USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı – İrəvan sülh gündəliyi

Ziddiyyətlərə və mövqe yaxınlıqlarına baxış


https://img.baki-baku.az/news/2023/11/photo_9433.jpg

Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın sonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüşünün baş tutmamasından sonra rəsmi Bakıdan İrəvanla sülh müqaviləsinin imzalanması perspektivinə dair mesaj var. Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, bununla bağlı layihənin əksər bəndləri üzrə razılığa gəlinib. “Hesab edirik ki, Azərbaycan Qarabağda beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh sazişinin əldə olunması prosesi asanlaşıb və onun imzalanması ehtimalı daha yüksək olmalıdır”, – deyən E.Məmmədov əlavə edib ki, ölkəmiz mövcud istiqamətdə Ermənistandan hərəkət gözləyir. Bakının sülh gündəminə sadiqliyini vurğulayan nazir müavini, eyni zamanda, bildirib ki, Azərbaycanın bununla əlaqədar təklifi qüvvədədir. Yəni, əsas məsələ Ermənistanın adekvat davranmasıdır. Bəs, İrəvan adekvat davranacaqmı?

Təbii ki, E.Məmmədov Bakının İrəvandan konkret hansı addımları gözlədiyini deməyib. Ancaq ondan fərqli olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə üç əsas saydığı prinsipi açıqlayıb. Nikolun sözlərinə görə, tərəflər bu prinsiplərə sadiq qalarlarsa, sülh və münasibətlərin tənzimlənməsinə dair sazişin imzalanması reallaşacaq. Söhbət, birincisi, Ermənistanın 29,8 min, Azərbaycanın isə 86,6 min kvadratkilometr ərazidə suveren haqlarının qarşılıqlı şəkildə tanınmasından gedir: “Deməliyəm ki, bu rəqəmlər Sovet İttifaqının son ensiklopediyalarında qeyd olunanlardan götürülüb. Orada Ermənistan SSR-in və Azərbaycan SSR-in ərazisinə dair qeydlər var - Ermənistan Respublikası 29800, Azərbaycan Respublikası 86600 kvadratkilometr yazılıb”.

N.Paşinyan bildirib, növbəti prinsip Alma-Ata Bəyannaməsi əsasında delimitasiyanın həyata keçirilməsidir. Onun sözlərinə görə, belə olan halda da Sovet İttifaqının sərhədləri əsas götürülür: “Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib və onun toxunulmazlığını tərəflər Alma-Ata Bəyannaməsi ilə tanıyıb və tanıyır”.

Qeyd edək ki, delimitasiya prosesində Alma-Ata Bəyannaməsinin imzalanmasınadək mövcud vəziyyəti əks etdirən xəritələrin olması da müstəsna əhəmiyyət daşıyır. Göründüyü kimi, tərəflərdə xəritələr var və onların siyasi iradəsi ilə bu proses kifayət qədər tez və effektiv şəkildə irəliləyə bilər. Paşinyanın haqqında söz açdığı üçüncü prinsipə əsasən isə regional kommunikasiyalar suveren yurisdiksiyalar əsasında açılmalıdır: “Tərəflərin hər biri öz ərazisində, öz sərhədində sərhəd gömrük nəzarətini təmin edir. Bundan əlavə, onlar öz daxillərində ümumilikdə kommunikasiyaların təhlükəsizliyini təmin edirlər. Söhbət magistral və dəmir yollarından gedir”.

N.Paşinyan onu da bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmə yaradılacaq və həmin bölmə kommunikasiyaların təhlükəsizliyini təmin edəcək. Amma bu məntiq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın doqquzuncu bəndini inkar edir. Çünki orada təhlükəsizliyə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsi yazılıb. Həm bu məqama görə, həm də ümumən onu da demək lazımdır ki, heç də hər şey Paşinyanın bildirdiyi qədər sadə deyil. Çox güman ki, onun özü də bunu bilir. Nikol üç əsas prinsipə fokuslanır, ancaq məlumdur ki, o, oktyabrın 5-də keçirilmiş Qranada sammiti zamanı imzalanmış sənədləri də əsas götürmək yolunu tutur. Azərbaycan Prezidenti İlham Əliyevin qol çəkmədiyi, Paşinyanın, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Aİ Şurasının prezidenti Şarl Mişelin təsdiqlədikləri həmin sənədlər faktiki olaraq Qarabağ avantürasının davamıdır. Onlarda Qarabağ ermənilərinin bölgəyə qayıtmaları üçün beynəlxalq təminatlar məntiqi əsas götürülür ki, bu, Azərbaycanın suveren hüquqularına ziddir. Yəni, Azərbaycanın konstitusion əsasda Qarabağın erməni sakinləri üçün verdiyi hüquq və təhlükəsizlik təminatları heçə sayılır. Elə isə Nikolun yuxarıdakı üç prinsipi və reallıq necə dəyərləndirilsin?

Digər tərəfdən, Ermənistanın siyasi kluarlarında gərginlik var ki, Azərbaycan Prezidenti Ermənistanın 29800 kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını açıq şəkildə bildirməyib. Belədə sual yaranır: hazırda Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirməyinin önəmi varmı? Nəzərə alaq ki, o, bir yandan ölkəmizin suverenliyi ilə qəbullandığını  vurğulayır, başqa bir yandan isə Qarabağ erməniləri üçün beynəlxalq təminatdan dəm vurur. Hələ beynəlxalq miqyasda Azərbayacana qarşı aparılan anti-təbliğat da var. Aydındır ki, bu ritorika sülh məntiqinə ziddir.

Bir məsələ də vurğulanmalıdır ki, Ermənistanın baş naziri sərhədlərin delimitasiyası dedikdə 1975-ci il xəritəsini əsas götürməkdən danışır. Nəyə görə məhz bu xəritə, aydın deyil. Üstəlik, Azərbaycan tərəfi Nikolun barəsində danışdığı xəritədən söz açmır. Daha bir məqam isə ondan ibarətdir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu günlərdə bir qədər atmacalı şəkildə bildirmişdi ki, tərəflər Brüsseldə bəxtini sınaya bilərlər, ancaq SSRİ-nin ən son xəritələri Rusiyadadır. Bu deyimin nəyə hesablandığını söyləmək çətindir. Çünki istər Azərbaycanda, istərsə də Ermənistanda Lavrovun haqqında danışdığı xəritələr qalmaqdadır...

Üstəlik, İrəvanın siyasi kluarlarında delimitasiya və demarkasiya prosesinə avropalı mütəxəssisləri cəlb etmək çağırışları özünü göstərməkdədir. Mövcud xüsusda Litva və Belarus təcrübələrini özündə birləşdirən ATƏT-in təlimatının da  demarkasiya üçün əsas rolu oynamalı olduğunu söyləyənlərin səsi gəlməkdədir. Ermənistanda, həmçinin sülh müqaviləsində mübahisəli məsələləri həll edəcək beynəlxalq arbitr təyin etməyin vacibliyini vurğulayanlar da önə çıxmaqdadır. Mövcud xüsusda, hətta, ərazi məsələlərinə dair rəy bildirmək təcrübəsi olan BMT-nin Ədalət Məhkəməsinin uyğun seçim ola biləcəyi bildirilməkdədir. Əlbəttə, bütün bunları təsadüf saymaq olmaz. Məlumdur ki, Paşinyan iqtidarı, necə deyərlər, gündəm yaratmaq şakərindən qalmır...

Başlıca məqamlardan biri də Paşinyanın bir qədər əvvəl diqqətə çatdırdığımız sözləridir. Erməni baş nazirin ölkəsinin Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılmasından və həmin bölmənin Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda təhlükəsizliyi icra etməsindən danışırsa da, məlumdur ki, Azərbaycan həmin yolun Ermənistan deyil, İran ərazisindən keçməsi üzərində dayanır. Bu, o deməkdir ki, ölkəmiz İrəvanın təhlükəsizlik zəmanətinə etibar etmir. Ancaq hazırkı məqamda Paşinyanın inadından görünən budur ki, Ermənistan sözügedən yolun açılmasında çox maraqlıdır. Hətta məsələyə ad da tapıb – “Dünyanın kəsişməsi”.

Bəli, Ermənistan yaxşı anlayır ki, Naxçıvana yol onun üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən məsələni Azərbaycanla sülh danışıqları müstəvisinə gətirməyə ciddi cəhd göstərir. Paşinyan iqtidarı yaxşı dərk edir ki, bu yolun olmaması Ermənistanın təcriddə qalması deməkdir.

Əslində, paradoksal durum yaranır. Vaxtilə Azərbaycan tərəfi deyirdi ki, sülh müqaviləsinə kompleks yanaşmaq lazımdır, Ermənistan rəsmiləri isə Qarabağı ayrıca tuturdular. İndi İrəvan regional kommunikasiyaların açılması müstəvisində müəyyən mənada kompleks yanaşma irəli sürməkdədir. Bu yanaşmanın üçtərəfli bəyanat məntiqinə zidd olduğu aşkardır. Görünür, elə ona görə də Azərbaycan Naxçıvana gedən yolun İrandan keçməsini təklif edir. Əlbəttə, Ermənistanın iddiası səbəbindən Rusiyanı kənara qoymamağın prinsipial xətt kimi seçilməməsi labüddür. Digər məsələni isə vurğuladıq – Azərbaycana qlobal əhəmiyyət daşıyacaq layihə üçün Ermənistanın təhlükəsizlik təminatları yetərli sayıla bilməz. Deməli, İrəvanın razılaşmaqdan başqa əlacı yoxdur. Razılaşmayacağı təqdirdə isə kommunikasiyaların açılması sülh müqaviləsində yer almayacaq.

Əlbəttə, Azərbaycan – Ermənistan münasibətləri və sülh müqaviləsi ilə bağlı bir çox substantiv suallar var. Ancaq hazırda əsas sual birdir: Ermənistan və Azərbaycan liderləri, habelə ölkələrin xarici işlər nazirləri danışıqlar üçün nə vaxt və harada görüşəcəklər? Azərbaycan Rusiyada və Tbilisidə görüşlər keçirməyi təklif edib. Ermənistan hakimiyyəti hər iki formatı özü üçün riskli sayır. Hesab edir ki, belə olduqda Rusiya münaqişə tərəfinə çevriləcək. İrəvanda onu da düşünürlər ki, Tbilisidə və Moskvada baş tutacaq görüşlər ABŞ-ı və Aİ-ni Azərbaycana təsir göstərməkdən uzaqlaşdıracaq.

Ümumən, Ermənistan ikitərəfli danışıqlar formatından kənar dayanmağa çalışır. Ancaq Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədovun açıqlamasındakı müsbət paradiqma onu deməyə əsas verir ki, harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan liderlərinin, o cümlədən rəsmilərinin ikitərəfli görüşü tezliklə baş tuta bilər.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV