USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çanaq Ermənistanın öz başında çatlayacaq

Deyəsən, İrəvan “müttəfiqlərinin” ona qurduqları silahlanma oyununun fərqində  deyil  


https://img.baki-baku.az/news/2023/11/photo_9756.jpg

Az sonra məlum olacaq ki, Ermənistan qərbli və şərqli “bacı və qardaşlarından” aldığı çoxsaylı hərbi texnika və avadanlığı idarə edəcək qədər insan resursuna malik deyil. Axı, son illər mənfi demoqrafiyanın müşahidə edildiyi Hayastan əhalisinin bir qismi, xüsusilə də gənclər ölkəni kütləvi şəkildə tərk edərək xaricə üz tuturlar. Ordusuna yetərincə çağırışçı toplaya bilməyən İrəvan yeni hərbi texnologiyanın “sirlərini” öyrənməli kontingenti haradan tapacaq? 2020-ci ilin noyabrından etibarən Fransadan, Hindistandan müxtəlif təyinatlı silah-sursat alan Paşinyan hökuməti bununla iki ölkə arasında hərbi-siyasi balansı öz xeyrinə dəyişmək kimi xam xəyallara qapılıb. Bəs son üç ildə azı üç dəfə Azərbaycandan hərbi məğlubiyyətini dadan Ermənistanın intensiz silahlanma siyasəti yürütməsinin səbəbi və məqsədi nədir? Əvvəlcə səbəbi nəzərdən keçirək.

Keçən həftə ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən payız sessiyasında çıxışında Nikol Paşinyan Bakının irəli sürdüyü “Qərbi Azərbaycan konsepsiyası”nın arxasında yeni eskalasiya təhlükəsi gördüyünü iddia edib. Yəni, baş nazır demək istəyir ki, Bakı otuz beş il əvvəl doğma yurdlarından qovulmuş azərbaycanlıları geriyə – Qərbi Zəngəzura qaytarmaqdan ötrü guya Ermənistana hərbi təcavüz etməyə hazırlaşır. O, “tutarlı və inandırıcı” bəhanə kimi düşündüyü bu dezinformasiyanın Avropadakı, eləcə də okeanın o tayındakı tərəfdaşlarının dilindən səsləndirilməsinə də nail olub. Bundan məqsədi isə başlatdığı piar texnologiyanın vasitəsilə xarici aktorların Azərbaycana siyasi təzyiqlərini artırmalarına nail olmaq və bunun müqabilində sülh danışıqlarında Bakıdan hansısa güzəşti qoparmaqdır. Silahlanma ilə dəstəklənən, “Azərbaycan Ermənistanın cənub bölgəsinə hərbi təcavüzə hazırlaşır” səpkili feyk-ajiotaj məhz həmin məqsədə çatmağa hesablanıb. 

 

Hindistan bazarı boş görüb

           İkinci Qarabağ müharibəsindən sonra Rusiya hərbi texnikasının effektivliyinə şübhələrini dəfələrlə bəyan edən rəsmi İrəvanın alternativ silah tədarükçülərindən biri də Hindistansdır. Cənubi Qafqaza silah ixracı bazarında Rusiyanın yerini tutmağa can atan Dehlinin marağının gəlir əldə etmək olduğu aydındır. Yerli “Idrw” nəşrinin yazdığına görə, Hinsdistanın “Bharat Forge” müdafiə şirkəti indi də Ermənistana özüyeriyən MarG qaubitsalarını çatdırmağı planlayır. Artilleriya sistemlərinin istehsalı üzrə ixtisaslaşmış bu şirkət rezintəkərli həmin qaubitsaları bu yaxınlarda sərgidə nümayiş etdiribmiş. Nəşr onu da qeyd edir ki, bu layihə Hindistana özünün milli müdafiə avadanlığını beynəlxalq partnyorlara ixrac etmək səyləri istiqamətində vacib addım sayılır: “Ermənistanla hərbi-tezniki sövdələşmə iki ölkə arasında artan strateji tərəfdaşlığa əsaslanır. Hindistan Ermənistana müdafiə texnikasının əsas tədarükçüsü rolunu oynamaqdadır. 2020-ci ildə İrəvan Hindistandan Swathi üçün mobil radar qurğuları alıb. Keçən il oxşar müqavilənin dəyəri 245 milyon ABŞ dolları həcmində olub. Bir il əvvəl “Pinaka” çoxlüləli raket qurğuları, tankəleyhinə raketlər və müxtəlif növ silah-sursatın satın alınması üzrə razılıq əldə edilmişdi”.

 

  • QEYD: 155 millimetrlik lüləyə, 39 yivli mərmiyə malik, 4x4 aparıcı təkərlərlə 30 dərəcə bucaq altında yoxuşu aşmağa qadir MArG 155 artilleriya sisteminin Hindistanın hərbi arsenalında olması barədə ilk informasiya KİV-də cari ilin martında peyda olub.

 

Bir qədər əvvəl Rusiyaya yaxın media seqmentləri belə bir məlumat yaymışdılar ki, Ermənistan ABŞ-ın birbaşa yardımı ilə Ukraynaya “Toçka-U” raket komplekslərini çatdırmağa razılaşıbmış. Bu barədə məlumat Müharibəni Öyrənmə İnstitutunun (ISW) hesabatında yer almışdı. Düzdür, müəlliflər informasiyanı təsdiqləyəcək sübutun olmadığını da nəzərə çatdırmışdılar. Fəqət, necə deyərlər, od olmasa tüstü çıxmaz. Həm də Moskva ilə münasibətləri gərginliyin yuxarı həddinə çatmış İrəvanın belə bir addımı atacağı təəccüblü sayılmamalıdır. Həmin mənbə, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsindən (KTMT) çıxmağa hazırlaşdığını da təsdiqlənmıiş informasiya kimi vermişdi.

İrəvanın havaya sovurduğu pullar

Yeri gəlmişkən onu da oxucuların nəzərinə çatdıraq ki, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit şərti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib. 400 milyon dollar məbləğində ilkin müqavilə imzalanmağa hazır idi. Bir milyard dollarlıq müqavilənin iki ölkə hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə bir neçə gün qalmış İrəvan birdən-birə sövdələşmədən imtina edib. Bunun əvəzində Hindistandakı özəl hərbi şirkətlərlə müqavilələr bağlayaraq, onların hesabına 500 milyon dollar maliyə vəsaiti köçürüb. Ödədiyi məbləğin qarşılığında isə hələlik silahların 5-10 faizi alıb.                            

Bir qədər əvvəl isə KİV İrəvanın Dehli ilə pilotsuz uçan aparatlarla (PUA) mübarizə sistemlərinin – ZADS-ların (Zen Anti-Drone System) alqısına dair saziş imzaladığı üzə çıxarıb. 41,5 milyon ABŞ dolları həcmində olan müqaviləni Hindistan tərəfdən Zen Technologies şirkətinin imzaladığı bildirilir. Həmin şirkət PUA-lardan müdafiə qurğuları ilə yanaşı, onunla işləyəcək operatorların təlimini də həyata keçirəcək. Yerli rəsmi saytlar ZADS sisteminin Hindistan HHM tərəfindən uğurla sınaqdan çıxarıldığını və özünün effektivliyini təsdiqlədyini yazıblar.

Beləliklə, iqtisadi infrastrukturu “can üstə” olan Hayastan ordusuna silah alınmasına milyardlar xərcləməkdədir. Əlbəttə ki, Fransa və Hindistanla (indi də ABŞ Ermənistanın “militarizasiya kampaniyasına” qoşulmağa hazırlaşır –red.) məlum hərbi-texniki sövdələşmələrə Paşinyan hakimiyyəti özbaşına getmir. Bunu etməyə onu kənar sponsorlar təhrik edirlər. İrəvan onların çaldığına oynamağa məhkumdur. Çünki musiqini onlar sifariş verirlər. Bu “simfoniyanın həlledici partiturası” Fransaya məxsusdur. Afrikada mahnısı oxunmuş, qatarı yola salınmış Paris Ermənistanın simasında Qafqazda yeni koloniyalar axtarışındadır.

Qafqaz Afrika deyil, Makron!

İntəhası, qara qitədən fərqli olaraq, bizim bölgəmizdə Fransanın oyun meydançası tanınmayacaq. Çünki Cənubi Qafqazda artıq bunu Emmanuel Makronun üzünə açıq şəkildə bəyan etməkdən çəkinməyən güc var.                         

Dünən Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransın iştirakçılarına müraciətində ölkəmizin QH-ya sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırdığını bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kolonializmin qadınların hüquqlarına mənfi təsir göstərdiyini xüsusi olaraq vurğulayıb : “Biz bəzi ölkələrin, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik”.  Bəli, Afrikadan qovulmuş Fransa hazırda Ermənistanı silahlandırmaqla neokolonializmin “Qafqaz variantını” sınaqdan çıxarmağa girişib. Görünür, İrəvan hələlik bunun fərqində  deyil.                                                                                           

Ermənistan 29,8 min kvadrat kilometrlik bütün ərazisini cəbbəxanaya döndərsə belə, Azərbaycanla hərbi müstəvidə heç nəyə nail ola bilməyəcək. Rəsmi İrəvanın özünün etiraf etdiyi kimi, Azərbaycanın hərbi büdcəsi onların sahəyə ayırdıqları vəsaitdən üç dəfə çoxdur. Heç kəsə gizli deyil ki, Azərbaycan öz ordusu üçün dünyanın qabaqcıl ölkələrindən ən müasir, NATO standartlarına uyğun texnika və silah-sursat alır. Ermənistanın gücü isə Fransanın Ukraynadan geri qaytarılan, orada bir işə yaramayan, avtomat silahın gülləsinin dəlib keçdiyi “zirehli transportyorları”, bir də Hindistanın yöndəmsiz və geridə qalmış özüyeriyən qaubitsalarını almağa çatır. Çanağın öz başlarında çatlayacağının fərqinə varmayan Paşinyan hərəsi bir tanka bərabər Azərbaycan xüsusi təyinatlılarının, komandolarının qarşısına bu silahlarlamı çıxmağa hazırlaşır?    

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Fərhad MƏMMƏDOV, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq:

Ermənistanın dörd ölkə ilə quru sərhədi var, Türkiyə və Azərbaycanla sərhədlər bağlı olduğu üçün geriyə İran və Gürcüstan qalır. Hindistandan alınan silahların, hərbi texnikanın İran, Fransa və digər Avropa ölkələrindən göndərilənlərin isə Gürcüstan üzərindən daşınması müzakirə edilirdi. Daşınan silah və hərbi texnika mütləq şəkildə reqlamentləşdirilməlidir. Yəni Ermənistan ilə Fransa arasında müvafiq saziş olmalı və bu, eyni zamanda rəsmi Tiflisə də təqdim edilməlidir. Prosesin həyata keçirilməsi üçün isə Gürcüstan Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. O ki qaldı Azərbaycanla münasibətlərə, fikrimcə, bu məsələ ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcək. Xarici İşlər Nazirliyinin də sözügedən faktla bağlı verdiyi rəsmi açıqlamada Gürcüstanın adı çəkilmir.

Rəsmi Tbilisi 44 günlük müharibə dövründə hər iki tərəfə öz ərazisindən silah daşınmasına icazə verməyəcəyini bəyan etmişdi. Bu da anlaşılan idi. Doğrudur, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasa da, aktiv hərbi əməliyyatlar getmədiyi üçün daşınmaya sülh dövründə həyata keçirilən saziş şərti kimi baxılır. Digər tərəfdən indiki məqamda Azərbaycan Gürcüstanı Ermənistanla danışıqlar üçün ən məqbul məkan hesab edir. Bütün sadaladıqlarımızın fonunda, əlbəttə, rəsmi İrəvanın silahlanması qəbuledilməzdir. Amma aktiv müharibə fazasında olmadığımız üçün hələlik bunun qarşısını almaq çox çətindir.

 

Asif NƏRİMANLI, siyasi şərhçi:

Fransanın Ermənistanı silahlandırması ermənilərin müdafiəsinə yox, Cənubi Qafqazdakı maraqlarını təmin etməyə hesablanıb. Hazırda rəsmi Paris Ermənistana müdafiə xarakterli silahlar verir, hücum silahlarını isə Hindistan üzərindən təmin edir. Bu silahlandırmanın konkret hədəfləri var. Qərb cəbhəsi Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir və bunu Ermənistan üzərindən edir. Rəsmi İrəvana böyük vədlər verilib və belə görünür ki, ermənilər 100 il öncə Osmanlıya qarşı etdikləri xəyanəti bu gün Rusiyaya qarşı edirlər. Moskva bunu bağışlamayacaq, artıq iqtisadi müstəvidə müəyyən addımlar atılır. Prosesin inkişafında Kreml həm siyasi, həm iqtisadi təzyiqləri artıracaq. O baxımdan, Ermənistanın silahlandırılmasının, ilk növbədə, bu ölkənin özünə qarşı mənfi fəsadları olacaq.

Bununla yanaşı, silahlanan Ermənistanın Azərbaycana qarşı təxribata sövq ediləcəyi də istisna deyil. İrəvana KTMT-dən çıxmaq, Rusiyadan uzaqlaşmaq üçün bəhanə lazımdır. Sərhəddə təxribat törətməklə yeni esakalasiya yarada, daha sonra Rusiyanın və KTMT-nin müdafiə öhdəliklərini yerinə yetirmədiyini irəli sürə bilər. Bu ssenaridə də Ermənistanı ağır zərbələr gözləyir. Çünki Azərbaycana qarşı istənilən təıxribata cavab ağır olacaq. Ordumuzun potensialı, eləcə də sərhəd boyu ərazilərdə strateji mövqelərin bizim nəzarətimizdə olması mümkün təxribatların qarşısını almağa və adekvat cavab verməyə tam imkan verir. Ermənistan belə təxribatlar zamanı həmişə ağır itkilər verib, növbəti cəhdində eyni aqibətlə üzləşəcək.

Proseslər göstərir ki, İrəvandan bölgədə plasdarm kimi istifadə etmək niyyətindədirlər. Bu isə Ermənistanın mövcudluğunu sual altına salır.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI