- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə respublikamızda həyata keçirdiyi qətiyyətli siyasi fəaliyyətin, çoxistiqamətli proqramların, elmi şəkildə əsaslandırılmış layihələrin və gənc müstəqil dövlətimizin beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsi üçün yeritdiyi xarici siyasətin istənilən səhifəsi mükəmməl sonluqla kifayətlənmişdir. Ona görə də ölkə əhalisinin, dünyanın hər yerindəki soydaşlarımızın və beynəlxalq aləmdəki tərəfdaşlarımızın qədirbilənliklə qeyd etdiyi “Əsrə bərabər 20 il” münasibətilə yazı hazırlamaq üçün mövzu qəhətliyi ola bilməz.
Ancaq mən bu mövzulu ilk yazıda ordu quruculuğunda əldə etdiyimiz nailiyyətləri (təbii ki, ordumuzun uğurları başqa yazının mövzusu olacaq) xatırlatmaq istəyirəm. Çünki bu 20 illik günlərində işğalçı ölkənin köhnə generallarından birinə cavab vermək istəyirəm. Doğrudur, 9-10 il əvvəl də bu məzmunda həmin sarsağa cavab verməyə çalışmışdım. O zaman yazmışdım ki, “cücəni payızda sayarlar”. İndi isə cücəyə dönmüş o generaldan soruşmaq istəyirəm ki, ay Matevosyan, müharibə ilə teatr səhnəsinin fərqini anladınmı?
Söhbət ondan gedir ki, Rusiyadakı erməni diasporunun təmsilçiləri ilə görüşən Ermənistan ordusunun generalı Qrant Matevosyan Azərbaycan Silahlı Qüvvələrini ələ salmaq, aşağılamaq məqsədilə demişdi ki, müharibə teatr tamaşası deyil ki, yaxşı aktyorlar yetişdirərək mükəmməl səhnə əsərinə nail olasan. Müharibə sənəti elə bir sənətdir ki, azərbaycanlılar onu bizim kimi bilməzlər.
... O zaman hələ Aprel döyüşləri də olmamışdı, bir güllə belə atmadan düşmən əsarətindən min hektarlarla ərazimizi azad etdiyimiz Günnüt əməliyyatı da, Tovuz döyüşləri də, erməni generallarının gizlənmək üçün siçan deşiyi axtardığı, baş nazir Nikol Paşinyanın həmin deşiklərin hansındasa kapitulyasiya aktını imzalamasına səbəb olan İkinci Qarabağ müharibəsi də, lokal antiterror əməliyyatları da.
Fikrimizcə, həmin faktlardan ikisini – Aprel döyüşlərini və Günnüt əməliyyatını xüsusilə yada salmaq zərurəti var. Çünki həmin iki fakt düşmən üzərindəki şanlı Zəfərimizə gedən yolun başlanğıcı olsa da, o qədər də tez-tez xatırladılmır.
Belə ki, ordumuz düşmənə öz yerini göstərmək iqtidarında olandan sonra – 2016-cı ilin aprel ayında dünya erməniliyinə sarsıdıcı zərbə vurmuşdu. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Bundan başqa, Azərbaycan Ordusunun mühüm uğurlarından olan Günnüt əməliyyatı zamanı Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında baş vermiş və Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, eləcə də, Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnmiş, qarşıya qoyulan məqsədə nail olunmuşdu.
İnanırıq ki, bütün bunlardan sonra Qrant Matevosyan kimi “teatr generalları” Cənubi Qafqazda hansı ordunun nəyə qadir olduğunu anlamış olarlar. Anlamayıblarsa, öyrənmək heç zaman gec deyil.
İndi isə Azərbaycan Ordusunun gücünü anlamış erməninin – o, general yox, Paşinyan iqtidarına müxalifətdə dayanan alim, ziyalıdır –fikirlərinə nəzər salaq. İkinci Qarabağ müharibəsinin məlum nəticələrindən sonra Facebookdakı “Ermenihaber” səhifəsində Nikol Paşinyanı “yıxıb-sürüyən” həmin alim yazırdı ki, İlham Əliyev Ermənistan ərazisində hansı avtomobilin hayana getdiyini öyrənmək üçün kosmosa rabitə peyki adı ilə kəşfiyyat peyki göndərəndə, ordusunu dünyanın ən müasir silahları ilə təchiz etmək üçün milyardlar sərf edəndə, ölkədə silah istehsalına başlayanda, hərbçilərinin NATO təcrübəsi əsasında hazırlanmasını təmin edəndə, ölkəsinin dost və müttəfiqlərini hər il, hər ay artıranda Ermənistanın rəhbərləri nə ilə məşğul olmuşdular? Həmin illərdə bizimkilər Ermənistan dövlətinin sərvətlərini və diasporun ianələrini bölüşdürmək üçün bir-birinə tələ qururdular. Ona görə də 44 günlük müharibənin nəticəsi heç kəs üçün gözlənilməz deyil.
Fikrimcə, Azərbaycan Prezidentinin son 20 ildəki siyasi fəaliyyətinin qiymətləndirilməsi prosesində bu “abırlı erməni”nin fikirləri də maraq doğurmaya bilməz. Yeri gəlmişkən, rus müəlliflərindən hansınınsa İkinci dünya müharibəsi haqqında olan yazısında Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçillə istinadən xatırlanan belə bir fikir var idi: “Dostlarımızın və müttəfiqlərimizin mülahizələri bizi qane etməməlidir. Odur ki, rəqiblərin bizim haqqımızda düşüncələrini də öyrənməliyik.” O baxımdan erməni alimin düşüncələrinin xatırlanması da təqdirəlayiqdir.
O ki qaldı, Azərbaycanda ordu quruculuğunun səviyyəsinə, yada salaq ki, ABŞ-ın “Global Firepower” saytının apardığı araşdırmadan sonra 2023-cü ilin ən güclü ordularının siyahısında – şirkət hərbi hissələrin sayı, maliyyə vəziyyəti, maddi-texniki təminat, hərəkətlilik və coğrafi mövqe kimi ölkələrin bir çox xüsusiyyətlərinə əsaslanır – Azərbaycan 57-ci, Türkiyə 11-ci, Ermənistan isə 94-cü sırada yer tutub. Xatırladaq ki, bu reytinq göstəricisi yanvarda paylanılmışdı.
Yəni 25-30 il əvvəl bir qrup terrorçu, təxribatçı, başkəsən, vəhşi erməninin cavabını verə bilməyən Azərbaycan Ordusu qısa müddətdə dünyanın 200 ölkəsi arasında 57-ci yeri tutub. Bu, kiçik göstərici deyil. Azərbaycan Ordusu ona görə belə sürətli inkişaf edib ki, ölkəmizin dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib. Prezidentin müəyyən etdiyi düstura uyğun olaraq, Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəlib.
Dövlət başçımız ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsinə çatdırılması üçün lazım olan bütün addımları atıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilib, Türkiyə Ordusu ilə birlikdə keçirilən təlimlərdən əlavə, NATO ilə bağlanmış müqavilələr çərçivəsində də təkmilləşdirilmələr aparılıb.
Ekspertlər yazırlar ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası bütün istiqamətlərdə möhkəmləndirilib, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Bundan başqa, Azərbaycan dövləti özünün güclü müdafiə sənayesini yaradıb, ölkədə müasir silahların istehsalına başlanılıb.
Bütün bunların nəticəsi olaraq, biz iki əsr gözləməli olduğumuz tarixi fakta – Cənubi Qafqaza göndərilmiş ermənilərin fitnə-fəsad torunun dağıdılmasına və onarın yaratdıqları çoxsaylı miflərin ifşasına nail olduq. İş o yerə çatdı ki, Azərbaycan Ordusunun ermənilərdə yaratdığı xof nəticəsində biz otuz il işğal altında qalan üç rayonumuzu bir güllə atmadan belə azad etdik. Ermənilərin xahiş-minnətlərindən sonra bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzalanan bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Onu da əlavə edək ki, 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən möhtəşəm Zəfər paradı bizim ordu quruculuğumuzun zirvəsi idi. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olunmuşdu.
Sonda xatırladaq ki, bu il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağını təqdim edərkən, işğalçı dövlətə olduqca konkret mesaj göndərmişdi: “Biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.
Başa düşmədilər və ona görə də 19-20 sentyabr əməliyyatlarına zərurət yarandı. İndi həmin anlamazların bəziləri Bakıdakı məlum ünvanda “çay içir”, bəziləri beynəlxalq aləmdən kömək dilənir, bir çoxu isə səhər-axşam, gecə-gündüz “Vaxtında Azərbaycanın çağırışlarına müsbət cavab versəydik, bu hala düşməzdik” – peşmançılığını təkrarlamaqla təsəlli tapırlar.
İndi artıq rəqib düşərgədəkilərin hamısının anladığı bir həqiqət var: “Azərbaycan Ordusu heç zaman olmadığı səviyyədə güclüdür!”.
İttifaq MİRZƏBƏYLİ