USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ–Avropa münasibətləri: Vassallıq getdikcə dərinləşir

Vaşinqtondan hərtərəfli asılı ölkələr Azərbaycanın müstəqil xarisi siyasət yürütməsini qəbul edə bilmirlər


https://img.baki-baku.az/news/2023/11/photo_9706.jpg

Avropa və ABŞ arasında əlaqələr uzun tarixə malikdir. İkinci Dünya müharibəsinin başa çatmasınadək münasibətlər bərabərhüquqlu əsasda idi. Müharibədən sonra isə fərqli durum yaşandı. Çünki savaş Avropaya böyük fəlakətlər gətirmişdi. Şəhərlər və kəndlər dağılmış, iqtisadiyyat məhv edilmiş, milyonlarla insan həyatını itirmişdi. ABŞ isə dünyanın 57 ölkəsinin cəlb olunduğu müharibədə tək-tük ölkələrdən idi ki, ərazisində hansısa döyüş əməliyyatları aparılmamışdı. Birləşmiş Ştatların insan itkisi də xeyli az idi. Müqayisə üçün deyək ki, yapon işğalına məruz qalmış Çin 35 milyon, SSRİ 26,6 milyon, Almaniya və onun Avropadakı müttəfiqləri müxtəlif hesablamalara görə, 8-13 milyon, Polşa 6 milyon itki vermişdi. 1941-ci il dekabrın 7-də Havay adalarının Honolulu şəhərindəki Pörl-Harbor limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına Yaponiya aviasiyasının qəfil hücumu ilə müharibəyə qoşulan ABŞ-ın dörd ilə yaxın dövrdə insan itkisi cəmi 405 399 nəfər təşkil etmişdi. Nəticə etibarilə ölkə Birinci Dünya müharibəsində olduğu kimi, İkinci cahan savaşından da qalib ayrılmışdı. Nəinki qalib ayrılmış, iqtisadiyyatı güclənmişdi. Bəli, müharibə Vaşinqtonun Avropa üzərində hegemonluğa başlaması üçün münbit şərait yaratdı. Zəifləmiş qitə ölkələri ABŞ-dan asılı vəziyyətə düşdülər.

Həmin vaxt “qoca qitə”nin şərq hissəsi sabiq SSRİ-nin təsiri altına düşdü. Sovet İttifaqı 1944-cü ilin əvvəlindən başlayaraq, alman işğalından azad etdiyi ölkələrdə kommunist rejimləri qururdu. ABŞ isə anti-Hitler koalisiyası üzrə əsas müttəfiqlər olan Böyük Britaniya və Fransa ilə birgə özünə loyal rejimlər yaratmaqda idi.

Müharibədən sonra – 1947-ci ildə Birləşmiş Ştatların dövlət katibi Corc Marşall tərəfindən rəsmi adı “Avropanın bərpası proqramı” olan, lakin daha çox “Marşall planı” kimi məşhurlaşmış proqram irəli sürüldü. Xarabazara çevrilmiş Avropaya xarici yardım göstərməyi nəzərdə tutan plan 1948-ci il aprelin 3-də qüvvəyə mindi. “Marşall planı” çərçivəsində ayırmaların ümumi məbləği 13 milyard dollar oldu. Yeri gəlmişkən, qeyd edək ki, 2015-ci ildə dərc olunmuş bir araşdırmada həmin 13 milyard dolların hazırda 150 milyard dollar ekvivalentində olduğu qeyd olunmuşdu. Planın həyata keçirilməsində 18 Avropa ölkəsi iştirak etsə də, əsas benefisiarlar Böyük Britaniya (26 faiz), Fransa (18 faiz) və Qərbi Almaniya (11 faiz) idi.

Nəticə etibarilə, “Marşall planı” Vaşinqtona öz iradəsini Avropaya diktə etmək imkanı yaratdı. Plan cəmi dörd ilə yaxın (1951-ci ilin dekabrınadək) qüvvədə oldu. Ancaq Avropanın ABŞ-dan həmin planla əsası qoyulan asılılığı bu günə qədər davam edir.

***

Avropa İttifaqı, onun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell, Avropa Parlamenti və qitənin digər qurumları Azərbaycanın sentyabrın 19-20-də Qarabağın bütün ərazisində dövlət suverenliyini bərpa etmək məqsədilə reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri səbəbindən, ölkəmizə əsassız hücumlar etməkdədirlər. Bu yerdə haşiyə çıxaq ki, həmin Avropa İttifaqının əsası da məhz “Marşall planı” ilə qoyulub. Onu da nəzərə alaq ki, planın əsas məqsədlərindən biri Avropanı “birləşdirmək” idi. Yəni, həm Avropanın özündə, həm də Avropa ilə ABŞ arasında bütün valyuta və gömrük maneələrinin aradan qaldırılması, xüsusən də Rur kömür mədənlərinin və Lotaringiya dəmir filizinin birləşdirlməsi, vahid Avropa bazarının yaradılması nəzərdə tutulurdu. 1950-ci ilin mayında bu plan konkret formada – Avropa Kömür və Polad Birliyi şəklində təcəssüm olundu. 1951-ci il aprelin 18-də Parisdə Fransa, Almaniya Federativ Respublikası, İtaliya, Belçika, Niderland və Lüksemburqun kömür, dəmir filizi və metallurgiya sənayesini birləşdirən və Qərbi Avropada gələcək iqtisadi inteqrasiyanın əsasını qoyan beynəlxalq təşkilat yaradılmasına dair müqavilə imzalanmışdı ki, bu sənəd 1952-ci il iyulun 25-də qüvvəyə minmişdi. Avropa Kömür və Polad Birliyi son nəticədə Avropa Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası və Avropa İttifaqı Məhkəməsinin formalaşması üçün əsas olmuşdu. Beləliklə, Avropa İttifaqının da yaradılmasının əsası ABŞ tərəfindən qoyulub. Deməli, hazırda ölkəmizə Birləşmiş Ştatlar və Aİ tərəfindən edilən hücumlardakı sinxronluqda bir tarixi qanunauyğunluq var. Loru dildə desək, pulu kim verirsə, musiqini sifariş edən də odur.

Yeri gəlmişkən, Avropanın aparıcı ekspertləri və siyasətçiləri Aİ-nin ABŞ-dan vassal asılılığından getdikcə daha açıq formada danışırlar. Bu ilin aprelində Avropa Xarici Əlaqələr Şurası (ingiliscə abbreviaturası ECFR) transatlantik münasibətlərin vassal xarakter daşıdığını göstərən hesabat dərc edib. Hesabatın müəllifləri, ECFR-in tədqiqat direktoru Ceremi Şapiro və alman politoloqu Yana Puqlirin Avropanın siyasi dairələrində transatlantik münasibətlərə olan reaksiyaları toplayıb. Onlar  “The Brussels Times”a müsahibədə bu reaksiyalardan danışıblar.

Şapironun sözlərinə görə, bir çox avropalı siyasətçilər şəxsi söhbətlərdə hesabatın əsas müddəaları ilə razılaşdıqlarını bildiriblər, baxmayaraq ki, onlar “vassallaşma” sözünün özünü çox sərt hesab edərək ondan istifadə etməməyə üstünlük verirlər. “Sanki deyirdilər ki, “haqlısan, sadəcə, bu barədə belə danışma”, - deyən Şapiro qeyd edib ki, Avropa o qədər vassallaşıb ki, bunu etiraf da edə bilmir. Onun sözlərinə görə, bu çox dəhşətli haldır.

Şapiro və Puqlirin öz hesabatlarında Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Aİ ilə ABŞ arasında münasibətlərin daha sürətlə vassal münasibətlərinə çevrilməyə başladığını vurğulayır və bunun əsas səbəblərindən ikisinin önə çəkirlər. Birincisi, avropalıların xarici siyasət strategiyası ilə bağlı əsas məsələlərdə öz aralarında razılığa gələ bilməməsidir: “Onlar əvvəllər də buna nail ola bilmirdilər. Lakin indi vahid strategiya təcili ehtiyaca çevrilib və buna görə də tamamilə ABŞ rəhbərliyinə arxalanmalı məcburiyyətində qalıblar. Avropa ölkələri nə edəcəkləri ilə bağlı razılığa gələ bilmir və kompromis əldə etmək üçün bir-birlərinə kifayət qədər güvənmirlər. Amerika rəhbərliyi Avropada lazımdır, çünki avropalılar özlərini idarə etməkdə aciz qalıblar”.

Ekspertlərin fikrincə, mövcud durumun ən bariz nümunəsi Polşa-Almaniya ziddiyyətləridir ki, Berlin Ukraynaya hərbi yardım üçün milyardlarla vəsait xərcləməyə başlayandan sonra da bu ziddiyyətlər aradan qalxmayıb: “Hətta Polşa ərazisində Kiyevə tədarük edilən alman tankları üçün servis mərkəzinin açılması ilə bağlı Berlin və Varşava böyük çətinliklə razılaşa bildilər. Daha böyük məsələlər haqqında heç nə danışmadılar. Polşa-Almaniya nümunəsi isə yeganə nümunə olmaqdan uzaqdır. Almaniya hətta Aİ-dəki ən yaxın tərəfdaşı Fransa ilə də xarici və müdafiə siyasətinə vahid yanaşma formalaşdıra bilməyib. Baxmayaraq ki, Berlin və Paris son on ildə çoxlu belə cəhdlər ediblər”.

ECFR ekspertləri qeyd ediblər ki, Aİ-nin vassallaşmasının ikinci səbəbi Avropanın ABŞ-dan iqtisadi cəhətdən geridə qalmasıdır: “2008-ci ildə Aİ iqtisadiyyatı Amerika iqtisadiyyatından bir qədər böyük idi: 16,2 trilyon dollara qarşı, 14,7 trilyon dollar. 2022-ci ilə qədər ABŞ iqtisadiyyatı 25 trilyon dollara, Aİ və Böyük Britaniya iqtisadiyyatı isə cəmi 19,8 trilyon dollara qədər böyüyüb”, – deyə hesabat müəllifləri qeyd edirlər. Hesabatda daha sonra bildirilir: “Böyük Britaniyanı nəzərə almasaq, o zaman deməliyik ki, Aİ iqtisadiyyatı hazırda Amerika iqtisadiyyatının üçdə biri boydadır və bu tendensiya daha da güclənir. Heç vaxt siyasiləşməyən, lakin buna baxmayaraq, Aİ-nin etiraf edilmiş iqtisadi lideri olan Almaniya sənayə potensialını itirir, alman iqtisadiyyatından investisiyalar xaricə gedir”.

Bildirilir ki, Aİ texnoloji inkişaf və hərbi gücünə görə də ABŞ-dan xeyli geri qalır, avro isə beynəlxalq valyuta əməliyyatlarında istifadə baxımından dollara yenilir: “Ona görə ki, böhranlı vəziyyətdə avropalıların nəinki siyasi iradəsi, hətta öz xəttini tutmaq üçün resursları da yox idi. Amerikalılar Aİ-nin zəifliyini hiss edərək, onun maraqlarını nəzərə almağı dayandırdılar. Hətta qoşunların Əfqanıstandan çıxarılması zamanı Bayden administrasiyası avropalı müttəfiqlərini sadəcə olaraq, fakt qarşısında qoydu və bu günə qədər də bunu davam etdirir. Bayden ən yaxşı halda postfaktum öz hərəkətlərini avropalılara nəzakətlə izah edir və bəzi simvolik güzəştlər boyun olur. Eyni şey Aİ-nin sənayesizləşdirilməsini sürətləndirən Amerika anti-inflyasiya aktı məsələsində də baş verdi – heç kim bunu avropalılarla müzakirə də etmədi”.

ECFR ekspertlərinin proqnozuna görə, bundan sonra Aİ-dən Çinlə iqtisadi mübarizədə tam iştirak etmək tələb olunacaq. “Vaşinqtonun bu mübarizədə Aİ-yə verdiyi əsas vəzifə Amerika sənayəsini dəstəkləmək və ABŞ-ın Çin üzərində texnoloji üstünlüyünü təşviq etməkdir. Görünür, avropalılar, hətta öz iqtisadiyyatlarını qurban vermək bahasına olsa belə, bununla razılaşacaqlar. Bir çox Vaşinqton rəsmiləri müxtəlif müsahibələrdə avropalıların qışqıra və şikayət edə biləcəkləri fikrini ifadə ediblər, lakin “qoca qitə”nin təhlükəsizlik baxımından ABŞ-dan artan asılılığı onların Amerikanın qlobal təhlükəsizlik siyasətinin bir hissəsi kimi formalaşdırılan Çinə qarşı iqtisadi siyasəti qəbul edəcəkləri deməkdir. Vassallaşmanın mahiyyəti budur”, – deyə Şapiro və Puqlirin yazır.

Beləliklə, aydın olur ki, Qərbi Avropa ölkələri hazırda ABŞ-ın vassalına, marionet ölkələrə çevriliblər. Onlar nəinki müstəqil xarici siyasət yürüdə bilmir, hətta iqtisadi baxımdan da İkinci Dünya müharibəsindən sonra olduğu kimi, Vaşinqtondan asılı vəziyyətə düşüblər. Bu mənada belə ölkələrin rəsmi şəxslərinin Azərbaycanla bağlı hədyanlar yağdırmaları bizi öz yolumuzdan döndərə bilməz. Onlardan fərqli olaraq, tam müstəqil xarici siyasət yürüdən Azərbaycan güclənməkdə və milli maraqlarını uğurla müdafiə etməkdə davam edir.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Zaur MƏMMƏDOV, politoloq

– Qərbi Avropa ölkələri uzun müddətdir ki, birqütblü dünyanın ABŞ tərəfindən idarə olunması üçün köməkçi rol oynayırlar. Əslində bu da əbəs deyil. Çünki dünyanı idarə etmək istəyən müəyyən güclər özlərinin təhlükəsizliklərini okeanın o tayında görürdülər. Onlar Avropadan Amerikaya köç etdikdən sonra Vaşinqtonun mərkəz olması şərtilə dünya proseslərini istiqamətləndirməyə başladılar. Məqsədlərdən biri də Avropanı Amerikaya yaxınlaşdırmaq idi. Çünki dünyanı idarə edən güclərin bunu etmələri, beynəlxalq proseslərdə məqsədlərinə çatmaları üçün mütləq şəkildə Qərbi Avropadan başlamaq lazım idi. Əgər Birinci Dünya müharibəsindən sonra ABŞ borcverən ölkəyə çevrilmişdisə, İkinci Dünya müharibəsindən sonra dollar dünya valyutası olmağa başladı. Biz daha sonra Qərbi Avropa ərazisində Aİ-nin yaradılmasını, NATO-nun təşkilini gördük. Hər iki qurum hazırda da məhz Vaşinqtonun diktəsi altında fəaliyyət göstərir. ABŞ-ın ayrı-ayrı ölkələrlə qarşıdurması zamanı Aİ və NATO hər zaman Vaşinqtonun köməyinə çatıb.

Qarabağ ətrafında hazırda baş verən proseslərdə də biz Qərbi Avropanın və okeanın o tayının mövqeyinin eyni olduğunu görürük. Həm anqlosaks dünyası, həm Qərbi Avropa ölkələri, həm də Kanada Azərbaycanın haqq işinə qərəzli yanaşmağı davam etdirir.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Səxavət HƏMİD