- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirindən sonra Ermənistan–Rusiya münasibətlərində buna qədər də müşahidə edilən soyuqluq, deyəsən, özünün “buzlaşma” dövrünə qədəm qoyub. Rəsmi İrəvanın son vaxtlar ölkənin təhlükəsizliyi ilə bağlı səsləndirdiyi ittihamların Bakıdan daha çox Kremlə ünvanlandığı aydın görünməkdədir. Əslində, iki ölkə arasında münasibətlərin sərinləşməsi İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə hiss olunurdu. Paşinyan iqtidarını daha çox özündən çıxaran hal ondan ibarətdir ki, Qarabağda sülhyaratma missiyasını yerinə yetirən Moskva və onun təbliğat maşını İrəvanın “problemlərinə” diqqət yetirməyib. Bu səbəbdən Ermənistan mediasında tirajlanan materiallarda Rusiyanın Qarabağda yaşananlara biganəliyi qabardılır, konkret seqmentlər qınaq və tənqid obyektinə çevrilir.
Təxminən iki ay bundan əvvəl Ermənistan baş naziri İtaliyanın “La Republica” qəzetinə verdiyi müsahibəsində təhlükəsizlik məsələsində ölkəsinin yalnız Rusiyaya bel bağlamasını “strateji səhv” adlandırmışdı. Nikol Paşinyan bir az da irəli gedərək, Rusiyanın Cənubi Qafqaz bölgəsini “tamamilə tərk edə biləcəyi” versiyasını irəli sürmüşdü. Düzdür, Hayastan liderinin açıqlamasına dərhal münasibət bildirən Kreml regionu tərk etmək niyyətində olmadığını, Paşinyanın təhlükəsizliklə bağlı Rusiyaya ünvanladığı ittihamlarına isə “fərsiz rəqqas”la bağlı məşhur misalı gətirməklə cavab vermişdi. “Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı, ABŞ və İrana üstünlük verir”. Bu barədə “Hayastan” xeyriyyə fondunun baş direktorunun müşaviri Robert Ananyan özünün tvitter səhifəsində yazıb. O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri aldadaraq, Rusiyanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər.
“Amma İkinci Qarabağ müharibəsi göstərdi ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər daha çox Qərbə arxalanmağa üstünlük verirlər”–yazan “xeyriyyəçi jurnalist” Rusiya xüsusi xidmət orqanlarının ölkəsində dərin kök saldığını, özünə loyal siyasi elita formalaşdırdığını bildirir.
STATİSTİKA: Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunda iştirak edən ermənilərin cəmi 10 faizi Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini “çox yaxşı”, 40 faizi “bir qədər yaxşı”, 15 faizi “çox pis”, 34 faizi isə “bir qədər pis” kimi qiymətləndirib. Başqa sözlə, respondentlərin təxminən yarısı Ermənistan–Rusiya münasibətlərinin hazırkı durumunu mənfi qiymətləndirib.
Bəli, Ermənistan ictimaiyyəti artıq Moskvaya “himayədarı” kimi baxmır. Bu, əvvəllər Ermənistanda danılmaz “xilaskar” obrazına malik olan Rusiya Federasiyası üçün fəlakətli dərəcədə aşağı göstəricidir. Ananyanın açıqlamasına görə, eyni sorğuda iştirak edən ermənilərin 63 faizi Ermənistanla Fransa arasında münasibətlərin indiki vəziyyətini “çox yaxşı”, 33 faizi isə “bir qədər yaxşı” kimi qiymətləndirib. Bu siyahıda ABŞ İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21 faizi Ermənistan–ABŞ münasibətlərini “çox yaxşı”, 67 faizi isə “bir qədər yaxşı” kimi dəyərləndirib. Avropa İttifaqı Ermənistanda dördüncü müsbət reytingə malikdir: ermənilərin 18 fazi Ermənistan-Aİ münasibətlərinin vəziyyətini “çox yaxşı”, 68 faizi isə “bir qədər yaxşı” kimi qiymətləndirib.
Robert Ananyan paylaşımında maraqlı müşahidələrini də qeyd edir: “Ermənistan Rusiya üçün “borca görə aldığı əmlak”dır. İrəvanın Moskva ilə imzaladığı ən biabırçı sövdələşmələrdən “Borc üçün mülk” adlanan müqavilədir. Həmin razılaşmanı Moskva ilə 2002-ci ilin noyabr ayında Ermənistanın ən rusiyapərəst rəhbərlərindən biri –Robert Koçaryan imzalayıb. Razılaşmaya əsasən, Ermənistan 1994-1998-ci illərdə yığılmış 95 milyon ABŞ dolları həcmində borcun müqabilində Rusiyaya ölkənin ən vacib 5 obyektini – Razdan İES-i, “Mars” zavodunu və 3 dövlət şirkətini təhvil verib. O vaxtdan Moskva əmlakın yeni sahibi kimi bu müəssisələrdən istifadə etmək və sərəncam vermək hüququ əldə edib”. Yəni, ortada aydın görünən həqiqət ondan ibarətdir ki, Rusiya Ermənistan üzərində işğalın “mədəni özəlləşdirmə modeli”ni tətbiq edib. Ananyan haqlı olaraq deyir ki, ölkənin strateji aktivlərini Moskvaya satan Koçaryan adı çəkilən obyektlərin payçılarından biridir: “1998-ci ildə Ermənistan hakimiyyəti “ArmRusqazprom” QSC-ni Rusiyaya “peşkəş” edib və az sonra o, “Qazprom”un tərkibinə daxil edilib. Rusiya ilə qaz sazişini isə 2013-cü ildə Hayastanın üçüncü prezidenti Serj Sarkisyan imzalayıb”. İkitərəfli müqaviləyə əsasən, Ermənistan 2043-cü ilə qədər mavi yanacağı “Qazprom”dan alacaq. Bu isə İrəvanın imtiyazı yox, ona qarşı qurulan siyasi təsir vasitəsidir.
Fərhad MƏMMƏDOV,
politoloq
Rusiya–Ermənistan münasibətlərində müşahidə olunan gərginlik daha çox siyasi ritorikada özünü göstərir. Atılacaq konkret addımlara gəlincə, Moskva ilə İrəvanı bir-birnə strateji xətt bağlayır. İlk növbədə təhlükəsizlik və iqtisadi sahələrdə müttəfiqlik qeyd olunmalıdır.
Biz görürük ki, bu iki sahədə əməkdaşlıqla bağlı hansısa yeni konkret qərarlar yoxdur. Bəli, İrəvan təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı, digər gücləri də ərazisinə cəlb edib. Həmin yeni qüvvələrin bölgədə peyda olması Moskva ilə bərabər Tehranı da narahat edir. Bütövlükdə, bu, regional müstəvidə gərginliyin artmasına səbəb olur. İkinci məqam ondan ibarətdir ki, münasibətlər ritorika səviyyəsində tarıma çəkilsə də, iqtisadi müstəvidə iki ölkə arasında hansısa problemi görmürük. Əksinə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi həndəsi silsilə ilə artmaqdadır. Bu isə, öz növbəsində, qarşılqlı asılılıq vəziyyətini formalaşdırır.
Nikol Paşinyan üçün reytinqinə görə vacib saydığı iki amil var. Birincisi, Ermənistanın təhlükəsizliyi, ikincisi, iqtisadi inkişaf məsələləridir. Hər iki komponent üzrə Rusiyanın rolu böyükdür. Birinci amillə bağlı Paşinyan Moskvanın üzərinə yeriyib, özünə ünvanlanan tənqidləri şimallı müttəfiqinə tərəf çevirirsə, iqtisadi sahədə bu ölkənin inkişafı Rusiyadan aldığı enerji və artan ticarət dövriyyəsi üzərində formalaşır. Yəni, Kremlin əlində Paşinyana və Ermənistana qarşı istifadə edə biləcəyi kifayət qədər rıçaqlar var. Fəqət bu amillər həm də baş nazirin öz əhalisi arasında anti-Rusiya meyillərinin artmasını təşviq etməsinə gətirib çıxarıb. Hesab edirik ki, Rusiya rəhbərliyi yaxın gələcəkdə yenidən Paşinyanla uzlaşmaq yolunu tutacaq. Çünki özünün də resurslarının limiti tükənmək üzrədir.
İmran BƏDİRXANLI