USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Demokratik” Ermənistanda 50-dən çox siyasi məhbus var

Paşinyan hakimiyyətdə olduğu 5 ildə bir dəfə də amnistiya elan etməyib


https://img.baki-baku.az/news/2023/10/photo_9419.jpg

Azərbaycan Ordusunun sentyabrın 19-20-də ölkəmizin Qarabağ iqtisadi rayonunun separatçı xunta rejiminin nəzarətində olan ərazilərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistanda etiraz aksiyalarının keçirilməsi ilə müşayiət olundu. Paytaxt İrəvanda küçələrə çıxan insanlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində öz suverenliyini bərpa etməsinə qarşı əsassız ittihamlar irəli sürdülər. Müxalifət isə hadisələrə kortəbii etirazlarını bildirən kütlələri mütəşəkkilləşdirmək, onlardan öz mənafeyi üçün istifadə etmək istədi. Bu məqsədlə konkret ünvanlarda bəlli saatlarda mitinqlər təyin edildi. Ancaq Nikol Paşinyan iqtidarı sərt mövqe tutaraq, ilk günlərdə icazəsiz aksiyaları dağıtdı, iştirakçıları həbs etdirdi. Sonrakı günlərdə icazəli aksiyalara çıxanların sayı isə get-gedə azaldı. Beləliklə, etiraz aksiyaları sentyabrın sonunadək fiaskoya uğradı.

Ancaq sentyabrın 19-da başlanan aksiyalarda həbs olunanlar hələ də azadlığa buraxılmayıblar. Söhbət 18-25 yaş arasında olan 44 erməni gəncindən gedir. Bununla bağlı “Qolos Armenii” qəzetində dərc olunmuş yazıda qeyd edilir ki, onların əksəriyyəti son bir ayda tədris prosesindən xeyli geri qalan tələbələrdir. Vəkil Ovanes Xudoyan bildirib ki, əgər bu həbslər 5 il əvvəl baş versəydi, “Vətəndaş cəmiyyəti” adlanan təbəqənin nümayəndələri bütün dünyada hay-küy salardılar. Bu gün isə erməni cəmiyyəti susur: “Yüzlərlə həmyaşıdları arasında bu 44 fəal sentyabrın 19-da hökumət binası yaxınlığında keçirilən mitinqdə, eləcə də sonrakı günlərdə küçələrin blokadaya alınmasında iştirak etdiklərinə görə saxlanılıblar. Saxlanıldıqdan sonra barələrində həbs-qətimkan tədbiri seçilib və onlar hələ də həbsdədirlər.

Vəkilin açıqlamaları Ermənistanda mövcud siyasi vəziyyəti əks etdirmək baxımından əhəmiyyət daşıyır. Belə ki, onun sözlərinə görə, özünü “Vətəndaş cəmiyyəti” kimi təqdim edən qrantyeyən təşkilatların nə üçün susduğunu başa düşmək olar – onlar Paşinyanın maraqlarına xidmət edirlər. Amma müxalifətin həbs olunanların azadlığa buraxılması tələbi ilə ay ərzində bir dəfə də olsun piket və mitinq keçirməməsinin səbəbi aydın deyil: “Niyə Vazgen Manukyan və Andranik Tevanyan uşaqlarla bağlı seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələbi ilə sutkalıq etiraz aksiyaları təşkil etmədilər? Nə üçün həbs olunanların qohumları və kurs yoldaşları bu aksiyalarda iştirak etmək üçün səfərbər olunmayıb?

Xudoyan hesab edir ki, sentyabrın 19-da hökumət binası yaxınlığında kütləvi iğtişaş olmayıb. Belə ki, Qarabağdakı hadisələrdən şoka düşən etirazçılar arasında təxribatçıların olması faktı “Qolos”da və digər media subyektlərinin yazılarında dəfələrlə qeyd olunub: “Görünən odur ki, gənclərin həbsi üçün əsaslar qəsdən şişirdilib. Gənclər azadlıqda olsalar, çətin ki, istintaqa müdaxilə etsinlər və ya polisin “düzgün” ifadə almasına mane olsunlar. Bu səbəbdən onların həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Vəkil Paşinyanın iqtidara gəlməzdən əvvəlki dövrlə indikini müqayisə edib və belə bir nəticəyə gəlib: “Beş il əvvəl belə həbslər İrəvanın ən azı yarısını küçələrə çıxarardı. Rejimin idarə etdiyi illərdə erməni cəmiyyəti tanınmaz dərəcədə dəyişib. Media subyektləri vaxtaşırı “Zatik” uşaq yardım mərkəzində baş verən zorakılıq faktları ilə bağlı ictimaiyyəti məlumatlandırır. On beş yaşlı yeniyetmənin təcavüzə məruz qalması ilə bağlı sonuncu xəbər oktyabrın 6-da yayılıb. Ona qədər də mediada hamilə yeniyetmə qızlarla bağlı məlumatlar öz əksini tapıb. Sosial təminat naziri hara baxır? Niyə tədbir görülmür, niyə “demokratiya qalası”nda uşaq zorakılığı çiçəklənir?!”

Qeyd edilib ki, N.Paşinyan öyünür: “Deyirlər, o, bir neçə gün ərzində 100 mindən çox insanı qəbul edə bilməklə dünyanı təəccübləndirib. Ancaq Qarabağdan olan uşaqların məktəblərin bədən tərbiyəsi məşğələsi zallarında gecələməyə davam etdiklərini ancaq müxalifət telekanallarının reportajlarından öyrənmək olar. 18-25 yaşlı gənclər qeyri-qanuni həbsdə saxlanılır, cəmiyyət onların azadlığa buraxılması və tədrisə qayıtması üçün mütəmadi piketlər keçirmək əvəzinə susur. Ola bilsin ki, universitet rektorları 19 sentyabr aksiyasında və sonrakı günlərdə küçələrin blokadasında iştirak etdiklərinə görə məhkəmənin qərarı ilə həbsdə olan şəxslərin ali məktəblərdən xaric olunması tələbi ilə artıq milli təhlükəsizlik xidmətindən göstəriş alıblar. Rejim başqalarının “tərbiyəsi üçün” universitetləri siyasi fəal tələbələrdən məhrum etməyə çalışır...”

Yazıda qeyd olunur ki, erməni cəmiyyətində qəddarlığın və laqeydliyin dərəcəsi artmaqda davam edir. Belə ki, etirazlarda iştirak etdiyinə və “Facebook”da paylaşım etdiyinə görə həbsdə olan 34 yaşlı iki uşaq anası, Qarabağdan getmiş Tatev Virabyanın huşunu itirməsi xəbəri ictimaiyyətdə zərrə qədər də emosiya doğurmayıb. Bildirilir ki, Tatevin qardaşı İkinci Qarabağ müharibəsində həlak olub. Gənc qadının həbs müddətinin uzadılmasına isə yalnız “Facebook”da reaksiya verilib.

Qəzet belə bir nəticəyə gəlir ki, 44 etirazçını siyasi motivlərlə həbs etməklə Paşinyan küçə mübarizəsinin genişlənməsinin qarşısını almaq istəyir. Vəkil O.Xudoyan isə həbs olunanların dəqiq sayını açıqlamaqda israr etmir. Belə ki, həbsdəkilərin sayı, əslində, daha çoxdur: “Bura İrəvan meri Tiqran Avinyandan fərqli olaraq, de-fakto Vanadzor şəhərinin meri seçilmiş Mamikon Aslanyanı, sabiq elm və təhsil naziri, Respublika Partiyası sədrinin müavini Armen Aşotyanı, generallar Qriqori Xaçaturovu və Mikael Arzumanyanı, Ermənistanın ikinci prezidentinin oğlu Levon Koçaryanı, fəal Tatev Virabyanı da əlavə edin. Ermənistanda 50-dən çox siyasi məhbus var. Təəssüf ki, cəmiyyət bu fakta da “Zatik” mərkəzində uşaqlara edilən zorakılıq kimi etinasız, laqeyd yanaşır”.

“Ermənistanın səsi” qeyd edib ki, bugünlərdə kiçik Koçaryanın həbs müddətini uzatmış hakim Masis Melkonyan özü pul oğurluğu (mənimsəmə) üzrə cinayət işində şübhəli bilinir. Bununla belə ədalət mühakiməsi adı altında özbaşınalıq edir: “Ölkədə hər gün və hər yerdə hüquqi xaos hökm sürür, onun memarı (Paşinyan nəzərdə tutulur–S.H.) isə Avropada gurultulu alqışlarla qarşılanır... Çünki erməni cəmiyyəti susur, başını dəvəquşu kimi qumun içində gizlədir ki, bu özbaşınalıqları görməsin”.

***

Ermənistanda hökm sürən vəziyyətlə bağlı Panorama.am saytında dərc olunmuş məqalədə də maraqlı məlumatlar öz əksini tapıb. “Ermənistandakı sistem Pinoçet və Pol Pot dövrünün “ədalətini” xatırladır” sərlövhəli məqalədə qeyd olunub ki, həbs qətimkan tədbiri kimi deyil, cəza tədbiri kimi və bir qayda olaraq, hakim rejimin istefasını tələb edən siyasi xadimlərə münasibətdə tətbiq edilir: “2022-ci il iyulun 1-də Cinayət-Prosessual Məcəlləsinnə ev dustaqlığı ilə bağlı maddə daxil edilib. Hakim “verxuşka” bütün künc-bucaqda qışqırırdı ki, bu tədbirdən istifadə həbs-qətimkan tədbiri seçilmiş şəxslərin sayını azaldacaq. Hökumət özünü məhkəmə-hüquq sisteminin islahatçısı kimi göstərirdi. Lakin bir il üç aydan sonra erməni sistemi Pinoçet və Pol Pot dövrlərinin “ədalətini” xatırladır. Ancaq həmin diktatorların dövründə insanlar yüksək səslə cəsarətli söz dediklərinə görə həbsxana kameralarına atılırdılarsa, bu gün “Facebook”da yazı yazdıqlarına və rejimin devrilməsi tələbi ilə etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunurlar. Beş il əvvəl qeyri-demokratik hökumət dövründə “Rədd olsun Serj!” deyən bir nəfər belə həbs olunmamışdı. Bu gün küçəyə çıxıb “Rədd olsun Nikol!” deyib qışqırsanız, dərhal özünüzü polis maşınında tapacaqsınız. Orada sizi beyin silkələnməsinə qədər döyəcəklər, sonra da polis şöbəsində diaqnozu “təsdiq edəcəklər”. Burada sizi vəkil gələnə qədər döyməyə davam edəcəklər və bəxtiniz gətirməsə, vəkili də döyəcəklər. Belə hallar çox olur”.

Sayt bildirib ki, Ermənistan həbsxanaları dolub, ən pis vəziyyət “Armavir” cəzaçəkmə müəssisəsindədir. Artıq yeni həbsxananın tikintisi ilə bağlı xəbərlər yayılıb. Vəkil Raffi Aslanyan bəyan edib ki, demokratik islahatlar kursu elan edən ölkədə 5 ildə bir dəfə də olsun amnistiya elan olunmayıb. Onun sözlərinə görə, bu, demokratik ölkələr üçün görünməmiş bir hadisədir. Vəkilin sözlərinə görə, Ermənistanda hakimlər prokurorluğun və ittiham tərəfinin əlavələrinə çevrilib və həbslərin sayı narahatlıq doğurmaya bilməz.

Göründüyü kimi, demokratik cəmiyyət quracağı vədi ilə hakimiyyətə gələn və müharibədə məğlub olmasına baxmayaraq, 2021-ci ildə onu yenidən öz əlində saxlayan N.Paşinyan ölkəni zorakı, qəddar metodlarla idarə edir. Qərbin insan haqları üzrə ixtisaslaşdığını bəyan edən institutları isə özlərini görməzliyə vururlar. Bunun özü də Qərb dairələrinin ikili standartlarının və riyakarlığının göstəricisidir.

Səxavət HƏMİD

Ekspert rəyi

Azər HƏSRƏT, siyasi şərhçi

– Paşinyanın Qərbdəki havadarları onun ölkə daxilində həyata keçirdiyi həbslərə göz yumurlar. Ermənistanda faktiki çox sayda siyasi məhbus olsa da, bu ölkəyə münasibətdə siyasi məhbus məsələsi hər zaman arxa plana keçirilib. Bu da ondan irəli gəlir ki, Paşinyan Qərbin siyasi məktəbindən çıxmış birisidir. Lider kimi yetərincə təcrübəli, necə deyərlər, bişmiş biri deyil. Amma istər-istəməz onların adamıdır. Ona görə də onun dövründə Ermənistanda siyasi məhbusların olmasına göz yumulur.

Bunun özü ondan xəbər verir ki, Azərbaycan ictimaiyyətinin ikili standartlar barədə dedikləri boş sözlər deyil. Biz illərdir ki, Qərb dairələrinin Azərbaycanla Ermənistana fərqli yanaşdıqlarını bildiririk. Azərbaycanda ən adi hadisəni şişirdərək dünyaya car çəkən həmin qurumlar Ermənistanda bu qədər zorakılıqlar, həbslər olduğu halda heç səslərini də çıxarmırlar. Təbii ki, bu da ikili standartların daha bir bariz nümunəsidir. Buradan çıxan digər nəticə odur ki, əgər Qərbin adamı hakimiyyətdədirsə, o, Qərbdən heç bir təpki görməyəcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət