyə Azərbaycanla birlikdə güclənir”. Bu sözləri türkiyəli siyasi ekspert Hüsaməddin İnanç dünən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

Hüsaməddin İnançın fikrincə, Vaşinqton əvvəlki kimi, dünyadakı proseslərə təsir göstərə bilmir: “Türk dünyası birlikdə hərəkət etsə, daha çox nəticə qazana bilər. Bu gün proses Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə doğru gedir. Əlbəttə, bu məsələdə Ankara–Bakı həmrəyliyi mühüm rol oynayır. Amma Vaşinqton və Paris məsələyə əngəl yaradır. Onlar regionda sülh istəmirlər. Qərbin regiona gəlməsinin qarşısını almaq lazımdır. Çünki ABŞ və Fransa region üçün təhdiddir”.

Azərbaycan 28 il davam edən Ermənistanla münaqişədə bu iki supergücdən özünə qarşı gördüyü ədalətsiyi unutmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən bu dövlətlər əks siyasi qütblərdə dayansalar da ermənilərə münasibətdə eyni mövqedən çıxış edirdilər. Rusiyalı və amerikalı həmsədrlərin danışıqlarda məhz Ermənistanın maraqlarını təmin etmək üçün hər cür hiyləyə əl atdıqlarına şahidlik etmişik. Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyən Bakı nə gördü? ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırmasını, USAİD-in Dağlıq Qarabağda müxtəlif layihələr həyata keçirməklə humanitar məqsədlərdən daha çox Xankəndidəki separatçı rejimin iqtisadi cəhətdən güclənməsinə imkan yaratmasını. Həmin xunta rejiminin quldur rəhbərləri sərbəst şəkildə ABŞ-a səfərlər edir, orada “Qarabağ ermənilərinə yardım” marafonlarl təşkil edirdilər.

Sülhün açarı bölgədədir

Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 8-də Gürcüstana işgüzar səfərindən sonra yerli mətbuat Rusiya XİN-in rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə – beynəlxalq sülhün, sabitliyin açarıdır” sərlövhəli məqaləsini dərc edib. Həmin məqalədə bildirilib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edirlər. Lavrov buraya onu da əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. İndi Rusiya Cənubi Qafqazda qalmaqdan ötrü bütün variantları sınaqdan çıxarır.                                                                     

 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə ənənəvi brifinq zamanı Sergey Lavrovun məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən dedi ki, Ağ evin İrəvan–Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir.

Nə qədər qəribə səslənsə də, qarşı duran tərəflərin sülh amili ilə siyasi alver etməyə çalışmaları göz qabağındadır. Bakı onların təklif etdikləri sülhün açarının kənarda deyil, bölgənin daxilində olduğunu və onu vasitəçisiz, birbaşa dialoq yolu ilə tapılacağına əmin olduğunu açıqlayıb.  

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı açıqlamasında Bakı ilə İrəvanı barışdırmağa çalışan Vaşinqton və Moskvanın Cənubi Qafqazda hazırda məhz Azərbaycanın yaratdığı sabitliyi pozmağa yönəlik addımlardan çəkinməyə çağırıb:  “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün real addımlar atır. Bizim digər tərəflərdən istəyimiz odur ki, bölgədəki sabitliyi poza biləcək addımlardan uzaq olsunlar. Regionda dinc həyatın bərqərar olmasına öz töhfələrini versinlər. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti ilə bağlı Azərbaycan öz mövqeyini dəfələrlə bildirib. Biz düşünürük ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən sülhməramlıların Qarabağda olma müddəti 2025-ci ildə başa çatır və onlar həmin vaxt ərazilərimizi tərk etməlidirlər. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələdə tərəfdaşlarından daha diqqətli olmağı tələb edir”.                                                   

 C.Məmmədov Azərbaycanın Qarabağda tam və qəti qələbəsini təmin etdiyini, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını və üçüncü tərəflərin açıqlamalar verərkən bu reallıqları nəzər almalarının vacibliyini vurğuladı.  

Azərbaycanla hesablaşmalı olacaqlar

XX əsr boyu Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhəsi idisə hazırda ABŞ başda olmaqla Avropa öz maraqlarını NATO üzvü olan Türkiyə və suveren Azərbaycan üzərindən qurmağa çalışır. Bu zaman Vaşinqtonun nə qazanacağı və ya Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişəcəyi məhz Bakının istəyindən və iradəsindən asılı olacaq. Türkiyə və Azərbaycan iki qitəni birləşdirən enerji və nəqliyyat qovşağı kimi Vaşinqton üçün geosiyasi əhəmiyyətə malikdir. Bu birlik Rusiya ilə qlobal rəqabətdə ABŞ üçün olduqca vacibdir. Əlbəttə, bu kontekstdə Avrasiya siyasi coğrafiyasında formalaşan və getdikcə genişlənməkdə və güclənməkdə olan yeni güc mərkəzinin – Türk Dövlətləri Təkilatının Cənubi Qafqazda cərəyan edən hadisələrə təsir imkanlarını görməzdən gəlmək qeyi-mümkündür. İstər Vaşinqton, istərsə də Moskva bu amili nəzərə almalı olacaqlar.   

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin sözlərinə görə, ABŞ-ın strateji məqsədi Rusiyanı dünyanın siyasi xəritəsindən silməkdir: “Rusiya bütün vastələrdən yararlanmaqla özünü müdafiə etməkdədir. ABŞ Rusiyanı dünyanın siyasi xəritəsindən silmək üçün ona yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirib, nəticədə həmin dövlətləri “klounlaşdırıb”. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsi kəsildi. Rusiyaya cənuba – Türkiyə və İrana, o cümlədən Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Rusiyanın bu planı həyata keçirməsi üçün Cənubi Qafqazda stabillik vacibdir. Rusiya–ABŞ qarşıdurmasının birinci episentri Ukraynadırsa, bu qarşıdurmanın ikinci episentiri Cənubi Qafqazdır. ABŞ Cənubi Qafqaz projesini Ermənistan üzərindən həyata keçirmək istəyir. Bu baxımdan baş nazir Paşinyanı hər vəchlə qoruyur, ona həm siyasi, həm maddi, həm də hərbi dəstək verir”.

Hər şeydən göründüyü kimi, Azərbaycanın son üç ildə Cənubi Qafqazda güc və söz sahibi olaraq yaratdığı reallıq ABŞ-nin və Rusiyanın bölgə ilə bağlı planları, eləcə də maraqları ilə üst-üstə düşmür. Deməli, həm Vaşinqton, həm də Moskva saatlarını məhz Bakı vaxtı ilə uyğunlaşdırmağa məcburdur. Əks-təqdirdə zamanın onların əleyhinə işləyəcəyi şəksizdir.        

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI