USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycana hüquqi təzyiq cəhdi alınmayacaq

​​​​​​​Beynəlxalq Ədalət Məhkəməsindən erməni yalanlarına hansı dəstək olub?


https://img.baki-baku.az/news/2023/11/photo_9721.jpg?v=MjAyMy0xMS0yMCAwOTozNjo0MQ==

Beynəlxalq Ədalət Məhkəməsi də belə demək mümkünsə, erməniləri müdafiə trendinə qoşuldu. Əslində, bunu gözləmək olardı. Çünki birincisi, qurumun əvvəllər də belə bir “təcrübəsi” olub. İkincisi isə hazırda sözügedən “trend” aktual olduğundan, BƏM ümumi axına qarşı üzəcək deyildi. Əlqərəz, söhbət qurumun Ermənistanın Azərbaycana qarşı işində müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarından gedir.

***

Bəli, BMT-nin ali məhkəmə instansiyasının əvvəllər də Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma yönələn hüquqi yanaşması olub. Söhbət Laçın yolu ilə bağlı qərardan gedir. Məhkəmə yolun açıq saxlanmasının vacibliyini vurğulamışdı. Burada mühüm məqam ondan ibarətdir ki, Ermənistan və havadarları “Laçın dəhlizi” məntiqinə köklənir, onun ayrıca statusunun olduğunu vurğulayırdılar.  Təbii ki, mövcud xüsusda BƏM-in ötən il çıxardığı məcburiyyət qərarını sıradan məsələ saymaq olmazdı.

Əlbəttə, 44 günlük müharibədən sonra Laçın yolu açıq olmuşdu. Ancaq Ermənistan bundan sui-istifadə etmiş, Qarabağa hərbi texnika, silah-sursat, o cümlədən yüzlərlə azərbaycanlının ölümünə səbəb olmuş mina və digər partlayıcı vasitələr daşımışdı. Nəticədə Azərbaycan hakimiyyəti yolun ancaq humanitar məqsədlər üçün istifadəsi məntiqini irəli sürmüş və mövcud istiqamətdə addımlar atmışdı. BƏM-in məlum qərarı da məhz həmin tədbirlərlə bağlı Ermənistanın şikayəti sonrası çıxarılmışdı. Ölkəmiz isə Laçın yolunun humanitar məqsədlər üçün açıqlığı kazusunu əsas tutaraq, BƏM-in qərarını icra etdiyini önə çəkmişdi. Beynəlxalq hüquq nöqteyi-nəzərdən də bu, düzgün yanaşmadır.

Başlıca məqam isə ümumən Laçın yolu ilə bağlı məsələnin BƏM-in qərarına düşməsidir. Özü də söhbət məhz “Laçın dəhlizi” şəklində düşmədən gedir. Ermənistan bunu dividend kimi görür. Avantürist niyyətlərə köklənmiş erməni iqtidarı hesab edir ki, məsələ gələcək mübahisələndirmələr üçün hüquqi zəmindir. Rəsmi İrəvan BƏM-in indiki qərarına da daha çox perspektiv “fayda” kimi baxır.

***

Beləliklə, BMT məhkəməsinin qərarında bildirilir ki, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda dönüşünü təmin etməlidir. Görəsən, dönmək istəyən varmı? Əlbəttə, yoxdur. Əgər istəsəydilər, bölgədən çıxmazdılar. Bəs, İrəvan niyə beynəlxalq məhkəməyə üz tutub? Birincisi, qərardan belə çıxır ki, ermənilər bölgəyə qayıtmasalar, bu, Azərbaycanın məsələyə etinasız yanaşması kimi qiymətləndiriləcək.

Nəzərə alaq ki, hazırda Ermənistan və havadarları Qarabağ ermənilərinin yaşam təhlükəsizliyinə və hüquqlarına dair beynəlxalq mexanizmlər iddiasını ortaya atıblar. Halbuki, yanaşma Azərbaycanın suveren hüquqlarına zidd təmayüldür. Ölkəmiz bununla razılaşmayacağı təqdirdə, məsələ həm də Bakının BƏM-in qərarına məhəl qoymaması kimi qiymətləndiriləcək. Əlbəttə, bu daha çox qiymətləndirmə yox, İrəvan üçün manipulyasiya xarakteri daşıyacaq.

İkincisi, “Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda dönüşü” fikrində kollektivlik var. Ermənistanın təbliğat maşını durmadan həmin ermənilərin doğma vətən həsrəti çəkdiklərinə dair hekayələr uydurur. Yəni, beynəlxalq ictimai rəydə, bir növ, Qarabağ nisgili yaradılır. BƏM-in qərarındakı məqam isə ona hesablanıb ki, nə zamansa bölgəyə qayıdış üçün kollektvilik amili əsas götürülsün. Yəni, Ermənistan güclənəcək, Azərbaycana hücum çəkəcək və “qarabağlıların” öz yurdlarına qayıtmalarında hüquqi istinadgah olacaq.

Göründüyü kimi, ilk baxışdan adi sayıla biləcək məsələdə məkrli niyyət var. Nəzərə alınmır ki, ölkəmiz onsuz da Qarabağ ermənilərinin rahat və təhlükəsiz yaşamları üçün təminat verərkən, məsələnin Azərbaycan yurisdiksiyasına uyğun şəkildə reallaşdırılmasının vacibliyini önə çəkir. Ermənistan isə bilavasitə olmasa da, Qarabağ erməniləri üzərindən bölgəyə status qazandırılması kimi avantürist niyyəti güdür. Bu baxımdan, BƏM-in hazırkı qərarı da tutacaq yeri kimi qiymətləndirilə bilər. Bir daha bildirək ki, güclü tərəf məsələni istədiyi formada interpretasiya etmək imkanına malikdir. Hazırda güclü tərəf Azərbaycandır.

***

Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, Azərbaycan 19 sentyabr 2023-cü il tarixindən sonra hələ də Qarabağda olan və getmək istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda bölgəni tərk etmələrinin təminatına borclu sayılır. Göründüyü kimi, məsələyə “kompleks” yanaşma ifadə olunmaqdadır. Guya ki, insan amilini nəzərə alınıb. Yəni, “Qarabağa gəlmək varkən, oradan getmək də olmalıdır” məntiqi əsas götürülür. Belədə ortaya sual çıxır: İndiyədək BƏM hansısa ölkənin suveren ərazinə gəlmək və getməklə bağlı həmin ölkəyə münasibətdə ayrıca məsuliyyət müəyyənləşdiribmi? Əlbəttə ki, belə absurd şeyi məhkəmə qərarına daxil etmək heç kəsin ağlına gəlməz. Bəli, bütün absurdizm məhz erməni avantüraları naminədir. Əslində, bu, nəinki BMT-nin, ümumən dünyanın hüquq sistemi adına çox böyük rəzalətdir.

***

BƏM-in qərarında, eyni zamanda, vurğulanır ki, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya geri qayıdan şəxslərə güc tətbiq etməkdən və hədə-qorxu gəlməkdən çəkinməlidir. Bütün dünya Qarabağı tərk edən ermənilərin hansı böyük qayğı ilə yola salındığının şahidi oldu. Üstəlik, Ermənistanın bəzi media orqanlarında yayılmış görüntülərdə onların özləri də ölkəmizin müxtəlif qurumların təmsilçilərinin bölgədə qalıb yaşamaqla bağlı çağırış etdiklərini bildirirlər. Yəni, məhkəmənin qərarına belə bir müddəanın daxil edilməsinə nə hacət? Amma “ehtiyac” var. Bu müddəanın mövcudluğu düşünməyə əsas verir ki, guya Azərbaycan hədə-qorxu gəlirmiş və buna görə məhkəmə qərar çıxararaq vandallığı dayandırmaq məcburiyyətini təsbiq edib.

Ermənistan hakimiyyəti gələcəkdə iddia edə bilər ki, əgər BƏM-in mövqeyi olmasaydı, Qarabağda soyqırımı reallaşdırıla bilərdi. Hərçənd, avantüristlərin beyni o qədər qızıb ki, onlar daha çox Azərbaycanın məhkəmə qərarlarına icra etmədiyi məntiqi ilə manipulyasiyanı üstün tuturlar. Ötən müddət göstərir ki, onların bu sayaq yanaşmaları yekunda özləri leyihə olan istənilən prosesi də nəticəsizliyə məhkum edir. Hələ bir çox hallarda erməni iqtidarı və siyasi dairələri beynəlxalq strukturları fəaliyyətsizlikdə də günahlandırırlar.

***

Daha bir məqama diqqət yetirək. BƏM Azərbaycanı İnsan Hüquqları üzrə Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərinin bir hissəsi olaraq qeydiyyat, şəxsiyyət və şəxsi mülkiyyət sənədlərini, habelə qeydiyyat kitablarını saxlamağa və mühafizə etməyə, onları özünün inzibati və qanunvericilik təcrübəsi üçün əsas kimi qəbul etməyə mükəlləf edir. İlk baxışdan, burada da hər hansı xüsusi məqam yoxdur. Ölkəmiz onsuz da Xankəndində, eləcə də Qarabağ İqtisadi Rayonunun digər hissələrində yaşamış ermənilər barədəki, eləcə də onların hansısa mülkiyyətə bağlılığını təsdiqləyən sənədləri saxlayacaq ki, mövcud əsasda işlər görsün. Daha doğrusu, həmin sənədlərin özünün bölgə ilə bağlı yurisdiksiyasında yer almasını təmin etmək, mövcud istiqamətdə səliqə-sahman yaratmaq başlıca şərtdir. Ancaq başqa məqam da var. Hazırda BMT-nin məsələyə dair öhdəlik müəyyənləşdirməsi Azərbaycan qarşısında separatçı rejimdəki sənədləri saxlamaq məcburiyyətini də qoyur. Bu isə həmin rejimin leqallaşdırılmasına dəstək məqsədinə hesablanıb.

Əslində, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarında Azərbaycana qarşı öhdəlik kimi nəzərdə tutulan müddəaların hamısı mübahisəyə açıqdır. Konkret haqqında söz açdığımız sonuncu məsələyə gəlincə, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Burada hansısa saxta quruluş sənəd tərtib edibsə, kimlər üçünsə mülkiyyət hüququ müəyyənləşdiribsə, kimlərəsə vətəndaşlıq veribsə, deməli qanunsuzluq var. Qanunsuzluq isə indiki halda həm də beynəlxalq hüququn pozulması deməkdir. Acınacaqlı hal budur ki, BƏM-də öz yanaşmasındakı bəzi stereotiplərlə bu məqamı deyil, erməni separatizmi və avantürizmi üçün hansısa izlər saxlamağın qayğısına qalır.

Sonda onu da deyək ki, Avropanın, ümumilikdə dünyanın siyasi sistemi kimi, hüquq sisteminin də erməni avantürizminin əsirinə çevrilməsi ilə bağlı təsəvvür möhkəmlənməkdədir. Hesab edirik ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarındakı müəyyən motivlər də məhz bunun nəticəsidir. Əlbəttə, mübahisələndirilməyə hər zaman açıq olan, qatı siyasi mahiyyət daşıyan belə qərarlar Azərbaycanı tutduğu ədalətli yoldan döndərmək iqtidarında deyil.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Əvəz RÜSTƏMOV