USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lemkinə, yoxsa erməniliyə sədaqət?

Soyqırımı cinayətlərinin qarşısının alınması üzrə institut yenə öz ampluasındadır


https://img.baki-baku.az/news/2023/10/photo_9418.jpg

Soyqırımı cinayətlərinin qar­şısının alınması üzrə Lemkin İnstitutunun ermənipərəstliyi, bir qayda olaraq, özünü Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı kənar tərəflərin ittihamı üzərində göstərməkdədir. Qurum yenə öz “ampluasındadır”. Onun hazırkı hədəfi isə BMT-dir. Lemkinçilər bu il oktyabrın 1-də Qarabağda olmuş BMT missiyasının hesabatından məyus olduqlarını bildiriblər. Məsələ barədə söz açacağıq. Ancaq ilk növbədə adı ilə fəaliyyəti üst-üstə düşməyən təşkilatın anti-Azərbaycan mövqeyinin indiyədək nəzərə çarpmış ayrı-ayrı təzahür formalarına nəzər salaq.

***

Beləliklə, Soyqırımı cinayətlərinin qar­şısının alınması üzrə Lemkin İnstitutu 2021-ci ildən ölkəmizə münasibətdə qərəzli mövqe tutmaqdadır. Təşkilat bu ilin mayından başlayaraq “fəaliyyətini” xeyli intensivləşdirib. İnstitutun başbilənləri Avropa İt­tifaqı Şurasının prezidenti Şarl Mişelə ağıl öyrətməyə qalxaraq bil­diriblər ki, qurum geosiyasi du­ruma və enerji məsələlərinə görə Azər­baycanın “diktatura”sına göz yumur...

Diqqət yetirək, lemkinçilərin Ş.Mişelə açıq məktubu Azərbaycan və Er­mənistan liderlərinin mayda keçirilmiş Brüssel görüşü ərəfəsinə təsadüf etmişdi. Aşkar şəkildə görünürdü ki, institut Aİ Şurası prezidentinin fikirlərinə təsir göstərməyə çalışır. Müraciətdə Qərb dünyası ittiham olunurdu. İnstitut beynəlxalq  ictimaiyyətin Qarabağın blokadasına məhəl qoymadığını vurğulayır və bildirirdi ki, Azərbaycanın, guya, indiyədək heç vaxt onun olmayan 4000 illik (?) yerli er­məni icması ilə istədiyi kimi rəfta­rı cəzasızlıq mühiti formalaşdırır. Sənəddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə dövründəki nitqlərində işlətdiyi ifadələr Ş.Mişelə çatdırılır, sanki belə bir şəxslə danışıq aparmağın yolverilməzliyi ritorikası əsas götürülür, ümumən ölkəmiz dünya ictimaiyyətinə mənfi yöndə təqdim edilirdi.

Daha sonra Lemkin İnstitutu Qarabağ­da “soyqırımı” təhlükəsi ilə bağlı sax­ta hesabat yaydı. Hesabatda bildirildi ki, “blokada şə­raitində” soyqırımı təhlükəsi yaşanır, Azərbaycan Qarabağ­da və Ermənistanın sərhədləri boyunca hərbi toqquşma yaratmaq istəyir. Maraqlıdır ki, qondarma tarixi notlara köklənmiş sənəddə Türkiyə amili də qabardılmış, An­karanın Bakıya silah satması üzərində dayanılmışdı. Lemkinçilər bununla kifayətlənməyərək, Qarabağdakı rus sülhməramlıları ilə əlaqədar vurğulamışdılar ki, onların əraziyə yerləşdirilməsi bölgəyə sülh gətirmədi.

O da maraqlıdır ki, Lemkin İnstitutu yaydığı sənədə leqal libas geydirmək üçün ora Beynəlxalq Cinayət Məh­kəməsinin keçmiş baş prokuroru, dünya miqyaslı argentinalı dələduz Luis Moreno Okamponun Azərbaycan əleyhinə qərəz dolu, Qarabağda soyqırımının baş verdiyini “əsaslandıran” hesabatından da hissələr əlavə etmişdi. Ümumən institut sanki beynəlxalq aləmdəki bütün ermə­nipərəst təşkilatlarının anti-Azərbaycan yönümlü sənədlərindəki yolverilməz motiv­lərin hamısını götürmüşdü. Ən əsası isə lemkinçilər bu rəyə gəlmişdilər: Azərbaycanın si­yasi sistemi ilə “Artsax”ın siyasi siste­mi arasında uyğunsuzluq var. Sən demə, ölkəmizdə diktatura imiş, o zamankı separatçı rejimdə isə demokratik mühit hökm sürürmüş...

Ümumən Lemkin İnstitutunun “fəaliyyətindən” və yanaşma tərzindən belə nəticəyə gəlmək mümkündür ki, qurum dünyanın istənilən nöqtəsində baş verən hərbi qarşıdurma­lardakı tərəflərdən birinə soyqırımı törədən yarlığı yapışdıra bilər. Halbuki, bunun üçün institutun adını daşıdığı Rafael Lemkin tərəfindən vaxtilə dəqiq müəy­yənləşdirilmiş əlamətlər var. Bu əlamət­lər onun müəllifi olduğu BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada açıq şəkildə göstərilib. Ancaq lemkinçilər öz hesabatlarında sənədə bir cümlə ilə də istinad etməmişdilər.

***

Bəli, Lemkin İnstitutu indi Qarabağda olmuş BMT missiyasını günahlandırıb. Bildirib ki, belə bir missiyanın məqsədinin nə olduğunu anlamaq mümkünsüzdür. Ardınca isə qurum bölgənin hazırda, guya, işğal olunduğunu  vurğulayaraq, doqquz aylıq “blokada” zamanı ora missiyanın gerçəkləşməsi  üçün nəyə görə Azərbaycana təzyiq göstərilmədiyini soruşur, öz aləmində ortaya cəsarət amilini qoyur.

Ş.Mişelə olduğu kimi, BMT-yə də ağıl öyrətməyə çalışan lemkinçilər qurumu yenidən Qarabağa müvafiq missiya göndərməyə, onun tərkibini bitərəf ölkələrdən təşkil etməyə çağırıb. Çünki əvvəlki iş uğursuz olub. Reallıq dəqiq qiymətləndirilməyib. Sən demə, vəziyyətin obyektiv təhlili üçün problemə daha təfərrüatlı yanaşılmalı imiş.

Əlbəttə, Lemkin İnstitutunun dəqiqlik, obyektivlik və tərəfsizlik dedikdə nəyi nəzərdə tutduğu aşkardır. Qurumun başlıca xəttini ermənipərəstliyin təşkil etdiyini əvvəldə vurğuladıq və mövcud istiqamətdəki digər yaramazlıqlardan da söz aça bilərik. Amma ehtiyac duymuruq. Təkrar edək ki, institut bir dənə də konkret məqama diqqət yetirmir ki, onu soyqırımı kimi qiymətləndirmək mümkün olsun. Qurumun bildirdiklərindən Ermənistan baş naziri Nikol Paşin­yan və komandası, o cümlədən, erməni lobbi və diaspor təşkilatları, demək olar ki, hər gün danışırlar. Özü də gen-bol. Görünür, lemkinçilərin çalışdıqları “ermənipərəst gündəmi” nəyin bahasına olursa-olsun aktiv saxlamaqdır.  

***

Başlıca məqam budur ki, bəşəri humanizm carçısı olan Rafael Lemkinin adını daşıyan qurum bu böyük dühanın vandalizm aktlarından, etnik təmizləmələrdən qorunmaq məqsədilə göstərdiyi təşəbbüsü ermənipərəstliyə xidmət platformasına çevirib. Ancaq təkcə Lem­kin İnstututu deyil, eləcə də insan hüquq və azadlıqlarının təminatına çalışdığını bəyan edən digər təsisatlar da bəşəri dəyər və prinsiplərlə manipulyasiya yolu tuturlar. Heç şübhəsiz ki, bu gün Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı gerçəklikləri nəzərə almayıb ədalətsizliyə yol açanlar, sabah həqiqi soyqırımı ha­disələri qarşısında susqunluqları ilə də eyni yaramazlıqlarını davam etdirəcək­lər. Əlbəttə, qətiyyən fərqinə varmayacaqlar ki, hərəkətləri, ümumilikdə, dünyanın nizamını pozur.

Ə.CAHANGİROĞLU, XQ

 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət