USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan hökuməti Qarabağ ermənilərinin geri dönüşünə qarşıdır

​​​​​​​Dövlət Miqrasiya Xidməti tərəfindən yaradılmış xüsusi portala Ermənistan ərazisində girişin qapadılması bunun göstəricisidir


https://img.baki-baku.az/news/2023/11/photo_9757.jpg

Ermənistan hökuməti Qarabağ ermənilərinin sentyabrın sonlarında bölgədən könüllü gedişini ölkəmizə qarşı yeni təzyiq alətinə çevirib. Ölkənin baş naziri nikol Paşinyan hər yerdə Azərbaycanla sülh müqaviləsi imzalanmasına hazır olduqlarını bəyan etsə də, atdığı addımlar sülhlə üzlaşmır. Sirr deyil ki, Paşinyan xarici ölkə nümayənələri, əsasən də avropalı tərəfdaşları ilə keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə Qarabağ ermənilərinin bölgədən gedişini “etnik təmizləmə”nin nəticəsi, “blokadadan xilas olmaq” və sair sözlərlə ifadə edir. Eyni zamanda Ermənistan rəsmiləri xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələləri qaldırırlar.

Ancaq bugünlərdə rəsmi İrəvanın Qarabağ ermənilərinin qayıdışına məqsədli şəkildə əngəl törətdiyi məlum olub. Belə ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən Qarabağ ermənilərinin ilkin qeydiyyata dair müraciətlərinin qəbulu və qeydiyyata alınma prosesinin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi portala (reintegration.gov.az) Ermənistan ərazisində giriş qapadılıb. Bu barədə erməni bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan məlumat yayıb. O, “Telegram-kanal”ında yazıb ki, Ermənistan Respublikası bununla dövlət səviyyəsində Qarabağ ermənilərinin bölgəyə qayıdışının qarşısını alır. İ.Verdyan bildirib ki, Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı Azərbaycanın proqramı Ermənistanın ideologiyası, bugünkü reallıqlara görə isə Ermənistan dövlətçiliyi üçün də ekzistensial (ekzistensializm – mövcudluq, varlıq deməkdir) təhlükədir: “Əgər müəyyən sayda erməni Qarabağa qayıtsa və onlara Azərbaycan Prezidentinin səsləndirdiyi mədəni azadlıqlar verilsə, Qarabağ münaqişəsinin bütün tarixinin yalan və saxtakarlıq üzərində qurulduğu üzə çıxacaq. Qarabağ münaqişəsi Ermənistanda həmişə ərazi deyil, millətlərarası münaqişə kimi təsnif edilib. Nəticə etibarı ilə, əgər ermənilərin Azərbaycanda etnik səbəblərdən “zülmə məruz qaldıqları” tezisi onların uğurlu reinteqrasiyası ilə məhv edilirsə, o zaman Azərbaycan istənilən məhkəmədə asanlıqla sübut edə bilər ki, münaqişənin başlanğıcından bu günə kimi Ermənistan sırf təcavüzkar və işğalçı olub. Məhz buna görə də Ermənistan reinteqrasiya ilə bağlı istənilən cəhdin qarşısını alır”.

Qeyd edək ki, Azərbaycan dövləti Qarabağ ermənilərini hər zaman özünün vətəndaşı hesab edib. Azərbaycan 44 günlük Vətən müharibəsini beynəlxalq hüquqa və beynəlxalq humanitar huquqa əməl etməklə aparıb. Müharibə dövründə mülki insanlar və yaşayış evləri, infrastruktur obyektləri hədəfə alınmayıb. Bunun sayəsində mülki insanlar arasında itkilər minimum olub. Bu faktı xarici dövlətlər və beynəlxalq təşkilatlar, həmçinin Ermənistanın özü də etiraf edib. Azərbaycan tərəfi müharibə zamanı saxlanılmış hərbi əsirlərlə də nümunə ola biləcək davranış nümayiş etdirdi. Bunu isə erməni əsirlər Azərbaycan televiziyalarına müsahibələrində bildirmişdilər.

Müharibədən sonra Azərbaycan dövləti Qarabağ ermənilərinin reinteqrasiyasını elan etdi. Onlara Azərbaycan qanunvericiliyi çərçivəsində ölkənin digər vətəndaşları kimi hüquqlar veriləcəyini bildirildi. Ancaq müharibədən ötən üç ilə yaxın dövr ərzində Qarabağdakı keçmiş separatçı rejim bu təşəbbüslərin həyata keçirilməsinə mane oldu. Qanunsuz rejim hər cür reinteqrasiya təşəbbüsünü blokladı. Nəticədə aydın oldu ki, qondarma rejimin varlığı reinteqrasiyanın baş tutması yolunda ən böyük maneədir. Prezident İlham Əliyev hələ 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışı zamanı bildirmişdi ki, separatçı rejimin ünsürləri üçün yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Dövlətimizin başçısı tarixi çıxışında demişdi: “Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, separatçılar onların xilası üçün yaranmış tarixi fürsəti əldən verdilər. Nəticə göz önündədir: Təkəbbürlə Bakıya gəlib çay içəcəklərini bəyan edənlər bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təxridxanasında miskin formada çay içirlər!

Separatçı rejimin nümayəndələri Azərbaycan Prezidentinin nümayəndəsi ilə martin 1-də Xocalıda keçirilən görüşdə iştirak etsələr də, Bakıya gəlməkdən imtina etdilər. Beləliklə, dialoq baş tutmamış qaldı. Sonra isə onlar özləri qaça-qaça Yevlaxa gəldilər.

Bütün bunlar Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonunun separatçı rejimin əsarətində olan hissəsində antiterror tədbirləri keçirməsini zəruri etdi. Cəmi bir neçə saat sonra rejimin mənsubları atəşkəsə razı olduqlarını bildirdilər. Azərbaycan isə onların tamamilə təslim olmasını tələb etdi. Nəticədə separatçı ünsürlər təslim olaraq “ağ bayraq” qaldıraraq təslim oldular. Ancaq rejimin səpdiyi nifrət toxumları artıq çoxdan boy atıb cücərmişdi. Nəinki cücürəmişdi, qollu-budaqlı ağaca cevrilmişdi. Bunun yaratdığı əhval-ruhiyyə ilə Qarabağ erməniləri Ermənistana köç etməyə başladılar. Halbuki onlara həm “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində sərhədçilər və polis əməkdaşları, həm də Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycan cəmiyyətinə reinteqrasiya etməklə bağlı təkliflər edilirdi. Ermənilərin Qarabağdan Ermənistana köçdükləri günlərdə – sentyabrın 28-də Xarici İşlər Nazirliyinin bəyanatda deyilirdi: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərin hansısa hissəsi Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Məsələ ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib ki, Ermənistan hökumətinin reinteqrasiyaya imkan verməməkdə əsas məqsədi ilk növbədə Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək üçün “əsaslar” yaratmaqdır. Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iş üzrə dinləmələrdə də belə cəhdlər var idi. Eyni zamanda digər platformalarda da Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı səsləndirilir: “Onlar buna nail olmaq istəyirlər. Əgər Qarabağ erməniləri geri qayıtsalar, yenidən orada yaşasalar faktiki olaraq, Ermənistan gələcəkdə nə ərazi iddiası irəli sürə, nə də ümumiyyətlə Azərbaycanı nədəsə itiham edə biləcək. Halbuki Ermənistanda bəziləri düşünürlər ki, gələcəkdə bu məsələyə qayıda bilərlər. Hesab edirlər ki, guya, Azərbaycan burada “etnik təmizləmə” törədib. Guya, bundan irəli gələn müəyyən öhdəliklər var və hansısa beynəlxalq missiya, Fransa, ABŞ kimi ölkələr gəlib Ermənistana kömək edəcəklər. Hər halda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasına şərait yaradıb, Ermənistan hökuməti isə buna mane olur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin geri qayıdışında, Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlı deyil. Onun sözlərinə görə, ötən aylar ərzində baş nazir Nikol Paşinyan tərəfindən bununla bağlı heç bir açıqlama eşitməyib: “Paşinyan heç yerdə demədi ki, Qarabağ erməniləri mütləq qayıtmalıdırlar və sair. Ona görə də reinteqrasiya mövzusu Ermənistan üçün actual deyil. Açığı bizim üçün də aktuallığını itirib. Biz onlara müraciət etdik, dedik ki, gəlsinlər, amma Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Onlar istəmidilər və çıxıb getdilər. Gəlmirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, bu onların öz seçimidir. Mən burada israr etməyin faydasını görmürəm”.

Elxan Şahinoğlu deyib ki, Qarabağ ermənilərinin bir hissəsi qayıtsa, Azərbaycan vətəndaşlığını qəbul etsələr, Ermənistanj hökumətinin ölkəmizə qarşı “etnik təmizləmə arqumenti” zəifləyəcək. Ermənistan hakimiyyəti bunun baş verəcəyi təqdirdə beynəlxalq aləmdə mövqelərinin zəifləyəcəyini düşünür. Ona görə də onlar Qarabağ ermənilərinin qayıdışında maraqlı deyillər.

Qeyd edək ki, Qarabağ ermənilərinin reinteqrasiya planı Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşündə onlara təqdim edilmiş, oktyabrın 2-də isə Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı tədbirlər proqramı açıqlanmışdı. Sənəddə etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verildiyi bildirilir. Ancaq ermənilər bundan da imtina etdilər və Ermənistanda yaşamağı üstün tutdular. İndi isə məlum olur ki, Ermənistan dövlət səviyyəsində Qarabağ ermənilərinin reinteqrasiyasında maraqlı deyil. Reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılmış reintegration.gov.az saytına girişin qapadılmasını başqa cür izah etmək mümkün deyil. Seçim onlarındır: istəyirlər qayıtsınlar, istəmirlər qayıtmasınlar. Heç kim onlara minnətçi düşən deyil. Sadəcə, bu mövzuda manipulyasiya etməyə, Azərbaycanı suçlamağa da son qoyusunlar.

Səxavət HƏMİD




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səxavət HƏMİD