USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan – KTMT “izdivac”ının son akkordları

İrəvan qurumun Minsk sammitində iştirakdan imtina etdi


https://img.baki-baku.az/news/2023/11/photo_9807.jpg

Görəsən, nə lazımdır, yaxud nə olmalıdır ki, Ermənistan dövləti açıq-aşkar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yollarını ayırdığını bəyan etsin? Rəsmi İrəvan KTMT ilə münasibətlər  məsələsində sanki ər evindən küsüb ata ocağına dönən gəlinə bənzəyir. Bəlkə, gözləyir ki, gəlib ona xahiş-minnət eləsinlər. Hərçənd, xahiş-minnətə oxşar şeylər də nəzərə çarpır.

Məsələn, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT-nin növbəti sammitinin gündəliyinə Ermənistana yardım məsələsi də salınıbmış. Amma qurumun baş katibi İmanqali Tasmahambetovun sammitin ev sahibi Belarus Prezidenti Aleksandr Lukaşenkoya dediyinə görə, İrəvan məsələnin gündəlikdən çıxarılmasını istəyib: “Erməni tərəfi, bütün digər müttəfiqləri bu qərarı dəstəkləsələr də,  sənədə heç bir maraq göstərmədilər və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəlikdən çıxarılmasını xahiş etdilər”.

Yəni, bu, o deməkdir ki, Ermənistan KTMT-nin köməyinə ehtiyac duymur, yaxud qurumdan kömək gözləmir. Bu öz yerində. Lukaşenko isə daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı Minskə təşrif buyurmağa razı salmaq istəmişdi. Amma “gəlin” çox höcətdir, necə deyərlər, tutduğunu buraxmır, bəlkə də, naz eləyir. Yeri gəlmişkən, Lukaşenko Paşinyana, təxminən, onun naz eləyən vaxtının keçdiyini də xatırladıb. Deyib ki, münasibətləri gərginləşdirmək yolu tutmasın. Amma Belarus liderinin söylədikləri erməni baş nazirin bir qulağından girib digərindən çıxıb.  

Hazırda məlum olur ki, nəinki N.Paşinyan, ümumiyyətlə, Erməistanın yüksək ranqlı məmurlarından heç kəs KTMT-nin Minsk samitinə qatılmayacaq. Götürək, xarici işlər naziri Ararat Mirzoyanı və müdafiə naziri Suren Papikyanı. Onlar da baş nazir kimi, Belarusun paytaxtına getməkdən imtina ediblər. Özü də imtinalarını, kifayət qədər, ictimailəşdiriblər. Məsələn, Ermənistan XİN məlumat yayıb ki, Belarus tərəfinin təşəbbüsü ilə noyabrın 21-də ölkənin xarici işlər naziri A.Mirzoyan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə telefon danışıb. Diqqət yetirin, yəni, danışmağı biz istəməmişik, onlar istəyiblər, – məntiqi qabardılıb. Erməni nazir deyib ki, Minskə gedə bilməyəcək. Niyə və nə üçün? Səbəb açıqlanmayıb. Müdafiə naziri S.Papikyanın da KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə dünən keçirilmiş iclasına qatılmamasının səbəbi göstərilmir. Yalnız o bildirilir ki, Ermənistan MN-nin rəsmi nümayəndəsi yerli medianın suallarını cavablandırarkən, Papikyanın Belarusa getməyəcəyini vurğulayıb.

Bu arada Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Akop Arşakyan deyib ki, Ermənistan KTMT ilə əməkdaşlığa son qoymaq məsələsini müzakirə etmir. Onun sözlərinə görə, ölkə qurumun yardım paketindən imtina edib, çünki təşkilat özünün məsuliyyət zonasının harada başlayıb, harada bitdiyini qeyd etmir. “Təəssüf ki, bu məsuliyyət zonası və Ermənistanın konkret xəritəsi qeydə alınmayıb. Problem budur”, – deyən Arşakyanın KTMT-ni ələ saldığı aşkardır. Onun dediklərindən belə çıxır ki, qurumdakıların Ermənistan ərazisi ilə bağlı təsəvvürləri yoxdur. Ağır ittihamdır, eyni zamanda, başqa sözlə desək, başından yekə danışmaqdır. Arşakyan sanki ağıl öyrədir. Təxminən belə: əvvəlcə Ermənistanın xəritəsini öyrənsinlər, sonra baxarıq. Aydındır ki, Ermənistan heç nəyə baxan deyil. Daha doğrusu, baxdığına baxıb. O da tam aydındır ki, Qərbdəki dostları Paşinyana Rusiyanın olduğu istənilən yerə getməmək tapşırığını veriblər. İndi Nikolun komandası həmin tapşırığın icrası ilə məşğuldur. Özü də can-başla.

Məlumdur ki, ötən il KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərəcəyi güman edilirdi. Hərbi-texniki əməkdaşlıq baxımından da addımlar nəzərdə tutulurdu. Amma hazırda erməni iqtidarı tamam başqa havalardadır. Onu da deyək ki, İrəvan KTMT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağırıb və onun yerinə yenisini təyin etməyib.

Bəli, Ermənistanda hesab edirlər ki, amorf qurum kimi göstərdikləri KTMT-dən fərqli olaraq, ABŞ-nin və Fransanın təmsil olunduğu Qərb bir çağırışla Azərbaycanın mümkün təcavüzünü dayandıra bilər. Erməni siyasi ekspertləri isə bildirirlər ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra baş vermiş hərbi toqquşmalar zamanı “qüdrətli Qərb dünyası”nın bu çağırışının niyə özünü hiss etdirmədiyi ritorik sualdır. Onların qənaətincə, hazırkı Qərb Azərbaycana təsir imkanından məhrumdur. Amma Ermənistanın, belə demək mümkünsə, yerli qərbliləri əmindirlər ki, sözügedən çağırış tələb olunacaq. Çünki İrəvan  Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılması vədini yerinə yetirir. Mövcud xüsusda Qərbin Ermənistana ciddi dəstək göstərəcəyinə, sözdən əmələ keçəcəyinə böyük ümid var.

İrəvanın KTMT-dən incikliyinin konkret səbəblərindən söz açaq. Daha doğrusu, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan desin. O bildirir ki, ölkəsi ötən ilin sentyabrında “Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı təşkilatdan aydın siyasi qiymət gözləyirdi”, amma KTMT, guya Ermənistanın işğal olunmuş ərazisinin bir hissəsinin qurumun təsir zonası olduğunu açıqlamadı: “KTMT bəyan etməlidir ki, bu 200 kvadratkilometrlik ərazi sərhədlərim daxilindədir, himayəm altındadır. Yaxud öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını qəbul etməlidir. Bundan sonra biz öz qərarımızı verəcəyik”.

Deməli, E.Marukyanın fikrincə, İrəvanın hərbi-siyasi blokda sonrakı iştirakı ilə bağlı yekun qərarın çıxarılması, KTMT-nin bu günlərdə Minskdə keçirilən sammitinin “Azərbaycanın təcavüzünə” siyasi qiymət verib-verməməsindən asılı olacaq. Belə bir şeyin mümkün olmadığını nəinki Marukyan, ümumən Ermənistanda hər kəs çox yaxşı bilir. Yaxşı bilirlər ki, Azərbaycan KTMT-də təmsil olunan hər bir ölkə ilə ayrılıqda sağlam əlaqələrə malikdir. Amma, ermənilər buna baxmayaraq, avantüraya gedirlər, yerinə yetirilməsi mümkünsüz məsələləri qabardır, bəhanə axtarırlar.

Bəli, “axtaran tapar” deyimi ilə yanaşsaq, Ermənistan da KTMT ilə yollarını ayırmaq üçün bəhanələr tapır. Daha bir bəhanədən söz açaq. General-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının Ermənistana göndərilməsini yada salaq. A.Sidorov təmsil olunduğu qurumun yanaşmasını belə təqdim etmişdi: “Bizim nizamnaməmizdə, sənədlərdə və KTMT müqaviləsində yazılıb ki, siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də biz hələlik heç bir qılıncı qınından çıxarmırıq və problemləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq”.

Deməli, hazırda obrazlı desək, ər evindən incik düşmüş gəlinin boşanma qərarını verməsi üçün kifayət qədər bəhanələri var. Ancaq görünür, bunu etmək üçün cəsarəti və qətiyyəti yoxdur. Bəlkə də daha münasib vaxtı gözləyir. Uyğun vaxt nə zaman yetişəcək, bunu söyləmək çətindir. Amma hazırkı KTMT–Ermənistan “izdivacının” yalnız kağız üzərində olduğu da aşkardır və bu aşkarlıq Ermənistanın anti-Rusiya xəttinin mühüm tərkib hissəsini təşkil etməkdədir.

Sonda “Axırıncı aşırım” filmindən bir epizodu yada salaraq, mövzunu tamamlayaq. Söhbət Qəmlonun Kərbalayi İsmayıla dillərdə əzbər olan müraciətindən gedir: “Abbasqulu bəyin nazı ilə çox oynayırıq ha, Kərbalayi”. İndi həm Rusiya, həm də onun hakim rol oynadığı KTMT Ermənistanın nazı ilə çox oynayır, şıltaqlıqlarına dözür. Görəsən, nə vaxtadək? 

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV