USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Makrondan narazılıq getdikcə artır

Fransızların 67 faizi onun problemlərin öhdəsindən gələ bilmədiyi düşüncəsindədir


https://img.baki-baku.az/news/2023/12/photo_9954.jpg

Fransa daxilində prezident Emmanuel Makronun fəaliyyətindən narazılıq getdikcə artır. “Verian-Epoka” sorğu şirkətinin ölkənin əsas qəzetlərindən olan “Le Figaro”nun sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələri bunun nümunəsi hesab oluna bilər.

Sorğu nəticəsində məlum olub ki, E.Makronun hərəkətləri fransızların 67 faizi, o cümlədən prezident fraksiyasının əsas potensial müttəfiqləri olan respublikaçılar tərəfindən bəyənilmir. Qəzet yazır ki, Makronun ikinci dəfə prezident seçilməsindən 18 ay keçməsinə baxmayaraq, o, hələ də fransızların etimadını qazana bilməyib. Əhalinin 67 faizi Makronun onları narahat edən problemləri həll edə biləcəyinə inanmır. Qeyd olunur ki, Makron prezident çoxluğunu genişləndirmək baxımından heç kimə arxalana bilməz. Onun düşərgəsinin güvəndiyi əsas siyasi qüvvə – Respublikaçılar prezidentin hərəkətlərini qətiyyən dəstəkləmirlər. Belə ki, respublikaçıların 66 faizi Makrona güvənmədiyini bildirib.

Əminliklə demək olar ki, rəy sorğusunun nəticəsi obyektiv reallığı əks etdirir. Makron prezidentliyi dövründə bir sıra uğursuz qərarlar qəbul edib və yanlış addımlar atıb. Onun qərarları Fransanın beynəlxalq aləmdə nüfuzunun və rolunun azalmasına səbəb olub. Hazırda Fransa dünya miqyasında qəbul edilməyən tərəfdaşa çevrilib. Halbuki, Fransa bir vaxtlar dünyada gedən proseslərdə mühüm rol oynayırdı. Ölkə İkinci dünya müharibəsindən qalib ayrılmışdı. Bu səbəbdən onun beynəlxalq aləmdə mövqeləri də xeyli güclənmişdi. Fransa müharibənin başa çatmasından az sonra yaradılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri seçilmişdi. Böyük müstəmləkə ərazilərinə malik olan Fransa həm də bu səbəbdən özünün iqtisadi qüdrətini də xeyli artırmışdı. Xüsusilə Fransa müqavimət hərəkatının lideri general Şarl de Qollun ölkəyə rəhbərlik etdiyi illərdə Fransanın dünya birliyində xüsusi çəkisi artmışdı. Lakin sonradan həmin yüksəliş tədricən çöküşlə əvəzləndi.

Fransada sonuncu görkəmli dövlət başçıları Fransua Mitteran və Jak Şirak oldu. 2000-ci illərdən başlayaraq ölkəyə rəhbərlik edən şəxslərin prezidentlik müddətinin yarısında keçirilən rəy sorğularında nüfuzlarını itirdikləri məlum olur. Bunun nəticəsidir ki, 2000-ci illərdən etibarən ölkəyə rəhbərlik edənlərdən heç birinə ikinci müddətə prezident kürsüsünə əyləşmək nəsib olmayıb. Belə ki, Nikola Sarkozi 2012-ci ildə keçirilən seçkilərdə məğlub olub. Fransua Olland isə məğlubiyyətin labüd olduğunu gördüyü üçün 2017-ci il seçkilərində iştirak etməyib. E.Makron 2022-ci ildə ikinci müddətə seçilsə də, onun prezidentiliyi Fransanın mövqelərinin itirilməsinə yol açıb.

Hələ aprel ayında açıqlanan digər bir sorğuda “Beşinci Respublika”da vətəndaşların əksəriyyətinin Makrona pis münasibət bəslədiyi məlum olmuşdu. Sorğunun nəticələrinə görə, fransızların 65 faizi dövlət başçısının imicini mənfi hesab etdiyini bildirmişdi. Qeyd olunmuşdu ki, respondentlərin yalnız 30 faizi Makrona müsbət münasibət bəsləyir. Həmçinin məlum olmuşdu ki, fransızların 16 faizi dövlət başçısı haqqında düşünərkən ilk emosiya kimi nifrət hissi keçirir. Digər 16 faiz hirs, 13 faiz ikrah və 9 faiz laqeydlik hiss edir.

Eyni zamanda, fransızların 55 faizi hesab edir ki, Fransada azadlıqların səviyyəsi xeyli aşağı düşüb və Makron ilk prezidentlik dövrü ilə müqayisədə daha avtoritar liderə çevrilib. Sorğunun nəticələrinə görə, respondentlərin 69 faizi dövlət başçısının ədalətli olmadığına və digər siyasi mövqeləri nəzərə almadığına əmin olduqlarını bildirmişdilər.

Ümumiyyətlə, Makronun prezident seçilməsinin qəribə tarixçəsi var. 2017-ci ildə fransızlar yaxşı və pis arasından deyil, pislə ən pis arasında seçim etmək məcburiyyətində qalmışdılar. Makron həmin il cəmi 23,86 faiz səs toplamaqla birinci yeri tutaraq ikinci tura çıxmışdı. Onun namizədliyini Respublikaçı və Sosialist partiyalarından olan namizədlər – Fransua Fiyon və Benua Hamon dəstəkləmişdilər. Seçkilərin ikinci turunda Makron ifrat sağçıların lideri Marin Le Penlə rəqabət aparmış və ikiqat fərqlə qalib gələrək Fransa tarixinin ən gənc prezidenti olmuşdu. Müşahidəçilərin fikrincə, birinci turda zəif nəticə göstərən Makronun ikinci turda belə inamlı qələbəsi seçicilərin Le Penin qalib gələcəyi halda Fransanı təhdid edən qeyri-sabitlik qorxusu ilə izah olunurdu.

Makronun ikinci müddətə qatıldığı prezident seçkilərinin ilk turu 2022-ci il aprelin 10-da keçirilmişdi. Bu zaman heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün aprelin 24-nə ikinci tur təyin edilmişdi. İkinci turda ən çox səs toplayan namizədlər yenə Makron və Le Pen olmuşdu. Makron bu dəfə səsvermədə iştirak edənlərin 58,54 faizinin səsini qazanaraq dövlət başçısı kürsüsünü qoruyub saxlaya bilmişdi.

“Elabe” sosialoji xidmətinin 2023-cü ilin aprelində keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 69 faizi Makronun 2022-ci ildə yenidən prezident seçilməsindən peşmandır. Bir il əvvəl bu rəqəm 14 faiz az idi. Əhalinin 68 faizi Fransa prezidentinin hərəkətlərindən məyus olduğunu bildirib. Bu rəqəm “sarı jiletlilər”in genişmiqyaslı etirazları dövrünün səviyyəsinə yaxındır. Vətəndaşların yalnız 12 faizi Makronun işindən razılıq ifadə edib.

Makronun prezidentliyi dövründə Fransa tarixində “Sarı jiletlilər” hərəkatı yaşanıb. Bu, ölkədə 2018-ci ilin sonunda meydana çıxan, aydın lideri olmayan kortəbii etiraz hərəkatıdır. Hərəkat aksiya iştirakçılarının üzvlərini müəyyən etmək üçün geyindikləri sarı jiletlərə görə belə adlandırılıb. Əvvəlcə bu nümayişlərə səbəb prezidentin karbon yanacağına, əsasən də dizelə vergini artırmaq niyyəti olub. İştirakçıların tələbləri daha sonra geniş spektrli digər sosial və iqtisadi tələbləri əhatə edib. Hərəkat tez bir zamanda geniş vüsət alıb və bütün ölkəyə yayılıb. Makron 2018-ci il dekabrın 10-da “sarı jiletlilər”in kütləvi etirazları fonunda ölkədə iqtisadi və sosial sahədə fövqəladə vəziyyətin olduğunu bəyan edib. Həmin gün o, hökumətin bir sıra güzəştlərə gedəcəyini açıqlayıb. Ancaq buna baxmayaraq, “sarı jiletlilər” etirazları davam etdirmək qərarına gəliblər. Hərəkat bu gün də ara-sıra Paris küçələrində aksiyalar keçirməkdədir.

Prezident Makronun dövründə Fransa xarici siyasətdə uğursuzluğa düçar olmaqdadır. Təsadüfi deyil ki, Paris Afrikada nüfuz dairəsini Rusiyaya, Çinə təhvil verərək geri çəkilir. Müsəlman ölkələrinin bir çoxunda, o cümlədən Şimali Afrika dövlətlərində Parisdən narazılıq açıq ifadə olunmaqdadır. Fransız diplomatlar da prezidentin fəaliyyətindən narazıdırlar. “Le Figaro” qəzeti yazır ki, diplomatlar Makronun Yaxın Şərq siyasətindən məyusdurlar. Elə bu səbəbdən Yaxın Şərq və Afrika bölgəsində çalışan bir qrup səfir Makronun Yaxın Şərq siyasətindən təəssüfləndiklərini bildirmək üçün birgə müraciət imzalayaraq onu Fransa Xarici İşlər Nazirliyinə göndərib. Müraciəti 10 səfir imzalayıb.

Fransanın dünyada, xüsusən də İslam dininə etiqad edən ölkələrdə sürətlə nüfuzdan düşməsinin bir səbəbi də Makronun yürütdüyü islamofob siyasətlə bağlıdır. Fransada neokolonializmlə yanaşı, islamofobiya və irqi ayrı-seçkilik geniş vüsət alıb. Fransa cəmiyyətindəki Yaxın Şərq və Afrika mənşəli insanların bir çoxu müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalırlar. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı neokolonialist, həmçinin islamofob siyasətinin nəticəsidir. Ümumiyyətlə, Makron prezident seçiləndən sonra Fransada xoşagəlməz halların sayı günü-gündən artmaqadadır. Halbuki, Avropa İttifaqının aparıcı dövlətlərindən biri, milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransanın 68 milyon nəfərə yaxın əhalisinin 7-9 faizi İslam dininə etiqad edənlərdir. Fransada 5,7 milyondan çox müsəlman yaşayır. Bu, bütün Avropa ölkələri arasında ən yüksək göstəricidir. İslam dini tərəfdarlarının sayına və əhəmiyyətinə görə Fransada ikinci, böyümə sürəti baxımından isə birincidir. Ancaq E.Makron bu gerçəkliyi nəzərə almır və yürütdüyü siyasətində korrektələr etmək istəmir.

İndi isə Makronun öz ölkəsinin əhalisi arasında da nüfuzunu sürətlə itirdiyi məlum olur. Fransa Prezidentinin bu cür narazılıq dalğası fonunda vəzifəsində sonadadək qalacağı suallar doğurur. Fransa tarixinə ən uğursuz, yarıtmaz idarəçilik illəri “bəxş edən” Makronun impiçmenti məsələsinin artıq daha çox insan tərəfindən gündəmə gətirilməsi bu mənada təsadüfi hesab olunmamalıdır.

Səxavət HƏMİD

Ekspert rəyi

Zaur MƏMMƏDOV, politoloq

Açıqlanan sorğunun nəticəsi fransızların dövlət başçısından razı olmadığını göstərir. Fransa Makron iqtidarının “sayəsində” Avropada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik edir. Faktlar da bunu təsdiqləyir. Ölkə mediası, siyasətçilər, müxtəlif araşdırma mərkəzləri bu təhlükənin artdığını narahatlıqla ifadə edirlər. Nəticə budur ki, Makron “Beşinci Respublika”nın tarixinə ən uğursuz idarəçi kimi düşüb.

Bundan əlavə, ölkədə miqrantlara qarşı zorakılıq, antisemitizm halları güclənib. Nifrət zəminində cinayətlərin sayı artıb. Ölkənin müsəlman əhalisinə, Afrika əsilli vətəndaşlara, digər etnik və dini qruplara münasibətdə ayrı-seçkilik halları kəskinləşib. İslam dini ilə bağlı qadağalar daha sərtdir. Hökumət baş verənlərdən nəticə çıxarmaq əvəzinə, qərəzli və birtərəfli mövqe ortaya qoyur. İrəvanı silahlandırmaq kimi riyakar siyasət yürüdən Makron iqtidarı regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Ancaq onun ölkə daxilində siyasəti uğursuz olduğu kimi, xarici siyasəti, o cümlədən Ermənistan–Azərbaycan münasibətlərində oynadığı destruktiv rol da uğursuzluğa məhkumdur.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD