USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Haypərəstlərin Zəngəzurda “konsulluq paradı”

Onların Qafanda hansı ölkənin vətəndaşlarına diplomatik xidmət göstərəcəkləri bəlli deyil


https://img.baki-baku.az/news/2023/11/photo_9500.jpg

Rəsmi İrəvan Zəngəzur bölgəsində özünə “dost, qardaş və bacı” saydığı xarici ölkələrin konsulluqlarının, mülki missiyalarının, baş ofislərinin sayını mümkün qədər artırmağa çalışır. Bir növ Azərbaycanla sərhəd bölgəsində konsulluqların sərgisini formalaşdırır. Bir il bundan əvvəl Qafanda konsulluğunu açan İranın ardınca Fransa da Qərbi Zəngəzurda analoji addımı atacağını bəyan etmişdi. Bunu İrəvana səfəri zamanı xarici işlər naziri Ketrin Kolonna deyib. İndi növbə Rusiyaya çatıb. Rusiya Federasiyasının hökuməti Ermənistanın Sünik vilayətinin Qafan şəhərində ölkənin baş konsulluğunun açılması barədə razılaşmanı bəyənib. Bununla bağlı Baş nazir Mixail Muşistin müvafiq sərəncam imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinə belə hallarda tələb olunan iki ölkə arasında nota mübadiləsini həyata keçirmək tapşırılıb. Bu, artıq Kremlin Ermənistan ərazisində Gümrüdən sonra ikinci konsulluğu olacaq.

“Konsulluq oyunçuları”nın niyyətləri    

Aydın məsələdir ki, Moskva Avropa dövlətlərinin Ermənistana “konsulluq yürüşü”nə biganə qala bilməzdi. Ən azı, ona görə ki, Ermənistanın Türkiyə ilə sərhədini onun 102 saylı hərbi hissəsi qoruyur və Rusiya təkcə orada deyil, ümumiyyətlə, Cənubi Qafqazda hərbi mövcudluğunu zəiflətmək barədə düşünmür. Çünki, o, Qərbin Ermənistanda diplomatik iştirakını şaxələndirməkdə məqsədinin Azərbaycanla sərhədin təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq yox, məhz Rusiyanı bölgədən sıxışdırmaq olduğunu yaxşı anlayır.       

Məsələ ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması maraq doöurur: “Başqa ölkələr də Zəngəzurda özlərinin diplomatik nümayəndəliklərini açmaq istəyirlər. Yəqin ki, bu dövlətlərdən biri də Kanada olacaq. Bu ölkənın artıq İrəvanda səfirliyi fəaliyyətə başlayıb”.

Bəzi siyasi ekspertlər bu qənaətdədirlər ki, Ermənistanda “konsulluq açmaq yarışı”na qoşulan dövlətlər İrəvanın yardımla bağlı ağlaşmasına, eləcə də Qərbin ermənipərəst mediasında “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə hazırlaşır” səpgili feyk-xəbərlərinə o dərəcədə aludə olublar ki, bir növ konsulluq vasitəsilə bu “hərbi təcavüzün” qarşısını alacaqlarını düşünürlər. Məsələnin diplomatik tərəfinə gəldikdə isə hamıya bəllidir ki, konsulluq xidmətlərinin məqsədi, ilk növbədə,  həmin ərazilərdə yaşayan öz vətəndaşlarına xidmət etməkdir. İndi sual olunur: İranın, həmin Fransanın Qərbi Zəngəzurda neçə vətəndaşı yaşayır, yaxud işləyir? Yeri gəlmişkən, Rusiyanın Qafanda konsulluq açmaq barədə qərarına və bunu ən qısa müddətdə reallaşdırmaq planına ilk reaksiya İranın bölgədəki konsulluğundan gəlib. İİR-in Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin bu barədə erməni mediasına verdiyi açıqlamasında yeni xəbərdən “şad olduğunu” dilə gətirib. O, həmçinin bildirib ki, Rusiyanın bu addımı Zəngəzur bölgəsində sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək. “Çox şadam ki, burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nümayəndəliyinin və ya siyasi nümayəndəliyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək”.

İrəvanı çətin qərar gözləyir

Beləliklə, Qərbin və Kanadanın timsalında Şimali Amerikanın Zəngəzurda özlərinin “diplomatik toxunulmaza malik ərazi”lərini – konsulluqlarını yaratmasının sırf siyasi məqsəd daşıdığı şübhəsizdir. Bu “toxunulmaz adalar” onlardan ötrü yalnız Ermənistanda deyil, bütövlükdə, Cənubi Qafqazda maraqlarını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır. Fəqət onların konsulluq fəaliyyətindən narazı qalan tərəflər də yox deyil.      

“Sünik əhalisi konsulluqların açılmasından narahatdır”. Bu xəbəri erməni mediası yayıb. Sünikdə (Qərbi Zəngəzurda –red.) bir-birinin ardınca xarici ölkələrin konsulluqlarının açılmasının rayon sakinlərinin narahatlığına səbəb olduğunu dilə gətirən Tex icmasının ağsaqqallar şurasının üzvü Masis Zeynalyanın qəzetin müxbirinə cavabı deyil, ünvanladığı sualları daha çox maraq doğurur: “Başa düşmürük, bəlkə Zəngəzuru ayırıblar? Əgər İrəvanda səfirlikləri varsa, o zaman İran, Avropa İttifaqı, Rusiya Sünikdə niyə ayrı-ayrı strukturlarını açırlar? Fransa da bununla bağlı öz arzusunu ifadə edib. Sünik rayonu Ermənistan Respublikasının suveren ərazisinə daxildirsə, o zaman, bu, nə deməkdir? Bu prosesin məqsədi nədir?”.

Bəli, bölgənin əhalisi çaşqınlıq və təşviş içərisindədir. Onlar başlarının üzərini hansı təhlükənin ala biləcəyindən narahatdırlar. Doğru olaraq düşünürlər ki, İranın, Aİ-nin, Rusiyanın, həmin Fransanın İrəvanda səfirlikləri olduğu halda, Sünikdə konsulluq açmaq hansı məqsədə xidmət edir? Əlbəttə, bütün bunlar bizdən ötrü ritorik suallardır. Cavabları həmin erməni ağsaqqalına da məlumdur.  

Rəsmi Moskva bu istəyi ilə bağlı Ermənistanın müvafiq hakimiyyət orqanlarını müxtəlif kanallarla məlumatlandırıb. Görünən odur ki, hazırda İrəvan bu məsələdə strateji müttəfiqinə “xeyr” cavabını necə verəcəyi barədə düşünür. Axı, Paşinyan hakimiyyəti bir il əvvəl İrana Qərbi Zəngəzurda konsulluq açmasına öz icazəsini verib. Bu halda Kremlin eyni müraciətinə hansı arqumenti əsas gətirərək “yox” deyə bilər? Ermənistan xarici işlər nazirliyi Moskvanın Qərbi Zəngəzurda konsulluğunu açmaqla bağlı hələlik hər hansı rəsmi müraciət göndərmədiyini bildirir. Deməli, Hayastan xarici siyasət idarəsinin bu məsələyə münasibəti sadəcə bununla bağlı Kremldən rəsmi müraciətin olmamasından ibarətdir. Maraqlıdır ki, Ermənistan mediasında gündəmi dəyişmiş bu məsələ ilə bağlı Rusiyanın İrəvandakı səfirliyindən də heç bir aşıqlama verilməyib.

Aydın olan odur ki, indi İrəvan çətin qərarın qarşısındadır. Onun Moskvanın təklifinə “bəli” deməsi qərbli tərəfdarlarını qəzəbləndirə, “xeyr”i isə onsuz da gərginlik dərəcəsi qalxmış Ermənistan – Rusiya münasibətlərində qəfil “qısaqapanmaya” səbəb ola bilər.    

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Fikrət SADIXOV, politoloq:

Konsulluğun vəzifəsi vətəndaşları qəbul etmək, pasport-viza məsələlərini həll etməkdir. Qafanda konsulluqlarını açan dövlətlərin hansı vətəndaşlara xidmət göstərəciyi, ümumiyyətlə, onların fəaliyyətinin nədən ibarət olacağı suallar doğurur. Buradan belə bir naticə hasil olur ki, onlar, sadəcə olaraq, region uğrunda mübarizə aparırlar. Həm də sayları getdikcə artmaqdadır. Sabah Fransanın həmin bölgədə konsullğunu açmasına da qətiyyən təəccüblənmirəm.

Məsələ ondadır ki, xarici dövlətlər diplomatik müstəvidə öz mövqelərini möhkəmləndirmək üçün rəqabətə girişiblər. Eyni zamanda, regionda nəzarət funksiyalarını yerinə yetirmək məqsədini güdürlər. Çünki onlar yaxşı başa düşürlər ki, Zəngəzur dəhlizi gec-tez açılacaq və oradan yüklərin daşınması, vətəndaşların keçidi təmin ediləcək. Həmin dəhlizin açılması özü-özlüyündə olduqca əhəmiyyətli, strateji xarakter daşıyan loqistik bir layihə olacaq. Bu baxımdan mən belə başa düşürəm ki, Ermənistanda konsulluqlarını yaradan ölkələr indidən mövqelərini möhkəmləndirməklə məşğuldurlar. Yəni, gələcəkdə bir sıra məsələləri nəzarət altına götürmək fikrindədirlər.    

Fərhad MƏMMƏDOV, siyasi şərhçi:

Aydın məsələdir ki, xarici ölkələrin Ermənistanın Sünik bölgəsində konsulluqlarını açması sırf siyasi səbəblərlə bağlıdır. Adətən, bu tip diplomatik nümayəndəliklər elə yerlərdə açılır ki, orada həmin dövlətin vətəndaşları çoxluq təşkil edir. Bu zaman onların sənədlərlə bağlı işlərini təşkil etməkdən ötrü konsulluq səfirlikdən kənar, ikinci diplomatik missiya kimi fəaliyyət göstərir. Ermənistana gəldikdə isə, bu amil geosiyasi mübarizənin bir növ təzahürüdür. Bu mübarizədə əsas oyunçular İran, Rusiya Federasiyası və Qərb, Avropa İtifaqına üzv olan ölkələr, bir də Amerika Birləşmiş Ştatlarıdır. Yəni, hazırda bölgədə bu üç tərəf arasında gərgin mübarizə gedir. Bir-birinni ardınca konsulluqların açılması məhz həmin mübarizənin tərkib hissəsidir.

Bu fakt Ermənistana yaxşı heç nə vəd eləmir. İlk baxışda bu konsulluqlar ölkənin təhlükəsizliyinin təminatı kimi də izah oluna bilər. Amma bunun bədəli bölgənin geosiyasi mübarizə meydanına çevrilməsidir.

Əslində, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq kimi daha asan yolu seçməli idi. Fərqli yol isə son nəticədə Ermənistan üçün böyük problemlər yarada bilər.                 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI