- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bunu istər ölkəmizin Prezidenti İlham Əliyev, istərsə də digər rəsmilərimiz dəfələrlə bildiriblər. Əlbəttə, bizim üçün Qərbi Azərbaycana qayıdış məsələsi önəmlidir. Ancaq dövlətimizin başçısının vurğuladığı kimi, bu qayıdış dinc məqsədlidir. Hətta Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb ki, ölkəmiz Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacaqlar. Bununla belə, Ermənistanda Azərbaycanın güc yolundan istifadəsi mövzusunda qorxu var. Hərçənd, buna daha çox qorxunun imitasiyası demək mümkündür. Bəs, imitasiya nəyə görədir?
Əlbəttə, Azərbaycanın güc yolu ilə məqsədinə çatması baxışını tirajlamaq Ermənistan üçün sərfəlidir. Birincisi, İrəvana anti-Azərbaycan ritorikasını diri saxlamaq həmişə lazımdır. Zəngəzur amili də bu baxımdan vacibdir. İkincisi, Ermənistan beynəlxalq aləmdə özünü məzlum kimi göstərmək yolu tutur. Məzlum olmaq iqtisadi cəhətdən səmərədir. Nikol bu yolla Qərbin davamlı maliyyə yardımına ümid bəsləyir.
Digər tərəfdən, əslində hazırda bəzi Qərb dairələri də Azərbaycanın Zəngəzura hücum çəkəcəyi məntiqini ortaya atmaqdadırlar. Erməni mediası bu fikirləri həvəslə yayır. Əlbəttə, demək olmaz ki, media mümkün təhlükəyə qarşı cəmiyyətdə müqavimət formalaşdırmağa çalışır. N.Paşinyan və komandası mövcud məntiqi gündəmdə saxlamaqla, özlərinin işğalçı niyyətlərini, itirilmişləri bərpa istəklərini və bunun üçün güc yolundan yararlanmaq planlarını bir növ ört-basdır edirlər. Nəzərə alaq ki, Ermənistan–Fransa hərbi əməkdaşlığı güclənməkdədir. Parisin İrəvanı özünün Cənubi Qafqazla bağlı avantürist məqsədlərində alətə çevirdiyi göz önündədir.
Onlar Azərbaycanın Zəngəzura hücumu ilə bağlı məsələni gündəmdə saxlamaqla, eyni zamanda, anti-Rusiya ovqatını ölməyə qoymurlar. Onlar beynəlxalq aləmdə belə rəy formalaşdırırlar ki, Rusiya Azərbaycanın köməyi ilə Ermənistan torpaqlarını işğalda saxlamaq siyasətini gerçəkləşdirməyi düşünür. Beləliklə, Cənubi Qafqazı ümumən Qərb–Rusiya qarşıdurmasının bir cəb-həsi eləməyə çalışır.
Bütün bunların fonunda regionda Türkiyə amilinin də önəmi vurğulanmaqdadır. Qeyd edək ki, son zamanlar Ermənistanda da Ankara əleyhinə çoxdandır gündəmə gəlməyən baxışlar irəli sürülməkdədir. N.Paşinyan Avropa Parlamentindəki çıxışında Türkiyənin Azərbaycanla birlikdə Ermənistanı blokadada saxladığını dilə gətirmişdi. Bu, təsadüf sayıla bilməz. İrəvanda yaxşı anlayırlar ki, Zəngəzur dəhlizi Ankara üçün böyük önəm daşımaqdadır. Əslində, bunu dünyada da gözəl dərk edirlər. Ona görə, məsələn, yunan nəşri “Pentapostagma” yazır ki, Türkiyə və Azərbaycan Ermənistana cəbhə aça bilər. Nəşrin iddiasına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları “Mustafa Kamal Atatürk-2023” təlimlərində iştirak üçün Azərbaycana gəliblər. Qəzet təlimlərin 25 müxtəlif istiqamətlərdə, o cümlədən Bakı, Naxçıvan və Qarabağda təşkilinə diqqət yetirərək yazıb ki, Bakı və Ankara birgə təlimlər vasitəsilə güc göstərir və İrəvanı Zəngəzur dəhlizinin açılış şərtlərinin qəbuluna razı salmaq məqsədi güdür.
Qeyd edək ki, Zəngəzur dəhlizi müstəvisindəki məsələlərə ABŞ-ın nüfuzlu analitik mərkəzi sayılan “Stratfor” da yer ayırıb. Mərkəzin yayımladığı məqalədə deyilir ki, Azərbaycanın Ermənistanın cənubunu və Zəngəzur dəhlizini zorla ələ keçirməsi perspektivi var. Lakin “Stratfor” bu qənaətdədir ki, Bakı məqsədinə çatmaq naminə nisbətən kiçik ərazi müdaxilələri həyata keçirəcək və sərhədyanı bölgələri atəşə məruz qoymaqla kifayətlənəcək. “Nəzərə alsaq ki, dünyanın digər böhranları diqqəti yayındırır. Ermənistanın mövqeyi nisbətən zəifdir. Azərbaycanın indi işğala başlamaq və Zəngəzur dəhlizini zorla ələ keçirmək üçün doğru zaman olduğunu düşünməsi şansı var.
Ancaq Azərbaycanın Ermənistanı işğalı nisbətən az ehtimal olunan ssenari olaraq qalır” kimi fikirlərin yer aldığı məqalədə belə qənaətə gəlinib ki, Bakının məqsədinə daha minimal səviyyəli hərbi əməliyyatlarla çatmağı düşünməsinin bir neçə səbəbi var. Birincisi, Azərbaycan Ermənistandan daha böyük və daha yaxşı təchiz olunmuş hərbi gücə malikdir. Buna görə ölkə yalnız sülh danışıqlarının sürətli davamı üçün Ermənistan ərazisini ələ keçirə və özündə saxlayacağına inana bilər. İkincisi, Bakının indi hücuma başlamağın Qərbdən irimiqyaslı iqtisadi sanksiyalara səbəb olma ehtimalının azlığını hesablaması mümkündür. Çünki Avropa və ABŞ Azərbaycan neftinin və təbii qazının alışını artırıb. Üçüncüsü, Azərbaycan, yəqin ki, regional oyunçuların və beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada və Qəzza zolağında davam edən digər böhranlara cəmləşdiyinə inanır və hesab edir ki, onun hərbi əməliyyatlarının qarşısı alınmayacaq. Nəhayət, 2020-ci ildən bəri davamlı silsilə hərbi və diplomatik uğurlara imza atan Azərbaycan dövləti yuxarıda göstərilən amilləri nəzərə alaraq, belə bir hərbi əməliyyatın tez bir zamanda qələbə qazana biləcəyinə həddən artıq arxayın ola bilər.
Maraqlıdır ki, bütün bunları diqqətə çatdıran “Stratfor” analitikləri, eyni zamanda, Azərbaycanın Ermənistan ərazisindən tranzit marşrutunun yaradılmasına təcili ehtiyacın duyulmadığını nəzərə aldığını da qabardırlar. Onlar bildirirlər ki, Azərbaycanın Naxçıvanla Gürcüstan və Türkiyə, eləcə də İran vasitəsilə əlaqə saxlamaq imkanı var: “Əgər İran və Azərbaycan münasibətləri normallaşdırsalar, bu, Ermənistanı regional tərəfdaşlarından daha da təcrid edəcək və onun regionda artan Şərq-Qərb ticarətində uduzmasına səbəb olacaq ki, İrəvan belə aqibətdən qaçmaq üçün Bakıya güzəştə gedə bilər. İkincisi, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə Suriyaya hərbi müdaxilə, bir sıra digər regional və daxili məsələlərlə məşğuldur. Ankara çox güman ki, regional güc balansını pozmaq, Qərb, Rusiya və İranla münasibətlərinə xələl gətirəcək, eyni zamanda özünün Ermənistanı təsir dairəsinə cəlb etmək məqsədini sarsıdacaq genişmiqyaslı işğal planını dəstəkləməz.
***
Yazının əvvəlində bildirdiyimiz bir fikrin üzərinə yenidən gələrək vurğulayaq ki, Azərbaycanın Zəngəzura qayıdışı dinc məqsədli xarakterə malikdir. Prezident İlham Əliyev bu fikri heç də təsadüfən səsləndirmir. Dövlətimizin başçısı belə mövqe ortaya qoymaqla Cənubi Qafqaz platformasını ümumi Qafqaz evi müstəvisində gördüyünü diqqətə çatdırır. Bu müstəvidə başlıca vurğu sülhün, əməkdaşlığın və qarşılıqlı faydanın üzərinə qoyulur. İstər Azərbaycandan, istərsə də Türkiyədən dəfələrlə gələn mesajlar Ermənistanı da mövcud düzəndə görmək arzusunun ifadəsinə əsaslanıb.
Lakin İrəvan xoşməramlı çağırışlara adekvat reaksiya göstərməyib. Nəinki göstərməyib, Qarabağ avantürasını diri saxlamağa cəhd göstərib. Ölkə bu gün də öz “ampluasındadır”. Bir daha bildirək ki, Ermənistan xüsusən də Fransanın köməyi ilə silahlanmaqda, bütün platformalarda anti-Azərbaycan mövqe nümayiş etdirməkdədir. Dünyanın aparıcı beyin mərkəzləri və media orqanları isə ölkəmizin güc ritorikasına üstünlük verəcəyini məhz İrəvanın barışmazlığı və reallıqları dəyişmək istəklərini duyaraq irəli sürürlər.
Əlbəttə, mütləq mənada demək olmaz ki, adını çəkdiyimiz analitik mərkəzin, yunan nəşrinin, eləcə də digər bu sayaq fikirlər irəli sürənlərin qənaətləri doğrudur. Hadisələrin necə cərəyan edəcəyini zaman özü göstərəcək. Həm də onu deməliyik ki, Azərbaycan dövləti başda Prezident İlham Əliyev olmaqla nəyi nə zaman və necə edəcəyini çox yaxşı bilir. Mövcud dəst-xəttə beynəlxalq qurumlar yaxşı bələddirlər. Bu qurumların hazırkı durumda müxtəlif fikirlər irəli sürmələrinə gəlincə, onların yanaşmaları və təhlilləri daha çox Ermənistana subliminal mesaj vermək, ölkəyə reallıqları anlamaq və qəbul etmək üçün düşünmək şansı yaradır. Bəs, İrəvan düşünürmü? Təəssüf ki, yox! Diqqət edək, Paşinyan tərəfdarları, bütövlükdə, Ermənistan mediası bu qədər təhlillərin içərisində doğru məqamları deyil, daha çox Azərbaycanın işğalı məntiqini qabardırlar. Halbuki, daha rasional fikirləşmələri və nəticə çıxarmaları şərtdir.
Ə.CAHANGİROĞLU