- Daxili siyasət
- 09:37 20.09.2024
Şuşa xalqımızın tarixində və taleyində xüsusi yeri olan bir şəhərdir. Halallığı, ləyaqəti hər şeydən üstün tutan bir millətin mənəviyyat tacıdır Şuşa! Onun 27 il düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. İlahi ədalət öz yerini tapmalı idi və tapdı da!
Bu, xoşbəxt gün 2020-ci ilin noyabrın 8-də baş verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yüksək qəhrəmanlıq nümayiş etdirərək coğrafi mövqeyinə görə alınmaz qala sayılan Şuşanı düşməndən azad etdi.
Bu, müqəddəs döyüş idi. Bu, millətin şərəf və namus savaşı idi! Bu, qəlbimizi əbədi qürur hissi ilə dolduracaq tarixi hadisə idi. Bu, Çanaqqala (1915), Bakının azad edilməsi (1918) savaşları qədər taleyüklü qələbə idi. Bu, millətin Tarixi Zəfəri idi!
Prezident İlham Əliyev Şuşanın azad edilməsi ilə bağlı müjdəni Azərbaycan xalqına hər bir soydaşımız üçün müqəddəs məkan olan Şəhidlər Xiyabanından verdi:
– Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar sonsuz bir coşqu ilə küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc dolu hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Prezident İlham Əliyevin dilindən səslənən bu sözlər bu gün də ürəklərdə böyük əks-səda doğurur. Bəli, 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı!
Qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Milli Ordunun əsgər və zabitləri mümkünsüz görünəni mümkün etdilər. Dünyanın ən ünlü siyasətçiləri ordumuzun hünərinə heyran qalmışdılar. Dünyanın hərbi strateqləri Şuşa döyüşü ilə bağlı heyrətlərini indi də gizlədə bilmirlər!
Bu gün Şuşanın bayramıdır. Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il sərəncamına əsasən 8 noyabr Şuşa şəhəri günü elan edilib. Şuşanın ad günü həm də Zəfər günümüzdür! Bayramın mübarək, əziz Şuşam!
Şuşa bütün türk dünyası üçün müqəddəs bir məkandır. Şuşa bütün türk xalqları üçün əsl dostluq və qardaşlıq rəmzinə çevrilib.
2020-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıb.
Türkiyə Prezidenti deyibdir: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.
Xatırladaq ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Nəhayət, yazının əvvəlində qeyd etdiyimiz kimi, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi.
Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə Zəfər günü elan edildi.
Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Şuşanın qeyri-adi bir aurası var. Buraya bir dəfə gələn insan onun saflığına, gözəlliyinə qəlbən elə vurulur ki, bir daha onu ziyarət etmək istəyir. Şuşa millətin qəlbində əbədi yaşayan böyük bayramdır. Bayramın mübarək, Azərbaycan!
Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız əzəli yurd yerlərimizdə əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Məsaim ABDULLAYEV