USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarşıdurma, yoxsa Qərbin yeni “dəlləklik” ssenarisi?

“Böyük güclər”in geosiyasi oyunları kiçik dövlətlərin başında çatlayır


https://img.baki-baku.az/news/2023/11/photo_9680.jpg

ABŞ başda olmaqla kollektiv Qərbin Cənubi Qafqazda mövcud reallığı dəyişmək cəhdləri, qitələrarası körpü rolunu oynayan strateji bölgədən Rusiyanı hər vasitə ilə kənarlaşdırmaq planları özünün kulminasiya nöqtəsinə çatmaqdadır. Brüsseldə, Parisdə və Vaşinqtonda, yaxud üçünün vahid beyin mərkəzində hazırlandığı şübhə doğurmayan bu planın rellaşması üçün “etibarlı icraçı” da iş başındadır. İndi bu “rola” Ermənistan layiq görülüb. ABŞ Dövlət Departamentinin, Konqresin son dönəmlər güclənən anti-Azərbaycan fəaliyyətinə də mövcud kontekstdən yanaşmaq daha doğru olar. Okeanın o tayındakı supergücün başqa dövlətlərin daxili işlərinə qarışmaq, özünə qeyri-loyal hakimiyyətləri devirmək, cəzalandırmaq, hətta hələ feodal quruluşunun hökm sürdüyü ölkələrə “demokratiya” ixrac etmək kimi zəngin “təcrübəsi və ənənəsi” var. Vaşinqton İkinci Dünya müharibəsindən sonrakı Avropada bu “təcrübədən” geniş şəkildə yararlanıb. “Köhnə qitə”ni dirçəltməyə hesablanmış həmin Marşal planı ABŞ-ı qısa müddətdə borclu ölkədən Qərbi Avropanın kreditoruna çevirdi. Məgər amerikalılar bu müdaxilənin sayəsində avropalılara sülh və demokratiya bəxş etdilər? Bəs Ağ ev Vyetnama, İraqa, Əfqanıstana, Liviyaya, keçmiş Yuqoslaviyaya nəyi qazandırdı? Otuz iki il əvvələ qədər eyni ittifaqda olduğumuz Gürcüstan və Ukrayna Qərbdən, ABŞ-dan yağlı vədlərdən, sözdən uzağa getməyən təhlükəsizlik təminatından qeyri nə gördü? İndi hər iki ölkənin ərazisinin bir hissəsi işğal altında, şəhər və kəndlərinin bir çoxu dağıdılmış durumdadır. Bəli, supergüclərin korporativ maraqlarını realizə üçün düşündükləri geosiyasi oyunlarından həmişə kiçik ölkələr əziyyət çəkiblər. Görünür, İrəvanda bu acı həqiqəti unudublar. Koalisiyanın məqsədi birdir: nəyin bahasına olursa-olsun, Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq. On beş əvvəl Gürcüstanda bu alınmadı, indi “dəlləkliyi” Ermənistanın başında sınaqdan çıxarırlar.

* * *

Qərb özünün vəhşi caynaqları ilə Ermənistanın boğazından yapışıb, onu Rusiyadan qoparmağa çalışır. Moskva bugünədək Qərb–Ermənistan münasibətlərinə belə kəskin və birmənalı reaksiya verməmişdi. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova media üçün keçirdiyi ənənəvi birifinqdə söyləyib. M.Zaxarova deyib ki, belə təsəvvür yaranır ki, Ermənistanın öz istəyindən daha çox, ona kənardan siyasi instrumentlər sırımağa çalışırlar. O, bu missiyanı ölkənin daxilində olan və xalqın maraqlarına yad xəttin tərəfdarlarının yerinə yetirdiklərini qeyd edib. Jurnalistin “Ermənistanın strateji gələcəyi və Avropa” forumu ilə bağlı sualını Rusiya diplomatiya idarəsinin sözçüsü belə cavablandırıb: “Bəli, ölkənin Təhlükəsuizlik Şurasının katibinin iştirak etdiyi həmin forumda Ermənistanın Avropaya inteqrasiyasının strateji perspektiv adlandırıldığı bəyannamə qəbul olunub. Həmin sənəddə Ermənistan hakimiyyətindən MDB, KTMT və Aİİ-dən çıxması tələbi öz əksini tapıb. Amma biz əmin deyilik ki, bununla Ermənistanın siyasi kursunu tamamilə dəyişərək kimdənsə üz çevirib, kiməsə yaxınlaşacağı barədə danışmaq olar. Hesab edirik ki, KTMT-də üzvlük Ermənistanın zəruri təhlükəsizlik səviyyəsini təmin edir”.                           

Mövcud kontekstdə oxucularımızın nəzərinə onu da çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki gün əvvəl parlamentdə çıxışı zamanı bu məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, ölkəsi KTMT-nin və MDB-nin himayəsi altında keçirilən tədbirlərdə iştirak etməmək qərarına gəlib. Paşinyan daha sonra bildirib ki, KTMT boynuna götürdüyü öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizlik təhdidlərə cavab vermir. Orada heç bir qərar verilmədiyi üçün bu tədbirlərə niyə qatılacağı aydın deyil: “İrəvan KTMT-dən çıxmağa hazırlaşmır, əksinə, bloka “düşünmək üçün vaxt” verir. Bu, Ermənistan hakimiyyətinə və KTMT-yə gələcək addımlar barədə qərar qəbul etməyə imkan verəcək”.

Qərbli “dostlarının” Ermənistanın indiki rəhbərliyini Rusiyanın səylərindən yayındırmağa çalışdığını vurğulayan M.Zaxarova bildirib ki, Qərbin, “nato Amerikasının” məntiqi öz fəlsəfəsini daxildəki siyasi xadimlərin beyninə yeritməkdir: “Görünür, Ermənistan iqtidarı ölkənin rifahının Rusiya və Avrasiya İqtisadi İttifaqının üzvləri ilə əməkdaşlıqdan əldə etdiyi bonuslara əsaslandığı faktını unudur. Bunlar isə Qərbin verdiyi boş vədlərdən fərqli olaraq, real rəqəmlər və faktlardır. Tərəfdaşımız bütün bunları saxlamaq xahişi ilə müraciət edir, özü isə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə xələl gətirən, Rusiyanın maraqlarına zidd addımlar atır. Bunu necə adlandıraq: eyni vaxtda iki stulda əyləşmək cəhdi?”

Ermənistanın Qərb və Rusiya arasında ikibaşlı oyun oynaması Kremlə gün kimi aydındır. Sadəcə Moskva bu ölkədəki hərbi bazasının naminə bugünədək İrəvana sərt üzünü göstərməkdən vaz keçirdi. Amma indi onun XİN rəsmisinin dili ilə Ermənistan rəhbərliyinin nəzərinə çatdırdıqları gözlənilən ciddi cavab tədbirlərinin anonsu kimi qiymətləndirilə bilər.

* * *      

Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinin davam etdirilməsi məsələsinə toxunan Rusiya baş diplomatiya idarəsinin rəsmisi bundan sonra sülh danışıqlarının hansı platformalarda və necə təşkil olunacağına da aydınlıq gətirib: “Oktyabrın 5-də Avropa İttifaqının Qranadada keçirilən sammitində regional problemlərə dair bəyanat Azərbaycanın iştirakı olmadan qəbul edildi. Bunu sadəcə işin metodologiyası baxımından deyirəm. Ya üçtərəfli qrup formatında bərabərhüquqlu fəaliyyət, ya da dediyim yarıtmaz şəraitdə görüşlər və qərarlar. Nəticədə, bizim fikrimizcə, ABŞ və Avropa İttifaqının göstərişi ilə üçtərəfli razılaşma çərçivəsindən kənar hərəkət edən Ermənistan regional kommunikasiyaların gələcək konfiqurasiyasından məhrum olmaq riski ilə üzləşə bilər. Buna sübut da gətirmək çətin deyil. ABŞ və Aİ həm birlikdə, həm də ayrı-ayrılıqda təminatverici qismində çıxış ediblər. Amma onlar az yerlərdə nəsə yaxşı və pozitiv iş görməyə nail olublar. Çünki çox şey vəd edirlər, az iş görür və mövcud şəraitdən, istisnasız olaraq, öz fərdi məqsədlərinə çatmaqdan ötrü istifadə edirlər”.  

ABŞ-ın bugünədək kimlərə nələri vəd etdiyini və sonucda həmin ölkələrin üzləşdikləri aqibət barədə yuxarıda söz açdıq. İndi ortada Bakı və İrəvanın imzalamağa hazır göründükləri sülh sazişi, onun bölgəyə gətirəcəyi sabitlik və inkişaf perspektivi və Cənubi Qafqazda geosiyasi, eləcə də hərbi maraqları kəsişən böyük güclərin qarşıdurması var. Bu qarşıdurmada Vaşinqtonun getdikcə artan fəaliyyəti hiss olunmaqdadır. Fikrimizcə, Ağ evin son vaxtlar Ermənistana hərtərəfli dəstəyi, Azərbaycana qarşı sərtləşdirdiyi siyasi ritorikası, guya Azərbaycanın Ermənistana təcavüz ehtimalını əsaslandırmağa çalışmaq cəhdləri bu baxımdan nəzərdən keçirilməlidir. İntəhası, rəsmi Bakı ən yüksək səviyyədə, həm də dəfələrlə Ermənistana təcavüz barədə düşünmədiyini, belə bir planının olmadığını bəyan edib. Üstəlik, onun üçün Zəngəzur dəhlizi layihəsinin öz cəlbediciliyini itirdiyini bildirib. Ona görə ki, İranla əldə olunmuş razılığa əsasən, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizin inşasına start verilib.

Göründüyü kimi, Ermənistan və Azərbaycan arasında sülh prosesinin uğurlu sonluğu ABŞ və Qərbin arzulamadığı finaldır. Bu koalisiyaya Cənubi Qafqaza hərtərəfli nüfuz etməkdən ötrü sülhdən daha tutarlı arqument lazımdır. Onlar bu arqumenti sülh masasında deyil, reallığı təhrif etməkdə, Azərbaycana qarşı atılan böhtanlarda, bölgədə yeni gərginliyin yaradılmasında, hətta silahlı qarşıdurmada axtarırlar. Məhz bu zaman on illər boyu Rusiyanın nəzarət coğrafiyası sayılan regionda hərbi kontingent yerləşdirmək fürsətini əldə edə bilərlər. Deməli, ABŞ və Avropa İtifaqı bu hədəfə çatmaqdan ötrü Brüssel sülh masasını Ermənistanda “savaş meydanı” ilə əvəzləməyi düşünür. Bəs, Ermənistan necə, yeni savaşa hazırdırmı? Yəqin bu ritorik sualı İrəvan isteblişmenti özünə verir.

İmran BƏDİRXANLI

ABŞ təcavüzkarı dəstəkləyir

ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq ikili standart yanaşmasının qarşısını almadığına görə məsuliyyət daşıyır

Azərbaycan XİN ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına şərh verib. Şərhdə bildirilib ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub.

“Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir” – Azərbaycan XİN-in aşıqlamasında deyilir.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI