USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın anti-Rusiya mərəzi: Qərbdən hansısa təminat varmı?

Vladimir Putinin subliminal mesajı, Bordyujanın eyhamı və Qukasyanın iflas proqnozu


https://img.baki-baku.az/news/2023/10/photo_9417.jpg

Bir müddət əvvəl Moskva–İrəvan münasibətlərindən bəhs edən Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, ölkəsində sayca Ermənistandakından daha çox erməni yaşayır. Kremlin rəhbəri bu fikri dilə gətirərkən, müəyyən qədər subliminal mesaj da vermişdi. Yəni, demək istəmişdi ki, İrəvan həddini bilsin! Amma görünən budur ki, qarşı tərəf bunu anlamır, yaxud anlamaq istəmir. Putinin sözügedən fikri işlətməsindən ötən müddətdə Ermənistanın anti-Rusiya ovqatı daha da güclənib.

Əlbəttə, heç bir təbii sərvəti olmayan Ermənistanın dolanışıq yeri Rusiyadır. O Rusiya ki, İrəvandan və digər yerlərdən gətirilən məhsulların satış bazarıdır. Ermənistanın hazırkı durumunda birdən-birə o bazarların itirilməsi fəlakət olardı. İtirilməsi deyəndə ki, bazarları başqaları ələ keçirə bilər. Məsələn, azərbaycanlılar. Amma məsələ yalnız bunda da deyil...

İndi deyə bilmərik ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasındakı hazırkı durum barədə söz açan qurumun keçmiş baş katibi Nikolay Bordyuja bazarlarımı nəzərdə tuturdu, ya yox, amma onun haqlı olduğu məqamlar çoxdur. Əlbəttə, cənab Bordyujanın haqqına mütləq yanaşmırıq. Amma reallıqları nəzərə alırıq. Daha doğrusu, qəbul edirik ki, keçmiş baş katibin söylədikləri reallıqdır. O reallıq ki, İrəvanın onu dəyişmək üçün nə isə etdiyi qətiyyən görünmür.

Məsələn, N.Bordyuja vurğulayır ki, Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmir. “Çünki Ermənistan Rusiya ilə çox inteqrasiya olunub, təkcə iqtisadi cəhətdən deyil. Rusiyada çox sayda – bir neçə milyon erməni yaşayır”, – deyən Bordyuja Belarusun STV telekanalına müsahibəsində onu  da bildirib ki, KTMT-nin şəxsində Rusiyanın Ermənistandakı bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətləri var. Ona görə də indi İrəvan–Moskva münasibətlərində yaşananlar müvəqqəti hadisələrdir. İstənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”.

Görəsən, Bordyuja fikirlərində əmindirmi? Axı, hazırda İrəvan geri dönüşü olmayan yola çıxmış kimi görünür. Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti açıq-aşkar anti-Rusiya siyasəti yeridir və bu siyasətin məqsədi Ermənistanın Rusiyadan bağlantılarını tamamilə kəsib Qərbə yönəltməkdir. Bunu təkcə, erməni deyil, rus siyasi ekspertlər də bildirirlər. Onların sözlərinə görə, bu yolda Paşinyan və komandası dayanmayacaq. Həm də ona görə ki, anti-Azərbaycan və anti-Rusiya siyasəti erməni iqtidarı üçün öz hakimiyyətini saxlamaq fürsətidir. Əgər Nikol əvvəllər Azərbaycanı ittiham etməklə hakimiyyəti saxlayırdısa, artıq bu üsul effektiv deyil. Anti-Rusiya siyasəti isə bütün günahlar, məğlubiyyətlər və uğursuzluqlar üçün, belə demək mümkünsə, günah keçisi axtarışındakı yaxşı tapıntıdır.

Bununla yanaşı, Qərb istiqamətinin Ermənistana və erməni xalqına heç bir təminat vermədiyini vurğulayanlar da var. Məsələn, İrəvandakı “Xalqın səsi” siyasi klubunun rəhbəri, politoloq Arman Qukasyan bildirir ki, Ermənistan–Rusiya münasibətlərinin rədd edilməsi, Rusiya ilə müttəfiqlik əlaqələrinin kəsilməsi ölkəni çox çətin vəziyyətə salacaq: “Qarşımızda Ukrayna və Moldova nümunəsi var. Heç də əbəs yerə deyil ki, Mixeil Saakaşvili son vaxtlar xüsusi fəallıq nümayiş etdirir (Gürcüstanın sabir prezidenti Ermənistanı tutduğu yoldan dönməyə çağırır. Xüsusən də Azərbaycanla razılaşmağın vacibliyini bildirir – red). Təəssüf hissi ilə qeyd etməliyəm ki, yaxın gələcəkdə daha açıq-aşkar anti-Rusiya addımlarının və hərəkətlərinin şahidi olacağıq”.

Politoloqun fikrincə, bu il oktyabrın 5-də keçirilmiş Qranada görüşü Nikol Paşinyan üçün məğlubiyyət idi və baş nazirin Vladimir Putinlə görüşə biləcəyi Bişkekə getməkdən imtinası bu məğlubiyyəti yalnız təsdiqlədi. Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbdən istədiyini alıb və ona görə inamla Rusiya Prezidentinin yanına gedə bilir, Paşinyan isə diplomatik sahədə uduzmaqda davam edir: “Bütün bunların əsası Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı Praqada (2022-ci ilin oktyabrında) qoyulub. Bunun ardınca doqquz aylıq blokada oldu. Sonra biz baş nazirin Strasburqdakı (Avropa Parlamentindəki - red) çıxışını gördük. Burada Paşinyan uğursuzluqlarına görə növbəti  dəfə Rusiyanı günahlandırmağa çalışdı. Daha sonra o, “Wall Street Journal”a  müsahibə verdi və bu müsahibədə bir daha rus sülhməramlılarından şikayətləndi. Rusiyanın Ermənistandakı hərbi bazalarının gələcəyindən danışdı. Rus sülhməramlılarını gözdən salandan və Qarabağı itirdikdən sonra Paşinyanın komandası indi Gümrüdə yerləşən 102-ci hərbi bazanı oradan çıxarmaq məqsədi güdür. Çalışır ki, bu bazanı nüfuzdan salsın, əhəmiyyətini heçə endirsin”.

A.Qukasyan bütün bunları vurğulayaraq soruşur ki, Ermənistan Qərbdən hansı zəmanətləri alıb? Politoloqun fikrincə, Fransadan hərbi yardım dekorativ xarakter daşıyır. Onun qənaətincə, anti-Rusiya yanaşması ilə bərabər İrəvanın Qərbə üz tutduğu barədə tezilərin fəal şəkildə tirajlanması, əslində, naməlumlara doğru getməkdir və bu, Ermənistanı yeni çağırışlar qarşısında qoyacaq, risklər və təhlükələr yaradacaq. “Ermənistan üçün Rusiya iqtisadi baxımdan da önəmlidir. Unutmayaq ki, Ermənistanda Rusiya kapitalı və yaradılan iş yerləri, Rusiyadan hər il soydaşlarımızdan alınan milyonlarla transferlər, sərfəli qiymətə satılan qaz, investisiyalar və s. var. Ermənistan bütün bunların kontekstində Rusiya qazını İran qazı ilə əvəz edə bilməz. Çünki İran qazı daha bahadır və bu, iqtisadiyyatımıza ciddi təsir göstərəcək. Ölkəmizin iqtisadi relsləri Rusiya və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bazarına aparır. Bundan əlavə,  Ermənistan yalnız bu birliyin üzvü olduğu üçün onun ümumi enerji bazarından hər il 300 milyon dollar qazanır. Bütün bunları sadalamaq onu göstərir ki, Qərb Rusiyaya alternativ ola bilməz”, – deyə Qukasyan fikrini yekunlaşdırır.

Əlbəttə, Ermənistanda A.Qukasyan kimi düşünənlər kifayət qədərdir. Demək olmaz ki, onların hamısı fikirlərində səmimidir və hazırkı iqtidara münasibdə qərəz yolu tutmurlar. Ancaq bu adamlar reallıqları dilə gətirirlər. Nəticə isə dəyişmir. Necə deyərlər, kor tutduğunu buraxır, Paşinyan buraxmır. Baxmayaraq ki, İrəvanın Moskvaya alternativ tapmaq düşüncəsinin real əsasının olmadığı aşkardır. Mövcud durumun, xüsusən də həmin duruma anti-Azərbaycan ritorikasının əlavə edilməsi, ölkəmizlə barışmazlıq xəttinin götürülməsi isə Ermənistan üçün yalnız bir perspektiv vəd edir – iflas.

 

R.ƏVƏZ, XQ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət