- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu ay keçirilməsi nəzərdə tutulan növbəti Brüssel raundu təxirə salındı. Əslində, bunu gözləmək olardı. Birincisi, İrəvan son zamanlar özünün anti-Azərbaycan ritorikasını gücləndirib. Mövcud şəraitdə görüş ab-havası nəzərə çarpmırdı. İkincisi, təşkilatçı tərəf – Avropa İttifaqının, konkret olaraq Aİ Şurasının prezidenti Şarl Mişelin komandasının təmasın təşkilinə dair fəallığı hiss olunmurdu. Nəhayət, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar hər şeyə aydınlıq gətirdi. O, dünən Ermənistanın ARPI analitik mərkəzinin “Qeyri-müəyyənlikdə irəliləyiş” mövzusundakı konfransında məlum etdi ki, növbəti Brüssel raundu baş tutmayacaq.
Əvvəldə də bildirdiyimiz ki, T.Klaar məsələni görüşün təxirə salınması kontekstində qoydu. Bu isə o deməkdir ki, Aİ Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək ümidini üzməyib. O, nizamlama prosesinin ləng, amma düzgün istiqamətdə getdiyini vurğulayıb. Əlbəttə, bu deyimdən düz istiqamətin nədən ibarət olduğunu söyləmək çətindir.
Əslində, aydın olmayan heç nə yoxdur. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edib. Qarşıda tərəflər arasında sülh müqaviləsinin imzalanması vəzifəsi dayanıb. Əlbəttə, sərhədlərin delimitasiyası və demarkasiyanın həyata keçirilməli olduğunu da qeyd etməliyik. Amma mövzudan bəhs edən Rusiya Prezidenti Vladimir Putinin bildirdiyi kimi, Qarabağ münaqişəsi həllini tapıb, yerdə qalan məsələlər texniki xarakterlidir.
T.Klaarın fikirlərindən gəlinən qənaət texniki əhəmiyyət daşıyan heç nəyin yoxluğunu söyləməyə əsas verir. O vurğulayıb ki, Aİ-nin qarşısında duran məqsəd Qarabağ ermənilərinin öz evlərinə qayıtmalarıdır. Çox təəccüblüdür. Qurum niyə bunu prioritet sayır? Bir halda ki, Qarabağ erməniləri öz xoşlarına bölgəni tərk ediblər, məsələ Aİ-ni narahat etməməlidir. Əlbəttə, heç də hər şey düşünüldüyü kimi sadə deyil və bu, müəyyən mənada başadüşüləndir. Amma... Yuxarıda da bildirdiyimiz kimi, Ermənistan inad edir və ən pisi isə budur ki, ölkənin inadına haqq qazandıranlar var. Axı T.Klaar Qarabağ ermənilərinin qayıtmaları barədə heç də təsadüfən söz açmır.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderləri bu il oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində bir araya gəlməli idilər. Lakin ölkəmiz görüşdən imtina etdi. İmtinanın səbəbi Fransanın ermənipərəst mövqe tutmasıdır. Bakı mövcud tərəfkeşliyə qarşılıq Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun, Ermənistanın baş naziri N.Paşinyanın və Aİ Şurasının prezidenti Şarl Mişelin oturacağı masada özü ilə birgə Türkiyə liderinin də əyləşməsini istədi. Buna imkan verilmədi...
T.Klaar açıqlamasında Azərbaycan Prezidentinin qatılmamasına rəğmən, Qranada sammitinin əhəmiyyətini vurğulayır. Bu isə o deməkdir ki, Aİ həmin sammit çərçivəsindəki prioritetləri rəhbər tutmaqdadır. Prioritetlərdən biri Qarabağ ermənilərinin bölgəyə qayıtmasıdırsa, başlıca məqam prosesin hansı şərtlər altında reallaşmasıdır. Yeri gəlmişkən, həmin şərtlər də məlumdur. Bunu N.Paşinyan əvvəl Ermənistanın İctimai televiziyasına müsahibəsində dilə gətirdi, sonra nisbətən örtülü şəkildə Avropa Parlamentindəki çıxışında səsləndirdi. O dedi ki, Qranada sammitində imzalanmış sənədlər önəmlidir və onlara korrektələr yolverilməzdir. Sözügedən sənədlərdə isə Qarabağ ermənilərinin qayıdışı üçün əlavə hüquq və təhlükəsizlik təminatlarından söz açılır. Sanki Azərbaycanın konstitusion əsasda təqdim etdiyi vədlər yetərli deyil.
Bəli, Qranada sammiti Qarabağ ermənilərinin bölgəyə qayıtma şərtlərinə dair ayrıca beynəlxalq statusun tətbiqini əsas götürməkdədir. Üstəlik, sammit çərçivəsində Azərbaycanın Qarabağda, guya, etnik təmizləmə həyata keçirdiyi məsələsi də gündəmə gətirilmişdi ki, bu cür yanaşma da tam yolverilməzdir və qərəzlidir. Deməli, Aİ Ermənistanın qərəzli dəst-xəttini müdafiə etmiş tərəf kimi görünməkdədir. Hər halda, T.Klaarın Qranadadan danışmasından gəlinən nəticə budur. Halbuki, qurum bitərəf davranmalı idi. Davranmadı və Ş.Mişelin şəxsində obyektiv vasitəçidən konkret tərəfə çevrildi ki, mövcud trayektoriyanın hərəkətverici qüvvəsinin Fransa olduğu aşkardır.
İndiki durumda Brüssel raundunu səmərəsiz edən cəhətlərdən biri elə Ş.Mişelin açıqlamasıdır. O, bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan Qarabağ ermənilərinin bölgəyə qayıtmalarına səmimi yanaşırsa, bunu əməli ilə təsdiqləməlidir. Əməl bu olmalıdır ki, ölkəmiz Qarabağa BMT sülhməramlılarının yeridilməsinə razılıq verməlidir. Bir halda ki, Qarabağ münaqişəsi həllini tapıb, Rusiya sülhməramlıları bölgədəki varlıqlarını məhdudlaşdırmağa və Azərbaycan ərazisini tərk etməyə başlayıblar, o zaman nəyə görə onların yerini BMT sülhməramlıları tutmalıdır? Ona görə ki, Qarabağ erməniləri, daha doğrusu, onlardan faydalanmaq yolu tutan separatçılar özlərinin bölgə ilə bağlı avantüralarını davam etdirsinlər? Yəni, faktiki olaraq, hazırda Qərb tənzimləmə xəttinin ölkəmizə sırımaq istədiyi məhz budur.
Azərbaycan belə bir gedişatla razılaşsa, o zaman Ermənistanın Qarabağ da daxil olmaqla, ölkəmizin 86,6 min kvadratklilometrlik ərazidə suveren hüquqlarını tanımasının heç bir əhəmiyyəti qalmayacaq. Yeri gəlmişkən, İrəvan və Aİ mövcud tanınmadan söz açarkən, onun Alma-Ata Bəyannaməsinə əsasən gerçəkləşəcəyini vurğulayırlar. Sual olunur: nəyə görə məhz Alma-Ata prinsipləri? Cavab çox sadədir. Əgər Qərbdə bildirildiyi kimi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi baxımından beynəlxalq təminatlar məntiqi işə düşsə, gələcəkdə Ermənistan sözügedən Alma-Ata Bəyannaməsini də şübhələndirmək yolu tuta bilər. Məsələn, deyə bilər ki, Qarabağda referendum 1991-ci ilin noyabrında keçirilib və bölgə “müstəqilliyini” elan edib, Alma-Ata Bəyannaməsi isə həmin ilin dekabrında imzalanıb. Yəni, Qarabağın Azərbaycanın tərkibində olmadığı bir vaxtda. Baxın, hazırda Ermənistanda olan separatçı rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan sözündən, imzaladığı fərmana oxşar şeydən imtina edərək vurğulayıb ki, heç kəs “Dağlıq Qarabağ Respublikası”nı ləğv edə bilməz. Çünki, o, referendum yolu ilə yaranıb. Samvel, necə deyərlər, xoruzun quyruğunu göstərdi.
Belə olan halda, Aİ-nin şəxsində Qərb vasitəçiliyi formatını təmsil edənlər bölgədə yenidən separatçılığın alovlanmayacağına təmina verə bilərlərmi? Əlbəttə ki, yox! Nəinki təminat verə bilməzlər, üstəlik, Fransanın Aİ-dəki mövqeyinin güclü olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, əksinə, Qarabağ avantürasına dəstək məntiqi işə düşəcək. Deməli, T.Klaarın hazırkı şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid bəsləməsi diplomatik gedişdən başqa bir şey deyil. Qərb N.Paşinyanın başından Qranada eyforiyası ab-havasını çıxarmayınca, sülh mümkünsüzdür.
Əvvəldə vurğuladığımız məqama qayıdaraq bildirək ki, hazırda Ermənistan bütün beynəlxalq platformalarda anti-Azərbaycan ritorikasına baş vurmaqdadır. Paşinyan administrasiyasının təmsilçiləri, ölkəmiz Qranada sammitində iştirakdan imtina edəndə, bu təbliğata daha tünd “rəng çalarları” qataraq bildirdilər ki, Bakı sülhdən yayınır, Ermənistana qarşı işğalçılıq planları qurur və sair və ilaxır. Hələ Parisin İrəvanın təhlükəsizliyinin qayğısına qalmaq üçün qaldırdığı vay-şivən də var, üstəlik, bir neçə gün öncəki Fransa–Ermənistan hərbi-texniki əməkdaşlıq müqaviləsi də...
Halbuki, belə olmamalı idi. Əgər Paşinyan həqiqətən sülhə sadiq idisə, MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilmiş toplantısına qatılmalı, Azərbaycan Prezidenti ilə görüşməli idi. Nikol bundan imtina etdi və bu, o demək idi ki, Qranadada Azərbaycanın iştirakı olmadan imzalanmış sənədlər mənasız kağız parçasıdır. Belə olan təqdirdə, ölkəmizin təklif etdiyi təkbətək təmas məntiqi tam uyğundur. Bir halda ki, Ermənistan Rusiyanın vasitəçiliyindən rəsmi şəkildə imtina etməyib, o zaman nəyə görə bölgədən min kilometrlərlə aralıda olan Qərb platforması əsas götürülməlidir? Elə Moskva müstəvisi götürülsən də. Demək, bir daha məlum olur ki, Qərb İrəvanı dəstəkləmək məntiqinə köklənib...
Əlbəttə, Ermənistan Azərbaycanla danışıqlar prosesində həmişə manipulyativ mövqe tutub, sülhdən yayınıb. Bu mövqe necə olursa-olsun, Qarabağ avantürasının davamına hesablanmışdı. Lakin Azərbaycanın bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra mövcud istiqamətdəki cəhdlər tamamilə sıradan çıxdı. İndi görünən budur ki, Qərb vasitəçiliyi Qarabağdakı erməni avantürizminin saxlanılmasına hesablanmışdı. Elə ona görə də Qranada sammitində anti-Azərbaycan tezislər ortaya atılmağa başladı. Ş.Mişel isə bunu pərdələmək üçüb, tez-tələsik, Brüssel görüşü təşəbbüsünü irəli sürdü. Həm istədi ki, özünün vasitəçilik missiyası iflasa uğramasın, həm də Qranadadakı nəticələr gücləndirilsin. Birinci məqamı başa düşmək haradasa mümkündür, ikincini isə yox. Çünki sözügedən sammitdəki sənədlər vasitəçilik yox, yalnız ermənipərəstlik məhsuludur.
Sonda onu da deyək ki, Ermənistanda T.Klaarın haqqında söz açdığımız açıqlamasından doğan bir sıra fikirlər gündəmə gəlməkdədir. Bu fikirlər sırasında Azərbaycan, Rusiya və Türkiyənin birləşərək Qərbə qarşı çıxmasından tutmuş, Ermənistanın işğalı perspektivinədək bir sıra məqamlar var. Halbuki, belə konspriativliyə əsla ehtiyac yoxdur. Çünki reallıq çox sadədir. Qarabağ Azərbaycan ərazisidir və bölgədə yaşayan insanların, o cümlədən ermənilərin rifahı ölkəmizin təklif etdiyi təminat qaydaları ilə tənzimlənməlidir. Burada hansısa başqa mətləblərin qabardılmasına qətiyyən ehtiyac yoxdur. Sülh müqaviləsinə gəlincə, məğlub Ermənistan bunu istəmirsə, eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyasından boyun qaçırırsa, Fransadan və digər ölkələrdən aldığı silahlara güvənib reallıqları dəyişməyə ümidlidirsə, üstəlik, blokada şəraitində qalıb Avropanın hesabına yaşayaraq rəzil duruma düşməyi arzulayırsa, buyursun. Necə deyərlər: can onun, cəhənnəm Tanrının!
Ə.CAHANGİROĞLU