USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Turist olmaq istəmirəm

Sultan Ahmetdə su satan uşaqdan örnək götürməli çox şey var


https://img.baki-baku.az/news/2023/11/photo_9430.jpg?v=MjAyMy0xMS0wMSAwOTozMTowNg==

Üzləşdiyim səhnə heç yadımdan çıxmaz. Türkiyədə, dəqiq desəm, İstanbulda səfərdəydim. Türk lirəsinin ucuzlaşmağa doğru getdiyi dönəm yenicə başlamışdı. Hiss olunurdu ki, insanlarda bununla bağlı narazılıq var. Hər kəsdən giley-güzar eşidirdik. Havanın istiliyi də bir yandan. Bu mənzərəni Sultan Ahmet meydanında var-gəl edən balaca uşaqlar tamamlayırdı. Onlar yarım litrlik qablarda su satırdılar. Birinə yaxınlaşıb suyun qiymətini soruşmağımla “iki lirə” cavabını almağım bir oldu. Tam pulu ona uzadırdım ki, uşaq başını qaldırıb mənalı nəzərlərlə baxdı. Türkcə danışdığımın fərqinə varmışdı. Biləndə ki, Azərbaycandanam “abi, su sana 50 kuruş” – dedi.

Əlbəttə, bu girişlə məqsədim heç də su satan uşağın özünəməxsus nəzakətini diqqətə çatdırmaq deyildi. Hərçənd onun hərəkəti çox xoşuma gəlmişdi. Məşhur Azərbaycan filmində deyildiyi kimi, söhbət iki kilo sosiskada deyil, diqqətdədir. Ən əsası isə uşaq Azərbaycan türkü olaraq məni başqalarından fərqləndirdi. Yəni, turist kimi yanaşmadı.

İstər-istəməz Türkiyəyə ilk səfər etdiyim çağları xatırladım. O zaman da Azərbaycana münasibətdə yaxşı mənada fərqlilik var idi. Ancaq indiki qədər deyildi. Fikrimcə, ötən illərdə Türkiyə və Azərbaycan cəmiyyətləri çox yaxınlaşıblar. Nəinki Türkiyə və Azərbaycan, ümumən türk dünyasının bu mənada xeyli məsafə qət etdiyi düşüncəsindəyəm.

Bəli, yaşadığımız dövrdə Türk dünyasının konsolidasiyası artıq qlobal faktora çevrilib. Prosesi səciyyələndirən ən müxtəlif səviyyəli işlər görülüb. Bu fəaliyyət məmnunluq, qürur və fəxarət hissi doğurmaqdadır. Mətləbə keçməzdən əvvəl isə bir müsbət məqamı da diqqətə çatdırım. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilmək imkanına malikdirlər. Əlbəttə, bu da “Bir millət, iki dövlət” deyiminin əməldəki təzahür formasıdır. Ancaq bizim bu deyimdən daha böyük gözləntilərimiz və həm də umacaqlarımız var. Güman edirəm ki, bu yazı vasitəsilə qaldırdığım məsələ də  arzu və istək kimi qiymətləndiriləcək, tezliklə həllini tapacaq.

Əlqərəz, Türkiyədən gələn övladım Efes və Pamukkale kimi tarixi abidələrə baş çəkib. Dediyinə görə, qardaş ölkənin vətəndaşları bu yerlərə qiyməti 60 lirəyə olan muzey kartı ilə daxil olurlar. Vətəndaşlığı olmayan şəxslər isə ora ilə tanışlıq üçün 700 lirə ödəməlidirlər. Açığı bunu eşidəndə qəribə hisslər keçirdim. Amma tez də özümə toxtaxlıq verərək düşündüm ki, dünyanın hər yerində eyni vəziyyətdir. Əcnəbilər üçün tarixi abidələrə, muzeylərə girişdə fərqli qiymət tətbiq edilməkdədir. Türkiyə də necə deyərlər, bu trenddən geri qalmalı deyil. O an Azərbaycandakı durumu da düşündüm. Böyük ehtimalla bizdə də xarici ölkə vətəndaşlarından, məsələn, Qız qalasına daxil olmaq üçün fərqli rüsum alınır.

Bir anlıq Türkiyə vətəndaşının gəlib Tarix muzeyinə və ya Qubustan arxeoloji muzeyinə baş çəkmək istəməsini düşündüm. Yəqin, əcnəbi vətəndaş olduğu üçün onunla tutaq ki, Danimarka, Fransa, Hollandiya, Almaniya vətəndaşı arasında fərq qoyulmayacaq. Ağlımdan bunu keçirdim. Böyük çoşğu ilə söylənilən “Bir millət, iki dövlət” deyimini də həmçinin. Üstəlik, Türk Dövlətləri Təşkilatının və digər belə genişmiqyaslı birliklərin toplantılarında səslənən və ortaq türk birliyini, mədəniyyətini təbliğ edən ideya və fikirləri yada saldım. Bu istiqamətdə görülmüş işlərin böyüklüyü fonunda övladımın söylədikləri əhvalımdakı qəribəlik notlarını daha da dərinləşdirdi.

Görəsən, vəziyyətə necəsə təsir etmək olarmı, – deyə düşündüm. Amma çox da düşünmədən öz-özümə qərara gəldim ki, mümkündür. Bir halda ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilirlər, muzeydə ekskursiya bunun yanında nədir axı? Yaxşı olar ki, Azərbaycanın və Türkiyənin müvafiq qurumları mövcud istiqamətdə iş aparsınlar. Həm qardaş ölkənin, həm də bizim vətəndaşlarımız ölkələrimizdəki görməli yerlərə, muzeylərə, tarixi abidələrə turist kimi yox, vətəndaş kimi baş çəkmək imkanı əldə etsinlər.

Bir qədər geniş götürsək, məsələni bütövlükdə Türk dünyası müstəvisində qaldırmağa da ehtiyac var. Yəni, yeddi türk dövlətinin vətəndaşlığını daşıyan şəxslər türk dövlətinə səfər etdiklərini əməli iş müstəvisində duysunlar. Fikrimcə, bu cəhət onları bir-birinə daha çox bağlayar. Əlbəttə, heç də hesab etmirəm ki, tutalım, Türkiyə dövlətinin öz vətəndaşlarına şamil etdiyi bütün imtiyazların Azərbaycan, yaxud Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşlarına da şamil edilməsi mümkündür. Ancaq tarixin və mədəniyyətin, birgəyaşamın, adət-ənənələrin yaşadılmasının, çatdırılmasının vacibliyi baxımından bu dəyərləri təbliğ edən məkanlara fərqli yanaşmaq çox yerinə düşər. Eləcə də bütün türk dövlətlərinin də bir-birinə münasibətdə analoji addımı atmasına ehtiyac var. Yeri gəlmişkən, övladım artıq belə bir addımın Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında atıldığını öyrənib. Bunu ona Efesdəki bələdçi deyib. Deməli, artıq təcrübə var. Nə gözəl!

Sonda yenə də Sultan Ahmet meydanındakı uşaqdan danışım. Birilirsinizmi, o, başqalarına iki lirəyə satdığı suyu mənə 50 kuruşa verəndə başqa nə dedi? Dedi ki, abi, sən bu ətrafdakı ingilis, fransız, alman deyilsən. Sən mənimsən.

 

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV