USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ ermənilərinə Avropa Şurasından “bədbəxtlik paketi”


https://img.baki-baku.az/news/2023/11/photo_9432.jpg

BMT kimi, Avropa Şurasının miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsi (SRSG) var imiş və onun adı Leyla Kayacıkmış. Leyla xanım Ermənistana 2023-cü il oktyabrın 11-dən 13-dək olan səfərindən sonra ölkəyə qaçqın axınına cavab vermək üçün kompleks tədbirlər paketi hazırlayıbmış. Bununla bağlı məlumat isə Avropa Şurasının rəsmi saytında yer alıb. Məlumata görə, sözügedən paket Qarabağı tərk etməyə məcbur olmuş 100 mindən çox bölgə ermənisinin, o cümlədən 30 minə yaxın uşağın yerləşdirilməsi ilə bağlı məsələlərin həllində Ermənistana dəstək məqsədi daşıyır.

Əlqərəz, Leyla Kayacık xanım və başının dəstəsi, yəni SRSG təmsilçiləri Ermənistana səfərləri zamanı ölkənin aidiyyəti dövlət qurumları, beynəlxalq tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə olub, Qarabağ ermənilərinin məskunlaşdıqları bir neçə sığınacağa baş çəkiblər. Nəticədə Avropa Şurasının Ermənistan üçün Fəaliyyət Planına (2023-2026) və Miqrasiya və Sığınacaq Kontekstində Həssas Şəxslərin Müdafiəsi üzrə Fəaliyyət Planına (2021-25) daxil edilmiş xüsusi dəstək sahələrini müəyyənləşdiriblər. Guya ki, bu sadalananları Ermənistana səfər etmədən reallaşdırmaq mümkün deyildi...

Leyla xanımın paketi çox böyük imiş. Orada həssas vəziyyətdə olan qaçqınların hüquqlarının müdafiəsinin gücləndirilməsi, xüsusi həssaslığın qiymətləndirilməsi, xidmətlərə çıxış və qaçqınların öz hüquqları barədə məlumatlılığının artırılması, psixoloji dəstək daxil olmaqla, səhiyyə və psixi sağlamlıq xidmətlərinə çıxışın asanlaşdırılması, həssas insanlarla işləyən mütəxəssislərin potensialının gücləndirilməsi, təhsilin inklüzivliyi məsələlərinin həlli və peşə hazırlığı proqramlarına yenidən baxılması, habelə uşaq hüquqlarının müdafiəsi, yerli hakimiyyət orqanlarının dayanıqlılığının artırılması və sair məsələlər əksini tapıb.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə deyib ki, rəhbərlik etdiyi qurum belə bir məqsədyönlü və diqqət mərkəzində olan paketlə üzv Ermənistanı və onun xalqını misli görünməmiş çağırışlar şəraitində dəstəkləməyi nəzərdə tutur.

Göründüyü kimi, Avropa Şurası Qarabağ erməniləri ilə bağlı məsələni dramatikləşdirmək yolu tutur və bu yol ümumən Qərbin Ermənistana dəstək ritorikasından irəli gəlməkdədir. Bu ritorikada iki məqsəd var: birincisi, baş nazir Nikol Paşinyan iqtidarına maliyyə ayrılmasını leqallaşdırmaq, ikincisi, İrəvanın Azərbaycanla sülh gündəliyinə təsir göstərmək və nəticə etibarilə Bakıya Qarabağ erməniləri müstəvisində təzyiq yollarını gücləndirmək.

Təxminən belə bir ssenari nəzərdə tutulur ki, bölgənin erməni əhalisi ilə bağlı durum şişirdiləcək və bu, yekun nəticədə Azərbaycanın güzəştə getməsinə gətirəcək. Güzəşt deyilərkən isə nələrin nəzərdə tutulduğu məlumdur – Qarabağ ermənilərinin bölgəyə ayrıca statusda qayıtmaları, onlar üçün xüsusi beynəlxalq təminatlar və s. Bir sözlə, Azərbaycanın konstitusion əsasdakı təminatlarını heçə saymaq, əvvəlki separatizmi leqallaşdırmaq, ən başlıcası Ermənistanın gələcəkdə Qarabağla bağlı iddialar səsləndirməsi üçün zəmin hazırlamaq.

Avropa Şurasının Ermənistanla bağlı canıyananlığına başqa aspektdən də yanaşmaq mümkündür. Sual yaranır: Qurum Azərbaycanın Ermənistanın işğalı nəticəsində öz ev-eşiyini, yurd-yuvasını tərk etmiş vətəndaşlarının taleyinə nə üçün belə həssas yanaşmamışdı? AŞ azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasına nəyə görə bu cür kompleks münasibət ortaya qoymamışdı?

Əlbəttə, biz heç vaxt demirik ki, Qarabağ ermənilərinin problemləri yoxdur. Onlar onsuz da bədbəxtdirlər. Bəxtsizdirlər ki, erməni avantürasının qurbanı olublar. Bədbəxtdirlər ki, Qarabağda otuz ildən də artıq müddətdə mövcud olmuş separatçı rejimin alətinə çevriliblər. Çox şanssızdırlar ki, müharibə cəlladlarının, idarəçiliyə quldarlıq dövrü qaydaları baxımından yanaşan təfəkkür sahiblərinin oyuncaqları olublar. Yəni, onlara kömək hər bir halda lazımdır. İndi Paşinyan administrasiyası bir qədər ədalətli davransa, dünyadan gələn maliyyə axınını azacıq da olsa, Qarabağ ermənilərinə çatdırsa, bu şəxslər əvvəlki illərlə müqayisədə xeyli yaxşı yaşayacaq, necə deyərlər, bir gün görəcəklər. Ancaq məlumdur ki, bu, ümumən yanaşma sayıla bilməz. Axı, nə vaxtadək Ermənistan Qarabağ qaçqınları kimi ayrıca təbəqə halına gətirilən şəxsləri xaricdən gələn maliyyə yardımları ilə bəsləyəcək? Nəzərə alaq ki, avropalılar pulu boşuna xərcləməzlər. Onlar bir müddətdən sonra nəticə hasil olmadıqda, geri çəkiləcəklər və Paşinyan iqtidarı qaçqınlarla üz-üzə qalacaq. Görəsən, onda nə edəcək?

 

***

Əslində, istər, Avropa Şurası, istərsə də digər beynəlxalq təsisatlar ədalətli davransaydılar, ikili standartlar məntiqindən çıxış etməsəydilər, erməni avantürizminin davamına qol qoymaz, ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsasən, Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşamaları məntiqini rəhbər tutardılar. Görünür, bu məqam heç kəsi düşündürmür. Yekun nəticədə bölgənin erməni əhalisi yenə də alətə çevrilir. Onlar əvvəllər girov həyatı yaşayırdılarsa, indi isə qaçqınlığa məhkum duruma düşüblər. Avropalıların belə proqram, paket təklifləri isə onu göstərir ki, heç kəs onların geri qayıtmalarını əsla düşünmür.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV