- Daxili siyasət
- 09:39 08.12.2023
Qırx dörd günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzə qovuşmaq iradəmizi ortaya qoyanda bizə qarşı çıxanlar indi də suverenliyimizin tam bərpasından qeyzlənib hərəkətə keçiblər. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də iflasa uğramış Ermənistan yeni reallıqlar formalaşdırmağa cəhd göstərir, bunun üçün ən müxtəlif üsul və vasitələrə əl atır. Bu “fəaliyyətin” ayrı-ayrı elementlərinin təhlili göstərir ki, İrəvan üç il əvvəl olduğu kimi, yenə informasiya müstəvisində manipulyasiyalara baş vurur, Azərbaycan cəmiyyətinə hesablanmış müəyyən qıcıqlandırıcı gedişlər edir. Deməli, informasiya savaşı aktuallığını qoruyur. Bəli, hazırda baş verən proseslərə diqqət yetirəndə, ölkəmizə qarşı ünvanlanmış hədyanları görəndə, Vətən müharibəsindəki Zəfərin informasiya təminatının necə böyük anlam daşıdığına bir daha əminlik yaranır.
***
Vətən müharibəsi günlərində Azərbaycan dünya siyasətinin mərkəzində idi. Mərkəzdə dayanmaq isə asan olmadığından, ölkəmizə qarşı çeşidli beynəlxalq təzyiqlər labüd idi. O zaman durum belə idi: sanki, müharibəni başlayan da bizik, işğalçılıq niyyətini güdən də. Həqiqətən, dəhşətli mənzərə yaşanırdı. İnsan belə namünasib vəziyyətlərdə nə edəcəyini bilmir. Etiraz əlaməti olaraq hayqırmaq, həqiqətləri anlatmaq istəyir. Zəfərimizin informasiya təminatı bu hayqırtını çatdırmaq əzmimizin məhsulu kimi meydana çıxdı. Reallığı ən uca səslə anladan isə O idi – Azərbaycan Prezidenti İlham Əliyev. Qətiyyətlə deyə bilərik ki, 44 günlük müharibədəki Zəfərimizin –həm döyüş, həm də informasiya cəbhəsindəki qələbələrimizin memarı da dövlətimizin başçısıdır.
Azərbaycan Prezidenti dünyanın müxtəlif nüfuzlu media orqanlarına verdiyi otuzdan çox müsahibə ilə beynəlxalq aləmdə getdikcə güclənən anti-Azərbaycan mahiyyətli “informasiya seli”nin qarşısına çıxdı. Nəinki çıxdı, eyni zamanda, həmin yanlış “informasiya seli”ni ram edə bildi. Bunu özünün məntiqi, erudik təfəkkürü, ardıcıllığı ilə etdi.
Prezident İlham Əliyevin müsahibələri sayəsində ölkəmizlə bağlı mənfi informasiya axını təsirini itirdi. Dünya öz torpaqlarını düşməndən xilas yolunda göstərilən prinsipiallığı və qətiyyəti gördü. Beynəlxalq ictimaiyyət əmin oldu ki, Azərbaycanın apardığı savaş ədalətli haqq davasıdır. İnformasiya müharibəsində qələbəyə aparan ilk uğur da bu əminliyin formalaşması idi. Əlbəttə, Azərbaycan liderinin 44 günlük müharibə müddətində apardığı informasiya savaşının başqa vacib cəhətləri də var ki, onlar barədə yazımızın son bölümündə söz açacağıq. Hələlik isə…
***
Bəli, cənab İlham Əliyevin arqument bolluğu Azərbaycan dövləti ilə mediası arasındakı qarşılıqlı əməkdaşlığı yeni və daha səmərəli müstəviyə çıxardı. Ordumuzun artan uğurları fonunda bu əməkdaşlıq cəmiyyətdəki monolitliyi gücləndirdi. Fikrimizi əsaslandırmaq üçün bir məqamın üzərində dayanaq. Müharibənin ilk günlərində daxilimizdəki anti-milli qüvvələr, yalançı pasifistlər hərəkətə keçdilər. Onlar xaricdən aldıqları “direktivlər” əsasında müharibə əleyhinə çağırışlar səsləndirdilər. Azərbaycan dövlətinin bütün sahələrdə apardığı siyasətə qarşı çıxdıqları kimi, ordu quruculuğu ilə bağlı işlərə də kölgə salmağa çalışdılar. Cəmiyyətdə qələbəyə inamsızlıq ruhu aşılamaq istədilər.
Dövlət başçımızın qətiyyəti, əsl həqiqətləri demək bacarığı belə mənfi meyillərin qarşısına sipər oldu və daxildəki əks qüv-vələr cəmiyyətdəki monolitliyin qarşısında duruş gətirməyin mümkünsüzlüyünü anladılar. Sanki qurbağa gölünə daş atıldı. Nəticədə xaricdəki anti-milli qüvvələr də tədricən susmağa məcbur oldular. Həm onlarda, həm də daxildəkilərdə belə rəy formalaşdı ki, xalqın ruh yüksəkliyinin qarşısında duruş gətirmək, onun əzmini sarsıtmaq qeyri-mümkündür. Hesab edirik ki, informasiya müharibəsindəki qələbənin şərtləndirən mühüm amillərdən biri də məhz budur.
Vətən müharibəsi zamanı informasiya sferasında gedən proseslər, sanki bir-birini tamamlayırdı. Medianın proseslərə düzgün reaksiyasının formalaşması dezinformasiyaların cəmiyyətə mənfi təsir yükünü minimuma endirdi, onları getdikcə tamamilə sıradan çıxardı. Bu, ölkəmizin müvafiq dövlət qurumlarının, xüsusən Müdafiə və Xarici İşlər nazirliklərinin səmərəli fəaliyyəti ilə təmin edildi. Hər iki qurum müxtəlif mənbələr tərəfindən yayılmış informasiyalara kifayət qədər çevik reaksiyalar verməklə yanaşı, medianı həm cəbhə ilə bağlı doğru-dürüst məlumatlarla operativ şəkildə təmin etdi, həm də dezinformasiyaların insanlara təsirini önlədi.
Digər tərəfdən, geniş ictimaiyyət – ziyalı təbəqə, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də jurnalistlərimiz gördülər ki, Azərbaycan dövləti düşmənin məlumat cəbhəsinin sistemli təhlilini aparır. Bu cəhətin özünü ortaya tutarlı, inandırıcı əks arqumentlərin qoyulmasında göstərməsi əminliyi birə-beş artırdı. Nəticə etibarilə vətəndaşların dövlətin reallaşdırdığı tədbirlərə münasibətdə adekvat dəstək davranışları özünü göstərdi. Hesab edirik ki, informasiya müharibəsində bu da son dərəcə mühüm amildir.
***
Daha bir məqama diqqət yetirək. Vətən müharibəsi günlərindəki durumu təhlil edərkən, görürük ki, Azərbaycan Ordusunun əzminin yüksəlməsi də informasiya cəbhəsinin genişlənməsinə və dolğunlaşmasına öz müsbət təsirini göstərib. Hərbi birləşmələrimizin uğurlu əməliyyatları bu cəbhədəki sistematikliyin qorunmasında, pərakəndəliyin yaranmamasında həlledici rol oynadı. Belə bir durumda isə təbliğat sahəsindəki əks qütblər nəinki növbəti həmlə üçün şans qazana bilmədilər, hətta, bu barədə düşünmək imkanlarından da məhrum oldular.
***
İkinci Qarabağ müharibəsi müddətində ölkəmizə qarşı yönəlmiş informasiya təhlükəsinin xarici seqmentinə xüsusi diqqət yetirməyə ehtiyac var. Nəzərə alaq ki, savaş günlərində dünyanın müxtəlif ölkələrindəki erməni lobbi və diaspor təşkilatları da Azərbaycanla bağlı mənfi təəssüratın yaranmasına ciddi-cəhdlə səy göstərirdilər. Unutmaq olmaz ki, işğalçı Ermənistan yalnız öz ordusuna deyil, həm də bu amilə güvənirdi. İrəvanda əmin idilər ki, xaricdəki lobbiçilik Azərbaycanı təcavüzkar kimi tanıtdırmaq gücünə malikdir və guya, Bakı bu təzyiqi düşünərək müharibə apara bilməyəcək.
Bəli, İkinci Qarabağ müharibəsi ilə bağlı ermənipərəst qüvvələr tərəfindən yayılmış fikir və baxışlar dünyanın müxtəlif ölkələrinin telekanallarında yayımlanmış siyasi tok-şouların, birtərəfli reportaj və sujetlərin ana xəttini təşkil edirdi. Lakin erməni lobbi və diaspor təşkilatlarının “dirijor çubuğu” ilə hərəkətə gətirilmiş xarici media da gördü ki, müharibəni yalnız siyasi məqsəd daşıyan qəsbkar avantüra kimi göstərmək cəhdləri fayda verməyəcək. Bu qüvvələr Azərbaycandakı xalq–hakimiyyət birliyinin savaşa qazandırdığı müqəddəslik obrazı qarşısında duruş gətirilməsinin mümkünsüzlüyünü, bu amillə hesablaşmağın vacibliyini duydular.
***
Azərbaycanın haqq işi olan Vətən müharibəsində Türkiyə amili xüsusi vurğulanmalıdır. Müharibə ulu öndər Heydər Əliyevin “bir milllət, iki dövlət” şüarı ilə illərə söykənmiş işbirliyinin konkret nəticələrini ortaya qoydu. Qarabağ davası Türkiyəni yalnız regional deyil, eyni zamanda, qlobal güc kimi təsdiqlədi. Bu amil informasiya savaşında da ön plana çıxdı. O çətin günlərdə Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyətini gördük. Bu fəaliyyətdə Azərbaycanın Qarabağ amalı həm də Türkiyə cəmiyyətinin müqəddəslik simvoluna çevrildi. Qarabağ yolu ilə eyniləşdi.
Bəli, 44 günlük müharibə sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı yüksək inama, etimada əsaslanmış əməkdaşlıq, beynəlxalq arenada birgə siyasi fəaliyyət platforması ilə yanaşı, həm də müstəsna güc faktorudur. Türkiyə mediası bu gücü dünyaya daha sistemli və dolğun şəkildə nümayiş etdirməklə Qələbəmizdə müstəsna pay sahibinə çevrildi.
***
Vətən müharibəsindəki Zəfərin informasiya təminatı barədə söz açarkən, nəhayət, ən vacib məqama diqqət yetirək. Əslində, yazımızın əvvəlində bu barədə söz açmış və bildirmişdik ki, məsələyə qayıdacağıq. Fikrimizi əsaslandırmaq üçün hələ işğal illərində müşahidə etdiyimiz bir tendensiyaya diqqət yetirək. Məlum olduğu kimi, bir qayda olaraq Ermənistan və erməni lobbi və diaspor təşkilatları Azərbaycan əleyhinə hədyanlar yağdırır, ölkəmiz onlara cavab verirdi. Lakin müharibə müddətində müasir dövlətçilik tariximizdə bir ilk yaşandı. Azərbaycan informasiya müharibəsində də hücuma keçdi. Yəni, ordumuzun hücum strategiyasını ideoloji hücum tamamladı. Tam qətiyyətlə demək olar ki, Azərbaycanla bağlı mənfi informasiya selini neytrallaşdıran bu hücumun ən böyük sərkərdəsi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Dövlətimizin başçısı haqqında əvvəldə söz açdığımız çoxsaylı müsahibələrindəki fikirləri ilə sanki stereotipləri sıradan çıxardı, baxışlarımızı, Qarabağ ideyamızı bilavasitə hücum taktikasına köklədi.
Bəli, qətiyyətlə söyləmək olar ki, cənab İlham Əliyev Vətən müharibəsində məhz hücum mövqeyində dayandı, həqiqətlərimizi ənənəvi müdafiə ampluasından çıxardı. Dövlətimizin başçısının müsahibələrindəki əzmkar ritorika sayəsində artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər tarixi və beynəlxalq hüquq baxımından sistemli şəkildə açıqlandı. Nəticədə həm ölkəmizin haqlı mövqeyinin müdafiəsində prinsipiallıq yarandı, həm Ermənistanın və onun rəhbərliyinin saxtakarlığı ifşa edildi, həm də ideoloji təxribat və manipulyasiyalara rəğmən ordumuzun cəhbədəki uğurları leqallıq qazandı.
Prezident İlham Əliyevin xalqa müraciətləri tutduğu mövqedən, baxışlarından, sosial statusundan asılı olmayaraq, hər bir sıravi azərbaycanlını informasiya müharibəsinin əsgərinə çevirdi. İnsanlarımız Ali Baş Komandanın fikirləri ilə həm müharibəyə köklənərək ideoloji zireh qazandılar, həm də kənar təsirlərdən, eləcə də informasiya diversiyalarının mənfi təzahürlərindən qorundular. Onu da xüsusi vurğulayaq ki, dövlətimizin başçısının müraciətlərinə xalqın reaksiyası, bu fonda formalaşmış Xalq–Prezident həmrəyliyi həm də dünyaya ünvanlanmış kifayət qədər ciddi mesaj idi. Bu, eyni zamanda, Zəfər mesajı idi.
***
Sonda Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin informasiya təminatı ilə bağlı söylədiklərimizi ümumiləşdirərək bir mühüm məqamın üzərində dayanmağı vacib sayırıq. Fikrimizi əsaslandırmaq üçün “Media haqqında” Qanundakı “Media savadlılığı” anlayışına müraciət edəcəyik. Kifayət qədər geniş məzmun daşıyan və son dərəcə vacib olan bu anlayış özündə kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni, informasiyanı müxtəlif kontekstlərdə istifadə etməni və təhlil aparmaq qabiliyyətini ehtiva etməkdədir.
Prezident İlham Əliyevin 44 günlük müharibə müddətindəki istər xarici mediaya çoxsaylı müsahibələri, istərsə də xalqa müraciətləri hər bir azərbaycanlıya informasiya savaşında savadlı və səliqəli davranmağı, daha dəqiq desək, tədbirli olmağı aşıladı. Dövlətmizin başçısının bunun üçün, əslində, çox sadə və effektiv yolu seçdiyini deyə bilərik. Onun hər nitqi təpədən-dırnağa səmimiyyət notlarına köklənmişdi. Elə bir səmimiyyətə ki, onda Prezident vətəndaşın gözündə yalnız dövlət başçısı deyildi, o, eyni zamanda, əmiyə, dayıya, babaya, qardaşa, bir sözlə, ən doğma insana çevrilmişdi. Cənab İlham Əliyevin səmimiyyəti xalqımızın informasiya savaşında iştirak edən hər bir nümayəndəsini dərin inam hissi ilə silahlandırdı. 8 Noyabr Zəfərini doğurmuş bu kökləniş, eyni zamanda, son dərəcə vacib təcrübədir. Çünki, əvvəldə də bildirdiyimiz kimi, informasiya savaşımız davam edir.
Əflatun AMAŞOV,
"Xalq qəzeti"nin baş redaktoru