USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyevin Astana manifesti - Qarabağdan Qızıl Almaya doğru

“Türk Əsri”nin qloballıq çağırışında 10-cu Zirvə


https://img.baki-baku.az/news/2023/11/photo_9501.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu Zirvə görüşündəki çıxışı bir sıra məqamların vurğulanması ilə yadda qaldı. İlk növbədə, dövlətimizin başçısının Azərbaycanın türk dövlətləri ilə münasibətlərə verdiyi önəmdən söz açmasını yada salaq. Əlbəttə, ölkəmiz türk dünyasının birləşməsində müstəsna rola və yerə malikdir. Deməli, cənab İlham Əliyevin bu məqama diqqət yetirməsində qanunauyğunluq var.

Azərbaycan lideri bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.  Qeyd edək ki, bu dəyərlərə müstəsna qiymətin verilməsi TDT-nin başlıca prinsiplərindəndir. Belə məqsədyönlü yanaşma isə qurumu beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik təşkilat kimi formalaşdırmaqda və əhəmiyyətini təsdiqləməkdədir.

***

Ümumən, Prezident İlham Əliyevin çıxışı TDT-nin ötən 10 ildəki fəaliyyətinin xronologiyasının təsviri nöqteyi-nəzərindən mühüm istiqamətlərlə zəngindir. Həmin istiqamətlərin hər birində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qurumun  müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının formalaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə inteqrasiyasında həlledici missiyadır.

Əlbəttə, görülən işlərin mənəvi tərəfləri ilə yanaşı, iqtisadi parametrləri də var. Ölkəmiz mövcud xüsusda da öncüllük nümunəsidir. Dövlətimizin başçısı bu öncüllüyü əks etdirən faktları sadalamaqla, həm də TDT üçün qlobal aktor obrazı müəyyənləşdirir: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlanmışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”.

***

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güclənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. TDT də mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alovlanır. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”, - deyən dövlətimizin başçısının diqqəti Qarabağ reallıqlarına çəkməsi də başadüşüləndir. Çünki 30 ilə yaxın müddətdə Azərbaycan məhz Qarabağ müstəvisində ədalətsizliklər və haqsızlıqlarla üzləşib, separatçılığı müdafiə məqsədli ikili standartlardan əziyyət çəkib. Buna görə də dövlətimizin özünün ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə atdığı addımlar, bütövlükdə, Türk dünyasının beynəlxalq ədalət çağırışı və müqavimətidir. Bu müqavimət potensialını daim möhkəm saxlamaq şərtdir. Möhkəm və güclü olmaq üçün isə tarixi gerçəklikləri yadda saxlamaq, onların unudulmasına imkan verməmək mütləqdir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev çıxışında keçmişə müraciət edir. “Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi”, - deyən dövlətimizin başçısının Ermənistan rəhbərliyinin, bilavasitə, 44 günlük müharibəyə səbəb olmuş addımlarını sadalamasında mənəvi və siyasi qanunauyğunluq var. Nəzərə alaq ki, 2019-cu ildə işğalçı ölkənin baş naziri Nikol Paşinyan bizə qarşı demarş xətti yürüdür, Ermənistanın hərbi birləşmələri qoşunların o zamankı təmas xətti boyu müxtəlif təxribatlar törədir, rəsmi İrəvanın təmsilçiləri yeni işğalların “anonsunu” verirdilər. Bütün bunlar nəinki ölkəmizə, bütövlükdə Türk dünyasına təhdiddir. Axı, erməni avantürizminin böyük antitürk təmayülü var. Azərbaycan 44 günlük müharibədəki qələbə ilə bu təmayülə uzun müddət özünə gələ bilməyəcək ağır zərbə endirib.

***

Əlbəttə, populizm üzərində hakimiyyətə yiyələnmiş, özünü demokratiyanın “qladiatoru” qismində görən N.Paşinyanın məsuliyyətsiz bəyanatları ona və ölkəsinə baha başa gəldi. Ölkəmiz torpaqlarını işğaldan qurtardı. Beləliklə, cənab İlham Əliyevin dili ilə desək, BMT-nin 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etdi. Lakin 2020-ci ildən ötən müddətdə Ermənistan özünün manipulyasiyalarından, Qarabağda separatçı rejimi saxlamaq ambisiyalarından daşınmadı, ölkəmizin suverenliyinə təhdid mahiyyətini saxladı və yaramaz əməllərini sülh danışıqlar müstəvisində gerçəkləşdirmək yolunu tutdu. Azərbaycan lideri Astanadakı çıxışında toplantı iştirakçılarını bu barədə də məlumatlandırdı: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”.

Elə məhz buna görə də 2023-cü il sentyabrın 19-da Azərbaycan özünün konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Məlumdur ki, Ermənistan və onun xaricdəki havadarları hazırda bu antiterror tədbirlərini, az qala, işğalçılıq müharibəsi kimi qiymətləndirməkdədirlər. TDT-nin 10-cu Zirvə görüşü belə ədalətsiz, beynəlxalq hüquqa zidd qiymətləndirmələrə qarşı tutarlı arqumentlərin səsləndirildiyi platforma kimi də tarixə düşəcəkdir. Prezident İlham Əliyev çıxışında, əsl həqiqətlərə nəinki  müfəssəl aydınlıq gətirdi, eyni zamanda, Qarabağa sahiblənmək ruhumuzun mütərəqqiliyinə diqqəti yönəltdi.

***

Bəli, bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işləri reallaşdırmaqdadır. Dünyanın əksər ölkələri, habelə onları təmsil edən nəhəng firma və müəssisələr prosesdə yaxından iştirak etməkdədirlər. Bu, onu göstərir ki, ölkəmizin Qarabağımızı dirçəltmək əzmini beynəlxalq aləm məhz bəşərilik, mütərəqqilik kimi qiymətləndirməkdədir. Prosesdə türk dövlətlərinin də yaxından iştirakı TDT-nin 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş birlik və vəhdət amalının möhkəmliyindən, sarsılmazlığından xəbər verməkdədir. Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtındakı çıxışında buna diqqət yetirməsi, quruculuq işlərində fəal mövqeyə malik türk dövlətlərinə təşəkkürlərini çatdırması qədirbilənlik nümunəsidir.

Digər tərəfdən, dövlətimizin başçısı XXI əsrin türk davasının və zəfərinin simvolu olan Qarabağın daha da inkişaf edəcəyi, əsl cənnətməkana çevriləcəyi ilə bağlı əminliyi konkret faktlara nəzərən aşılayır. Əlbəttə, o, hər zamankı kimi, Azərbaycan dövlətinin əzmini, iradəsini və əzəmətini ortaya qoyur: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Biz Böyük Qayıdış Proqramını icra edirik”.

Bəli, Qarabağa qayıdış, bütövlükdə, Türk dünyasının özünə qayıdışının rəmzi anlamıdır. Türk Dövlətləri Təşkilatı gerçəkləşdirdiyi tədbirlərlə, gördüyü əməli işlərlə bu anlamı daha geniş platforma və müstəvilərə daşımaqdadır. Bu gün Azərbaycanın və Türkiyənin öncüllüyü ilə qurum qlobal söz sahibinə çevrilir. Bu, ortaq dəyərlərə qayıdış məramına müqəddəslik qazandıran düşüncə və məfkurə çevrilişdir. Qətiyyətlə deyə bilərik ki, Qarabağa qayıdışı türkün özünəqayıdış təntənəsi edən ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə Naxçıvandan başlanmış yolu daha parlaq uğurlarla zənginləşdirəcəkdir. Qızıl Almaya yön alan “Türk Əsri” müzəffərlik səhnələrinin gətirəcəyi böyük uğurlar və nailiyyətlərlə dolub-daşacaqdır.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV