USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mirzoyanın ATƏT forumundakı çıxışı – avantürizm üçün növbəti manipulyasiya

Ermənistanın XİN rəhbəri ölkəsinin Azərbaycanla sülhə gəlməkdən uzaq olduğunu göstərir


https://img.baki-baku.az/news/2023/12/photo_9955.jpg

Ermənistan rəsmiləri bir tərəfdən Azərbaycanla sülhə hazır olduqlarını, ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər yandan isə anti-Azərbaycan təbliğatı aparır, müxtəlif “məsələlər” və “təşəbbüslər” irəli sürürlər. Sözlərindən belə çıxır ki, ərazilərimiz üzərindəki suveren hüquqlarımızı qəbul etmək niyyətindən uzaqdırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in Nazirlər forumundakı çıxışı da bunu deməyə əsas verir.

A.Mirzoyanın həmin forumdakı çıxışının ilk cümləsi belə olub: “Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təklifini rədd etməyi dayandırsın”. Görəsən, ölkəmiz nə zamansa bildiribmi ki, sülh danışıqlarını dayandırıb? Mirzoyanın haqqında söz açdığı vasitəçilər isə özlərinin aşkar ermənipərəstliklərini göstəriblər. Onların, belə demək mümkünsə, düz yola qayıtmaları şərtdir. Digər yandan, Bakı İrəvana birbaşa danışıqlar aparmağı təklif edib. Ancaq digər erməni rəsmiləri kimi, Mirzoyanın da sözlərindən gəlinən qənaət budur ki, Ermənistan yanında vasitəçilər görmək istəyir. Yaxud, vasitəçilərsiz danışıq aparmayacaq. Nə üçün? Halbuki, niyyəti sülh olan belə davranmamalı, səmimiyyət nümayiş etdirməlidir. A.Mirzoyanın fikirlərində isə səmimiyyətdən əsər-əlamət yoxdur.

Bəli, mötəbər toplantıdakı çıxışının ilk cümləsindəcə Azərbaycanı qaralayan A.Mirzoyan ardınca ATƏT-i gözdən salmağa girişib. Əlbəttə, bu məqamda onu, müəyyən mənada, haqlı saymaq mümkündür. O anlamda ki, həmin ATƏT-in Minsk qrupu otuz ilə yaxın müddətdə Bakı ilə İrəvan arasında vasitəçilik etdi. Bu “missiya” Azərbaycan torpaqlarının işğalda qalmasını leqallaşdırmaqdan başqa bir şey olmadı. İndi ermənipərəstliyin əvvəlki məcradakı davamı mümkünsüzdür. Ona görə Mirzoyanın “ATƏT sürətlə geriləyir” fikrində də, onun təşkilatın münaqişələrin qarşısını ala bilmədiyini söyləməsində də reallıq var.

***

Ermənistanın XİN rəhbəri bu məsələdə də haqlıdır ki, Qarabağ münaqişəsinin təzahürlərində nifrət və ksenefobiya olub. Ancaq o, bir balaca insaflı davranıb ermənilərin vaxtilə bölgədə etnik millətçiliyi, separatçılığı və ekstremizmi qızışdırdıqlarını vurğulaya bilərdi. Amma vurğulamadı. Onu da deyə bilərdi ki, ksenefobiya və nifrət Azərbaycana qarşı ərazi iddiasına əsaslanmışdı. Lakin demir və bildirir ki, bu il münaqişə son mərhələsinə çatıb. O, öz aləmində prosesin məcrasına da aydınlıq gətirib. Yenə anti-Azərbaycan ritorikasını işə salaraq bildirib ki, doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra, Azərbaycan sentyabrın 19-da Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib, bu isə yerli əhalinin Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsi reallığını doğurub: “Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə – erməni əhalisi olmadan Qarabağ ərazisini əldə etməyə nail olub”.

Deyəsən, Mirzoyanın hədəfi yalnız ATƏT deyil. O, Qarabağdakı erməni avantürizminin qürubuna görə bütövlükdə beynəlxalq ictimaiyyəti günahlandırır və sözünün əvvəlində sülhdən söz açan erməni nazir əlavə edir ki, hazırda Azərbaycanın hədəfi suveren Ermənistandır. Guya sülh danışıqları aparmaq istəməyən ölkəmiz Ermənistanın ərazilərinin işğalına hazırlaşır. XİN rəbərinin başından yekə ən böyük qələti isə onun “Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil” şəklində fikir bildirməsidir. Sən demə, Azərbaycanın sülhə sadiqliyi, İrəvan tərəfindən bütün platformalarda yerli-yersiz irəli sürülən üç prinsip üzrə sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlanılmasıdır. Söhbət 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən qarşılıqlı şəkildə ərazi bütövlüklərinin tanınmasından, sabiq SSRİ-nin Baş Qərargahının 1974-1978-ci illərdəki xəritələrinə uyğun şəkildə dövlət sərhədlərinin delimitasiya və demarkasiyasından, eyni zamanda, ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri ilə bütün nəqliyyat kommunikasiyalarının açılmasından gedir.

***

Əlbəttə, erməni XİN rəhbərinin söylədikləri mübahisəlidir. Birincisi, nəyə görə 1974-1978-ci illərin xəritələri əsas götürülməlidir? Yalnız ona görə ki, onlar, Mirzoyanın iddia etdiyi kimi, ən son xəritələrdir? Bəs, əvvəlki dövrün xəritələri necə olsun? Nəyə görə onlara da nəzər salınmasın? Əslində, sualların cavabı aydındır. Məsələ burasındadır ki, əzəli Azərbaycan torpaqlarında formalaşmış Ermənistan Respublikası sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycandan ərazi qəsb etmişdi. Sovet rəhbərliyi respublikamızın digər əraziləri ilə Naxçıvanı birləşdirən zolağı Ermənistan SSR-ə peşkəş etmişdi. Bu, 1974-cü ilə qədərki xəritələrdə əksini tapmadığından, rəsmi İrəvan həmin ildən sonrakı xəritələr üzərində dayanır.

Başqa bir məqama diqqət yetirək. Əgər 1991-ci ilin Alma-Ata Bəyannaməsi SSRİ tərkibindəki respublikaların ərazilərinin qarşılıqlı şəkildə tanınması prinsipini rəhbər tutmuşdusa, yəni burada bir ölkənin dağılmasından sonrakı düzən əsas götürülmüşdüsə, o zaman həmin ölkənin formalaşdığı zamana da diqqət yetirilməsi vacib deyilmi? SSRİ 1923-cü ildə yaranmışdı. Prinsipcə, respublikalar SSRİ-yə hansı ərazilərlə daxil olmuşdularsa, həmin ərazilərlə də oradan çıxmalıdırlar. Bu, daha ədalətlidir, nəinki 1974-cü ilin xəritələrinə əsaslanmaq. Həm də nəyə görə SSRİ-nin yaranmasını təsdiqləyən xəritə deyil, ölkənin Baş Qərargahı adlı qurumun xəritəsi əsas götürülməlidir? Yəni, Mirzoyanın, eləcə də rəsmi İrəvanın digər təmsilçilərinin “ən son xəritə” deyib 1974-cü ilin xəritəsinin üzərində dayanmalarında məntiq yoxdur.

***

Azərbaycan üçün əsas məsələ digər ərazilərimizin Naxçıvanla quru əlaqəsinin təmin olunmasıdır. Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata məhz həmin müddəanın daxil edilməsinə nail olub. Sənədə 44 günlük müharibədə məğlubiyyətə uğramış ölkənin rəhbəri – baş nazir Nikol Paşinyan imza atıb. Həmin imza öhdəlik müəyyənləşdirir. Öhdəliyə əsasən İrəvan yola təminat verməlidir. Yolda təhlükəsizliyə cavabdeh isə Rusiya Federal Təhlükəsizlik Xidməti olmalıdır. Yəni, üçtərəfli bəyanatda Ermənistanın suveren hüquqları ilə bağlı heç bir şey yoxdur. Belə bir durum isə tam ədalətlidir. Həm də ona görə ki, Nxçıvana yol qismən də olsa, müttəfiq respublika kimi Azərbaycanın SSRİ-yə daxil olduğu dövrdəki ərazisini əks etdirir. Ermənistanın yayındığı elə budur və buna qarşılıq İrəvan “Dünya kəsişməsi” təşəbbüsünü ortaya atır. Mirzoyan da ATƏT-in forumundakı çıxışında bu “təşəbbüsdən” danışdı.

***

Bəli, “Dünya kəsişməsi” layihəsi Zəngəzur dəhlizi ideyasına alternativ qismində irəli sürülür. Deməli, ölkəmizlə sülhdən danışan erməni XİN rəhbəri bu məsələdə də Azərbaycana qarşı çıxır. Çıxır və bildirir ki, “Dünya kəsişməsi” layihəsi regionda iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə şərait yaratmaqla yanaşı, münaqişələrin həlli və region ölkələri arasında dialoqun təşviqinə yönəlib.

Əlbəttə, bütün mümkün platformalarda anti-Azərbaycan mövqe tutan Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin gəlişigözəl fikirləri tam mənasızdır. Çünki ölkə rəsmiləri üçün sözdən, imzadan, öhdəliklərin yerinə yetirilməsindən yayınmaq çox adi işdir. Məsələn, Mirzoyan sülh yolundakı addımlardan danışır, ancaq Azərbaycanın işğalda olan səkkiz kəndinin qaytarılmalı olduğunu dilinə gətirmir. O, eyni zamanda, münasibətlərin normallaşması prosesindəki humanitar məqam kimi, Azərbaycanda saxlanılan bütün erməni əsir və girovlarının qaytarılmasından, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasından, bu, azmış kimi Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunması sahəsində əməkdaşlıqdan söz açır. Göründüyü kimi, aşkar manipulyasiyaya yol verir.

***

A.Mirzoyanın manipulyasiyasındakı digər hədəf Türkiyədir. Erməni XİN rəhbəri ATƏT-in forumundakı çıxışında “Dünya kəsişməsi” avantürasından söz açarkən, birdən-birə söhbəti qardaş ölkənin üzərinə gətirib. O, Ermənistan-Türkiyə sərhədlərinin açılmasından bəhs edib və sözlərindən belə çıxıb ki, bu məsələni də “Dünya kəsişməsi” ilə regionun yeni şəkillənməsinin tərkib hissəsi kimi görməkdədir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbədən sonra, Türkiyə-Ermənistan quru sərhədinin açılması məsələsində dinamizm müşahidə olunmaqdadır. Mirzoyanın dediyi kimi, ilkin mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları, habelə Ermənistanın və Türkiyənin diplomatik pasport sahibləri üçün açılması barədə razılıq da var. Ancaq erməni XİN rəhbəri həmin razılığın Ermənistana jest olduğunu unudur. Türkiyə bu jesti ona görə edib ki, İrəvan Bakı ilə düzgün keçinsin, özünün öhdəliklərinə əməl etsin. İrəvan öhdəliklərini “unudur”, eyni zamanda, Türkiyənin jestini “Dünya kəsişməsi” təşəbbüsünün əhəmiyyətliliyi fonunda beynəlxalq tribunalara çıxarmaq yolunu tutur. Təxminən belə bir mənzərə yaranır: qız evində toydur, oğlan evinin xəbəri yox.

***

Sonda bildirək ki, istər A.Mirzoyanın, istərsə də Ermənistanın mövcud iqtidarına məxsus digər şəxslərin Cənubi Qafqazda sülhün yaranmasının vacibliyinə fokuslanmış manipulyasiyaları bölgədə gerçək sülh mühitinin formalaşmasına ciddi ziyan vurur. Nəzərə alaq ki, manipulyasiyalar daim yeni nələrinsə tapılıb çıxarılmasına əsaslanır. Belə “dəst-xətt” Azərbaycan tərəfinə çox yaxşı məlumdur. Buna görə də ən düzgün addım Ermənistanın sülh üçün nə qədər iradəli və qətiyyətli olduğunu sınağa çəkməkdir. Heç şübhəsiz, sınaq rəsmi İrəvanda yarpaq tökümü formalaşdırmalıdır. Yəni, bütün avantürist niyyətlər kənara qoyulmalı, imitasiyalardan uzaq durulmalıdır. A.Mirzoyanın ATƏT-in toplantısındakı çıxışı göstərdi ki, Ermənistan mövcud istiqamətdə hələ yol getməlidir. Yol getməlidir ki, onda sülhə səmimi sadiqlik yaransın. Ya da...

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV