- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan baş naziri Nikol Paşinyanın nüfuzlu ABŞ nəşri “The Wall Street Journal”a müsahibəsinə bir neçə aspektdən nəzər salmağa ehtiyac var. Birinci aspekt Azərbaycanla, ikincisi isə Rusiya ilə münasibətlərdir. Hər iki istiqamət üzrə ayrı-ayrı məqamları təhlil edərkən, ortaya üç nəticə çıxır. 1. Ermənistan ölkəmizlə durumun normallaşmasını istəmir. 2. İrəvan Moskva ilə vəziyyətin mürəkkəbləşməsinə səy göstərir. Nəinki səy göstərir, bu istiqamətdə ciddi çalışır. 3. Ermənistan Azərbaycanla əlaqədar məsələlərdə Rusiyanı, Rusiya ilə bağlı məsələlərdə isə Azərbaycanı ittiham yolu tutur. Elə fon yaradır ki, sanki Bakı ilə Moskva İrəvanı təkləyiblər. Heç şübhəsiz, bu gediş Qərbdən daha böyük dəstək almağa hesablanıb.
Detallara gəlincə, əvvəlcə ondan başlayaq ki, Ermənistanın baş naziri son dövrlər bütün müsahibələrində olduğu kimi, yenə də anti-Rusiya xəttinə sadiqdir. Həm sadiqdir, həm də bu xətti, belə demək mümkünsə, zənginləşdirməkdədir. Nikol əvvəllər Qarabağla bağlı Rusiya sülhməramlıları üzərinə yüklənirdisə, onların bölgədəki fəaliyyətinin səmərəsizliyinə dair rəy formalaşdırırdısa və nəticə etibarilə Rusiyanın Ermənistan üçün əhəmiyyətsizliyi eyhamını vururdusa, artıq yanaşmada müəyyən dəyişiklik var. Dəyişiklik özünü, bütövlükdə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna ehtiyacın duyulmadığının vurğulanmasında göstərməkdədir. Söhbət Gümrüdəki 102-ci Rusiya hərbi bazasından gedir. Paşinyan həmin bazanın təhlükəsizlik baxımından ölkəsinə heç bir üstünlük qazandırmadığı qənaətini bölüşür. Deməli, sülhməramlılardan sonra Ermənistanın anti-Rusiya ritorikasına daha bir seqment əlavə olunur. Çox güman ki, Nikol gələcəkdə mövzunu genişləndirəcək. Tam mümkündür ki, “zəhmətkeş və vətənpərvər ermənilərin” Gümrüdə mitinqini də təşkil edib rusların getməsini tələb etsin. Mitinq və nümayiş tam onun üslubudur...
Əlbəttə, Qarabağdakı Rusiya sülhməramlılarına ünvanlanmış ittiham da Paşinyanın gündəmindən düşməyib. İndi Nikol onları daha ciddi şəkildə qınamağa başlayıb. Baş nazirin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağ ermənilərinin tələbatlarına cavab verməyiblər: “Uğursuzluqdan danışarkən, onu nəzərdə tuturam ki, Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyiblər və ya etmək istəməyiblər”.
Maraqlıdır ki, N.Paşinyan Rusiya sülhməramlıları ilə bağlı məsələyə Qarabağ ermənilərinin bölgəyə qayıtmaları kontekstində toxunub. Baş nazir əvvəlcə deyib ki, onların əraziyə geri dönmək imkanları və ya istəyi olmasa, Ermənistanda qalmaları və yaşamaları üçün hər şey ediləcək. Nikol onu da bildirib ki, region sülhsevər olarsa, ölkəsi də sülhsevər olacaq. “Elə bir vəziyyət ola bilməz ki, region dinc olmasın, amma Ermənistan sülhsevər olsun. Ona görə də biz heç bir halda dünya haqqında fikirlərə qarşı çıxmırıq və ya regionu dünyanın maraqlarından ayırmırıq”.
Bu, o deməkdir ki, birincisi, Paşinyan Qarabağ ermənilərinin bölgəyə indiki şərtlərlə qayıtmalarını istəmir. Çünki hazırda, bu, həm də Rusiya sülhməramlılarının missiyasının davamı olacaq. Region sülhsevər deyilsə və rus sülhməramlı kontingenti sülhü təmin edə bilmirsə, deməli, başqa yollar axtarılmalıdır. Başqa yolları isə Qərb müəyyənləşdirib. Söhbət Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı üçün bölgəyə BMT sülhməramlılarının yeridilməsi ideyasından gedir. Bu fikri səsləndirən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Paşinyanın baxışlarındakı regionu dünyanın maraqlarından ayrı “tutmamaq” kazusu isə bölgəni Rusiyanın maraq dairəsindən çıxarıb Qərbin nəzartinə daxil etməkdir. Buna görə də Nikol anti-Azərbaycan ritorikasını ölməyə qoymur. Yəni, çalışır ki, Qərb hərbi libasda Cənubi Qafqaza, konkret olaraq Qarabağa erməni avantürasını yaşatmaq məqsədilə ayaq bassın.
***
Erməni baş nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldan bəhs edir. Onun ölkəmiz üzərindən anti-Rusiya köklənişini təsdiqləyən daha bir məqam da elə budur. Paşinyan son üç ayda artıq ikinci dəfədir ki, üçtərəfli Bəyanatda yazılanları görməzdən gəlir. Sənədin 9-cu bəndində isə bildirilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəri başdan deyək ki, Ermənistan əvvəla bu bəndin son cümləsində yer alan müddəa ilə razı deyil. Yəni, hazırda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası aparılmır. Ən əsası isə Nikol müsahibəsində deyir ki, heç bir yerdə Rusiya Federasiyasının hər hansı qurumunun Ermənistanın hansısa ərazisinə nəzarət etməli olduğu yazılmayıb. Halbuki, yazıldığını gördük...
N.Paşinyan Azərbaycanla Naxçıvanın əlaqəsi ilə bağlı ayrıca gündəmin olmadığını vurğulasa da, məsələnin regional kommunikasiyaların açılması kontekstində mövcudluğunu bildirir və bunun bütün regional kommunikasiyaların açıqlığı şəraitində reallaşmasından danışır. Özü də şərt formasında. Erməni baş nazirin məntiqi anlaşılmır. Çox güman, digər kommunikasiyalar dedikdə Laçın yolundan danışır. Göründüyü qədərilə, Nikol tamam başqa havalara köklənərək, həyasızlıq edir.
Yeri gəlmişkən, erməni baş nazirin həyasızlığı kontekstində vurğulanmalı digər mətləblər də var. Məsələn, o, Ermənistanın suveren hüququnun məhdudlaşdırılmasına razılaşıldığının heç yerdə yazılmadığından danışır. Görəsən, belə bir razılıq haradasa sözbəsöz yazılmalıdır? Paşinyanın məntiqi ilə yanaşsaq, üçtərəfli Bəyanatda qeyd edilməli idi ki, Ermənistan öz suveren hüququnu məhdudlaşdırmağa razıdır. Belə bir şey yoxdursa, deməli, məsələ mümkünsüzdür. Hər halda, bundan böyük həyasızlıq ola bilməz. Təsəvvür edin, iki nəfər dalaşır, biri o birini yıxır yerə, amma yazığı gəlib vurmaq istəmir və yıxılan ayağa qalxıb basılmadığını iddia edir. Nikol da təxminən, belə deyir. Onun söz oyununa üstünlük verdiyi gün kimi aydındır...
***
N.Paşinyanın ABŞ jurnalına müsahibəsinin digər yerlərində də söz oyunu var. Konkret olaraq Naxçıvan yolunda Rusiyanın təhlükəsizlik təminatı məsələsindən bəhs edən erməni baş nazir birdən-birə Qarabağ müstəvisinə keçir. Deyir ki, ümumiyyətlə, Rusiya sülhməramlı qoşunlarının bölgədəki missiyasının uğursuzluğundan sonra bir çox suallar yaranır. “Bu suallar qanunidir, çünki uğursuzluq dedikdə, Rusiya sülhməramlılarının Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilmədiyini və ya təmin etmək istəmədiyini nəzərdə tuturam” deyərkən Paşinyan, əslində, bildirmək istəyir ki, Rusiya Qarabağda təhlükəsizlik mühiti formalaşdıra bilmədisə, deməli, Naxçıvana gedən yolda da bunu gerçəkləşdirməsi mümkünsüzdür. Göründüyü kimi, Nikol eyhamlı şəkildə Moskvanı ələ salmaq yolu tutmaqdadır.
Ancaq erməni baş nazir Aİ Şurasının prezidenti Ş.Mişelin söylədiklərinə, həmçinin özünün Avropa Parlamentinin tribunasında dediklərinə fokuslanaraq, onu da bildirir ki, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional kommunikasiyalar açılmalıdır. O deyir: “Belə olan halda, Azərbaycan beynəlxalq ticarət üçün Ermənistanın nəqliyyat marşrutlarından istifadə edə bilərmi? Bəli, buna əminəm! Ermənistan beynəlxalq ticarət üçün Azərbaycan yollarından istifadə edə bilməlidirmi? Bəli! Beynəlxalq treyderlər qlobal ticarət kontekstində Ermənistan vasitəsilə Türkiyə, İran və Gürcüstanla ticarət edə bilməlidirlərmi? Bəli! Və biz bu təklifi veririk, bu qərara hazırıq və bu təklifi “dünyanın kəsişməsi” adlandırırıq. Bütün tərəfdaşlarımızı layihəni birlikdə həyata keçirməyə dəvət edirik”.
Deməli, əsas məsələ ondadır ki, Paşinyan üçtərəfli Bəyanatın şərtlərini pozmaqla yeni reallıq formalaşdırmaq fikrinə düşüb. “Dünyanın kəsişməsi” layihəsi elə budur. Nikolun komandasının üzvləri əvvəllər məsələni “Erməni kəsişməsi” adlandırırdılar. Görünür, sonradan mövzuya, öz aləmlərində, daha qlobal məzmun qazandırmağa girişdilər. Əlbəttə, ilk baxışdan layihə cəlbedici görünə bilər. Amma haqqında söz açdığımız üçtərəfli Bəyanat olmasa. Nəzərə alaq ki, qeyd etdiyimiz zəmində sənəddən imtinada məqsəd, bir daha bildirək: Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır.
Ancaq Nikolun unutduğu bir məqam var. O məqam bundan ibarətdir ki, Ermənistanın Naxçıvana gedəcək yoldakı təhlükəsizlik təminatına inam və etibar yoxdur. Ona görə Azərbaycan bildirir ki, İrəvan hazırkı şərtlərlə razı deyilsə, ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yol İrandan keçəcək. Bu isə o deməkdir ki, Ermənistan belə demək mümkünsə, “dünyanı kəsişdirə” bilməyəcək. Nəinki bilməyəcək, özü dünyadan təcrid durumunda qalacaq. Hər halda, İrəvana öz imzasından imtinanın hansı mənfi nəticələr doğuracağını anlatmaq lazımdır. Halbuki, durum üçtərəfli Bəyanatdakı kimi olsaydı, Ermənistan tranzit əraziyə çevriləcək və gəlir əldə edəcəkdi.
***
Əlbəttə, N.Paşinyanın “The Wall Street Journal”a müsahibəsində söylədiklərinə ümumi şəkildə nəzər yetirsək, onun yanaşmasını Azərbaycanla sülhdən yayınmaq kimi qiymətləndirmək mümkündür. Bu, özünü Nikolun danışıqlar prosesinə münasibətində də göstərməkdədir.
Ümumən, son zamanlar hiss olunur ki, Paşinyan Azərbaycan–Ermənistan münasibətlərini nizamlama prosesinin Qərb formatına, daha dəqiq desək, ənənəvi Brüssel gündəliyinə “Qranada motivlərini” əlavə etməkdədir. Ermənistan baş naziri bu il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada keçirilmiş üçüncü zirvə toplantısında özünün, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Aİ Şurasının prezidenti Ş.Mişelin imzaladıqları sənədləri ehkamlaşdırmaq yolu tutur. Belə münasibət Qarabağ ermənilərini ayrıca zümrə kimi təsəvvürə gətirməyə, onların hüquq və təhlükəsizliyi ilə bağlı manipulyasiyalara hesablanıb. Yazımızın əvvəlində bununla əlaqədar söz açdığımızdan yenidən məsələyə qayıtmaq istəməzdik.
***
Bəli, Ermənistanın Qarabağ ermənilərinin bölgəyə qayıtmaq üçün hüquq və təhlükəsizlik şərtini irəli sürməsi Azərbaycanın bununla bağlı konstitusyon əsasda verdiyi təminatların heçə sayılması mənqtindən irəli gəlir. Nəticə etibarilə onların ayrıca statusa malik təbəqə kimi götürülməsi xətti seçilir ki, bu, gələcəkdə Qarabağın Azərbaycandan kənar ərazi kimi rəsmiləşməsinin ilk addımları kimi nəzərdə tutulmaqdadır. Elə Nikolun “The Wall Street Journal”a müsahibəsində də bu məqsəd özünü göstərməkdədir.
Beləliklə, Paşinyan Azərbaycanla sülh gündəliyi baxımından üç prinsip açıqlayır. Onun sözlərinə görə, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyırlar. “Bu müddəa Praqada (2022-ci ilin oktyabrın 6-da) keçirilən toplantıda elan edilib və 2023-cü il mayın 14-də Brüsseldə daha bir addım atılıb. Azərbaycan Ermənistanın 29800 kvadratkilometrdəki ərazi bütövlüyünü, Ermənistanın isə Azərbaycanın 86600 kvadratkilometrlik ərazidə suveren haqlarını tanıyıb”, – deyən erməni baş nazirin sırf mövcud xüsusda söylədiklərinin üzərində geniş dayanmağa ehtiyac yoxdur. Çünki burada hər şey aydındır. Amma...
Paşinyan bildirib ki, ikinci prinsip Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasıdır. O, bu prosesin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalı olduğunu vurğulayıb: “Xüsusiyyət ondadır ki, bu bəyannamənin imzalanması zamanı Sovet İttifaqı respublikaları artıq müstəqil ölkələrə çevrilmişdilər və ya de-fakto müstəqil olmuşdular. Alma-Ata Bəyannaməsində onlar arasında mövcud sovet inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanındığı bildirilirdi. Sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında baş verməlidir deyəndə nəzərdə tuturuq ki, o dövrdə mövcud olan dövlət xəritələri alınmalı və onlar əsas götürülməlidir”.
Qeyd edək ki, N.Paşinyan əvvəllər Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirdi. Nədənsə son zamanlar tanınmadan söz düşəndə “Qarabağ” sözünü işlətmir. “Əmma” da elə bundadır. Diqqət yetirək, Alma-Ata Bəyannaməsinə qədər keçmiş SSRİ respublikalarının bir çoxu müstəqil olmuşdularsa, yaxud de-fakto müstəqil idilərsə, bir anlıq 1991-ci ilin dekabrın əvvəlində Qarabağda referendumun keçirilməsini, azərbaycanlıların iştirak etmədikləri, yalnız ermənilərin qatıldıqları prosesdə Qarabağın müstəqilliyinə səs verildiyini yada salaq. Dekabrın 21-də isə Alma-Ata Bəyannaməsi imzalanmışdı.
Yeri gəlmişkən, Qarabağdakı artıq canını tapşırmış separatçı rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın bu günlərdə söylədiklərinə də nəzər salaq. O, dedi ki, heç kəs “Dağlıq Qarabağ Respublikası”nı ləğv edə bilməz, çünki o, referendum nəticəsində, yəni “Artsax xalqının” iradəsi ilə yaranıb. Deməli, Ermənistan nə zamansa qanunun geri işləməməsi prinsipinə əsasən, Alma-Ata Bəyannaməsinin Qarabağa heç bir aidiyyatının olmadığını bildirə bilər. Hər halda dəfələrlə sözündən dönən birinin belə bir manipulyasiyaya baş vurmayacağına heç kəs təminat verə bilməz. Xəritələrdən söz düşmüşkən, “Artsaxın xəritəsi” deyilən kağız parçası da var. Üstəlik, “Böyük Ermənistanın” da...
İndi tam aydın olur ki, əvvəldə haqqında danışdığımız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi baxımından beynəlxalq təminat məntiqi bölgədə erməni avantürizminin davamına hesablanıb. Müvafiq olaraq bu davam üçün İrəvan tərəfindən Rusiya sülhməramlılarından imtina və onların yerini BMT sülhməramlılarının tutması irəli sürülür. Nəticəyə gəlirik ki, Paşinyan Qarabağ avantürasını Moskvanın egidasından çıxarıb Qərbin sərəncamına təslim etmək barədə düşünür. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məhz buna görə deyir ki, təmsil olunduğu qurumun başlıca vəzifəsi Qarabağ ermənilərinin öz evlərinə qayıtmalarıdır. Görəsən, T.Klaar və onun digər dostları, o cümlədən, Aİ Şurasının prezidenti Ş.Mişel nə üçün Qarabağ boşaldılanda, insanların öz evlərindən getməməsi mövzusunda çağırış səsləndirmədilər? Elə buradan da tam aydın görünür ki, “ssenari” əvvəlcədən hazırlanmışdı.
Deməli, Qarabağ ermənilərinin apar-topar bölgədən çıxmaları məqsədli imiş. Başlıca məqsəd isə beynəlxalq miqyasda “etnik təmizləmə” şousu yaratmaqla, Azərbaycana təzyiq göstərmək, ölkəmizin Qarabağda erməni avantürizminin saxlanmasına razı salmaq idi. Ən əsası isə nəticə etibarilə Azərbaycanın suverenliyini şübhələndirmək xülyasına baş vurulur. Əlbəttə, bu şübhələndirmək yekunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi üçün baza formalaşdırmaq məramından irəli gəlməkdədir. Hər halda, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Nikol olmuşdu.
Paşinyanın “The Wall Street Journal”a müsahibəsində Qərb formatı çərçivəsindəki Azərbaycan–Ermənistan danışıqları ilə bağlı səsləndirdiyi üçüncü prinsip də mahiyyətcə əvvəl diqqətə çatdırdıqlarımızın davamıdır. Onun söylədiklərindən belə qənaətə gəlmək olar ki, regional kommunikasiyalar, o cümlədən, Ermənistan və Azərbaycan arasında avtomobil və dəmir yolları üçtərəfli Bəyanat məntiqindən kənar açılmalıdır. Yəni, belə demək mümkünsə, Rusiyasızlıq əsas götürülməlidir. Hər halda, Nikolun ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsiplərinin üzərində dayanması məhz buna görədir.
***
Əlbəttə, məsələ heç də onda deyil ki, üçtərəfli Bəyanat Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Hərçənd, rəsmi İrəvan, o cümlədən, baş nazir Paşinyan məsələyə məhz bu kontekstdən yanaşmaqdadır. Əslində, sənəd Ermənistanın müharibədə məğlub olmuş tərəf kimi üzərinə götürdüyü öhdəlikdir. O öhdəlik ki, İrəvanı tamamilə iflasdan qurtarmışdı. O öhdəlik ki, Ermənistan onu başqasının torpağını işğalda saxlamağın aqibəti kimi qəbul etmişdi.
Ancaq N.Paşinyanın “The Wall Street Journal”a müsahibəsindən ümumən belə görünür, erməni iqtidarı keçmişin dərslərini unutmaqdadır. Halbuki, unutmamalı və reallıqları dəyişdirməyə cəhd göstərməməli idi. Nəzərə almalı idi ki, nəyisə dəyişdirmək istəyi həm də Cənubi Qafqazda sülhə qarşı çıxmaqdır.
Ə.CAHANGİROĞLU