USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​ATƏT heç vaxt Qarabağda sülhün təminatçısı olmayıb

​​​​​​​Bu təşkilat 28 il ərzində Azərbaycanın legitim çağırışlarına göz yummaq, işğalı “qanuniləşdirmək” xəttini yeridib


https://img.baki-baku.az/news/2023/12/photo_9953.jpg

İndi elə bir məqam yetişib ki, artıq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycana hansısa məsələdə məsləhət verməyə, nəyi və necə etməyi öyrətməyə haqqı yoxdur. Bakının isə ona deməyə sözü var. Bu söz haqqını isə son üç ildə Cənubi Qafqazda geosiyasi vəziyyəti və deməli, reallığı kökündən dəyişən Azərbaycan özü qazanıb.  

ATƏT-in 28 il bundan əvvəl Ermənistan–Azərbaycan münaqişəsini nizamlamaq, bölgədə sülhü təmin etmək rıçağı kimi yaratdığı Minsk qrupunun fəaliyyətindən yalnız keçmiş zamanda, həm də ironiya ilə danışmaq olar. Həmin Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın bu müddət ərzində açıq-aşkar Ermənistanı dəstəkləməsini də unutmamışıq və heç zaman unutmayacağıq.

“İyirmi səkkiz il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfıra bərabər olub. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib”.

Bu həqiqəti keçən il oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

* * *

Cənubi Qafqazda tamamilə yeni və fərqli dönəm başlayıb. Amma, təəssüf ki, bu yeni dövrün bölgədə sülh və tərəqqi ilə müşayiət olunmasına yenə Ermənistan və onun Avropada və okeanın o tayındakı tərəfdaşları mane olurlar. Sanki həmin Minsk qrupundakı uğursuz həmsədrlik institutu indi fərqli formatda xortlayaraq əvvəlki mövqe və maraqlardan çıxış edir. Bunun nə qədər səmərəsiz və son nəticədə İrəvana ziyan vuracaq cəhdlər olduğunu anlamaqda çətinlik çəkənlər var. Keçmişin ətalətindən qurtula bilməyənlərə, o dövrün “bəlkə də qaytardılar” ovqatlı  nisgilini yaşayanların menyusuna Bakı daha hansı reallığı daxil etməlidir ki, birdəfəlik qəbul etsinlər: indi nə otuz il əvvəlki Azərbaycan var, nə də keçmiş Ermənistan.         

“Bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi”. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının Skopye toplantısındakı çıxışında keçmişə nəzər salaraq, bununla qurumun çoxillik fəaliyyətinə rəsmi Bakının dəqiq və obyektiv qiymətini açıqlamış oldu. C.Bayramov, eyni zamanda, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sülh sazişinin yekunlaşdırılması üçün Ermənistanla birbaşa təmasların tezliklə bərpasına sadiq olduğunu avropalı həmkarlarının diqqətinə çatdırdı: “Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik. Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır”.

Ermənistanın sülhə gedən yolun qonşularla ikitərəfli dialoqdan, normal münasibətlərdən keçdiyini başa düşməsinin vacibliyini xatırladan nazir bütün hallarda prosesdə iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının böyük əhəmiyyət kəsb etdiyini avropalı həmkarlarının diqqətinə çatdırıb.

* * *

Şimali Makedoniyanın paytaxtından dünyaya “Ermənisiz Dağlıq Qarabağı (?) qazanan Azərbaycan indi də Ermənistanın suveren ərazisinə göz dikib” – xarakterli avantürist bəyanat üfürən Hayastanın baş diplomatı Ararat Mirzoyan Bakının Avropa İttifaqı və ABŞ platformalarında sülh danışıqlarını boykot etməsindən şikayətlənib. 

Qonşunun torpağına nəinki göz dikən, onun ərazisini iyirmi səkkiz il işğal altında saxlayan kim idi? Bəs üç əvvəl imzaladığı bəyanatla boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yan qaçan kimdir? Bəlkə Qarabağ erməniləri suveren ərazisində yaşadıqları Azərbaycan bayrağının altından deyil, bizim qaçğın və məcburi köçkünlərimiz doğma yurduna qayıtmaqdan ötrü Xankəndidəki separatçı-xunta rejiminin bayraq dedikləri əski parçasına boyun əyməli idilər? ATƏT-in Minsk qrupu Mirzoyanın Hayastanına bunumu vəd etmişdi? Bəs nə oldu?     

Dünyanın heç bir yerində hansısa dövlət, o cümlədən suveren Azərbaycan da öz torpağında qanunsuz xunta rejiminin mövcudluğuna dözməzdi və dözmədi. Məhz işğalçılığa və ədalətsizlik şəraitinə Ermənistan kimi ATƏT və digər beynəlxalq təşkilatların da aşkar etinasızlığı, danışıqlar prosesini məntiqi sonluğa çatdırmaqda maraqlı olmayan həmsərdlərin, indi isə vasitəçilərin adekvat addımlar atmaması sülhün yolunu bağlamışdı. Üzdə Azərbaycanın narahatlığını anlayıb qəbul etdiklərini deyən beynəlxalq aktorlar arxada ermənipərəst “ssenariləri” gerçəkləşdirməyə üstünlük verirdilər. Azərbaycan birgünlük antiterror tədbiri ilə ona qarşı siyasi şantajın bütün növlərini sınaqdan çıxaranların illüziyaya qapıldıqlarını sübut etdi.                                       

Xarici işlər naziri Ceyhun Bayramov Bakının tarixin arxivinə göndərdiyi beynəlxalq təşəbbüslərə ehtiyac qalmadığını birmənalı şəkildə bəyan edib:                        “ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadlar isə reallığı əks etdirmir. ATƏT Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvalə olunduğu yeganə təşkilat idi. Buna baxmayaraq, təşkilat illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında əlini ağdan qaraya vurmayıb. Əksinə, legitim çağırışlarımıza məhəl qoymamaq və işğala əsaslanan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi. ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlərin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın post-münaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı müraciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bugünədək davam edir”.                            

* * *

Skopyedə ATƏT-in yarıtmaz fəaliyətini təkcə Azərbaycanın nümayəndəsi tənqid atəşinə tutmadı. Öz çıxışında Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan etdi ki, ATƏT çərçivəsində yaradılan hər şey tam deqradasiyaya uğrayıb. S. Lavrov bunu ATƏT Nazirlər Şurasının Skopyedə keçirilən iclası çərçivəsində keçirilən mətbuat konfransında dedi. Bildirdi ki, Qərb ATƏT-i məhv edir: “Qərb bu uğursuz siyasətindən heç vaxt nəticə çıxarmayıb. Onlar indi də təşkilatı məhv etməkdədirlər”.

Doğrudur, Rusiya xarici siyasət idarəsinin başçısı bu sözləri ATƏT-in Moskva ilə münasibətləri kontekstində dilə gətirib, amma bu qurumun “uğursuz siyasətindən nəticə çıxarmaması” qənaəti elə Azərbaycan üçün də keçərlidir.

Azərbaycan Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaq, iki suveren dövlət olaraq sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyində tam səmimidir. Sadəcə Ermənistan hakimiyyəti Cənubi Qafqazda çeşidli maraqlarını güdən kənar “dəstəkçilərin” fitvasına getməməli, məhz Azərbaycanın onun üçün yaratdığı tarixi şansından istifadə etməlidir. İrəvan, nəhayət, ona yalnız dividend gətirəcək  sülhə gedən yolun Azərbaycan və Türkiyə ilə dialoqdan və normal münasibətlərin bərpasından keçdiyini anlamalıdır. Güvəndiyi və dəfələrlə aldadıldığı güclərin qarşıdurmaya və sülhün ləngidilməsinə yönəlik “vasitəçiliyinə” yox deməyi bacarmalıdır. Əks–təqdirdə onların geosiyasi oyunbazlığı bu dəfə də Ermənistanın öz başında çatlayacaq.

İmran BƏDİRXANLI

Ekspert rəyi

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq:

Söhbət təkcə Azərbaycan–Ermənistan münaqişəsində ATƏT-in Minsk qrupunun heç bir müsbət fəaliyyətinin olmamasından getmir. Bu qurum bütün digər məsələlərdə də özünü faydasız və dişsiz təşkilat kimi göstərib. Əgər diqqət yetirsək görərik ki, məsələn, Ukraynada hərbi münaqişə davam edir, ATƏT kənardadır, Moldova bugünədək rus qoşunlarını öz ərazisindən çıxara bilmir, ATƏT qıraqdan baxır. Eyni problemi Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgəsi ilə bağlı da müşahidə edirik. Həmin Kipr məsələsində ATƏT yenə seyrçi mövqeyindədir. Yəni, bu xarakterli bir çox məsələlərdə ATƏT faktiki olaraq bürokratik bir təşkilatdır. Bu təşkilatın baş ofisində üç minə yaxın insan yaxşı maaş alır, amma beş qəpiklik faydalı işi yoxdur.

Əlbəttə, məhz buna görə ATƏT-dən narazılıqların sayı artır. Artıq Avropanın bəzi böyük dövlətləri belə bit təşkilatın saxlanmasının kimə və nə verdiyi barədə suallar ünvanlayırlar. Bir vaxtlar təşkilatın egidası altında qitədə kütləvi silahların məhdudlaşdırılması ilə bağlı cinah sazişləri imzalandı. Fəqət həmin sazişlərə heç kəs əməl eləmir. Elə bu səbəbdən də ATƏT kəskin tənqid atəşinə tutulur. Bu təşkilatın bundan sonrakı aqibətinin necə olacağını söyləmək çətindir. Sadəcə onun mövcud strukturlarını çağdaş dövrün tələblərinə uyğun yenidən formalaşdırmaq, düzgün istiqamətini müəyyənləşdirmək gündəlikdə duran məsələdir.         




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI