USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qız evində toydur, oğlan evinin xəbəri yoxdu

Brüssel raundu baş tutmaya bilər


https://img.baki-baku.az/news/2023/10/photo_9063.jpg

Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkənin İctimai televiziyasına müsahibəsində oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qaranadadakı Zirvə toplantısı çərçivəsində özünün, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin imzası ilə təsdiqlənmiş sənədləri ehkamlaşdıranda şübhələnmişdik. Məlum olduğu kimi, erməni iqtidarı həmin sənədləri az qala böyük uğur, Azərbaycan üzərində diplomatik qələbə kimi qiymətləndirmişdi. Halbuki, belə düşünməyə heç bir əsas yoxdur. Ən azı, ona görə ki, həmin sənədlərə Azərbaycan tərəfi imza atmayıb. Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur.

***

Bəli, sonrakı müddətdə də məlum oldu ki, Azərbaycan üçün Qranadada baş verənlər az önəmlidir. Ölkəmiz sözügedən sənədləri əhəmiyyətsiz saydığını açıq şəkildə bildirməsə də, ümumən nümayiş etdirdiyi mövqe onu deməyə əsas verdi ki, Bakı özünün iştirakı olmadan imzalanmış hansısa sənəddən irəli gələn məsələlərə ciddi yanaşmayacaq. Yəqin, elə məhz buna görə də Aİ Şurasının prezidenti Ş.Mişel Qranada sammiti bitər-bitməz, tələm-tələsik Azərbaycan və Ermənistan liderlərini Brüsselə çağırmaq qərarına gəldi. Görünür, imzaladığı müştərək sənədlərin mənasız kağız parçası olduğunu ən tez dərk edən odur.

Amma Ermənistan Qranada eyforiyasından ayılmaq bilmir və oktyabr ayının sonuna, yəni Ş.Mişelin görüş təşəbbüsünə doğru vaxt azaldıqca nələrisə reallıq kimi təqdim etmək əzmi göstərir. Əlbəttə, bunu əzm yox, acizlik və cığallıq kimi qiymətləndirmək daha doğru olardı. Fikrimizin təsdiqi baxımından ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyanın dedikləri üzərində dayanmağı vacib sayırıq. Kostanyan bildirib ki, “hazırda Azərbaycan tərəfi ilə müzakirələr aparan tərəfdaşlarımız Ermənistanın maraqlarına zərər vurmaqla, öz ikitərəfli gündəmlərini təbliğ etməyə çalışmamalıdırlar”.

Göründüyü kimi, erməni diplomatiyası qorxu içərisindədir. Çox güman, İrəvanda Qranada görüşünün mənasızlığını anlamağa başlayıblar. Ola bilər, onlara orada tamam başqa vədlər verilmişdi, amma indi həmin vədlərin icrasının mümkünsüzlüyü ortaya çıxır. Yada salaq ki, baş nazir Paşinyan da ölkənin İctimai televiziyasına müsahibəsində Azərbaycanla danışıqların bazası olaraq Qranadadakı sənədləri göstərmiş və bu razılaşmaları korrektə istəklərinə qarşı çıxmışdı.

 

***

Yeri gəlmişkən, Nikol Qranadada Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanısa da, Azərbaycan  Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr göstərildiyi bəyannaməyə imza atmamış durumdadır. N.Paşinyan isə sözügedən  müsahibəsində dördtərəfli görüşü şərh edərkən bildirmişdi ki, toplantının əhəmiyyəti iki mühüm bəyanatla səciyyələndirilə bilər. İlk bəyanatı prezident Makron, Kansler Şolts, Ş.Mişel və onun özü imzalayıblar. Sənəd Aİ-nin Ermənistanla münasibətlərin dərinləşməsinə dair konsensusunu vurğulayır. Avropa Komissiyasının sədri Ursula von der Lyaven tərəfindən də imzalanmış ikinci bəyanat isə özündə regiondakı sülhün əsas sütunlarını ehtiva edir. Hər halda, Ermənistanın baş naziri belə deyir. Onun söylədiklərindən bu anlaşılır ki, həmin sütunlara Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il tarixli Alma-Ata sazişi əsasında sərhədlərin delimitasiyası, suverenliyə hörmətlə yanaşılmaqla regional kommunikasiyaların açılması daxildir.

Əsas məsələlərdən biri də budur ki, ikinci sənəddə Qarabağa qarşı güc tətbiqi pislənilib, region əhalisinin məcburi köçürüldüyü vurğulanıb, həmçinin humanitar vəziyyətin idarə olunmasında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu əksini tapıb. Bəyanatda, eyni zamanda, Qarabağ ermənilərinin ilkin şərt olmadan geri qayıtmaq hüququ da diqqətə çatdırılıb. Paşinyanın onu da bildirmişdi ki, sənədin məxsusiliyi onun dördtərəfliliyidir, lakin Azərbaycanın imzasının olmaması ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı ilə bağlı suallar yaradır. Baş nazirin fikrincə, Bakı bu bəyanatı imzalasaydı, sülh sazişi ehtimalı yetmiş faizdən çox olardı.

***

Hazırda Kostanyanın narahatlığı isə onu göstərir ki, tərəfdaşları Ermənistanı aldadıblar. Hər halda, XİN rəhbərinin müavini elə-belədən deməz ki, kimlərsə özlərinin ikitərəfli gündəmlərini təbliğ etməsinlər. Görəsən, ikitərəfli gündəm nə deməkdir? Suala cavab vermək o qədər də çətin deyil. Birincisi, Kostanyan tərəfdaş dedikdə, çox güman böyük ölçüdə Avropa İttifaqını nəzərdə tutur. İkitərəfli gündəmə gəldikdə, bu, Aİ-nin Azərbaycanla enerji sahəsindəki əməkdaşlığıdır. Yəni, Kostanyan demək istəyir ki, Bakı-İrəvan münasibətləri baxımından bu əməkdaşlığın prioritetləri əsas götürülməsin. Sual olunur: Əsas götürülməli olan nədir? Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən sənədlər? O sənədlər ki, orada Azərbaycan Qarabağdan erməni köçünə görə, az qala, müqəssir kimi qələmə verilir? Əlbəttə, bu məntiq keçərsizdir. Ancaq hər şeyi əvvəldən düşünmək lazım idi. Yəni, sözügedən sənədləri böyük qalibiyyət kimi təqdim edəndə. Əlbəttə, İrəvanın Bakı üzərində hansısa formalı qələbəyə, bir növ, tamarzı qaldığını anlamaq mümkündür. Ancaq reallıqlardan uzaq düşmək yolverilməzdir.

***

V.Kostanyan hava limanında Azərbaycan və Ermənistan liderlərinin gözlənilən növbəti Brüssel raundu kontekstində jurnalistlərə onu da bildirib ki, Ermənistan Ş.Mişelin dəvətini qəbul edib, Belçikanın paytaxtında keçiriləcək görüşdə iştiraka hazırdır və mövcud istiqamətdə avropalı tərəfdaşlarla iş aparılır. İşin mahiyyətinə gəlincə, o, məsələyə Brüsseldə hansısa sənədin imzalanması gözləntisinə dair suala cavabı ilə aydınlıq gətirməyə çalışıb. Qranadadakı sənədlər üzərində dayanan nazir müavini deyib: “İndi, guya, Azərbaycan tərəfi müəyyən mövqe tutmalı və Qranada bəyannaməsində qeyd olunan təlimatlarla bağlı öz mövqeyini açıq şəkildə bildirməlidir”.

***

 

Sonda bir daha vurğulayaq ki, Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz özünün iştirakı olmadan ərsəyə gəlmiş heç bir sənədin prioritetliyini qəbul etmir. Həm nazir müavini Kostanyanın, həm də baş nazir Paşinyanın fikirlərindən anlaşılan isə budur ki, Ermənistan üçün ehkamlaşmış mahiyyət daşıyan Qranada sənədləri əsas götürülməsə, növbəti Brüssel raundu alınmaya bilər. Şübhəsiz, hadisələr buna doğru getsə, məsələ İrəvanın sülhdən yayınması kimi qiymətləndiriləcək. Ancaq sual olunur ki, duruma görə günahkar yalnız Paşinyanın administrasiyasımı olacaq? Xeyr. Eyni dərəcədə Kostanyanın tərəfdaşlarımız məntiqindəki qütblər də məsuliyyət daşıyırlar. Onlar Qranadada “sülhsevərlik şousu” düzəltməməli, öz imzalarına hörmətlə yanaşmalı idilər. Nəzərə almalı idilər ki, siyasi həyasızlıq yolu tutan Ermənistan hakimiyyəti həmin sənədlərdə göstərilənlər reallaşmayacağı təqdirdə, onları beynəlxalq ictimai rəyə ittiham kimi sırıyacaq. Artıq Kostanyan ittiham yağdırmağa start verib. Belə getsə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazir N.Paşinyan da, belə demək mümkünsə, ittiham trendinə qoşulacaqlar. Nəticə etibarilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yenə də gözləmək lazım gələcək.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV