- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanlı və ya türk idmançılarının iştirakı ilə keçirilən futbol, güləş, boks və s. idman yarışlarını həyəcanla, az qala, nəfəsimiz kəsilə-kəsilə izləyirik. Hansı sahə olursa-olsun, qarşılaşmalar həmişə millətin intellekt səviyyəsini, fiziki gücünü və iradəsini nümayiş etdirir. Lokal qarşıdurmaları millətin taleyində böyük rol oynayan müharibələrlə müqayisə etmək mümkün deyil. Lakin əgər bir idman yarışı xalqın, demək olar ki, bütün təbəqələrinin təəssübkeşlik duyğusunu oyadırsa, qlobal qarşıdurmalarda, müharibələrdə zəfərin və məğlubiyyətin hansı təsiri buraxdığını təsəvvür etmək çətin deyil.
Azərbaycan otuz beş il böyük güclərin dəstəklədikləri bir irtica – insan qatili olmasından zövq alan qəddar erməni faşizmi ilə üz-üzə qaldı. Təkbaşına. Səsini eşitmədilər və eşitmək istəmədilər. Onun yaşadığı faciələri, torpağında düşmənlərin törətdiyi vəhşilikləri, məruz qaldığı etnik təmizləməni görmədilər və ya görmək istəmədilər. Hətta dünyanın ən nüfuzlu uluslararası təşkilatı olan BMT-nin erməni işğalına son qoyulmasını tələb edən dörd qətnaməsi də təsirsiz qaldı. ATƏT-in Minsk qrupu – həm də dolayı yolla ABŞ, Fransa və Rusiya Ermənistanın işğalçılıq siyasətinə münasibətlərini nümayiş etdirir, buna uyğun fəaliyyət göstərirdi. Azərbaycanın iyirmi faiz torpağının zəbt edilməsi və dağıdılması, Ermənistandan və Qarabağ bölgəmizdən – öz torpaqlarından didərgin düşmüş 1 milyon insanın taleyi onların yatmış və ya heç olmayan vicdanlarını tərpətmirdi. Onlar yalnız Qarabağda yaşayan bir ovuc erməninin qayğısını çəkirdilər.
Minsk Qrupu münaqişəni həll edə, işğala son qoya bilən bir qurumdan daha çox bir turist təşkilatına bənzəyirdi. Qarabağdan çox uzaqda olan çeşidli bölgələrdə tez-tez görüşür, ayda-ildə bir dəfə Ermənistan üzərindən Azərbaycan torpaqlarına girib, təmas xətlərinə baş çəkib geri dönürdülər. Bu mənasız səfərlər zamanı ermənilərin Azərbaycanın az qala ortasına qədər irəlilədiyini, dağıdılımış kəndlərimizi, viran qoyulmuş şəhərlərimizi, başlı-başına buraxılmış əkin-biçin yerlərimizi görsələr də beynəlxalq kürsülərdən bircə dəfə də olsun Ermənistanı qınamadılar, “dayandırın bu insan və mədəniyyət düşmənçiliyini!” demədilər. Sanki niyyətləri Azərbaycana münaqişənin danışıqlar yolu ilə həll ediləcəyi vədləri verməklə, ermənilərə işğal edilmiş ərazilərdə möhkəmlənməsi üçün vaxt qazandırmaq idi. Onların kor gözləri Azərbaycanın bütün bölgələrində qurulmuş çadır şəhərciklərini, orada qaçqın və köçkünlərin hansı şəraitdə yaşadıqlarını görmürdü.
Onlar bu gedişatı uzatmaqla Ermənistandan və Qarabağdan çıxarılmış azərbaycanlıların yaşlı nəslinin qırılıb qurtarması və öz ata-baba torpaqlarını xatırlamayan, tanımayan yeni bir nəslin gələcəyi ilə Azərbaycanın öz torpaqlarına qayıtmaq imkanlarından məhrum olacağını gözləyirdilər. Bunu arzu edirdilər. Arzuları gözlərində qaldı! Aradan on illər keçdi. Bu illər ərzində Azərbaycan dövləti bir milyon qaçqın və köçkünün öz torpağına dönəcəyi ümidi söndürmədən onların normal yaşayışı qayğısına qaldı. Onlar üçün qəsəbələr salındı, məktəblər, xəstəxanalar tikildi. Lakin bu uzun illər ərzində nə qaçqınlar, nə də bütünlüklə Azərbaycan əhalisi ümidini itirmədi. Biz torpaqlarımıza qayıdacağımızı bilirdik.
1994-cü ildə atəşkəs anlaşmasından sonra Azərbaycan illər uzunu ordu quruculuğu ilə məşğul oldu. Mübariz İbrahimov, Polad Həşimov kimi igidlər, 2016-cı ilin aprel döyüşləri ordumuzun artan texniki və mənəvi-psixoloji gücünü bütün dünyaya nümayiş etdirdi. Lakin həlledici döyüş 2020-ci ildə Azərbaycanın əsəblərini tarıma çəkən sonuncu təxribatlardan sonra başlandı. 44 günlük savaş erməni ordusu, Ermənistanın döyüş qabiliyyəti haqqında yayılan mifi külə çevirdi. “Qarabağ Ermənistandır!”, “Yeni torpaqlar üçün yeni savaş!”, “Bakıya kimi gedəcəyik!” cəfəngiyyatlarinı deyənlər dünyanın gözündə rəzil günə düşdüiər .
İkinci Qarabağ savaşının hər günü bir qəhrəmanlıq dastanı idi. Savaşın başlanmasından az sonra cəbhə xəbərləri, twitter məlumatları hər gün bütün Azərbaycan evlərinə bahar havası kimi dolur, sevinc gətirirdi. Bəlkə də tariximizdə heç vaxt millət, Azərbaycanın Ali Baş Komandanının televiziya ilə verdiyi qələbə xəbərlərini dinlədiyi vaxtlardakı qədər bütöv və həmrəy olmayıb. Twitter xəbərləri öz gur səsi, sehirli barmaqları ilə hər gün yüzminlərlə qapını döyürdü.
Bu qələbə yürüşünün ən parlaq nəticəsi Şuşanın fəthi oldu. Bundan sonra Xankəndinin və Qarabağın digər torpaqlarının azad ediləcəyi heç kimdə şübhə doğurmurdu.
2023-cü ilin sentyabr ayında 23 saat 51 dəqiqəlik antiterror tədbirləri isə Şuşanın fəthi ilə bir sırada dayana biləcək və dünya hərb tarixinə qızıl hərflərlə yazılmağa layiq olan bir hadisə, qələbəyə yekun vuran əsl nida işarəsi oldu. Qarabağ bizimdir!
Torpaqlarımızın düşmən işğalından azad edilməsi barədə çox yazılıb. Mən də “Qarabağa dönüş” poemasında ürəyimi boşaltmışdım. Ancaq bu savaşın baş qəhrəmanı Ali Baş Komandan, müzəffər ordumuz, ayrı-ayrı Azərbaycan əsgərinin göstərdiyi igidlik haqqında hələ uzun illər danışılacaq və ciddi əsərlər yazılacaq. Qarabağ zəfəri tək Quzeydə yox, həm də Güneydə millətimizin qəddini düzəltdi. Məğlubiyyət xəcalətindən qutardıq. Bundan sonra erməni mətbuatı öz ənənələrinə uyğun olaraq hansı yalanları uydurur, uydursun. Azərbaycanın atdığı bütün addımlar, beynəlxalq hüquq normaları çərçivəsindədir. 200 il bundan öncə Azərbaycan türklərinin torpaqlarında qurulmuş erməni dövləti mövcudluğuna görə bizə borclu ola-ola, bizdən əlavə torpaq ala bilməz. Zəfər bayramımız mübarək olsun!
Sabir RÜSTƏMXANLI,
Xalq şairi