- Daxili siyasət
- 09:37 20.09.2024
Sülhə, dostluğa, tərəfdaşlığa və tərəqqiyə qənim kəsilmiş qüvvələrin dövriyyəyə buraxdığı siyasi maraqlar, iqtisadi iştahalar, diplomatik hoqqalar anamız Yer kürəsini daha bir dünya müharibəsinin beş-on addımlığına gətirib. Beynəlxalq aləmdəki sülhsevər xalqların və siyasətçilərin mütərəqqi addımları bizi asayiş və əmin-amanlığın astanasına çatdıranda üfüqdə görünən sülh göyərçininə də badalaq gələn tapılır. Adətən, badalaq idmançının və ya döyüşçünün ayaqlarına vurulur. İndi isə göyərçinin qanadları həmin qərəzli fəndin hədəfinə çevrilir.
Çünki,
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
Anti-Azərbaycan və antitürk siyasi dairələrin iki əsrdən bəri davamlı olaraq körüklədiyi Qarabağ münaqişəsinin diplomatiyamızın və ordumuzun gücü ilə birdəfəlik həll olunmasına baxmayaraq, planetin müxtəlif yerlərindən bayquş səsləri eşidilir ki, Qarabağ münaqişəsinin həlli üçün filan addımlar atılmalıdır.
Bəzi faktları yada salaq. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan hələ sentyabrdakı lokal antiteror əməliyyatlardan xeyli əvvəl – bu il mayın 17-də bəyanat vermişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”. Bu açıq bəyanatdan bir həftə keçməmiş Fransadan bir bayquş uladı ki, münaqişənin ədalətli həllinə nail olmaq üçün biz daim Ermənistanın yanındayıq. Yəni Makron Fransası Afrikadakı nüfuzunu itirdikcə daha da quduzlaşır və Cənubi Qafqazdakı sönməkdə olan münaqişəni var gücü ilə körükləməyə çalışır.
Yaxud, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə, Fransa başda olmaqla, bütün bədxahlarımıza konkret mesaj göndərdi: “Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”.
Ekspertlərin fikrincə, dövlət başçımız bu mesajı Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsinə və 2260 (2023) saylı tövsiyəsinə cavab olaraq səsləndirmişdi. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin həmin bədnam sənədi qınayan bəyanatında deyilirdi ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən və Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir. Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.
Başqa bir fakt. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi ki, Qarabağ nəticə etibarı ilə indi deyil, ötən ilin oktyabrında Praqada görüşdə Ermənistan baş naziri Paşinyanın Qarabağla bağlı bəyanatından sonra yekun olaraq Azərbaycanın tərkib hissəsi oldu: “ Hansı ki, həmin bəyanatla Qarabağın statusu köklü şəkildə dəyişdi. Yəni ki, Ermənistan Qarabağın statusunu müəyyən etdi. Ermənistan etiraf etdi ki, Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir”.
Başqa bir faktı yada salaq. Macarıstan rəhbərliyi ötən ay Avropa İttifaqının Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı hazırladığı anti-Azərbaycan bəyanatına veto qoyaraq, ədalətli mövqe irəli sürmək nümunəsi göstərmişdi. Belə ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı hazırladığı bəyanatı Macarıstan tərəfindən rədd edilmişdi. Borrelin tərtib etdiyi bəyanatda Azərbaycan Qarabağ erməniləri ilə “şəffaf dialoq”a çağırılırdı.
Halbuki, İrəvan rəhbərliyi Qarabağda yaşayan ermənilərin (onların sayı erməni ordusunun əsgərləri də daxil olmaqla 30-40 mindən çox deyildi) “sürətlə artaraq” 100 mini ötdüyünü və hamısının da Laçın sərhəd-keçid məntəqəsi vasitəsiylə Ermənistana getdiyini dəfələrlə bəyan etmişdi. Onda biz kiminlə şəffaf dialoq aparmalıydıq?
Bir sözlə, dünya düzəlmir. Azərbaycan ərazilərinin 20 faizi otuz il işğal altında qaldı, qarət edildi, viranəyə çevrildi, dünya qətiyyən narahat olmadı. Biz öz hüquqlarımızı qoruyanda, ərazi bütövlüyümüzü bərpa edəndə isə dünyanın müxtəlif yerlərində qulaqlar şəkləndi, gözlər bərəldi, əsəblər tarıma çəkildi və... Azərbaycan karvanı ötüb keçdi.
Otuz il bizə deyirdilər ki, mövcud reallıqlarla barışın. İndi özləri mövcud reallıqlarla barışsınlar. Barışmasalar... özləri bilərlər.
İttifaq MİRZƏBƏYLİ