USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Klaarsayağı ermənipərəstlik

​​​​​​​Aİ-nin xüsusi nümayəndəsi İrəvanın silahlanmasına mütərəqqi don geydirməklə məşğuldur


https://img.baki-baku.az/news/2023/11/photo_9755.png

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın erməni mediasına müsahibəsində səsləndirdiyi fikirlər onu göstərir ki, kollektiv Qərbin məqsədi Ermənistana avantürist planlarının reallaşmasında dəstək verməkdən ibarətdir. O bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması nəticəsində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolunun ölkənin özü tərəfindən idarə olunması tamamilə məntiqidir. Ən əsası isə T.Klaar baş nazir Nikol Paşinyan administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasının mümkün variantı kimi təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinə toxunub. O, Qarabağın erməni əhalisinin yaşayış yerlərinə qayıtmalarını da sülh müqaviləsinin tərkib hissəsi kimi gördüyünü açıqlayıb.

***

Bəli, cənab Klaar birbaşa İrəvanın maraqları üzərində dayanır və bu maraqları sülh müqaviləsinə gətirmək kimi yaramazlığa əl atır. Görünən budur ki, kollektiv Qərb Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda təhlükəsizliyi İrəvanın təmin etməli olduğunun tərəfdarıdır. Hər halda Azərbaycanın məsələnin belə bir qoyuluşu ilə razılaşmadığı və razılaşmayacağı aşkardır. Ölkəmiz mövcud xüsusda 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatda əksini tapanların icrasını vacib sayır. O bəyanatda ki, orada Ermənistanın baş nazirinin də imzası var və həmin imza təhlükəsizlik üzrə başlıca təminatın Rusiya Federal Təhlükəsizlik Xidməti olduğunu təsdiqləyir. İrəvan isə hazırda bunu inkar yolu tutmaqdadır.

Məsələ həm də ondadır ki, Bakı İrəvanın təhlükəsizlik təminatına etibar etmir və etibar etməməkdə haqlıdır. Buna görə Ermənistan şərtlərlə razılaşmayacağı təqdirdə, ölkəmiz Naxçıvana gedən yolun İrandan keçməsi təklifini irəli sürür. Qərb də istəyir ki, yolda təhlükəsizliyi Ermənistan özü təmin etsin, eyni zamanda, Azərbaycanın İran üzərindən marşrut variantı həllini tapmasın. Mövcud məqamı ötən həftə ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Ceym O’Brayn da vurğuladı. Azərbaycanın Xarici İşlər Nazirliyinin Vaşinqtondan səslənmiş məsələyə sərt münasibəti ortadadır. Qurum ABŞ-ın ölkəmizin daxili işinə qarışmasının yolverilməzliyini açıqlayıb. Yeri gəlmişkən, O’Braynın dominant tonlu yanaşmasına İrandan da sərt reaksiya gəlib. T.Klaarın fikirləri isə amerikalı diplomatın söylədiklərinin bir qədər mədəni üslubdakı təkrarından başqa bir şey deyil. Yəni ki, qəbuledilməzdir.

***

Qarabağ ermənilərinə gəlincə, onların bölgəyə geri dönmələrinin təmin olunması məsələsinə toxunan avropalı diplomatın fikrincə, prosesin reallaşması üçün, kifayət qədər, təhlükəsizlik hissi və bu hissi təmin edən şərait yaradılmalıdır. Cənab Klaar “təhlükəsizlik hissi və təhlükəsizliyi təmin edən şərait” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, əslində belə bir deyimin gündəmə gəlməsi əvvəlki mətləblərin yada salınmasıdır. Biz da xatırlayaq.

Məlum olduğu kimi, Aİ Şurasının Prezidenti Şarl Mişel bir müddət əvvəl demişdi ki, Qarabağa BMT sülhməramlıları yeridilməli və onlar Qarabağ əhalisinin təhlükəsizlik təminatı funksiyasını yerinə yetirməlidirlər. Problemin belə qoyuluşu isə Azərbaycana, qətiyyən, sərf edə bilməz. Çünki Qərbin təklif etdiyi əslində Ermənistanın Qarabağ iddiasının davamına hesablanıb. Mövcud hesablamada ölkəmizin suverenliyi və konstitusyon əsasda verdiyi təminatlar heçə sayılır, Qarabağ erməniləri ayrıca təbəqə statusunda vurğulanır.  Əslində qərəzli yanaşma da elə budur.

Göründüyü kimi, Aİ haqqında söz açdığımız məsələni qabardaraq, onları şərt kimi irəli sürür. Niyyətini pərdələmək üçün Klaarın şəxsində bildirir ki, hər şey Ermənistan və Azərbaycanın son nəticədə necə qərar verəcəyindən, müqavilənin mətnini hansı formada tərtib edəcəyindən asılıdır. Elə isə sual yaranır: Nəyə görə, Azərbaycan və Ermənistan özləri tam müstəqil şəkildə bir masa ətrafında əyləşməsinlər? Azərbaycan buna razıdır və dəfələrlə də mövqeyini bəyan edib. Cavab sadədir. Ona görə əyləşməsinlər ki, Qərb Ermənistanın üzərindən öz əlini çəkməkdən, ona Cənubi Qafqazla bağlı qlobal planlarını diktə etməkdən vaz keçmək niyyətindən uzaqdır.  

***

T.Klaar müsahibəsində yekun sülh sazişinin imzalanması və ondan sonra gələcək şərtlərin yerinə yetirilməsinin vacibliyindən, mövcud xüsusda kommunikasiyaların açılmasından, sərhədlərin demarkasiyasından, sərhəd boyunca qüvvələr arasında məsafəni təmin etməkdən, sakinlərə real təhlükəsizlik hissini aşılamaqda, qarşılıqlı şəkildə Azərbaycanda və Ermənistanda səfirliklərin açılmasından, ölkələrin birbaşa hava əlaqəsinin təminatından söz açır. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Nəyə görə belə deyir, şübhə yaradırıq? O səbəbdən ki, Aİ-nin kiminsə tərəfində olmaq məcburiyyətində qalmadığını deyən Klaar Prezident İlham Əliyevin bu il oktyabrın 5-də Qranada sammitində iştirakdan imtina qərarını yada salır və sanki məyusluğunu ifadə edir. O sammitdə ki, orada Aİ, ümumilikdə kollektiv Qərb aşkar ermənipərəst mövqe tutdu.

Qərbin ermənipərəst mövqeyində isə Cənubi Qafqazla bağlı problemlərin bölgə müstəvisində həllinin vacibliyindən uzaqlıq məntiqi əsasdır. Buna görə də T.Klaar müsahibəsində bildirir ki, sülh müqaviləsi, nizamlanma prosesi “3+3” regional platformasında həllini tapa bilməz.

Əlbəttə, sözügedən platforma birbaşa sülh platforması kimi qiymətləndirilmir. Əslində bunu təşəbbüsün tərəfdarları da vurğulayırlar. Ancaq başlıca məsələ budur ki, “3+3” regiona bağlı əməkdaşlıq müstəvisidir və mövcud platformadakı məsələlərin həlli, eyni zamanda sülh üçün də etibarlı təminatdır, nəinki uzaq Avropadan, ümumən Qərbdən irəli sürülmüş hansısa ideya.

***

Maraqlıdır ki, Bakı-İrəvan nizamlanma prosesində ciddi irəliləyişə maneçilik törədəcək səbəblərin olmadığını, müzakirə üçün masa üzərində çox az məsələlərin qaldığını və onların dəfələrlə qarşılıqlı diskussiya predmetinə çevrildiyini vurğulayan T.Klaar anlamaq istəmir ki, hazırda Ermənistanın sürətli silahlanmaya üstünlük verməsi mənfi təəssürat yaradır, ona  etimadı azaldır. Əvəzində bildirir ki, hər bir ölkənin silahlanması onun daxili işidir. “Avropa Sülh Fondu çərçivəsində Ermənistana dəstək məsələsinə gəlincə, bizim nöqteyi-nəzərimizdən burada söhbət Ermənistanın özünü həssas hesab etdiyi bəzi sahələrdə ona potensial dəstəyin göstərilməsindən gedir. Məsələn, onlardan biri kimi kibertəhlükəsizlik qeyd olunub”.

Bəli, T.Klaar vurğulayır ki, Ermənistanın silahlanması ölkənin suverenliyinin möhkəmləndirilməsi məqsədi ilə edilir. Bu isə guya, təkcə İrəvana deyil, həm də onun qonşularına və geniş beynəlxalq ictimaiyyətə faydalıdır. “Biz Avropa İttifaqı üçün yaxşı tərəfdaş və qonşuları, o cümlədən Azərbaycan üçün də eyni dərəcədə yaxşı tərəfdaş olacaq güclü, özünə güvənən Ermənistana sahib olmaq istəyirik”, - deyən T.Klaarın məzələnmək üçün başqa nələrdən söz açmasını vurğulamağa ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır. Görünür, avropalı ali rütbəli diplomat özünü İrəvanın hər cür oyunbazlığına haqq qazandırmaq kimi həyasızlığa kökləyib. Başqa nə deyəsən?

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV