USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Konqres guruldadı, amma yağa bilmədi...

​​​​​​​Metyu Millerin açıqlaması və Vaşinqtonun Bakı-İrəvan əlaqələrinin nizamlanmasına qayıtmaq cəhdi


https://img.baki-baku.az/news/2023/11/photo_9782.jpg

Deyəsən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller təmsil olunduğu qurumun rəhbərinin köməkçisi Ceyms O’Braynın ötən həftə Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında  Ermənistanın təhlükəsizliyi ilə bağlı keçirilmiş dinləmələrdə səsləndirdiyi sərt məntiqi yumşaltmaq qərarına gəlib. Söhbət O’Braynın İrəvanın təhlükəsizliyinin Qarabağa fokuslanmış çalarlarındakı qəbuledilməzliyin aradan qaldırılması cəhdindən gedir. Görünür, Vaşinqton cənab Millerin yanaşmasındakı pozitivlik göstəriciləri ilə Azərbaycan-Ermənistan sülh nizamlaması müstəvisindəki ənənəvi kursuna geri dönür. Mövzumuz bu barədədir. Ancaq əvvəlcə O’Braynın nələri vurğuladığının şərhini verək.

Beləliklə, C.O’Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasında konqresmenlərin suallarını, o cümlədən, ermənipərəst konqresmenlərin təxribat dolu mülahizələrini cavablandırarkən, necə deyərlər, duza getmişdi. O, Vaşinqtonun Cənubi Qafqaz siyasəti müstəvisində xoşagəlməz ton seçmiş, özünü Amerika filmlərindəki “kovboylar” kimi aparmış, Ermənistanı Birləşmiş Ştatlar üçün, bir növ, əlahiddə statuslu dövlət qismində təqdim etməklə, belə təəssürat yaratmışdı ki, sanki Ağ ev bölgədə sülh dedikdə, birbaşa İrəvanın dəstəklənməsini əsas götürür.

Mövcud xüsusda üzərində dayanılmalı ikinci məqam O’Braynın Azərbaycanın daxili işlərinə qarışması idi. Departament rəsmisi bildirmişdi ki, ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirən yol mütləq şəkildə Ermənistan ərazisindən keçməli və bu zaman İrəvanın təhlükəsizlik təminatları əsas götürülməlidir. Ən əsası isə o, Bakının Ermənistanın şərtləri qəbul etməyəcəyi təqdirdə, sözügedən yolun İran ərazisindən keçməsi təşəbbüsünə qarşı çıxmış, bu, azmış kimi, sətiraltı şəkildə ölkəmizə hədə-qorxu gəlmiş, Azərbaycanın qarşıdakı iki həftə müddətində düşünməli və mövqeyini müəyyənləşdirməli olduğunu vurğulamışdı. Əlbəttə, cənab Ceymsin belə yanaşmasına münasibət özünü nəinki iki həftə, heç iki saat da gözlətməmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyi geniş bəyanat yayaraq, departament rəsmisinin mövqeyini sərt tənqid etmiş və onun söylədiklərini Bakının daxili siyasətinə qarışmaq cəhdi kimi qiymətləndirmişdi.

Bəli, M.Millerin dünən ənənəvi olaraq keçirdiyi brifinqdəki açıqlaması onu göstərir ki, ABŞ “O’Braynsayağı məntiq”dən geri durur. Əgər ikinci fikirləri ilə Birləşmiş Ştatları tərəfə çevirib onu Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından qoparırdısa, birinci ölkəsini, belə demək mümkünsə, məhvərinə qaytarmaq yolunu tutur. Millerin söylədiklərini, ilk növbədə, məhz bu cür qiymətləndirməyin lazım olduğu düşüncəsindəyik.

Əlbəttə, ABŞ Dövlət Departamentinin sözçüsünün bildirdiklərini son günlərin Bakı-Vaşinqton gərginliyinin aradan qaldırılmasına yönələn davranış kimi mütləqləşdirməyin tərəfdarı deyilik. Nəzərə alaq ki, Birləşmiş Ştatların 1992-ci ildə Azadlığa Dəstək Aktına qəbul edilmiş 907-ci düzəliş mövzusunda Azərbaycana təzyiq xüsusundakı ritorikasından əl çəkdiyini söyləmək hələlik mümkünsüzdür. Onu da nəzərə alaq ki, 907-ci düzəliş Birləşmiş Ştatların ölkəmizə dövlət yardımını qadağan edən məsələdir və hazırda ölkə Senatının qəbul etdiyi qanun layihəsi ABŞ Prezidentinin sözügedən məsələnin icrasını dayandırmaq səlahiyyətinə xitam verilməsi deməkdir. Əlbəttə, sözügedən layihə əvvəlcə Konqresin Nümayəndələr Palatasında təsdiqlənməli, daha sonra onu dövlət başçısının özü imzalamalıdır ki, qüvvəyə minsin...

Bəli, M.Millerin Azərbaycan-Ermənistan münasibətləri müstəvisində dilə gətirdikləri özlüyündə Bakı ilə Vaşinqton arasındakı gərginliyi yumşaltmaq baxımından mühüm məqamdır. Departament sözçüsü bildirir ki, Vaşinqton iki ölkənin rəhbərliyini sülhə təşviq siyasətini davam etdirir və hamının hüquqlarına riayət olunduğu güclü və davamlı sülh üçün İrəvan-Bakı təmaslarını asanlaşdırmağa hazırdır. Görünür, Birləşmiş Ştatlar O’Braynın söylədiklərinin durumu mürəkkəbləşdirdiyinin fərqindədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən, dövlətimizin rəsmiləri dəfələrlə ölkəmizlə Ermənistan arasında birbaşa danışıqların başlanmasının vacibliyi üzərində dayanıblar. Ancaq İrəvan həmişə bundan boyun qaçırıb və onun dəst-xətti özünü müxtəlif miqyaslı anti-Azərbaycan davranışlarında göstərib. Ermənistan hakimiyyəti bu gün də tutduğu yola “sadiqdir”. M.Miller isə bildirir ki, iki Cənubi Qafqaz ölkəsinin rəhbərliyinin birbaşa müzakirələrə başlaması, məsələləri regionun maraqlarına uyğun həll etməsi vacibdir və Birləşmiş Ştatlar bu danışıqlarda yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.

Deməli, düşünmək olar ki, ABŞ Azərbaycanın irəli sürdüyü müzakirə platformasını məqbul sayır. Digər yandan isə ölkə regionun maraqları prizmasından çıxış edir. Vaşinqtonun bu məntiqinin konkret nədən ibarət olduğunu söyləmək çətin olsa da, Birləşmiş Ştatlar tərəfindən indiyədək sırf belə bir deyimin gündəmə gətirilmədiyini söyləmək mümkündür. Deməli, Ağ ev Cənubi Qafqaz  müstəvisindəki siyasətini mövcud siyasi akvatoriyadakı maraqlı qütblərin yanaşmasına əsaslanaraq qurmağa üstünlük verəcək. Əlbəttə, demək olmaz ki, bu müstəvidə erməni maraqları tam şəkildə kənara qoyulacaq. Amma ehtimal edilə bilər ki, həmin maraqların müdafiəsində O’Braynın maksimalizmindən kənar dayanmağa keçid alınacaq. Müvafiq surətdə, Ermənistan amilinin, daha doğrusu, erməni iddialarının mütləqliyi məntiqindən uzaq durulacaq.

***

Bir vacib məqamı da vurğulayaq ki, dünyanın super gücü olan ABŞ məqsəd və mənafelərindən heç də asanlıqla geri çəkilən deyil. Məsələyə mövcud kontekstdən yanaşsaq, O’Braynın bildirdiklərini, eləcə də digər anti-Azərbaycan təsiri bağışlayan fikirləri nəbz yoxlamaq cəhdi qismində qiymətləndirmək də mümkündür. Çox güman, Birləşmiş Ştatlar bir anlıq maskasını Ermənistan naminə çıxarmağa qərar verdi və onun üçün nələrisə etmək əzminin xırda elementini nümayişə çıxardı. Şübhəsiz, əvvəldən Azərbaycanın əks-reaksiyasını hesablamamış deyildi. Eləcə də regionun digər dövlətlərinin münasibətini. Tam mümkündür ki, ABŞ Administrasiyası məhz bu reaksiyaları Ermənistana göstərmək istəyib. O da mümkündür ki, belə bir göstəriş İrəvan üçün nələrisə etməyə cəhdin sübutudur. Əlbəttə, Vaşinqton Paşinyan administrasiyasına gördüyü işin səmərə vermədiyini də anlatdı və özünün missiyasını bitmiş hesab edərək, yenidən əvvəlki kursuna qayıtdı. Yəqin, elə ona görə M.Miller bildirir: “Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edirlər. Hesab edirik ki, uzunmüddətli razılaşma üçün iki ölkənin üzbəüz danışıqlar aparması vacibdir”.

***

Onu da vurğulayaq ki, M.Millerin açıqlaması Ermənistanda məsxərə predmetinə çevrilib. Erməni siyasilər buna qarşılıq Azərbaycan XİN bir qədər əvvəl haqqında söz açdığımız bəyanatının sərt məntiqini qabardırlar. Onlar məhz bu məntiqə əsaslanaraq bildirirlər ki, guya, Bakı birbaşa danışıqlara getməyəcək, ABŞ-ın missiyası səmərəsizdir. Erməni siyasilərin Vaşinqtona yönəlik ittihamına təxminən belə bir sual da hakimdir: yağa bilməyəcəkdinsə, niyə guruldayırdın?

Sonda Azərbaycan-Ermənistan münasibətləri kontekstində baş verənlərə sırf ölkəmizin maraqları mövqeyində yanaşaq. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Bakı üçün həll ediləcək məsələ, demək olar ki, yoxdur. Ona görə də prinsip etibarilə danışıqlarda və sülhdə maraqlı tərəf ölkəmiz yox, qarşı tərəf, yəni bilavasitə Ermənistan olmalıdır. Ölkənin bunu dərk etməsi isə sülh müqaviləsi bağlanmadan hansı mənfi nəticələr doğurduğunu görmək mümkün deyil. Yəni, ilan ulduz görməlidir ki, ölsün.

Məsələyə mövcud prizmadan yanaşsaq, Qərb dünyası, gərək, növbətçi bəyanatlardan uzaqlaşsın, Ermənistanı şıltaqlaşdıran, ərköyün uşağa çevirən himayəçilik məntiqindən üz döndərsin. O cümlədən, onu silahlandırmaqdan da. Hesab edirik ki, məhz bu amil Paşinyanın və komandasının sülh masasında özünü konstruktiv aparmasına, reallıqları qəbul etməsinə şərait yaradacaq.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV