USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Samantanın ermənipərəst “dosyesi”


https://img.baki-baku.az/news/2023/11/photo_9809.jpg

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer öz ampluasındadır. Azərbaycan Ordusunun ölkənin bütün ərazisində dövlət suverenliyinin bərqərar olması məqsədilə sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra – sentyabrın 25-də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə birlikdə İrəvanda peyda olan, burada iki gün vaxt keçirən, Nikol Paşinyana Prezident Co Baydenin məktubunu çatdıran, sərhədyanı Gorunzur (Kornidzor) kəndinə gedərək, Qarabağdan könüllü getmiş ermənilərlə görüşən, onlara “canıyananlıq” edən Pauer “X” platformasındakı hesabında haylara bəslədiyi tükənməz sevgisini bir daha ortaya qoyub.

Lokal xarakterli antiterror tədbirlərini “Azərbaycanın hərbi əməliyyatı”, Qarabağ iqtisadi rayonunu isə “Dağlıq Qarabağ” adlandıran Pauer qeyd edib ki, bunun nəticəsində 100 mindən çox insan öz evlərini tərk edərək qonşu Ermənistana köçmək məcburiyyətində (?) qalıb: “ABŞ Dağlıq Qarabağdan olan etnik ermənilərə dəstəyini davam etdirir. Birləşmiş Ştatlar bu gün həmin köçkünlərə kömək üçün əlavə 4 milyon dollar ayırdığını elan etdi. Biz məcburi köçkünləri qəbul etdiyinə görə (?) Ermənistan hökumətinə minnətdarıq və ehtiyac duyduqları yardımın göstərilməsində onlara dəstəyimizi davam etdirəcəyik. 2020-ci ildən bəri ABŞ-ın Dağlıq Qarabağın ehtiyacları üçün humanitar yardımının ümumi məbləği 28 milyon dollar təşkil edir. Bu yaxınlarda Ermənistana səfərim zamanı mən Dağlıq Qarabağdan köçkün düşmüş bir çox insandan öz evlərini tərk etməyin nə qədər çətin və ağrılı olduğunu birbaşa eşitdim. Biz onlara və onları Ermənistanda geniş qəlblə qəbul edənlərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”.

Əgər biz S.Paueri yaxşı tanımasaydıq, onun Ermənistan vətəndaşlarını qəbul etdiyinə görə rəsmi İrəvana təşəkkür etməsinə təəccüblənərdik. Ancaq Samantanın bu yanaşması bizim üçün yenilik deyil. O, erməni mövzularında o qədər emosional və həyəcanlıdır ki, bəzən hər şeyi unudur və ermənilərdən daha artıq ermənilik etdiyinin fərqinə varmır. S.Pauer hazırda ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyasının üzvüdür. Demokratların “erməni məsələsinə həssas münasibəti” heç kim üçün sirr deyil. Hələ 2008-ci ildə seçkiqabağı dövrdə Barak Obama prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı tanıyacağına söz vermişdi. Obama prezident olduğu dövrdə bu ifadəni işlətməsə də, hazırkı demokrat prezident Co Bayden 2021-ci il aprelin 24-də etdiyi çıxışında həmin sözdən istifadə etdi. S.Pauer də “erməni soyqırımı”nın baş verdiyinə inanan, nəinki inanan, başqalarını da buna inanmağa çağıran dəstəyə daxildir.

S.Pauer dəfələrlə Ermənistanda olub. Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi Məktəbinin professoru olan Pauer öz ixtisasına uyğun dərsliklər yazmaqdansa, qondarma “erməni soyqırımı”na dair təbliğat xarakterli kitab yazmağı üstün tutub. Kitab “Cəhənnəmdən problem. Amerika və soyqırımı dövrü” adlanır. Pauerin kitabı 2002-ci ildə nəşr olunub. Müəllif kitabda XX əsrdə baş vermiş soyqırımları zamanı ABŞ-ın fəaliyyətsizliyinə toxunub. O, kitabın birinci fəslini “erməni soyqırımı” və ona olan beynəlxalq reaksiyaya həsr edib.

S.Pauer kitaba görə Pulitser mükafatını, Robert Kennedi Ədalət və İnsan Haqları Mərkəzinin “İlin kitabı” mükafatını və Soyqırımı Araşdırmaları Mərkəzinin Rafael Lemkin mükafatını qazanıb. Kitabı oxuyandan sonra ABŞ-ın gələcək prezidenti B.Obama S.Pauerə zəng edərək onun komandasına qoşulmağı təklif edib. Beləliklə, Pauer ABŞ Milli Təhlükəsizlik Şurasında Prezident B.Obamanın xüsusi köməkçisi və Çoxtərəfli Münasibətlər və İnsan Haqları Bürosunun baş direktoru vəzifələrində çalışıb. 2013-2017-ci illərdə isə ABŞ-ın BMT-dəki səfiri olub.

2015-ci il mayın 7-də Vaşinqton Milli Kafedralında “erməni soyqırımı qurbanları” ilə bağlı tədbir keçirilmişdi. Ardınca Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı olmuşdu. Mərasimdə ABŞ-ın vitse-prezidenti Co Baydeni Birləşmiş Ştatların BMT-dəki səfiri S.Pauer müşayiət etmişdi.

2016-cı ilin noyabrında isə Samanta “erməni soyqırımı”nın inkar edilməsindən danışmışdı. Vaşinqtondakı Holokost muzeyində nasist konsentrasiya düşərgəsindən sağ çıxmış “Nobel” sülh mükafatı laureatı Elie Vizelin xatirəsinə həsr olunmuş çıxışında Pauer demişdi: “Dünyada hələ çox ədalətsizlik var. Ermənilərə qarşı törədilən “soyqırımı”nın inkarı, Vizelin sağlığında baş verən dəhşətlər, Pol Pot rejimi, Bosniya, Ruanda, Darfur, Suriya...”

Qeyd edək ki, S.Pauer hazırda DTX-nın İstintaq Təcridxanasında saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla sıx əlaqələrə malik olub. R.Vardanyan, Nubar Afeyan və Vardan Qriqoryanla birlikdə 2016-cı ildə “Avrora” adlı mükafat təyin etmişdilər. Tam adı “Bəşəriyyətin oyanışı üçün Avrora mükafatı” olan və “beynəlxalq humanitar mükafat” adlandırılan mükafat “erməni soyqırımı”ndan sağ çıxanlar adından verilirdi. Onun təqdimetmə mərasimləri 24 aprel 2016-cı ildən etibarən hər il keçirilirdi. Laureat 1 milyon ABŞ dolları alırdı. S.Pauer də 2017-ci ildən “Avrora”nın seçim komitəsinin üzvü idi.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında S.Pauerə cavabında həmin faktla əlaqədar yazıb: “Avrora” mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynada separatizmi maliyyələşdirən bədnam oliqarx və çirkli pul yuyan Ruben Vardanyanla birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulmasına görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı”.

“Avrora” təşəbbüsü çərçivəsində 2018-ci ilin iyununda İrəvana gələn Pauer jurnalistlərin sualına cavab olaraq demişdi: “Mənim təşəbbüsə qoşulmağımla bağlı sualın cavabı göz önündədir. Bu insanlar – “Avrora”nın həmtəsisçiləri Ruben, Nubar, Vardan Suriya böhranının həllində və ya Yaxın Şərqdə sülhün bərqərar olunmasında məsul olsaydılar, bu gün bizim bu problemlərimiz olmazdı. İnkişaf etmiş ölkələrdə insanların vaxtilə əziyyət çəkdiyi dövrlərdə, müxtəlif vəziyyətlərin qurbanlarını dəstəkləmək və qorumaq üçün şəxsi təcrübələrindən istifadə edən “Avrora” qəhrəmanları kimi şəxslərlə görüşmək çox gözəldir. Həmin mübarizədə onlara dəstək olmaq bizim üçün gözəl fürsətdir”.

O, səfər zamanı “erməni soyqırımı muzeyi”ndə olmuş, iyunun 8-də Ermənistan Amerika Universitetində “Dəyişiklik çətin olanda dəyişiklik etmək” mövzusunda görüşdə iştirak etmişdi. Pauer onu da bildirmişdi ki, B.Obamanın verdiyi vədi yerinə yetirməməsi və “erməni soyqırımı”nı tanımaması çoxlarında təəssüf doğurur.

2021-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti Co Bayden BMT-dəki keçmiş daimi nümayəndə S.Paueri USAID-ə rəhbərlik etməyə namizəd göstərəcəyini açıqlamışdı. O daimi nümayəndə ki, BMT-də işlədiyi 4 il ərzində heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmamış və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməmişdi. Belə bir şəxsin USAID-in direktoru kimi fəaliyyətinin necə olacağını proqnozlaşdırmaq da çətin deyildi...

Səxavət HƏMİD

 

Ekspert rəyi

Yeganə HACIYEVA, politoloq

– ABŞ hökuməti USAID vasitəsilə strateji hədəflərinə çatmaq məqsədilə quruma 2022-23-cü illər üçün 424 milyon dollar məbləğində vəsait ayırıb. Həmin vəsait “vətəndaş cəmiyyəti təsisatları ilə ABŞ-ın tərəfdaşlığının inkişaf etdirilməsi” yönündə yeni mexanizmlərin yaradılmasına xərcləndi. ABŞ indiyədək “araşdırmaçı jurnalistlər”, “vətəndaş cəmiyyəti fəalları” adından ayrı-ayrı dövlətlərə qarşı korrupsiya ittihamları irəli sürüb. Məntiqi izləmə bu fəaliyyətlərin “jurnalist araşdırması” olmadığı, konkret ölkələr və güc mərkəzləri tərəfindən yönləndirildiyi, rəqib ölkələri gözdən salmaq üçün quraşdırılmış oyun olduğu barədə ehtimalları həmişə gücləndirir. Xatırladım ki, S.Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlamışdı. Yenilənmiş “Demokratiya doktrinası”  ABŞ-ın “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırması və yerli təşəbbüsləri dəstəkləmək üçün külli miqdarda vəsait ayırması ilə nəticələndi. Burada “demokratiyanın işartıları” deyəndə nəyin nəzərdə tutulması özü maraqlı nüans idi.

USAID-in milyonluq layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olunan layihələrlə sinxronluq təşkil edir. Aİ xətti ilə həyata keçirilən layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır”. Layihənin rəsmi məqsədi 13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. Diqqət yetirdikdə isə uşaqların cəlb olunması cəhdləri, gələcəkdə xüsusi maraqlar çərçivəsində tərbiyə edilmələri istəyi aydın görünür. Təlimlərin məxsusi olaraq Qarabağ ətrafı rayonların gəncləri üçün nəzərdə tutulması isə layihə müəlliflərinin əsl məramını daha da aydın edir. Halbuki, Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin mülki əhalisi raket atəşinə tutulanda nə USAID-dən səs çıxdı, nə də Qərbdən Azərbaycana dəstək gəldi.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət