USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zamanın dəhlizində azanlar

​​​​​​​Azərbaycana qarşı “səlib yürüşü”nə qoşulanlar XXI əsrdə yaşadıqlarını unudurlar


https://img.baki-baku.az/news/2023/11/photo_9434.jpg

Keçən əsrdən qalmış dini-siyasi təzyiq metodları ilə “silahlanan” Qərbin ermənipərəst gücləri, eləcə də Şimali Amerika qitəsinin iki dövləti Cənubi Qafqazın kandarındakı sülhə hər vəchlə əngəl olmağa çalışırlar. Eyni mərkəzdən idarə olunduğu, bir dirijorun çubuğu ilə hərəkət etdiyi şübhə doğurmayan “xor kopellası” son vaxtlar anti-Azərbaycan notlarını daha ucadan ifa etməyə başlayıb. Bu ansamblın tərkibində “peşəkarlarla” yanaşı, xaric səslər çıxaran, necə deyərlər, ifasında “xoruz buraxan” diletantlar da az deyil. Fransanın dominantlıq etdiyi bu qaraguruhun məqsədi sülh danışıqlarında, eləcə də, regionla bağlı bir sıra məsələlərdə Azərbaycanı Ermənistana güzəştə getməyə, ədalət prinsipinə və beynəlxalq hüquqa söykənən mövqeyindən geri çəkilməyə məcbur etməkdir. Bu cəhdlərin heç biri alınmayacaq.    

Sülhə qənim kəsilənlərin “birliyi”           

Sözdə ABŞ da, Qərb də Cənubi Qafqazda sabitliyin tezliklə bərqərar olmasını, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını dəstəklədiklərini deyir. Onlar özlərini regiona sülhü gətirəcək bitərəf vasitəçilər kimi göstərməyə çalışırlar. Fəqət reallıqda isə son vaxtlar hər iki cəbhənin siyasi kuluarlarında sülh prosesinə əngəl ola biləcək hərəkətlərə meylin artması müşahidə olunur. Bu isə Qərbin ermənipərəst dairələrinin, ABŞ-ın oxşar mövqeli senator və konqresmenlərinin Azərbaycana, bütövlükdə, Cənubi Qafqaza münasibətdə ikili standartlı oyun vərdişlərindən hələ əl çəkmədiklərini göstərir.

Avropa Birliyi Bakını və İrəvanı 2023-cü ilin sonuna qədər yekun sülh sazişinə imza atmağa çağırır. İlk baxışda bu çağırışlar xoş niyyətdən, sağlam yanaşmadan xəbər verir. Doğrudan da ilin sonunadək Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bağlanması üçün münbit şəraitin yarandığı hiss olunur. İntəhası, Aİ özünün ikibaşlı davranışına, qurumun üzvü olan bəzi ölkələrin açıq pozuculuq fəaliyyətinə həssas və diqqətli yanaşsa bölgəyə sülh daha tez gələr. Bəli, Aİ Fransa və onunla eyni məxrəcdən çıxış edən Qərbin bir çox ölkələrinin indiki məqamda Cənubi Qafqazda sülh prosesinə ciddi əngəl törətdiklərini etiraf etməlidir. Məhz bu prizmadan baxanda, Parisin “çətirinə” sığınan Ermənistan hakimiyyətinin “böyük bacının” xeyir-duası olmadan Azərbaycanla sülh müqaviləsini imzalayacağı o qədər də ağlabatan deyil.                                                                                                      Ermənistanı silahlansdırmağa girişən Makron Fransasının sülh prosesindən tamamilə kənara çəkilməsi indi vacib amillərdən biridir. Elə Aİ-nin Bakı və İrəvanı ilin sonunadək yekun sülh sazişini imzalamağa çağırması uzun müddət prosesə manelər yaradan əsas günahkarı – Fransanı səhnə arxasına keçirməyə hesablanıb.

Ağ ev müttəfiqlərin “səlib yürüşü”nə qoşulur?

Bu il sentyabr ayında birgə təlimlər çərçivəsində amerikalı iki general, ardınca senator Cerri Pitersin başçılıq etdiyi Konqresin nümayəndə heyəti İrəvana səfər etdi. Sentyabrın sonlarında isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və demokratiyasına dəstəyini təsdiqləmək və Qarabağda “son zorakılıqdan” irəli gələn humanitar ehtiyacları həll etmək üçün Ermənistana təşrif buyurdu. Son günlər isə ABŞ-ın bu ölkədəki səfiri Kristina Quinn Ermənistan–Azərbaycan sərhədinə, xüsusilə Qafana tez-tez səfərlərə çıxır. Burada səfir Quinn Qarabağdan köçən ermənilərlə görüşür, onlarla söhbət edir, Ermənistan hökumətinin “qaçqınlara” yaşayış yeri tapmaq səylərini dəstəklədiyini açıqlayır.                                                                                         “ABŞ Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasını dəstəkləyir”. Bu açaqlamanı “Azadlıq” radiostansiyasına Vaşinqtonun İrəvandakı səfirliyindən veriblər. Aİ missiyasının genişlənəcəyi barədə dəqiq informasiyanın olduğunu nəzərə alaraq, Ağ evin də müşahidə missiyasına qoşulmasının mümkünlüyü barədə “Azadlığ”ın sualını səfirlikdəki mənbə cavabsız buraxıb. Səfirlikdən, sadəcə olaraq, onu qeyd ediblər ki, Vaşinqton regionda qarşılıqlı etimadın qurulması, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq üçün səmərəli atmosferin təmin edilməsi istiqamətində tərəfdaşların, o cümlədən Aİ-nin səylərini alqışlayır.                             “Amerika Birləşmiş Ştatları Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” – səfirliyin cavabında xüsusi olaraq vurğulanıb.                                   Məgər Bakı Ermənistanın ərazi bütövlüyünü tanımır? Azərbaycan Prezidenti İlham Əliyev bunu bir neçə dəfə təkrarlayıb. Hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması sülh danışıqlarının həm Moskva, həm Brüssel, həm də Vaşinqton platformalarında öz təsdiqini tapıb. Bəs, Fransanın, Almaniyanın, Serbiyanın, Kanadanın, indi də ABŞ-ın bu məsələnin üstünə israrla gəlməsinin səbəbi nədir? Onlar İrəvanın Bakıya qarşı siyasi qarayaxma kampaniyasına dəstək verməklə nəyə nail olmağa çalışırlar? Bəlkə Ağ ev ermənipərəst koalisiyanın “səlib yürüşü”nə qoşulmaqla Qərbdəki müttəfiqlərinin yanında durduğunu nümayiş etdirir? Yoxsa, respublikaçılar gələn il keçiriləcək prezident seçkilərində ABŞ-dakı güclü erməni diasporunun – yarım milyonluq elektoratın səsini qazanmağın qeydinə indidən qalırlar?         

Özünə umac ova bilməyən Kanada...

Müttəfiqlərin “xor kopellası”nda ən azı bek-vokalistliyə iddia edən Kanada da birdən-birə ermənilərin təəssübkeşinə çevrilib. Ölkəsinin İrəvanda səfirliyinin açılışına gələn Kanadanın xarici işlər naziri Melani Colinin bölgədəki vəziyyət barədə yarımçıq təsəvvürə malik olması onun verdiyi bəyanatlardan, Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqeyindən aydın görünür. Fransız əsilli kanadalı nazirin bölgədə heç bir humanitar böhranın olmadığı bir vəziyyətdə bunun tamamilə əksini iddia etməsi suyu kimin dəyirmanına tökməsinin bariz nümunəsidir. Rəsmi Bakı Azərbaycana qarşı addımlardan biri kimi sanksiya variantını istisna etməyən həmin Melani Coliyə xatırlatdı ki, bizimlə təhdid dilində danışmaq kökündən yanlışdır və bu ritorika heç bir tərəfə uğur gətirə bilməz. Yəni, xanım nazirin erməni yalanlarına bürünmüş təxribatçı və avantürist bəyanatları beynəlxalq hüquq prinsiplərinə ziddir. Görünən budur ki, diplomatik cəbhədə tam püxtələşməmiş Kanadanın xarici işlər naziri belə məsuliyyətsiz açıqlamaları ilə bölgənin sabitliyinə və tərəqqisinə maneçilik törətdiyini özü də dərk eləmir.  

Rəsmi Bakı İrəvanı vasitəçilərsiz sülhə, regional əməkldaşlığa və səmimi qonşuları “Qafqaz evi”nə dəvət edir. Dünyaya səpələnmiş erməni daşnakları və onların qərbli, amerikalı “züy tutanları” isə Azərbaycana qarşı şər-böhtan kampaniyasından, uydurma ittihamlardan əl çəkmək istəmirlər. Hətta bəzən baş nazirlərinin açıqlama və etiraflarına daban-dabana zidd mövqe sərgiləyirlər. Paşinyana beyinləri “miatsum”la zəhərlənmiş bu pasiyentlərin əlində naçar qalmış həkim obrazında baxanda, düzü, adamın ona yazığı gəlir.                               Deyəsən, qocalıb taqətdən düşmüş “köhnə qitə” dövrün, zamanın yerini də səhv salıb. Hazırda Qərbin Azərbayacana qarşı bir koalisiyada birləşmiş ermənipərəst qüvvələrə məqsədinə çatmaqdan ötrü yararlandığı metod və taktikanın artıq işə yaramadığını, onların keçən əsrdə qaldığını anlatmağın vaxtı çatıb. Deyəsən, onlar zamanın dəhlizlərini də səhv salıblar. Daha çox geosiyasi maraqlarını güdən, dini təəssübkeşlik nümayiş etdirən bu koalisiyanın heç nəyə nail ola bilməyəcəyi hamıdan çox onların özlərinə bəllidir.    

İmran BƏDİRXANLI  




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI