- Daxili siyasət
- 09:37 20.09.2024
Xeyirxah və faydalı iş görən təşkilatların, fərdlərin fəaliyyəti təqdir olunmağa layiqdir. Həmin fəaliyyət daha geniş miqyasda, məsələn, beynəlxalq səviyyədə həyata keçiriləndə onun əhəmiyyəti birə-beş artır. Söhbət BMT kimi nüfuzlu qurumun bir institutunun Azərbaycanın Qarabağ iqtisadi rayonunda icra etməyə hazırlaşdığı “missiyadan” gedəndə isə bu fəaliyyətin sanbalı bir az da çoxalır.
Deməli, dünyada mədəni və qeyri-mədəni irsin mühafizəsi üzrə “ixtisaslaşmış”, müəyyən dairələrdə kifayət qədər yüksək statusa malik UNESCO Qarabağa özünün missiyasını göndərməyi planlaşdırırmış. Məqsədi bəşəriyyətin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq olan bu qurum Azərbaycana “dağıdılmaqda olan erməni mədəni irsinin” monitorinqini aparmaq üçün gəlmək istəyirmiş. Missiya budəfəki səfərinin məqsədini bu cür izah edib: “Azərbaycanın işğal etdiyi (?) Hadrut rayonunda erməni mədəni irsinin məhv edilməsi (?) davam etdirilir. Təqdim olunan video-kadrlarda Artsaxın (?) Hadrut rayonunun Uxtadzor (?) kəndində azadlıq müharibəsinə (?) həsr olunmuş abidə dağıdılıb və yerə atılıb”.
UNESCO-nun səfər planına əsasən, beynəlxalq monitorinqçilər Hadruta getmək üçün Ağdam yolu ilə Xankəndinə gəlməli idi. Azərbaycan tərəfi missiyaya əvvəlcə, yəni yolüstü erməni işğalçı-vandalların Ağdamda məhv etdikləri tarixi və mədəni abidələrimizə baxış keçirməyi təklif edib. Fəqət UNESCO naməlum səbəbdən erməni işğalçılarının Azərbaycanın tarixi abidələrinə vurduqları ziyanı qiymətləndirməkdən imtina edərək, monitorinqçilərə Xankəndi marşrutu ilə hərəkət imkanı yaradılmasını tələb edib. Aydın məsələdir ki, beynəlxalq missionerlərin bu cür inadkarlğının qarşılığında Bakı mədəni şəkildə “yox” deyib və onlara tələblərinin burada deyil, başqa yerdə keçərli ola biləcəyini xatırladıb.
***
Ezamiyyə xərclərindən ABŞ-dakı erməni lobbisinin ödədiyi pulların qoxusu gələn UNESCO-çular, gözlənildiyi kimi, əlləri ətəklərindən uzun, suyu süzülə-süzülə çıxıb gediblər. Qurumun Qarabağa “xeyirxah” məqsədli missiyası ilə bağlı açıqlamasında qoyduğumuz sualların hər birinin cavabı beynəlxalq monitorinqçilərin gözünə deyil, beyninə tuşlanmalıdır. Cavablar isə qısaca bu səpkidə olmalıdır: Birincisi, Hadrut işğal edilməyib, 27 ildən sonra erməni qəsbkarlardan azad olunub. İkincisi, tarixi abidə, mədəni irs dediyiniz həmin daş parçası “məhv edilməyib”, halal torpağımızdan təmizlənib. Çünki o daşın tarixi kimi, üzərində yazılanların saxta və uydurma “pasport” olduğunu sübuta yetirmək çox asandır. Üçüncüsü, müasir tarix və coğrafiya “Artsax” adında separatçı rejimi deyil, Azərbaycanın Qarabağ iqtisadi rayonunu tanıyır. Dördüncüsü, təpəsi uçurulmuş həmin mozaikalı “tarixi abidə” hansısa “azadlıq müharibəsinin” yox, Azərbaycanın öz torpağında kökünü kəsdiyi separatçı rejimin bədnam izləridir. Beşincisi, özünüzdən uydurmayın, o beton-armatur qalağında mədəni irsdən əsər-əlamət belə yoxdur.
Dediklərimizin davamı kimi onu da qeyd edək ki, Qarabağda, hələ də, haradasa gizlənib qalmış “erməni mədəni irsinin nümunələrinin” hamısı, ən azı, sanitar-gigiyenik nöqteyi-nəzərdən təmizlənəcək ki, doğma torpağımız həm də “montelərin”, “njdelərin” üfunət qoxusundan azad olsun.
ARAYIŞ: Qarabağ ərazisində erməni işğalçıları tərəfindən 67 məsciddən 65-i məhv edilib, 2-si isə dağıdılıb. Zəngəzur vilayətinin Qafan, Meqi, Xot, Şinuayr, Əlidərə yaşayış məntəqələrində 900-dən çox tarixi-mədəni abidəmizin yalnız xarabalığı qalıb. 1987-ci ildə başlanan etnik təmizləmədən sonra Ermənistan ərazisində azərbaycanlılara məxsus 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq, 391 məscid yerlə-yeksan edilib.
BMT-nin sahə qurumu sayılan UNESCO-nun missionerlərinin Hadrutdan əvvəl Ermənistanda göstərdiyimiz ünvanlara baş çəkmələri daha məntiqli olmazmı? Axı, mədəni irsin qorunub saxlanması missiyası təkcə Azərbaycan ərazisini əhatə etmir.
Kəlbəcər rayonunu boşaldarkən evlərindəki unitazı söküb maşına yükləyən haylar Hadrutda, digər yerlərdə basdırdıqları daş “abidələri” eyni üsulla apara bilərlər. Yəni, əgər UNESCO Qarabağda haylara məxsus “mədəni irsin”– daş-betonun aqibətindən bu qədər narahatdırsa, onları da demontaj edib, daşısınlar Hayastana. Biz buna qətiyyən etiraz etmərik. Onlara rəsmi müraciətsiz–filansız bu yolda yaşıl işıq yandırmağa hazırıq.
İ.HƏSƏNQALA