USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndi – heç zaman olmadığı qədər bizim…


https://img.baki-baku.az/news/2023/10/photo_9075.jpg?v=MjAyMy0xMC0xOCAxNzoyNzo0OQ==

“Qaçsın Stepan, çünki kəndinə qayıdır Xan...” Bu sözlərə yazılmış musiqini dinləmək, onun reallıqdan uzaq olmadığını eşitmək nə qədər qəribə olsa da, o qədər də təsirlidir. Çünki, bu, yuxu deyil, reallıqdır. Kəndinə qayıdır Xan. Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bu şəhər artıq bizdədir. Nə az, nə çox, düz bir əsrdir Ermənistana ekspansiya etmək istədilər, amma yenidən mənsub olduğu Azərbaycanına qovuşdu.

Gəlin, mübaliğəsiz danışaq. Çünki belə bir qələbənin fonunda mübaliğəyə yol verməyimiz təbiidir. Sevinirik, özü də necə sevinirik. Qaliblər hər zaman ədəbiyyatda, incəsənətdə müəyyən mübaliğəyə yer veriblər. Amma gəlin tam olduğunu deyək, mübaliğəsiz, filansız. Xankəndi bizim üçün nə idi? Hansı prinsipial əhəmiyyəti daşıyırdı? 

Etiraf edək ki, idarəetməyə öyrəşmədiyimiz şəhər idi. Erməniləşdirilmiş Azərbaycan torpağı idi. Düz 100 ildir Xankəndini əlimizdən almışdılar. Kağız üzərində bizdə idi, amma reallıqda Ermənistandan gələn göstərişlərlə “oturub-dururdu”. Bizim olanı rəsmi olmasa da, bizdən almışdılar, göz görə-görə bizə vermirdilər, hesablaşmırdılar, saymırdılar, daha nələr, nələr. Sovet dövrünü görən yaşlı nəsil yaxşı bilir. Sonrakı illərdə də nələr baş verdi, bu 30 ildə hamınıza məlumdur. Mən təfərrüatlara çox varmayacam, sadəcə, bir-iki nüansı xatırladacağam.

1967-ci ildə Xankəndidə iki azərbaycanlı hamının gözünün qarşısında yandırılanda əli- qolumuz yanımıza düşdü və Moskva imkan vermədi ki, biz o günahsız azərbaycanlıların qisasını alaq. Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı, məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar. Çünki Xankəndi de-yure Azərbaycanın tərkibində olan inzibati vahid olsa da, ora digər bölgələrimiz kimi nəzarət etmək imkanımız az idi. Bakıdan cəmi 329 kilometrlik məsafədə yerləşsə də, sanki dünyanın o başında hiss edirdik bu şəhəri. 1923-ci ildə yaradılmış qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti Xankəndidən idarə olunurdu. Rəhbərlikdə təmsil olunanların mütləq əksəriyyəti də milliyyətcə erməni idi. Təsəvvür edin ki, bu muxtar qurum Azərbaycanın büdcəsindən maliyyələşsə də, dotasiyaları biz versək də nəbzi İrəvanla döyünürdü. 

1967-ci ildə baş verən hadisə ilə isə azərbaycanlılara olan nifrətlərini və Bakını saymadıqlarını açıq şəkildə göstərmişdilər. Bu, sonra baş verəcəklərin siqnalı idi. Düzdür, o zaman respublika DTK-sının sədri, Heydər Əliyev Xankəndiyə getmiş, qətiyyət göstərərək cinayətkarların tapılaraq cəzalandırılmasını təmin etmişdi. Amma, yenə Moskva araya girib onların layiqincə cəzalandırılmasına imkan verməmişdi. Çünki hamımız Moskavadan – mərkəzdən asılı idik, mərkəz isə ermənilərin tərəfində idi.

Xankəndi hələ 1918-ci ildə kiçik qəsəbə olanda öz ətrafı ilə erməni separatizminin yuvasına çevrilmişdi. Cümhuriyyətin generalı Həbib bəy Səlimovun rəhbərliyi ilə ilk Qarabağ hərbi əməliyyatında Əskəran, Xankəndi, Şuşa erməni separatçılardan təmizlənmişdi. Amma cəmi iki il keçəndən sonra yenə İrəvanının diktəsi ilə Bakıya arxa çevirmişdilər. Sovetin “xalqlar dostluğu” ideyası ilə onlara muxtar vilayət, özünüidarəetmə hüququ verdik, amma çifayda. Yenə də Bakıya deyil, daşnak İrəvan könül verdilər. 

Biz Naxçıvan Muxtar Respublikasına etmədiyimizi, ikinci böyük şəhərimiz Gəncəyə etmədiyimizi Xankəndiyə, daha doğrusu, Dağlıq Qarabağ muxtariyyətinə etdik. Hər şey etdik ki, bircə bizdən narazı olmasınlar. Bakının burnunun ucundakı Şamaxının, Qubanın kəndləri soyuqdan donanda, Xankəndidə qaz yanırdı. Rayonlarımızda işıqlar gündə azı 4-5 dəfə sönəndə, Xankəndidə, Ağdərədə, Hadrutda, Xocavənddə işıqlar fasiləsiz yanırdı. Amma nə xeyri? Yenə də arxa çevirdilər. Beləcə, daşnak ideyalarının əsirinə çevrilib “müstəqillik” davasına başladılar, Azərbaycanı tanımadılar, “miatsum” dedilər, qürurumuza toxundular və bu da son... 

Xankəndi Azərbaycan suverenliyinə daxil oldu. Yüz ildə olmadığı qədər azaddır, heç vaxt olmadığı qədər bizimdir. Xankəndini azad etməklə separatizmin rüşeymini təmizlədik. 2020-ci ilin Vətən müharibəsində qazanılan qəti qələbənin son akkordu bu il Xankəndi ilə vuruldu. Bir sıra separatçı ünsürlər, sözün həqiqi mənasında, qulaqlarından tutularaq Bakıya gətirildi, bütün separatçı bayraqlar endirildi, Azərbaycana qarşı revanşizmi, düşmənçiliyi  təbliğ  edənlər bizim ağır mühakiməmizdən qorxaraq canlarını götürüb qaçdılar.  

Təsəvvür belə etmədiyimiz tarixi günləri yaşayırıq. Bir il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçımıza Xankəndini göstərərək deyəndə ki, otel oradadırmı? O vaxt dövlət başçımız gülərək: “O da olacaq!”– cavabını vermişdi. Onda çoxumuz inşallah demişdik. Bilirdik ki, Şuşanı geri alan fateh Xankəndini də düşməndən təmizləyəcək. Amma etiraf edək ki, bu qədər ildırım sürətilə olacağını  təsəvvür etməzdik. Deməli, həqiqətən də o da olacaq kəliməsi elə belə deyilməmişdi. O gün məhz bu gündür. Bu günümüzə sonsuz şükürlər olsun. 

Anar TURAN




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət