USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Dünya kəsişməsi” və sülhün Azərbaycan diktəsinə ehtiyacı

İrəvanın 1975-ci il xəritəsinə istinadı və Qərbin Rusiyasız Cənubi Qafqaza “erməni ərməğanı”


https://img.baki-baku.az/news/2023/12/photo_9961.jpg

“Dünya kəsişməsi” və ya “Dünya qovşağı”. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti belə bir başlıqlı layihə irəli sürüb. Bu layihə Azərbaycanın Zəngəzur dəhlizi ideyasına alternativ kimi görünməkdədir. Görəsən, məqsəd nədir? Əlbəttə, ilk baxışdan olan məqsədi – alternativliyi diqqətə çatdırdıq. Yəni, nəyin bahasına olursa-olsun, Azərbaycana qarşı çıxmaq əzmi aktualdır. Başlıca məqam haqqında söz açdığımız alternativliyin nədən qaynaqlanması ilə bağlıdır. Deməli, söhbət yalnız Azərbaycana qarşı inaddan getmir. Bəlkə, Rusiyaya da qarşı inad məsələsidir? Bəli, bu da var. Suallar çoxdur. Mövzu isə göründüyündən də mürəkkəbdir. Mürəkkəblik özünü bir neçə formada göstərir. Yazımızda bu və digər məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Əvvəla, görək “Dünya kəsişməsi” nədir və o, nə üçün Zəngəzur dəhlizi ilə bir araya gəlmir. Qeyd edək ki, Ermənistan rəhbərliyinin irəli sürdüyü layihə ölkəni Fars körfəzindən Qara dənizə, Türkiyədən Xəzər dənizinə, oradan da Orta Asiyaya gedən yolların qovşağına çevirir. Bu mənada Naxçıvana gedən yolun da İrəvan üçün əhəmiyyəti böyükdür. Onsuz “Dünyanın kəsişməsi”, sadəcə, mümkün deyil. Görünür, elə buna görə də İrəvanın Qərbdəki tərəfdaşları Azərbaycana mövcud xüsusda təzyiq göstərməyə çalışırlar. İstəyirlər ki, layihə məhz Ermənistanın dediyi formada reallaşsın. Daha doğrusu, Azərbaycanın Naxçıvana gedən yolun İran ərazisindən keçməsinə dair təşəbbüsü reallaşmasın. Bu təşəbbüs nə üçün meydandadır? Çünki İrəvan üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hansı öhdəliyi, bu barədə də söz açacağıq.

Bəli, “Dünyanın kəsişməsi”nin reallaşması Ermənistanı fundamental tranzit məmləkət durumuna gətirir, müvafiq olaraq, onun iqtisadi imkanlarını genişləndirir və güclənməsini təmin edir. Üstəlik, ölkə mövcud qovşaqda söz sahibi olur. Təbiidir ki, məsələ strateji baxımdan nə Azərbaycana, nə də Türkiyəyə sərfəlidir. Elə Rusiyanın özü və İran üçün də eyni sözü demək mümkündür. İş ondadır ki, Ermənistan hakimiyyəti Qərbyönümlüdür. Həmin Qərb isə əsasən Rusiya və İrana zidd mövqedədir. Hələ bəzi məqamlarda Türkiyəyə də təzyiq göstərməyə çalışır.

“Dünya kəsişməsi”  adları çəkilən ölkələrin yanında heç bir inama və etimada sahib olmayan Ermənistanı söz sahibinə, başqa sözlə, quzunu qurda çevirir. Bu layihə Qərbin partonajlığını əsas tutur. O Qərbin ki, Çinlə də münasibətləri rəvan deyil. Axı, nəqliyyat daşımalarında başlıca pay Çinə məxsusdur. Məhz onun mallarının Qərb bazarlarına daha sərfəli şəkildə, yəni vaxt itkisinə yol vermədən çatdırılması başlıca amil kimi çıxış etməkdədir.

***

Gələk, Ermənistanın öhdəliyi məsələsinə. Məlumdur ki, Azərbaycanın siyasi leksikona gətirdiyi Zəngəzur dəhlizi ideyası İkinci Qarabağ müharibəsinin nəticələrini əks etdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gəlməkdədir. O bəyanatdan ki, orada Prezident İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaları var. Bu imzalar Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun olmasını təsdiqləməkdədir. Bu imzalar, eyni zamanda, həmin yol üçün Ermənistanın təminat verməli, Rusiyanın isə bilavasitə təhlükəsizliyi təmin etməli olduğunun göstəricisidir. İndiki halda Azərbaycan tələb edən, Rusiya öhdəliyi yerinə yetirməyə hazır tərəfdir, Ermənistan isə öhdəlikdən yayınan.

Ermənistan niyə, hansı səbəbə öhdəliyin icrasından yayınır və nəyi əsas tutaraq bunu edir? Əlbəttə, 1991-ci ilin Alma-Ata Bəyannaməsini. O sənədi ki, orada keçmiş Sovet İttifaqı respublikaları bir-birinin ərazi bütövlüyünü həmin vaxtadək mövcud olmuş sərhədlər çərçivəsində tanıyırdılar. Bu, nə deməkdir? Məsələnin üzərində bir qədər geniş dayanaq.

***

SSRİ 1923-cü ildə formalaşdı. Dövlət yarananda, onun tərkibinə daxil olmuş Azərbaycan Respublikasının sərhədləri indikindən geniş idi. Lakin o dövrdə də erməni məkri öz sözünü demiş və nəticədə digər ərazilərimizin Naxçıvanla yolu, həmin yoldakı torpaqların Ermənistan SSR-ə verilməsi hesabına bağlanmışdı. Beləcə, Azərbaycanın türk dünyası ilə əlaqəsi kəsilmişdi...

Diqqət yetirək, hazırda 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində dayanan və həmin sənədə görə dövlətlərin bir-birinin ərazi bütövlüklərini tanımalarının vacibliyini vurğulayan Ermənistan hakimiyyəti ərazinin necə müəyyənləşməsi faktorunu qabardır. Bu zaman 1975-1978-ci illərin xəritələrini əsas götürür. Söhbət SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının xəritələrindən gedir. İrəvan rəsmiləri bildirirlər ki, bəs, bu, ən son xəritələrdir. Sual doğur: Sözügedən xəritələr son xəritələr olduqları üçün qəbul edilməlidirlər? Belə baxış nə dərəcədə düzgündür? Əslində, bu yanaşma Alma-Ata Bəyannaməsi ilə də uzlaşmır. Axı, həmin sənəddə ərazi konkretliyi anlayışı yoxdur. O zaman yenə sual yaranır: Əvvəlki illərin xəritələrində nə var? Olmazmı ki, həmin xəritələrə istinad olunsun?

Məsələ burasındadır ki, vaxtilə Ermənistana Azərbaycanın Naxçıvana quru yolunun bağlanmasını doğuran hissənin verilməsi qeyri-qanuni xarakter daşıyıb. Ona görə də məsələ yalnız heç bir ciddi əhəmiyyəti olmayan kağız parçası üzərində əksini tapıb. Qeyri-ciddilik özünü həm də onda göstərib ki, SSRİ rəhbərliyi düz 1974-cü ilədək əvvəlki xəritələrə də əl gəzdirməyi düşünməyib. Çox güman, ölkənin rəhbərliyi SSRİ-ni 15 müttəfiq respublikanın, o cümlədən Azərbaycanla, Ermənistanın da daxil olduğu vahid məmləkət hesab edib. O nəhənglikdə dövlətin müqabilində kiçik ərazinin böyük anlamı diqqətə alınmayıb. Digər tərəfdən, türk dünyasını bir-birindən ayırmaq məqsədi o qədər güclü olub ki, sadəcə “torpağı Ermənistana verdik, getdi” kimi primitiv məntiq işə salınıb. Nəhayət, 1975-ci ldən sonrakı xəritələrdə dəyişiklik əksini tapmağa başlayıb. Daha doğrusu, qanunsuzluq.

***

Belədə, 1975-ci il xəritəsinin əsas götürülməsi ilə bağlı yolverilməzliyin üzərinə gələk. Bir halda ki, Alma-Ata Bəyannaməsi SSRİ-nin süqutundan sonra müttəfiq respublikaların ərazi bütövlüyünün tanınması prinsipini əsas götürürdü. Deməli, Sovetlər Birliyinin yarandığı dövrdə həmin respublikaların ona hansı ərazilərlə qoşulmalarına diqqət yetirmək də şərtdir. Azərbaycan Sovet İttifaqından nə üçün torpaq itkisi ilə ayrılmalıdır? Yaxud Ermənistan nəyə görə ərazi qazancı ilə çıxmalıdır? Ona görə ki, erməni millətçiləri SSRİ rəhbərliyində kimisə öz tərəflərinə çəkərək, hansısa saxta sənədə imza atdırıblar? Həmin vaxt Azərbaycan SSR rəhbərliyindən bu barədə nə isə soruşulmuşdumu, razılıq alınmışdımı? Xeyr!

Haşiyə çıxaq ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin ilk dövründə Azərbaycanın Naxçıvana gedən quru yolun əlimizdən alınmasını hədəfləyən mənfur plan, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin timsalında da özünü göstərmişdi. Erməni millətçiləri 1969-cu ildən 1987-ci illədək olan müddətin ayrı-ayrı mərhələlərində, hətta ondan əvvəl də Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməyə səy göstərmişdilər. 1969-cu ildən sonra Heydər Əliyev düşünülmüş addımlarla Qarabağı Azərbaycan kimi vurğulamağa yönəlmiş tədbirlər reallaşdırmışdı. Erməni məkrinə yaxşı bələd olan Ümummilli liderin məqsədyönlü fəaliyyəti nəticəsində separatçı baxışlar boğulmuşdu. Elə ki, Heydər Əliyev 1987-ci ildə SSRİ-dəki vəzifə olimpindən uzaqlaşdırıldı, Ermənistanın və havadarlarının Qarabağ avantürası yenidən qızışmağa başladı. Sonrakı proseslər, o cümlədən, torpaqlarımızın 20 faizinin işğalı, otuz ilədək davam etmiş işğal dövrü isə hamımızın yaxşı yadındadır.

***

Qayıdaq bilavasitə mövzumuza. Bəli, əzəli Azərbaycan torpaqları Azərbaycandan alınıb Ermənistana veriləndə və həmin ərazidə Meğri rayonu formalaşdırılanda bizim fikrimiz nəzərə alınmamışdı. 44 günlük müharibədəki qalibiyyətimiz isə imkan yaratdı ki, fikrimizi diktə edək. Diktə etdik və Ermənistan onun üçün kapitulyasiya aktına çevrilmiş sənədə imza atmaq məcburiyyətində qaldı. Ancaq...

Ermənistanın baş naziri Nikol Paşinyan tez-tez beynəlxalq tribunalarda bildirir ki, rəsmi İrəvan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanıyır, Azərbaycan da Ermənistanın 29,8 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanıdığını bəyan etməlidir. Ortaya belə bir məsələ çıxır: Ermənistan BMT-yə, Avropa Şurasına, ATƏT-ə və digər strukturlara üzv qəbul edilib. Bu strukturlardan hansısa biri ölkənin suverenliyini 29,8 min kvadratkilometr ərazidə tanıyıbmı? Yaxud hansısa ölkə bunu edibmi? Hamısı, ümumi qaydada Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Yəni, burada konkret rəqəmlər əsas götürülməyib. Elə ərazilər də. Deməli, Ermənistan ərazisinin haradan başlayıb harada bitdiyi də mübahisələndirilə bilər.

Yeri gəlmişkən, bir müddət öncə bu məqama ölkənin baş naziri N.Paşinyan da toxunmuşdu. Onun sözlərindən belə çıxmışdı ki, hazırda bütün çalışması ölkəyə şəhadətnamə almaq üzərindədir. Hətta, məsələni gələcək nəsillərə miras kimi qiymətləndirmişdi. Deməli, Ermənistanın ərazi bütövlüyündən danışılanda, tərəddüdlü düşüncələr Paşinyanın özünə də hakim kəsilib. Axı, tarix və faktlar var. Özü də o tarix heç də uzaqda deyil.

Bəli, Ermənistan hakimiyyəti “Dünya kəsişməsi” ideyasını sadaladığımız məqamları düşünərək irəli sürməkdədir. Ona görə də N.Paşinyan, eləcə də onun komandasındakılar bütün beynəlxalq toplantılarda, qəbullarda əllərində xəritə məsələ barədə söz açırlar. Mövcud xüsusda anti-Azərbaycan ritorikasını təbliğ etmək, ölkəmizin, guya, işğalçı olduğunu vurğulamaq lazımdır ki, dünya birliyi əsl həqiqətlərdən yayınsın.

***

Yekunda belə nəticəyə gəlirik ki, “Dünya kəsişməsi” təşəbbüsü ilə Azərbaycanla sülh üçün Alma-Ata Bəyannaməsinin irəli sürülməsi, o cümlədən, kommunikasiyaların suveren yurisdiksiyalar əsasında açılması məsələləri arasında bağlılıq var. Belə bir “bağlılığın” yaradılması isə rəsmi İrəvanın və onun xaricdəki havadarlarının planıdır. Bu plan qurama dövlət olan Ermənistanın gələcək mövcudluq faktoru olaraq çıxış edir, mövcudluğa leqallıq libası geydirməyi hədəf seçir. Bu plan, eyni zamanda, Rusiyadan asılı olmayan qlobal və güclü erməni faktoru formalaşdırmağa hesablanıb. Elə bir faktor ki, Cənubi Qafqazın, belə demək mümkünsə, Rusiyasızlığı şəraitində həm Azərbaycanı və Türkiyəni, həm də İranı asılı hala salsın. “Dünya kəsişməsi” mövcud istiqamətdəki mexanizmdir. İndiki halda şirnikləndirici tələ.

Bəli, Qərbin bəzi dairələri var gücləri ilə çalışırlar ki, indiyədək Kremlin patronajlığında olan erməni amili pərakəndəlikdən real və sistemli məcraya qədəm qoysun. Əslində, Cənubi Qafqaza əsl “erməni pazı” məhz indi yeridilməyə çalışılır. Əlbəttə, bu, yalnız çalışmadır. Daha doğrusu, cəhddir. Cəhdi edənlər yaxşı anlayırlar ki, istəklərini reallaşdırmaq naminə seçdikləri zaman heç də uğurlu deyil. İlk növbədə ona görə uğurlu deyil ki, Azərbaycan onların niyyətlərini yaxşı oxuyur və ölkəmizin rəhbərliyi tarixdən dərs götürdüyü üçün hazırkı imkanlarını ermənipərəst niyyətlərin qarşısını kəsməyə cəmləşdirib.

Azərbaycanın növbəti erməni avantürizmini beşiyindəcə boğmaq imkanları son dərəcə genişdir. Genişlik Cənubi Qafqaza sülhün Bakının diktəsi və şərtləri ilə gəlməsini prinsipial əhəmiyyətli strateji vəzifə kimi müəyyənləşdirməkdədir. Başqa sülh bizə lazım deyil. Çünki başqa sülh, əslində, sülh də deyil.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV