- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan Prezidenti 50 milyonluq azərbaycanlının 30 illik Qarabağ həsrətinə 44 + 1 gündə son verdi. Etiraf edək ki, Vətən savaşına qədər erməni faşizminin qəsb etdiyi torpaqlarımızda son 3 ilin hadisələrinin belə əhatəli və bu sürətlə baş verəcəyi ağlasığmaz idi. Lakin bu, möcüzəli şəkildə gerçəkləşdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz İkinci Qarabağ müharibəsində parlaq tarix yazdı: uzun illər düşmən əsarətində olan ərazilərimiz yağı tapdağından azad edildi. Savaşın başlandığı ilk günlərdən etibarən kənd və qəsəbələrimiz, şəhər və rayonlarımız bir-bir azad olunduqca hər bir azərbaycanlının ürəyi qürur hissi ilə döyündü. Bu qalibiyyət, bu zəfər uzun illər aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi idi.
Azərbaycan bayrağı artıq Xankəndidə, Qarabağımızın 30 il nəzarətimizdən çıxmış bütün guşələrində dalğalanır. Bu tarixi hadisə–əzəli-əbədi yurdumuza qovuşmağımız xalqımıza əbədi xoşbəxtliyin qapısını açıb.
Bu məqamda Qarabağın başı üzərini qara buludlar aldığı 1980-ci illəri xatırlamaq olmur. O vaxt erməni separatizmi yenicə baş qaldırmışdı. Bakıda, rayonlarda hər gün meydanlara minlərlə insan toplaşır, Xankəndidə, İrəvanda “miatsum” şüarı səsləndirənlərə etirazlar bildirilirdi. Şuşanın Topxana meşəsində ağac kəsimi isə xalqın sinirinə toxunub “Qarabağ bizimdir” hayqırtısı ilə qarşılanırdı. Bütün bunlar ermənilərin havadarlarının qara niyyətlərini tormozladı. Erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi. Bu qəsbkarlıq 30 il çəkdi. İşğal dövründə Qarabağ başdan-başa xarabalığa çevrildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, ordumuzun şücaəti ilə torpaqlarımız faşizmin caynağından xilas ediləndən sonra orada bayrağımızın sancılması üçün salamat bir bina belə tapılmadı.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər kənd, hər şəhərində dövlət bayrağımız dalğalanır. Azərbaycanın bu əzəli-əbədi torpağımızda suverenliyini tam bərpa etməsi hamımızı sevindirir, qürurlandırır, qəlbimiz iki əsrlik problemi həll edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza minnətdarlıq hissi ilə döyünür.
Dövlətimizin başçısı bu zəfərin zirvəsi olaraq Xankəndi şəhərində üçrəngli, aylı-ulduzlu bayrağımızı dalğalandırdıqdan sonra çıxışında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tarixinə toxunaraq, keçmişdə ölkəmizdə ermənilərə qarşı heç bir ayrı-seçkilik, diskriminasiya olmadığını xatırlatdı: “Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyündən çıxarıldı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı? Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.
Dövlətimizin başçısı çıxışında ovaxtkı Azərbaycan rəhbərliyinin faktiki olaraq vəziyyətə nəzarət edə bilmədiyini, acizlik, qətiyyətsizlik göstərdiyini təəssüflə xatırlatdı. Cənab İlham Əliyev Xankəndinin erməni millətçilərinin, daşnakların, beynəlxalq terrorçuların toplaşdığı mərkəzi meydanında anti-Azərbaycan şüarı ilə mitinqlər keçirildiyini vurğuladı. Ölkə rəhbəri, eyni zamanda, o zaman cəmi 6 il Heydər Əliyevsiz qalan Azərbaycanda böhran yaşandığını, torpaqlarımızın işğal altına düşdüyünü, bir-birini dəyişən zavallı rəhbərlərin isə faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışdıqlarını, xüsusilə AXC–Müsavat antimilli cütlüyünün bu taleyüklü məsələdə xəyanətkar və satqın fəaliyyət göstərdiyini bir daha diqqətə çatdırdı.
İstər Ümummilli lider Heydər Əliyev yenidən müstəqil Azərbaycan rəhbərliyində olduğu dövrdə, istərsə də Prezident İlham Əliyev 17 il ərzində münaqişəni sülh yolu ilə, qan tökmədən həll etmək məqsədilə Ermənistan tərəfinə çağırışlar edildi. Bu, qanlı mübarizəyə son qoyulması üçün bizim bir millət kimi sülhsevər, tolerant olmağımızla, multikultural dəyərləri daşımağımızla bağlı idi. Amma işğalçı ölkə xəyanətkar, haramxor erməni xislətinə uyğun olaraq 30 il ərzində daim yeni uydurmalar sərgiləyib konfliktin həllini, işğalın ömrünü uzatmağa çalışırdı. Prezident İlham Əliyev erməni faşizminin qəsbkar mövqeyindən geri çəkilmədiyini, min bir bəhanə ilə sülh danışıqlarından yayındığını görüb məsələnin həllinin hərbi yolunun seçiləcəyi xəbərdarlığını edəndə işğalçı Bakıya tanklarla gələcəyini bəyan etməklə təcavüzkarlıqdan əl çəkmədiyini bir daha təsdiqlədi.
Bu məqamda onu da qeyd edim ki, 30 il ərzində Ermənistanda mötədil millətçi olan sabiq prezident Levon Ter Petrosyan Qarabağ caniləri Koçaryana və Sarkisyana dəfələrlə xəbərdarlıq etdi ki, Azərbaycan güclü ordu yaradır, əgər 7 rayonu qaytarmasanız sizin “qalib” mifinizi tamamilə dağıdacaq. Separatçılar isə öz bildiklərini etdilər. Qondarma “Artsax”a başçılıq etmiş 3 separatçı isə bu gün DTX-nın təcridxanasında oturub Sarkisyan və Koçaryanın yolunu gözləyirlər...
Azərbaycan bütün beynəlxalq normalara, şərtlərə əməl edib öz torpağını mənfur düşməndən azad etdi. Azərbaycan Ordusu bu haqq işində mərdlik, şücaət göstərdi. Ermənistanın isə bu müharibəyə zorla cəlb etdiyi gənclərdən ibarət böyük bir fərari ordusu yarandı. Erməni zabitlər əsgərləri qaçmasınlar deyə onları zəncirlə səngərə bağladılar… Bütün bunlar gəlmə ermənilərin Qarabağ “sevgisinin” gerçək nəticələri idi.
Azərbaycanın sentyabr ayının 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağı öz xoşu ilə tərk edən erməniləri, guya, oradan zorla çıxartdığımızı bəhanə edib, ölkəmizi etnik təmizləmədə günahlandırmağa çalışan müəyyən qüvvələrin bütün cəhdləri bir-birinin ardınca fiaskoya uğrayır. Ermənilərin könüllü şəkildə gedişinə verilən ədalətli reaksiyalardan Baş nazir Nikol Paşinyan da əndişələnir. Onun uydurma etnik təmizləmə iddialarının dəstək qazanmamasından ciddi şəkildə narahat olduğu açıq-aşkar nəzərə çarpır. Bu, Paşinyan hakimiyyətinin Azərbaycana qarşı qurmağa çalışdığı yeni məkrli oyunların baş tutmayacağı anlamına gəlir.
Azərbaycan torpaqlarımızı öz xoşu ilə tərk edib gedən erməniləri, az qala, ləyaqətlə yola salıb. Amma ermənilər 1980-ci ilin sonlarından başlayaraq azərbaycanlıları Qərbi Azərbaycandan–indiki Ermənistan adlı dədə-baba torpaqlarımızdan və Qarabağdan ağla sığmayan vəhşiliklə, qışın soyuğunda ayaqyalın, başıaçıq qovublar. Belə şəraitdə nə qədər soydaşlarımız elə yollardaca həyatlarını itirib. Fransa başda olmaqla ermənipərəst dairələr indi bütün bunları unudaraq bizdən erməniləri geri qaytarmağı və onların təhlükəsizliyinə təminat verməyi tələb edir. Halbuki Azərbaycan bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib və uzun illər Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı və reinteqrasiya təklif edib. Hətta ordumuz lokal antiterror tədbirləri zamanı bölgədə heç bir mülki obyektə və əhaliyə zərər vurmayıb. Yalnız Ermənistan ordusunun tör-töküntüləri, silahlı terror dəstələri tərksilah olunub, erməni azlığa isə, necə deyərlər, güldən ağır söz deyilməyib. Onlara respublikamızda qanunlarımız çərçivəsində yaşamaq çağırışı edilib. Azərbaycanın bu humanist fəaliyyəti bölgədə monitorinq aparan BMT müşahidə missiyası tərəfindən də yüksək dəyərləndirilib.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Görəsən, bu gün işğalçı ölkə Azərbaycanı heç bir həqiqətə əsaslanmadan etnik təmizləmədə ittiham edirsə, bəs onda 1980-ci ilin sonlarında Qərbi Azərbaycandan qovulan 250 min azərbaycanlının öz ata-baba yurduna qaytarılması və onun təhlükəsizliyinə təminat verilməsi barədə niyə susmağa üstünlük verir. Axı illərdir ki, dədə-baba torpaqlarının həsrətini çəkən soydaşlarımız Qərbi Azərbaycana– İrəvana, Zəngəzura, Dərələyəzə, Göyçəyə, Amasiyaya və azərbaycanlıların vaxtilə kompakt yaşadıqları digər ərazilərə qayıtmaq istəyirlər.
Qeyd etdiyim kimi, Azərbaycanın mövqeyi aydın və qətidir, bütünlüklə haqq-ədalətə əsaslanır. Buna görə də heç kimdən asılı deyil və heç kimdən heç nə istəmir. Dövlətimizin başçısının vurğuladığı kimi, ona görə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki həmin dövlətlər kimlərinsə onların önündə baş əyməsinə öyrəşiblər. Buna görə də indi bəziləri, guya, beynəlxalq ictimaiyyətin Azərbaycanı antiterror tədbirləri apararkən heç kimlə məsləhət aparmamaqda qınadığını deyirlər. Kimdir beynəlxalq ictimayyət? Prezident İlham Əliyevin dediyi kimi, məgər beynəlxalq ictimaiyyət 20-30 dövlətdən ibarətdirmi? Dünyada 200-dən çox dövlətin olduğu bir halda bir ovuc ölkə hansı haqla bu qədər dövlətin adından danışmaq hüququnu mənimsəyib? Bu qalan dövlətlərə hörmətsizlik, beynəlxalq hüquqa sayğısızlıqdır.
Böyük güclər tarix boyu kiçik dövlətləri və azsaylı xalqları aşağılamaqla, onları əzib öz istəklərini reallaşdırmaqla məşğul olublar. Görünən budur ki, onlar bu gün də üzərlərinə dünyaya “demokratiya dərsləri” vermək kimi öhdəlik götürsələr də, vaxtilə xalqları əzib istismar etmək və tabeliklərində saxlamaq kimi mərəzdən qurtula bilməyiblər. Belə olmasaydı, onlar bu gün Azərbaycanın haqq işini bu qədər ayaqlar altına salmağa cəhd etməzdilər. Böyük güclərin vaxtilə yaratdığı BMT isə erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını 27 ildə bir dəfə də olsa yada salmadı.
Azərbaycan atdığı bütün haqlı addımlarda beynəlxalq hüququn heç bir tələbini pozmayıb. Bu səbəbdən Fransa və ermənilərə havadarlıq edən digər ölkələr bilməlidilər ki, dövlətimiz onların haqsız və ədalətsiz basqılarına məntiqlə və beynəlxalq hüququn tələb etdiyi qaydalar çərçivəsində cavab verir. Bəli, haqq bizimlədir, deməli, güclü olan da bizik. Güclünü yenmək isə mümkün olmur…
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor