USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə zahiri səssizliyi pozdu

​​​​​​​Prezident Ərdoğanın Ermənistanla bağlı fikirləri ciddi mesajlardır


https://img.baki-baku.az/news/2023/11/photo_9780.jpg

“Ermənistan öz təhlükəsizliyini minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarmalıdır”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində dilə gətirib. Ümumən, qardaş ölkənin liderinin mövcud xüsusdakı baxışlarını bir neçə cəhətdən xarakterizə etmək mümkündür.

Birincisi, Türkiyə göstərir ki, son dövrlər Cənubi Qafqaz müstəvisində baş verən proseslərə münasibətdəki zahiri səssizliyinə rəğmən, regionda yaşananlar onun üçün müstəsna əhəmiyyət daşımaqdadır və bütün məsələlər ölkəsinin diqqət mərkəzindədir.

İkincisi, qardaş ölkə Ermənistanın Azərbaycanla sülh mövzusundakı hərəkət və davranışlarının qeyri-ordinarlığını, bölgənin qərarlaşmış siyasi strukturundan kənarlığını görür və mövcud tendensiyaya qarşı Ankaranın qəti mövqeyini ortaya qoyur. Bu, o deməkdir ki, Ermənistan özünün çeşidli manipulyasiyalarından əl çəkməli, konstruktiv mövqe tutmalıdır. Başqa çıxış yolu yoxdur.

Üçüncüsü, “Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə regionumuzda yeni dövrün başlandığını anlamırlar” – deyən cənab Ərdoğan, əslində, Ermənistanın tutduğu yolda Qərb dövlətlərinə güvənməsini də qabardır və hər iki tərəfə xəbərdarlıq edir.

Dördüncüsü, Qərb dövlətlərinin regiondan minlərlə kilometr uzaqda olduğu məntiqinin qabardılması üzərində dayanaq. Bu məqam kifayət qədər vacibdir. Ankara tərəfindən məsələnin məhz belə tərzdə qoyulması o deməkdir ki, regionun qlobal aktoru kimi, Türkiyə Qərbin Cənubi Qafqaz fəallığındakı parametrləri diqqətdə saxlayır və onun üçün müəyyən “qırmızı cizgilər” var. Nəzərə alaq ki, ümumən regionla bağlı baş verən proseslərə, ilk baxışdan, səssiz kimi görünən Türkiyə vəziyyətin gərginləşdiyi anlarda operativ reaksiyasını gecikdirmir. Ərdoğanın fikirləri də, əslində, həmin reaksiyanın göstəricisidir. Deməli, kimlərsə “qırmızı cizgiləri” aşmağa cəhd göstərirlər və onlar Ermənistanı öz oyunlarına alət etməkdədirlər. Türkiyə lideri Ermənistan müstəvisində həm də məhz bu yolu tutanlara səslənir.

Beşincisi, bilavasitə Ermənistanın təhlükəsizliyi üzərində dayanaq. Məlum olduğu kimi, son ayyarımlıq müddətdə, xüsusən son bir neçə həftədə məsələ Qərbin, o cümlədən ABŞ-ın ayrı-ayrı siyasi platformalarında, ekspert cameələrində önə çəkilməkdədir. Mövcud xüsusda ən müxtəlif fikirlər irəli sürülməkdədir. Paralel olaraq, Ermənistanın silahlandırılması vüsət alıb. Cənab Ərdoğanın fikirləri həm də bunlara qarşıdır. Deməli, Ankara qüvvələr balansını Ermənistanın xeyrinə dəyişdirmək cəhdləri ilə barışmayacağını ortaya qoymaqdadır. Nəzərə alaq ki, vacib dövlət sənədlərində Türkiyəyə qarşı ərazi iddiasının əksini tapdığı İrəvanın güclü olması Ankaranın strateji planları üçün nonsensdir.

Altıncısı, sülh və əməkdaşlıq prioritetinə gəldikdə, Türkiyə liderinin fikirləri onu göstərir ki, Ermənistan üçün biçilmiş bəlli regional nizam var. Yəni, onun gücləndirmək cəhdləri Cənubi Qafqaz siyasi akvatoriyası baxımından tam  zidd məsələdir. Bu düzən özünün siyasi oyunçularına malikdir və onlar heç bir halda İrəvanı həlledici faktor kimi görmürlər. Ermənistan özünün konyakını, əriyini, və digər kənd təsərrüfatı məhsullarını satmaqla dolanmalı, təklif olunan digər iqtisadi layihələrdə iştirakdan pay götürərək, əhalisinin yaşam səviyyəsini artırmalı, savaş və qarşıdurma kimi sərt məqamlardan çəkinməlidir. Yalnız bu halda sülh mümkündür.

Yeddincisi, Türkiyə lideri hazırkı həssas durumda İrəvan üçün çox dəqiq amplua müəyyənləşdirir. Söhbət cənab Ərdoğanın “Təxribat törədərək Ermənistanı kirayəyə götürənlər, əslində, ermənilərə ən böyük ziyan vurublar” məntiqindən gedir. Bu ifadə kənardan İrəvanın vizyonu kimi dəyərləndirilə bilər. Nəzərə alaq ki, eyni ritorikanı hazırda Rusiya da tez-tez səsləndirməkdədir. Deməli, Ermənistan hakimiyyətinin hazırda beynəlxalq siyasət şəklində göstərməyə cəhd etdiyi motivlərə münasibətdə regionun aktorlarının loyal mövqeyi yoxdur. Əksinə, erməni iqtidarının hərəkətləri oyun qaydalarının pozulması kontekstində qiymətləndirilməkdədir. Şübhəsiz, belə bir qiymətləndirmə əks addımları da şərtləndirə bilər. İrəvan məsələnin ciddiliyini anlamalıdır. Bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Hələlik Ermənistan gecikir. Türkiyə lideri açıqladığı düşüncələrlə həm də bu gecikmənin özünü qabarıq şəkildə göstərdiyini vurğulamaqdadır.

Ümumən, Cənubi Qafqazla bağlı qlobal iqtisadi planlarda gecikmə var. Heç şübhəsiz, bu gecikməyə görə müqəssir Ermənistandır. “Dünya kəsişməsi” avantürasını irəli sürən və bununla ölkəsinə əlahiddəlik qazandırmağa cəhd göstərən N.Paşinyan öz aləmində yeni reallıq formalaşdırmaq niyyəti də güdməkdədir. Halbuki, belə bir niyyəti gerçəkləşdirmək naminə ortaya qoya biləcəyi nə siyasi, nə iqtisadi, nə də mənəvi resurs var. Ərdoğanın ismarıcı fikrimizin təsdiqidir. Deməli, İrəvan əvvəlcə etimad qazanmalı və onu doğrultmağa çalışmalıdır. Amma bunu anlamayacaq qədər iflicdir.

Bəli, Ermənistan onu da nəzərə almalıdır ki, beynəlxalq miqyasda demonlaşdırmağa çalışdığı Azərbaycan və Rusiya ilə yanaşı, Türkiyə də ona qarşıdır. Üstəlik, hazırda İranın da baş nazir Nikol Paşinyan hakimiyyətinə münasibəti rəvan deyil. Çünki Nikol və komandası Qərbi İranın burnunun dibinə gətirmək yolu tutub. Bu, “region regonlular üçün olmalıdır” məntiqini əsas götürən Terhrana, heç bir halda, sərfəli deyil, əksinə zərərlidir. Deməli, Türkiyə kimi İran da İrəvanın hazırkı kursundan məmnun ola bilməz.

Ən başlıca məqam isə budur ki, Türkiyə lideri hazırda regionda gedən proseslər fonunda Ermənistanın və erməni xalqının bilavasitə ziyan görə biləcəyinin anonsunu verir. Bu anons İrəvanın odla oynamaması ilə bağlı xəbərdarlıq kimi də dəyərləndirilə bilər. Cənab Ərdoğan bildirmək istəyir ki, İkinci Qarabağ müharibəsindən sonrakı düzənin reallıqlarını dəyişdirmək cəhdləri uğursuzluğa düçar olacaq.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV