USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Deportasiyaya uğrayan kimdir: ermənilər, yoxsa azərbaycanlılar?


https://img.baki-baku.az/news/2023/11/photo_9431.jpg?v=MjAyMy0xMS0wMSAwOTozMDo1NQ==

Azərbaycan Ermənistan tərəfi ilə uzun illər sülh danışıqları adı altında keçirilən görüşlərin səmərəsiz və yorucu proses olduğu qənaətinə gəldikdən, həmçinin rəsmi İrəvanın təxribatlarının sayının xeyli artdığını gördükdən sonra 44 günlük Vətən müharibəsi aparmaq məcburiyyətində qaldı. Müharibə ölkəmizin qələbəsi ilə başa çatdı. Torpaqlarımız işğaldan azad olundu. Bundan sonra Azərbaycan üçün məsələnin siyasi tənzimlənməsi mərhələsi başlandı.

Müharibənin başa çatmasını rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına reinteqrasiyası istiqamətində işlərə start verildi. Ancaq Qarabağdakı erməni azlığını girovluqda saxlayan xunta rejimi hər cür təşəbbüslərə qarşı çıxdı, onlara uzanan barışıq əlini geri qaytardı. Onlar nəinki barışıq istəmədilər, həmçinin ərazilərimizi minalarla çirkləndirməkdə davam etdilər. Yeni təmas xətti yaratmağa çalışdılar, fortifikasiya qurğuları qurdular. Hətta, Qarabağ üzərindən uçan mülki təyyarələrimizə belə radiomaneələr tətbiq etdilər. Bütün bunlar Azərbaycanın, necə deyərlər, səbr kasasının daşmasına gətirib çıxardı. Nəticədə ordumuz sentyabrın 19-da ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması istiqamətində tədbirlərə başladı. Lokal xarakterli antiterror tədbirləri bir sutkadan az davam etdi.

Müdrik atalarımız “ilan ulduz görməzsə, ölməz!” deyiblər. Separatçı rejimin “qlavarları” da qüvvələr nisbətinin qeyri-bərabər olduğunu başa düşərək, tədbirlərin başlanmasından az sonra danışıqlar aparmağa hazır olduqlarını bildirdilər. Beləliklə, Azərbaycan öz məqsədinə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Antiterror tədbirləri başa çatdıqdan dərhal sonra Qarabağ bölgəsində yaşayan insanların zəruri humanitar ehtiyaclarının ödənilməsinə başlandı. Müxtəlif ərzaq məhsulları yüklənmiş yardım karvanları, habelə yanacaq daşıyan maşınlar bölgəyə göndərildi. Elə həmin günlərdə reinteqrasiya planı açıqlandı. Bütün bunlara baxmayaraq, küyə düşən erməni əhali Qarabağı tərk etdi. Onlar hazırda Ermənistanın 10 vilayətində məskunlaşıblar və düşdükləri vəziyyətdən heç də məmnun deyillər. Bu yaxınlarda Ermənistanın müstəqil mediasında Qarabağdan olan uşaqların məktəblərin bədən tərbiyəsi məşğələsi zallarında gecələməyə davam etdikləri barədə reportaj yayımlanmışdı.

Ermənistan və Qərbin bir sıra ermənipərəst dairələri Qarabağdan erməni əhalinin köçünü hazırda Azərbaycana qarşı təzyiq alətinə çevirməyə çalışırlar. Onlar bütün platformalarda keçirilən tədbirlərdə, görüşlərdə bu məsələni qaldırırlar. Əslində isə onların istəyi erməni azlığın Qarabağa qayıdışı deyil. Bu məsələdən qeyd etdiyimiz kimi təsir vasitəsi kimi yararlanmağa cəhdlər edirlər. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan erməni əhalinin gedişində maraqlı olmayıb. Elə həmin günlərdə – sentyabrın 28-də Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bu barədə deyilirdi: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərin hansısa hissəsi Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Erməni əhalinin Qarabağdan gedişi ərəfəsində yayılan saysız-hesabsız videolarda onların öz evlərini tərk etməyə məcbur edildikləri görünmür. Əksinə, ermənilərə qalmaq təklifi edilib. Bunun bir nümunəsini “Azadlıq Radiosu”nun erməni xidmətinin (“Radio Azatutyun”) hazırladığı reportajda da görmək mümkündür. “Azərbaycanlılar bizi saxladıb deyirdilər ki, getməyin, qalın!” sərlövhəli reportajda dörd uşaq anası Məryəm Şekyan deyib ki, azərbaycanlılar “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində bizi maşından düşürüb dilə tuturdular ki, getməyin: “Bizi saxladıb deyirdilər ki, hara tələsirsiniz, getməyin, qalın, inteqrasiya edin. Sizə dəyməyəcəyik. Biz onlara cavab vermirdik, sadəcə, tez bir zamanda həmin məntəqədən keçib getmək istəyirdik. Onlara bir kəlmə belə demədik. Onlar da sənədlərimizə baxmadı. Sadəcə, maşınımızı yoxlayıb buraxdılar”.

Radionun erməni xidməti yazır ki, bir çox gedənlər kimi Məryəm də Qarabağa qayıdıb orada yaşamaq istəyir. Lakin təhlükəsizliyinə təminat istəyir.

Azərbaycan isə ölkə vətəndaşlığını qəbul edərək Qarabağda yaşamaq istəyən erməni sakinlərin təhlükəsizliyinə təminat verdiyini ən müxtəlif səviyyələrdə bəyan edib. Sonuncu dəfə bu istiqamətdə fikirlərini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev açıqlayıb. Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında təşkilatın baş katibi xanım Mariya Peyçinoviç Buriçlə görüş zamanı Ə.Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. Xidmət rəisi Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

***

Bütün bunlar Azərbaycanın, iddia olunduğu kimi, Qarabağdan erməniləri deportasiya etmədiyini, hansısa etnik təmizləməyə məruz qoymadığını sübut edən məlumatlardır. Məsələnin digər tərəfi isə azərbaycanlıların özlərinin XX əsrdə deportasiyadan, etnik təmizləmə və ya soyqırımından əziyyət çəkdikləri ilə bağlıdır. 1918-ci ildə İrəvan şəhəri ermənilərə güzəştə gedilib. İrəvanı özlərinə paytaxt seçən haylar digər tarixi torpaqlarımızda özlərinə dövlət qurublar. 1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunub. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan edilib. Hərçənd ki, daşnak hökuməti bölgələrdə hələ tam süqut etməmişdi.

Bir gün sonra – noyabrın 30-da Azərbaycan K(b)P Mərkəzi Komitəsinin siyasi və təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzurun taleyi həll olunub. Zəngəzur qəzasının 6742 kvadratverstlik ərazisindən 3105 kvadratversti Azərbaycan SSR tərkibində qalıb, 3637 kvadratverstlik hissəsi isə Ermənistana verilib. Zəngəzur mahalı hazırda Ermənistanın tərkibində olan Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) rayonlarını, habelə hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı kəndi var idi. Ancaq başqa xalqlara və konfessiyalara dözümsüz münasibəti ilə dünyada məşhur olan haylar tədricən tarixi torpaqlarında yaşayan azərbaycanlıları sıxışdırıb çıxarmağa başlayıblar. Nəticədə Qərbi Azərbaycandan azərbaycanlılar, ümumiyyətlə, müsəlman əhali XX əsrdə üç dəfə deportasiyaya məruz qalıblar.

Birinci mərhələ 1905-1907-ci, ikinci mərhələ 1948-1953-cü, üçüncü mərhələ isə 1988-1991-ci illərdə baş verib. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və ya yandırıb, ahıllar, uşaq və qadınlar da daxil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada isə 250 mindən çox azərbaycanlı doğma yurd-yuvasını tərk edib. Bundan sonra ermənilər bölgədən azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi, mədəni, dini abidələri darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda vandallar azərbaycanlılara məxsus 2000-dən artıq qəbirstanlığı dağıdıblar. Bundan əlavə, ərazinin toponimləri dəyişdirilib. Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mənşəli toponimlər XX əsr boyunca dəyişdirilərək erməniləşdirilib.

Göründüyü kimi, ermənilər Qarabağdan könüllü şəkildə çıxıb getdikləri halda azərbaycanlılar deportasiyaya, etnik təmizləməyə məruz qalıblar. Bu gün Ermənistan tərəfi ermənilərin Qarabağa qayıdışı məsələsini qaldırdığı kimi, Azərbaycan da haqlı olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını tələb edir. Sentyabrın 13-də BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 1988-ci ildən 1991-ci ilə qədər yüz minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub. XİN rəhbəri, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. C.Bayramov Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların həqiqi dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün çağırışlarını israrla rədd etdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, beləliklə, Ermənistan qaçqınların statusu və digər mühüm beynəlxalq aktları pozur.

Ceyhun Bayramovun da vurğuladığı kimi, Azərbaycan beynəlxalq təşkilatlardan, BMT-nin insan hüquqları üzrə ali komissarından və BMT-nin digər ixtisaslaşmış qurumlarından Ermənistandakı evlərindən qovulmuş azərbaycanlıların hüquqlarına toxunmasını gözləyir. Azərbaycanlılara qarşı beynəlxalq insan haqları qanunlarını kobud şəkildə pozduğuna görə Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, belə cinayətlərin qurbanları üçün ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addım olacaq.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Əziz ƏLƏKBƏRLİ, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

– Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün qeyd edilən istiqamətdə hərtərəfli işlər görülür. Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələ ilə bağlı yol xəritəsini müəyyən etdi. Dövlətimizin başçısı bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Qeyd etdiyim kimi, insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdışı beynəlxalq hüquqda, konvensiyalarda təsbit olunub. Soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmizləməyə, soyqırıma məruz qalmasına dair çoxlu tarixi sənədlər və faktlar mövcuddur. Ona görə də Azərbaycan monoetnik dövlətə çevrilən Ermənistanın bu məsələdə hər hansı manipulyasiyasına imkan verə bilməz. İkincisi, ölkəmiz qayıdışa, təbii ki, dinc yolla nail olmaq istəyir. Bununla bağlı dövlət başçısımız da öz mövqeyini bəyan edib. Qərbi azərbaycanlıların qayıdış tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur. Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı həm də iki ölkə arasında sülhə, etimada böyük töhfə verə bilər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD